Məhkəmə qərarları › İş №2(103)-2714/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2714/2024

26.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2714/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 169/2024 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıların Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evindən (bundan sonra – ev) istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçıların evdən istifadə etməsinə yaradılan maneə cavabdehlərə qadağan edilsin. Cavabdehlərdən biri – Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək tələb edib ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Qətnamənin əsaslılığı yalnız Cavabdeh3 aid hissədə yoxlanılmalıdır, çünki digər cavabdehlər apellyasiya şikayəti verməyib, Cavabdeh3 isə qətnamənin yalnız özünə aid hissəsini mübahisələndirə bilər. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni qeyd olunanlarla əsaslandırır: İddiaçılar bacıdırlar. İddiaçılar iddia ərizəsində bildirib ki, Cavabdeh2 və Cavabdeh1 onların bibisi qızlarıdır, Cavabdeh3 Cavabdeh2 əridir, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 isə Cavabdeh1 övladlarıdır. İddiaçılar evin paylı mülkiyyətçiləridir, onlar mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə ediblər, hər birinin payı evin ¼ hissəsindən ibarətdir. Cavabdehlərin evə mülkiyyət hüququ yoxdur, o cümlədən onların evdən istifadə hüquqları yoxdur. İstifadə hüququ ilə bağlı tərəflərin arasında daha əvvəl məhkəmə mübahisəsi olub, həmin mühahisə üzrə qəbul olunmuş qətnamə ilə qət edilib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən istifadə hüquqları itirilmiş hesab edilsin, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə evdən istifadə hüquqları yaranmadığına görə onların istifadə hüququnun itirilmiş hesab edilməsi barədə tələb rədd edilsin. İddiaçılar iddia edirlər ki, evin giriş qapısının açarı cavabdehlərdədir, cavabdehlərin qərəzli hərəkətləri nəticəsində evə daxil ola bilmilər. Cavabdehlər birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişlər. Cavabdehlərdən biri - Cavabdeh3 apellyasiya şikayətində qeyd edib ki, iddia əsassızdır, iddiaçılara hər hansı maneə yaradılmayıb. Lakin cavabdeh eyni zamanda həmin apellyasiya şikayətində qeyd edib ki, özü həmin evdə yaşayır, evin təmiri və kommunal xidmət haqlarının ödənilməsi özləri tərəfindən həyata keçirilir, istifadə hüququnun olmadığı barədə qətnamə məcburi xarakter daşısa da faktlar nöqteyi nəzərindən həmin evdə yaşamağa davam edir və evə dair bütün zəruri təşkilatçılıq özləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunub: “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər”. Bu maddədə qeyd olunan “maneələr” ifadəsi hazırkı mübahisədə hərfi tətbiq edilməməli, işin bütün halları nəzərə alınmalıdır. Belə ki, Cavabdeh3 apellyasiya şikayətində etiraf edir ki, evdən istifadə hüququ olmasa da, hətta bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da faktlar nöqteyi nəzərindən həmin evdə yaşamağa davam edir və evə dair bütün zəruri təşkilatçılıq özləri tərəfindən həyata keçirilir. O cümlədən nəzərə alınmalıdır ki, tərəflərin münasibətləri mübahisəlidir, bundan əvvəl onların arasında evdən istifadə hüququ ilə bağlı məhkəmə mübahisəsi olub. Ona görə də iddiaçıların (mülkiyyətçilərin) Cavabdeh3 (evdən istifadə hüququ olmadan orada yaşayan şəxsə) qarşı belə bir iddia irəli sürməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə uyğun sayılır. Bu qətnamə həm də iddiaçıların evdən istifadə etmələrinə gələcəkdə yaradıla biləcək maneələrin qarşısını alacaq. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə, yəni Cavabdeh3 aid hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamənin onlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-169/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar