Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-271/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-271/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və ərazidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və ərazidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən fərdi yaşayış evi, hasar tikilisi və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisi inşa edilmişdir. Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə zonasında cavabdeh tərəfindən tikililərin inşa edilməsinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək iddiaçıya təqdim edilmiş, bundan sonra iddiaçı mühafizə zonasında tikililərin inşa edilməsi barədə məlumatı olmuş və məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423; ******* saylı kordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu, M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş evin, hasar tikilisinin və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
3. İddia onunla əsaslandırılmışdır ki, X9 İdarəsinin istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423; ******* saylı kordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən fərdi yaşayış evi, hasar tikilisi və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisi inşa edilmişdir. Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə zonasında cavabdeh tərəfindən tikililərin inşa edilməsinə dair xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək iddiaçıya təqdim edilmiş, bundan sonra iddiaçı mühafizə zonasında tikililərin inşa edilməsi barədə məlumatı olmuş və məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin evdə yaşayış vardır, kəmərin mühafizə zonasında tikilən evlərə kommunal xəttlər çəkilmişdir. Tikintinin aparılmasına razılıq vermə səlahiyyəti iddiaçının səlahiyyətində deyildir. Mühafizəni isə Socar-ın tərkibində olan Təhlükəsizlik İdarəsi həyata keçirir. Tikililərin mühafizə zonasında yerləşməsinə dair ekspert rəyi mövcuddur. Ona görə də X9 İdarəsinin istismarında olan ŞirvanBöyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423; ******* saylı kordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar tikilisinin və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-204/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 127-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələri, “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın 6.2, 6.3, 6.4, 6.7-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
6. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə idarə tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş, bu əsasla da İdarənin qanuni iddiasını təmin etməmişdir. Binəqədi Rayon Məhkəməsinin “mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə İdarə tərəfindən kompensasiya verməklə təmin edilə bilər” fikrinə münasibətdə İdarə məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Belə ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsi öz istismarında olanŞirvan- Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423; ******* saylı kordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş evin, hasar tikilisinin və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını iddia edir. Bu halda İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsində, torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iş üzrə cavabdehin torpağa dair heç bir mülkiyyət sənədi mövcud olmamışdır. Bu halda məhkəmə qətnaməsinə görə cavabdehə kompensasiya ödənilməsi absurdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli qanunsuz torpaq üzərində tikili cavabdehin mülkiyyətində deyil, ona özbaşına tikili inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Həmçinin Cavabdeh qeyd olunanlar barədə dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7516 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 6.2., 6.3., 6.4., 6.7-ci bəndlərində göstərilənləri və Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında yerləşən, faktiki olaraq iş üzrə cavabdeh şəxs olan Cavabdeh istifadəsində olan hasar, fərdi yaşayış evi və evin ön hisəsində evə bitişik otaq tikilisi ilə naturada təqdim edilən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəməri arasındakı məsafənin 35 metr təşkil etdiyini nəzərə alaraq həmin tikililər Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir. Daha sonra müəyyən olunur ki, mülki iş materiallarında mübahisə predmeti olan tikiliyə dair müvafiq icra orqanları tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığını nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikiniti Məcəlləsinin 75-ci maddəsinin tələbləri də pozulmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-204/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və İdarənin iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, həmin bölgədə yerləşən evlərin hamısı SOCAR-ın balansındadır. Kəmər hazırda işlək vəziyyətdədir və bu da ətraf mühit üçün təhlükə mənbəyi yaradır. Yerüstü işlək olmayan kəmərlər olmur. Birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehə kompensasiya verilməklə evdən çıxarıla bilməsi qeyd edilmişdir, lakin bu, qeyri-mümkündür. Mənzil özbaşına tikilidir və cavabdehin həmin mənzil üzərindəki mülkiyyəti qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
20. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
21. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
22. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
31. Hazırki iş üzrə iddiaçı tərəfindən qətnamədən bütövlükdə şikayət verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.
33. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “məhkəmə baxışının prinsipləri” adlandırılan 14-cü maddəsində qeyd edilənlərdən biri də odur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Göstərilən müddəa məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qarşıya qoyulan ən mühüm məqsədəinsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə nail olmağın önəmindən irəli gəlir. Təsadüfi deyildir ki, dövlətimiz də insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi bəyan etmişdir. (Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: “...hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır”.
35. Qeyd edilənlər kontektsində hazırki iş üzrə araşdırma aparılarkən kollegiya tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün hallarına qiymət verilməmiş, iddiaçının tələbinə münasibətdə cavabdehin hansı hüquq və maraqlara malik olduğu araşdırılmamışdır. Belə olan halda işin hərtərəfli, tam və ədalətli araşdırılmasından bəhs etmək mümkün deyildir.
36. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə hüququ dəyərləndirmə həyata keçirilərkən iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsi dəqiq müəyyən edilməlidir. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.
37. Belə ki, iş materiallarında olan Neft Kəmərləri İdarəsinin X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 12:20-də 13-14 saylı postların ərazisində, Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423: ******* saylı koordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin ön hissəsində evə bitişik, 5 metr uzunluğunda, 3 metr enində, 1,6 metr hündürlüyündə natamam otaq tikintisi aşkar edildi, özünü ev sahibi kimi təqdim edən Cavabdeh mühafizə zonası daxilində tikinti işlərinin aparılmasının qanunazidd olduğu izah edilərək sökülməsi tələb edildi, lakin o, edilən xəbərdarlığa məhəl qoymayaraq tikintini davam etdirəcəyini bildirdi. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq təqdim edilmiş və aidiyyəti üzrə Binəqədi rayon icra nümayəndəsinə məlumat verilsə də, əraziyə gələn olmamışdır.
38. Neft Kəmərləri İdarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də tikinti işlərinin aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir.
39. Mübahisəli məsələlərin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7516 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri və Binəqədi rayonu M.Aslanov döngə 4 ünvanında yerləşən, faktiki olaraq iş üzrə cavabdeh şəxs olan Cavabdeh istifadəsində olan hasar, fərdi yaşayış evi və evin ön hisəsində evə bitişik otaq tikilisi ilə naturada təqdim edilən Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəməri arasındakı məsafənin 35 metr təşkil etdiyini nəzərə alaraq həmin tikililərin Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir.
40. Qeyd olunan ekspert rəyində mübahisəli tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunsa da, həmin tikililərin dəqiq olaraq hansı hisslərinin və hansı ölçüdə mübahisəli əraziyə düşməsi göstərilməmiş, koordinatları təsbit olunmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5619 saylı rəyinin nəticəsində sökülməsi tələb olunan, cavabdehin istifadəsində olan evin, hasar tikilisinin, evin ön hissəsində evə bitişik inşa olunmuş otaq tikilisinin və onların yerləşdiyi torpaq sahəsinin sərhədləri sxemlə müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəməri ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin başlanıcına qədər məsafənin 18 metr, qurtaracağına qədər olan məsafənin isə 35 metr olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin və onun daxilində mövcud olan bütün tikililərin (fərdi yaşayış evi, hasar və evə bitişik inşa olunmuş otaq tikilisi) bütövlükdə magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.
42. Göründüyü kimi, mübahisə predmeti olan tikililər (hasar tikilisi, fərdi yaşayış evi və evə bitişik inşa olunmuş otaq tikilisi) dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin torpaq sahəsinin üzərindəki hasar, fərdi yaşayış evi və evin ön hisəsində evə bitişik otaq tikilisi SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərindən müvafiq olaraq 18 və 35 metr məsafədə yerləşdiyinə görə bütövlükdə neft kəmərinin mühafizə zonasına düşmüşdür.
43. Beləliklə, kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, belə olan halda cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bu müdaxilənin əsasını da hansısa şəxsi maraqlar deyil, ictimai maraqlar təşkil etməkdədir.
44. Belə ki, Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan və mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Artıq bu halda mübahisəli özbaşına tikilinin sökülməsi cavabdehin fərdi maraqlarına ziddi deyil, əksinə onun özünün də təhlükəsizliyinin qorunmasını özündə ehtiva edir.
45. Kollegiya birinci instansiya məhkəməsinin özbaşına tikililərin cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olması səbəbindən sökülməsi və cavabdehin həmin evdən çıxarılmasının yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə biləcəyi ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını tənzimləyən bütün normalarda yalnız torpaq sahəsinin mülkiyyətçisinə dair məsələlər tənzimlənmiş və məhz həmin torpaq sahələrinə, o cümlədən onun üzərində yerləşən tikililərə dair mülkiyyət hüququ qanunla təsdiq olunmuş şəxslərə kompensasiyanın ödənilməsi qaydaları və miqdarı müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən isə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdeh tərəfindən tikinti işləri aparılarkən, yəni mübahisəli özbaşına tikililər inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamış, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmamışdır.
46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən inşa olunan hasar, fərdi yaşayış evi və evin ön hisəsində evə bitişik otaq tikilisi də özbaşına tikililər olduğundan, birinci instansiya məhkəməsinin həmin tikililərin sökülməsi və cavabdehin evdən çıxarılmasının iddiaçı tərəfindən hər hansı kompensasiya məbləğinin ödənilməsi müqabilində həyata keçirilə biləcəyinə dair mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
47. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.
48. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa, bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
49. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
50. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələr tərəfindən iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
51. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
52. Bundan başqa iddianın “torpaq sahəsindən çıxarılma” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
53. İddiaçının əmlakın qanuni sahibi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5619 saylı rəyinin nəticəsində sökülməsi tələb olunan, cavabdehin istifadəsində olan evin, hasar tikilisinin, evin ön hissəsində evə bitişik inşa olunmuş otaq tikilisinin və onların yerləşdiyi torpaq sahəsinin sərhədləri sxemlə müəyyən olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəməri ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin başlanıcına qədər məsafənin 18 metr, qurtaracağına qədər olan məsafənin isə 35 metr olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin və onun daxilində mövcud olan bütün tikililərin (fərdi yaşayış evi, hasar və evə bitişik inşa olunmuş otaq tikilisi) bütövlükdə magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.
54. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir və belə olan halda cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi bütövlükdə mühafizə zolağının daxilinə düşdüyündən, o, tam olaraq həmin sahədən çıxarılmalıdır.
55. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarına verilən, lakin cavabdehin faktiki istifadəsində olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərindən müvafiq olaraq 18 metr və 35 metr məsafədə yerləşən hasar tikilisi və yaşayış evi, o cümlədən evə bitişik otaq tikilisi cavabdeh tərəfindən onun öz hesabına sökülməli və o, mübahisəli tikililərin yerləşdiyi faktiki istifadəsində torpaq sahəsindən çıxarılmalıdır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah edir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci cavabdehdən tutulmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.2-ci km-də, 39T 0399423; ******* saylı kordinatlar üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 40 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Binəqədi rayonu, M.Aslanov döngə 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş evin, hasar tikilisinin və evin ön hissəsində evə bitişik 5 metr uzunuğunda 3 metr enində 1,6 metr hündürlüyündə natamam otaq tikintisi Cavabdeh hesabına sökülsün. Cavabdeh sökülməli tikililərin yerləşdiyi və iddiaçı SOCAR-ın İddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova