Məhkəmə qərarları › İş №2(103)-2708/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2708/2023

10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2708/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması”tələbinə dair mülki iş üzrə Açar sözlər: (Məhkəmə xərclərinin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil1, Tərcüməçi Yahyayeva (Bağırova) Günay Akif qızının iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qətnaməsindən cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bütün bu müddət ərzində iddiaçı məhkəmələrdə hüquqi yardımla bağlı çəkdiyi xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi xidmət üçün ödəmiş olduğu 3.125 manat vəsaitin, məhkəmə qərarlarından vermiş olduğu şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat və hazırkı iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 Avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddiasının təmin edilməməsi, İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının onun özünə aid olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi qismində 468 ABŞ dolları və 150 manat, mənəvi zərərin əvəzi qismində 1000 manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-618/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi nəticə etibarilə iddiaçının iddia tələbi təmin edilmişdir. Bütün bu müddət ərzində iddiaçı məhkəmələrdə vəkil ilə təmsil edilmək üçün “Çernin və X2” MMC ilə “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlamışdır. Məhkəmədə iştirak və hüquqi xidmətlə bağlı iddiaçı MMC-yə 3.125 manat məbləğində vəsait ödəmişdir. 5.Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 olmuşdur. Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsində iştirak edən tərəflər bölməsində bu barədə məlumat qeyd olunmuşdur. Nə qətnamə, nə də işdəki digər sənədlərlə “Çernin və X2” MMC-nin işdə iştirakı təsdiqlənmir. İddiaçının hazırkı iddia tələbi ilə yaranmış hüquqi xidmət xərclərini tələb etdiyi mülki iş üzrə nümayəndə və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 olmuşdur. İş üzrə heç bir instansiyada onu “Çernin və X2” MMC və yaxud onun hər hansı işçisi təmsil etməmişdir, həmçinin hər hansı şikayət və digər sənədi tərtib etməmişdir. Bu təqdirdə onunla bağlanmış müqavilənin və ödənilmiş 3.125 manat pul vəsaitinin məhz sözügedən mülki işlə bağlı olması öz təsdiqini tapmır. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Aygün Həsənova) iddia qismən təmin edilərək, cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hüquqi xidmətə görə ödənilmiş 3.125 (üç min yüz iyirmi beş) manat pul vəsaitinin və ödənilmiş 51.70 (əlli bir manat yetmiş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, qalan 0.30 (otuz qəpik) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qanal hissədə təmin edilməməsi qət edilmişdir. 7.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzini tələb etmişdir. Nəticə etibarilə onun iddiası qismən təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi qismində 468 ABŞ dolları və 150 manat, mənəvi zərərin əvəzi qismində 1000 manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı məhkəmə çəkişməsi zamanı ona hüquqi yardım göstərilməsi üçün “Çernin və X2” MMC ilə 01 sentyabr 2019-cu il tarixli “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilənin mətnindən görünür ki, hüquq firması iddiaçıya Azərbaycan Respublikasının Məhkəmələrində (bütün instansiyalar) hüquqlarının müdafiəsi üçün hüquqi xidmət göstərməyi, eyni zamanda tələb edildiyi halda danışıqlarda, Notariat Ofisində və digər orqanlarda (məhkəmələr daxil) vəkil xidməti, hüquqi məsləhət və nümayəndəlik xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, göstərilən xidmətin müqabilində isə iddiaçı xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 3.125 manat məbləğində vəsaiti “Çernin və X2” MMC-yə ödəmişdir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia tələbinin “məhkəmə qərarlarından vermiş olduğu şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat pulun cavabdehdən tutulması” hissəsində 2(011)- 760/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 9.Məhkəmə qeyd etmişdir ki, cavabdehin vəkili və nümayəndəsi qeyd etmişdir ki, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə müxtəlif instansiyalarda məhkəmə iclasları keçirilmiş və bu iclaslarda iddiaçını Vəkil2 təmsil etmişdir. İstinad olunan vəkil Bakı şəhəri 5 saylı Vəkil Bürosunda çalışmaqla “Çernin və X2” MMC-yə aidiyyəti yoxdur. Belə olan halda vəkil xidmətinin göstərilməsi üçün pulun tələb olunması ağlabatan deyil. 10.Cavabdeh tərəfin verdiyi izahatlara cavab olaraq iddiaçını təmsil edən vəkil bildirmişdir ki, o Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili olsa da, onun əməkdaşlıq etdiyi və ofisinin yerləşdiyi yer “Çernin və partnyorları” və onun ofisidir. Vəkil bildirmişdir ki, onunla iddiaçı arasında bağlanan müqavilədə sifarişçi olaraq “Çernin və X2” MMC qeyd edilmiş, hüquqi yardım göstərilən şəxs qismində iddiaçı qeyd olunmuşdur. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkili izahat verdiyi halları məhkəmədə sübutla təsdiq etməmiş, istinad etdiyi müqaviləni məhkəməyə təqdim etməmişdir. 12.Məhkəmə, həmçinin qeyd etmişdir ki, yuxarıda qeyd olunan izahat və etirazlar iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. 13.Hazırkı iş üzrə də iddiaçı olan İddiaçı hüquqi xidmətlər göstərən şirkətə müraciət etməklə özünün istinad olunan hüququnu realizə etmişdir. Qeyd edilməlidir ki, iddiaçı ödədiyi pulu geri tələb edə bilməsi üçün mütləq şəkildə o şirkətdə çalışan vəkillə təmsil edilməsi gərək deyil. Belə ki, Mülki Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. 14.Məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesində müşahidə edilən hal ona dəlalət edir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olsa da azərbaycan dilini bilmir və məhkəmə iclasında cavabdeh tərəfin hazırkı mülki işlə əlaqədar iddia ərizəsinin kim tərəfindən yazılması ilə bağlı ünvanladığı suala bildirmişdir ki, hazırkı iddia ərizəsini də özü yazmamış, o, sadəcə mətni ona tərcümə edildikdən sonra tanış olub imzalamışdır. 15.Məhkəmə iş üzrə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə mübahisənin mahiyyəti cavabdeh tərəfin izahatında qeyd etdiyi xüsusatlardan deyil məhz iddiaçının məhkəmə çəkişmələri zamanı ona hüquqi xidmətin göstərilməsi məqsədilə hüquq şirkətinə müraciət etməsi, nəticədə xidmət haqqı ödəməli olması və bununla da ona maddi ziyan dəyməsi ilə bağlı hallardan ibarətdir. Belə ki, iddiaçı ilə “Çernin və X2” MMC arasında 01 sentyabr 2019-cu il tarixdə bağlanmış “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilənin təyinatı özündə tərəflər arasında məhkəmə çəkişməsi ilə bağlı məhz iddiaçıya hüquqi yardım göstərilməsini nəzərdə tutmuşdur. Odur ki, iddiaçı hazırkı iş üzrə cavabdehdən xidmət haqqının əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. 16.Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hüquqi xidmətə görə ödənilmiş 3.125 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. 17.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, cavabdehdən 52 manat dövlət rüsumunun 51.70 manatı alınıb iddiaçıya ödənilməli, qalan 0.30 manat isə iddiaçının özünə aid edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ bəndi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 119.4, 88, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddia tələbinin məbləği məhkəmə xərci qismində deyil, vurulmuş maddi zərərin əvəzi qismində tələb edilə bilər. Əgər iddiaçı hazırki iş üzrə iddia tələbi məbləğini vaxtilə, yəni cavabdehə qarşı qaldırılan birinci mülki iş (maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) gedişində tələb etsə idi, ona məhkəmə xərci kimi qiymət verilməli idi, amma sözügedən məbləğ daha sonra müstəqil iddia tələbi formalaşdırılmaqla istənildiyinə görə vurulmuş maddi zərərin əvəzi kimi qiymətləndirilməlidir. İddiaçı əgər hazırkı iş üzrə onu təmsil edən nümayəndəyə ödədiyi xidmət haqqını da tələb etsə idi, həmin məbləğ məhkəmə xərci kimi qiymətləndirilə bilərdi. Beləliklə, iddiaçı vaxtilə cavabdehə qaldırdığı iddia tələbi üzrə mülki iş gedişində hüquq xidmətləri üçün ödədiyi pul vəsaitini ona dəymiş maddi zərər qismində hazırki iş üzrə tələb edə bilərdi. Bu təqdirdə ona dəymiş zərərin məhz cavabdehə qaldırdığı iddia tələbi üzrə mülki işlə bağlılığı sübut edilməlidir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 21.1-cimaddəsinə istinad edərək göstərir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Lakin Məhkəmə 21-ci maddənin digər bəndlərinə istinad etmir və qanunun zərərin əvəzinin ödənilməsi ilə bağlı yaratmaq istədiyi qayda tamamlanmamış qalır. Belə ki, həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 3-cü bəndə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hüquq firması iddiaçını məhkəmədə nümayəndə kimi təmsil edə bilməzdi. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-cimaddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İddiaçı hüquq xidmətlərinə dair müqaviləni ya fərdi qaydada fəaliyyət göstərən vəkil, ya da vəkillik qurumu ilə bağlamalı və xidmət haqqını müvafiq olaraq onlara ödəməli idi. İddiaçının nümayəndəsi olan Vəkil2 Hüquq firmasının işçisi olsa idi və yaxud faktiki olaraq Hüquq firmasının inzibati binasında xidmətlər göstərsə idi belə, nəticə dəyişməyəcəkdi. İddiaçı Vəkil2 fəaliyyət göstərdiyi Bakı şəhər 5 saylı Vəkil Bürosu ilə müqavilə bağlayaraq xidmət haqqını ona ödəməli idi. İddiaçı Hüquq Firması ilə ancaq hüquq məsləhətləri verilməsi və iddia ərizəsinin hazırlanması üçün müqavilə bağlayır və ayrıca onu məhkəmədə təmsil etmək üçün vəkillə müqavilə bağlayır. Belə nəticəyə gəlinir ki, İddiaçı vəkilə və yaxud vəkillik qurumuna da xidmət haqqı ödəmişdir, amma ya bunu sübut edə bilmir, ya da cavabdehdən tələb etmir. Göründüyü kimi, məhkəmənin qətnamədə apardığı əsaslandırma mövcud vəziyyəti əks etdirmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında cavabdeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədilər, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 24.Maddə 61-ci maddənin İ bəndinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 25.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 30.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası tərəflərin izahatını dinlayib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, mübahisənin mahiyyəti iddiaçının məhkəmə çəkişmələri zamanı ona hüquqi xidmətin göstərilməsi məqsədilə hüquq şirkətinə müraciət etməsi, nəticədə xidmət haqqı ödəməli olması və bununla da ona maddi ziyan dəyməsi ilə bağlı hallardan ibarətdir. 36.Belə ki, iddiaçı ilə “Çernin və X2” MMC arasında 01 sentyabr 2019-cu il tarixdə bağlanmış “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilənin təyinatı özündə tərəflər arasında məhkəmə çəkişməsi ilə bağlı məhz iddiaçıya hüquqi yardım göstərilməsini nəzərdə tutmuşdur. Odur ki, iddiaçı hazırkı iş üzrə cavabdehdən xidmət haqqının əvəzi kimi maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. 37.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri bağlı qeyd edir ki, “Çernin və X2” MMC ilə Vəkil2 arasındakı işgüzar münasibətlərin necə tanzimlənməsindən asılı olmayaraq iddiaçı öz hüquqlarının müdafiəsi üçün adı çəkilən hüquq Firması ilə müqavilə bağlamış və 3.125 manat ödəniş etmişdir, buna görə də Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən edilmiş ödəniş hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər kimi ona dəymiş zərər hesab edilməli və cavabdehdən tutulmalıdır. 38.Kollegiya qeyd edir ki, iddiaçı olan İddiaçı hüquqi xidmətlər göstərən şirkətə müraciət etməklə özünün hüquqi yardım almaq hüququnu realizə etmişdir. Qeyd edilməlidir ki, iddiaçı ödədiyi pulu geri tələb edə bilməsi üçün mütləq şəkildə o şirkətdə çalışan vəkillə təmsil edilməsi gərək deyil. Belə ki, Mülki Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. 39.Beləlikə qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası məhkəmənin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 42.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 43.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar