Məhkəmə qərarları › İş №2(103)-271/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-271/2020

30.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-271/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2017-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X4, Cavabdeh2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evə (bundan sonra – mübahisəli ev) istifadə hüquqları olmayan şəxslər hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 isə həmin evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(004)-5119/2017) ilə iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evin “B” tikilisi və “A” tikilisindən 1 otağına istifadə hüququ olmayan şəxs hesab edilmələrini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 mübahisəli evə istifadə hüquqlarına xitam verilməsini, qətnamənin qanuni qüvvəyə mindikdən sonra Yasamal Rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən cavabdehlərin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olmasını qət etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 həmin qətnamədən verdikləri apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-2979/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-2471/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh2 mübahisəli evdən istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Göstərilən səbəbdən Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin Cavabdeh2 aid hissəsi və qətnamədən verilmiş apellyasiya şikayətinin həmin şəxsə aid dəlillərinin əsaslılığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən yoxlanılır. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə bildirir ki, iş üzrə iddiaçının iddia ərizəsi Cavabdeh2 aid hissədə onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli evi vərəsəlik qaydasında əldə etmişdir. Evin “B” tikilisi və “A” tikilisinin sahəsi 14,8 kv.m olan 1 otağı iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh2 isə evdə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, evdə yaşamır. Cavabdeh2 mübahisəli evdə formal qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, ona əlavə xərclər yaradır. İş üzrə Cavabdeh2 iddiaya etirazı və apellyasiya şikayəti isə belə əsaslandırılmışdır ki, mübahisəli ev onun babası Cavabdeh2 məxsus olmuşdur. İddiaçı onun əmisi X2 arvadıdır. Cavabdeh2 ailə üzvləri ilə birgə mübahisəli mənzildə yaşamışdır. Doğulduğu gündən həmin evdə qeydiyyatdadır. Digər cavabdehlər onun ailə üzvləridir. Mübahisəli evdə yaşamaq hüququ vardır. Onun hazırda mübahisəli evdə yaşamamasının səbəbi iddiaçının övladı Heydər Hüseynovun daimi olaraq narkotik vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması olmuşdur. Lakin işə baxmış Rayon Məhkəmə bunları nəzərə almamış, işin hallarını tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin özünə aid hissəsinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin və iddiaya etirazının məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçının vəkili (nümayəndəsi) Kamran Tağıyev və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən mübahisəli evə dair verilmiş FM seriyalı, 004118 saylı “Qeydiyyat vəsiqəsindən” görünür ki, həmin evin “B” tikilisinin yaşayış sahəsi 15,5 kv.m olan hissəsi və “A” tikilisindən 1 otağını (14,8 kv.m) paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Evin yerləşdiyi ünvana xidmət göstərən Yasamal Rayon 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 02 saylı, xx.xx.2017-ci il tarixli arayışından (2 №-li forma) və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş 666358 saylı, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, 1953-cü il təvəllüdlü Cavabdeh2 1972-ci ildən mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Mübahisəli evin qonşuluğunda yaşayan şəxslər tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh2 uzun müddətdir mübahisəli evdə yaşamır. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli evin iddiaçının mülkiyyətində olması, eləcə də Cavabdeh2 həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, həmin evdə faktiki olaraq yaşamaması sübuta yetirilir. Cavabdeh2 iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının ona məxsus olan ev üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Rayon Məhkəməsi hesab etmişdir ki, hüquq münasibəti xx.xx.2000-ci il tarixdən, yəni Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən sonra yarandığından qanunun zamana görə qüvvəsinə əsasən mübahisə Mülki Məcəllənin tələblərinə əsasən həll edilməlidir. Belə ki, 40 saylı MKİS tərəfindən verilmiş 02 saylı, xx.xx.2017-ci il tarixli 2 №-li Forma Arayışından görünür ki, mübahisəli evdə Cavabdeh3 və Cavabdeh4 2004-cü ildən qeydiyyatdadırlar. Məhkəmə Cavabdeh2 aid mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqini düzgün saymır. Çünki Cavabdeh2 yeni Mülki Məcəllə qüvvəyə minənədək, yəni xx.xx.2000-ci il tarixədək doğulduğu gündən mübahisəli mənzildə yaşamaqla köhnə Mənzil Məcəlləsinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır və həmin dövrdə qüvvədə olan mülki qanunvericilik istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə notariat qaydada təsdiq edilən razılaşmanın bağlanmasını və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmirdi. Bundan əlavə, həmin vaxt iddiaçı özü də mübahisəli mənzilin mülkiyyətçisi deyildi. Mənzilin mülkiyyətçisi cavabdehin babası X6 olmuşdur və kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2000-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 1971-ci ildə vəfat etmişdir. İddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ da məhz həmin qətnamə əsasında yaranmışdır. Bundan başqa, cavabdehin mübahisəli mənzildə yaşamamasının təsdiqi kimi istinad olunan akt mötəbər sübut sayıla bilməz. Çünki həmin Akt qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq olunmamış, aktın nə vaxt tərtib edildiyi qeyd olunmamış, aktda cavabdehin mübahisəli mənzildə nə vaxtdan yaşamaması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən Rayon Məhkəməsi Cavabdeh2 mübahisəli mənzildə yaşamamasının səbəbini nəzərə almamışdır. Cavabdeh bunun səbəbini iddiaçının oğlu Heydər Hüseynovun daimi olaraq narkotik vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması ilə izah etmişdir, hansıki iş materialları ilə də Heydər Hüseynovun narkotik vasitələrdən istifadə, oğurluq və s. Cinayətləri törətdiyinə görə dəfələrlə təsdiq olunduğu öz təsdiqini tapmışdır. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş 17/61277 saylı xx.xx.2018-ci il tarixli məktuba əsasən, (iddiaçının övladı) X3 məhkumluğu barədə məlumat aşağıdakı qaydada təqdim edilmişdir: xx.xx.1963-cü il təvəllüdlü X1 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq, xx.xx.2002-ci il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir; Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya haqqında qərarı tətbiq edilməklə xx.xx.2009-cu il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur; Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 326.2 və 66.3 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq, xx.xx.2014-cü il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir; Hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum H.Ə.Hüseynov Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə (cəzasının əvvəli xx.xx.2015-ci il, cəzasının sonu xx.xx.2020-ci il) azadlıqdan məhrum edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında əldə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKİS tərəfindən verilmiş 684 saylı, xx.xx.2018-ci il tarixli arayışa əsasən Cavabdeh2 Ş.Bəhlulzadə küçəsi, ev 3, mənzil 86 ünvanında yaşamış, 2017-ci ilin iyul ayında həmin ev satıldığından həyət evində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki əldə edən şəxs əmlakın yüklülüyünün olmamsına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti Cavabdeh2 aid hissədə əsaslıdır. MPM-nin 385-ci maddəsinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 aid hissədə apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar