Məhkəmə qərarları › İş №2(103)-2723/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2723/2023

03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2723/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4970/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)- 4970/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Zolfi Bakhshaliyə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməmişdir.

2. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vasitəsilə məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4970/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)- 4970/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, mülki iş materiallarından görünür ki, məhkəmənin qətnaməsindən çıxarış 06 dekabr 2022-ci il tarixdə İddiaçı təqdim edilmiş, məhkəmə qətnaməsi 26 dekabr 2022-ci il tarixdə onun nümayəndəsi və vəkili Vəkil1 şəxsi elektron kabinetinə yerləşdirilmiş, habelə 07 yanvar 2023-cü il tarixdə poçt vasitəsilə şəxsən İddiaçı təqdim edilmişdir. İddiaçı nümayəndəsi vasitəsilə 27 yanvar 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti versə də, məhkəmənin 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən, şikayət geri qaytarılmışdır. Hazırki apellyasiya şikayəti isə 16 fevral 2023-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4970/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(001)-4970/2022 qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili kimi 27 yanvar 2023-cü il tarixdə apellyasiya şikayəti verib. Binəqədi rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, cavabdehin (əslində isə iddiaçının) qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməmiş, həmin formanın 8 ,9, 10 və 11-ci maddələri boş saxlanılmışdır. Həmin qərardadda göstərilən uyğynsuzluqlar tərəflərindən aradan qaldırılmış, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə-2”-də apellyasiya şikayətinin formasına uyğun tərtib edilmiş və əlavə ərizə ilə birlikdə 16 fevral 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Lakin Binəqədi rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2(001)-4970/2022 saylı qərardadına əsasən apellyasiya şikayəti yenidən geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Bu dəfə isə qərardad belə əsaslandırılmışdır ki, “məhkəmə qətnaməsindən çıxarış 06 dekabr 2022-ci il tarixdə İddiaçı təqdim edilmiş, 07 yanvar 2023-cü il tarixdə poçt vasitəsilə şəxsən İddiaçı təqdim olunmuşdur. Guya İddiaçı nümayəndəsi vasitəsi ilə 27 yanvar 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti versə də, məhkəmənin 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən şikayət geri qaytarılmışdır. Hazırki apellyasiya şikayəti isə 16 fevral 2023-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmaqla verilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, xx.xx.2023-cü il tarixli e-2(001)-4970/2022 saylı qərardad qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qərardadında da qeyd olunduğu kimi, İddiaçı nümayəndəsi vasitəsi ilə 27 yanvar 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti versə də, məhkəmənin 31 yanvar 2023-cü il tarixli qərardadına əsasən şikayət geri qaytarılmışdır. Həmin qərardadda şikayətin geri qaytarılmasının əsası kimi apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılması deyil, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllədə təsbit edilmiş “Əlavə-2”-də göstərilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilməməsi göstərilmişdir. Əgər həqiqətən də apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmış olsa idi, onda həmin hal sözügedən qərardadda qeyd olunardı. Qətnamənin yalnız nəticə hissəsini özündə əks etdirən Məhkəmə qətnaməsindən çıxarışın 06 dekabr 2022-ci il tarixdə İddiaçı təqdim edilməsi apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin başlanması hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə tam formada İddiaçı poçt vasitəsilə 07 yanvar 2023-cü il tarixdə təqdim olunduğundan apellyasiya şikayətinin verilməsi müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi, apellyasiya şikayəti qətnamə İddiaçı tərəfindən alındığı gündən 20 gün sonra, yəni 27 yanvar 2023-cü il tarixdə verilmişdir, yəni şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Ona görə də, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-4970/2022 saylı qərardadı ləğv edilməlidir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4970/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2(001)- 4970/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

12. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)-4970/2022 saylı qətnaməsi İddiaçı nümayəndəsi Vəkil1 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.

17. Göründüyü kimi cavabdeh İddiaçı münasibətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)-4970/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 26 yanvar 2023-cü il tarixə qədər olmuşdur.

18. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 26 yanvar 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilmədiyi, həmin formanın 8, 9, 10 və 11-ci bəndləri ümumiyyətlə boş saxlanıldığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

19. Hazırda İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən prosessual müddət ötürülməklə yenidən 16 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə şikayətə əlavə edilməmişdir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4970/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar