Məhkəmə qərarları › İş №2(103)-2711/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2711/2022

30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2711/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-133/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə dəymiş maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə isə 5000 manat, vəkil haqqı kimi ödədiyi 210 manat və 30 manat dövlət rüsumunun tutulub verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev 4b, mənzil 22 mərhum atası X4 məxsus olmuş və vərəsəlik qaydasında onun adına sənədləşdirilərək, 13.08.2018-ci il tarixli, ******* saylı (qeydiyyat nömrəsi **********) dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Müsəlmanların inanc və ibadət yerləri olan məscidlər onlar üçün nə qədər əzizdirsə (özü də daxil olmaqla), mərhum atasının yaşamış olduğu - ona ata yadigarı kimi qalan bu mənzil də ona o qədər əziz və doğmadır. Ona görə də, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, 3-cü mərtəbədə yerləşən bu mənzilə ata yurduna qəsdən - şüurlu şəkildə maddi ziyan vuran cavabdehə qarşı iddia qaldırmaqla yanaşı, müntəzəm olaraq əsəblərində oynayıb, onu mənəvi sarsıntılara düçar edən qonşusu cavabdeh Etibar Abızadədən mənəvi ziyanı da tələb etmək məcburiyyətində qalmışdır. Belə ki, mülkiyyətində olan bu mənzilə cavabdeh E.Abızadə -yaşadığı Nərimanov rayonu, Aşıq Əli küçəsi ev 4b, mənzil 24-dən müntəzəm olaraq çirkab (kanalizasiya) suları axıtmaqla maddi ziyan vurmaqla yanaşı, dərin sarsıntılara düçar olduğu üçün mənəvi ziyan da vurmuşdur. Təxminən 3 il əvvəl, cavabdehə yenə də maddi ziyanla bağlı iradını bildirdikdə, o oğlu və usta ilə onlara gələrək bildirmişdir ki, narahat olma mənzili təmir edəcək, usta da həmkəndçisidir- Mərdəkanlıdır. Lakin iddiaçı ona qonşuluq xatirinə bildirmişdir ki, eybi yox, bu dəfə özü mənzili təmir edəcək. Lakin cavabdehin səhlənkarlığı və ziyankarlığı dayanmamış və onun mülkiyyətinə ziyan vurmaqda davam etmişdir. Cavabdeh öz mənzilində koridorda olan tualeti ləğv edərək, onu hamama keçirdikdən sonra indi də hamamdan və sanuzeldən çirkab suları axmaqda davam edir. Axırıncı dəfə təxminən 5-6 ay əvvəl mənzili tam təmir etdirmiş. Lakin təmirdən 5 ay sonra, cavabdehin günahı ucbatından yenə də çirkab suları mənzilinə axıdılmış, nəticədə hamamın tavanında nəm və kif ləkələr yaranmış, mənzilin dəhlizində divar kağızları qopmuş və dəhlizin, həmçinin mətbəxin tavanı da yararsız vəziyyətə düşmüşdür. Su axıntıları nəticəsində divara vurulmuş divar örtüyü də qopmaq üzrədir. Cavabdehin günahı ucbatından mənzilində yenidən təmir-bərpa işləri aparmaq məcburiyyətindədir. Dəymiş ziyanı 26.05.2021-ci il tarixdə telefon vasitəsilə çəkdim və 36 saylı MKİS-nin əməkdaşlarını mənzilimə dəvət etdim. MKİS əməkdaşları tərəfindən mənzilə dəymiş maddi ziyanla bağlı 26.05.2021-ci il tarixli, 36/3687 saylı akt tərtib edildi. Həmin aktda göstərildiyi kimi, cavabdehə məxsus mənzilin hamam və sanitar qovşağından su axıdılmasının fəsadları aydınca görünür və ona məxsus mənzilə ciddi maddi ziyan dəymişdir Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 dəymiş maddi ziyana görə 907 manat, 210 manat vəkil haqqı və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat məbləğində pul məbləği cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz təqdim edib, həmin etirazın dəlillərinə uyğun çıxış edərək onun təmin edilməməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 36 saylı MKİS-in 26.05.2021-ci il tarixli aktından görünür ki, aktı tərtib edənlər Aşıq Alı küçəsi ev 4b, mənzil 22 ünvanında yerləşən mənzilin mülkiyyətçisi tərəfindən şifahi müraciət əsasında mənzilə baxış keçirmişdir. Baxış nəticəsində aydın olmuşdur ki, üst mərtəbəsində X3 məxsus 24 saylı mənzildən uzun müddət ərzində və dəfələrlə xəbərdarlığına məhəl qoymuyaraq, su axıntısı olub. Su axıntısı nəticəsində 22 saylı mənzilə ciddi ziyan dəymişdir, belə ki, mənzilin dəhlizində divar kağızları qopmuş və tavanında nəm və kif ləkələr, həmçinin mətbəx hissəsində tavanın üstündə nəm ləkələr müşahidə edilmişdir. Hamam və sanitar qovşağında su axıntısıının fəsadları aydın görünür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev 4b, mənzil 22 (Yeni qaydalarda: AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 15, M.3, m.2) İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev 4b, mənzil 24 X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5183 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 22 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 24 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz və sanitarqovşağı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən, 4b saylı binanın 22 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdılığı və nəticədə 22 saylı mənzilin dəhliz və sanitar-qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən, 4b saylı binanın 24 saylı mənzilin sanitarqovşağı tikilisinin təmirli olduğu, su və kanalizasiya xəttlərinin gizlin şəkildə olduğu müşahidə olunmuşdur. Həmçinin, qeyd olunur ki, 24 saylı mənzilin şaxta boşluğuna baxış keçirilən zaman həmin hissədə hər hansı bir su sızması müşahidə olunmadığından 22 saylı mənzlə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi ev 4b, mənzil 22-də su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 907,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında Bakı şəhəri 7 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış 454 №-li, 06.07.2021-ci il tarixli müqavilədən görünür ki, 210 manat məbləğində hüquqi yardıma görə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan ekspert rəyində iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, sadəcə su sızmanın texniki səbəbi aydınlaşdırıla bilinməmişdir. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Həmin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının məruz qaldığı zərər məbləği ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində onun mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin 907 manat olduğu təsbit olunmuş, iddiaçı isə bu məbləğin daha çox olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsində iştirak üçün vəkilə ödədiyi məbləğin cavabdehdən tutulması ilə bağlı apelyasiya şikayətinə etiraz ərizəsində irəli sürdüyü tələbi əsassız hesab edir, çünki iddiaçı tərəfindən edilmiş ödənişlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-133/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar