Məhkəmə qərarları › İş №2(103)-2725/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2725/2020

02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2725/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X8, Cavabdeh1 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4647/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 11000 ABŞ dolları və 5000 manat maddi ziyanın, dəymiş zərərin əvəzi olaraq 6050 ABŞ dolları və 2750 manat pulun, mənəvi zərərə görə 50000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cavabdehlərin atası Cavabdeh2 və qonşusu Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, onun fərdi ev tikdirmək məqsədilə torpaq sahəsi almaq niyyətində olduğunu bilib, aralarında olan cinayətkar razılığa görə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin yerli özünü idarəetmə orqanınınn sərəncamı əsasında atasına məxsus olması barədə ona yalan məlumat verərək, «Kamaz» markalı avtomaşın almaq arzusunda olduğu üçün həmin torpaq sahəsini ucuz qiymətə satdıqlarını və satdıqları torpaq sahəsinin dəyərinin gələcəkdə 40000 ABŞ dollarına qədər qalxacağını bildirməklə onu həmin torpaq sahəsini almağa sövq edib, torpaq sahəsinin alınmasının onun üçün sərfəli olduğuna inandırıb, aldadaraq atası Cavabdeh2 mülkiyyətində olmayan, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2007-ci il tarixdə “Alqı-satqı” müqaviləsi bağlamaqla ondan həmin tarixdə atasının yaşadığı qeyd olunan ünvanda 11000 (on bir min) ABŞ dolları məbləğində pul almışdır.Cavabdeh1 2011-ci ilin oktyabr ayının ortalarında onunla görüşərkən ona Keşlə qəsəbəsində yerləşən dəmiryolu ətrafı evlərin söküləcəyi barədə məlumatlandırıb almış olduğu torpaq sahəsində tikinti işlərinin aparılmasından ötrü icazənin Cavabdeh2 deyil, onun adına alınması üçün həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinin vaxtının çatdığını yalandan bildirib, aldadaraq bunun müqabilində ondan xx.xx.2011-ci il tarixində Nizami rayonu, Babək prospekti 106 saylı ünvanda yerləşən kafedə 1500 (min beş yüz) manat və 2014-cü il noyabr ayının ortalarında növbəti dəfə onunla görüşəndə, aldığı 4 sot ölçüdə olan torpaq sahəsinə bitişik və təxminən 2 sot torpaq sahəsinin müştərək qaydada ona və qonşu Cavabdeh1 məxsus olduğunu bildirib, satacağını yalandan vəd edərək, aldatmış və bunun müqabilində 2014-cü ilin noyabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında ondan 3500 (üç min beş yüz) manat nağd pulu ələ keçirərək ona ziyan vurmaqla dələduzluq etmişlər.Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Mahir Quliyev tərəfindən X4, Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işinin icraatına xx xxxx 2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Lakin ona dəymiş maddi ziyan ödənilməmişdir. Cavabdehlərin bu hərəkətləri maddi ziyandan başqa, həm də ona mənəvi ziyanın dəyməsinə səbəb olmuş, bütün bu hadisələrə görə sarsıntı və iztirab çəkmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4647/2018 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin olunmuş, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlər qeyd edilən qətnamədən birgə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 6768/2019 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin olunmuş, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7543/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6768/2019 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, iddiaçının şikayəti üzrə barələrindən əsassız cinayət işinin başlanması, sonradan cinayət işi üzrə icraata müddətin keçməsi əsasına görə xitam verilməsi, eyni zamanda iddia müddətinin keçməsi, iddiaçı tərəfindən iddianın 11 il 06 ay sonra qaldırılması, iddianın tam rədd olunmalı olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və əvvəllər verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq,müdafiə iddia ərizəsində göstərilənlərə və əvvəllər verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, lakin iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlərin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən – işin müəyyən olunmuş həqiqi hallarına, toplanmış sübutlara, eləcə də cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsinə dair xx xxxx 2018-ci il tarixli qərara əsaslanmışdır. Belə ki, işdə olan Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayevin qəbul etdiyi cinayət işinin icraatına xitam verilməsinə dair xx xxxx 2018-ci il tarixli qərarın məzmunundan görünür ki, hazırkı mübahisə ilə əlaqədar Nizami Rayon Polis İdarəsində zərərçəkmiş şəxs İddiaçı ərizəsi əsasında ********** nömrəli cinayət işi aparılmış və Rauf Tanrıverdiyev, Cavabdeh2 və Tanrıverdi Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Rauf Tanrıverdiyevə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, Cavabdeh2 və Tanrıverdi Həsənova isə həmin Məcəllənin 178.2.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, X6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə atası Cavabdeh2 və qonşusu Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Cavabdeh1 qaynı İddiaçı fərdi ev tikdirmək məqsədilə torpaq sahəsi almaq niyyətində olduğunu bilib, aralarında olan cinayətkar razılığa görə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin yerli özünü idarəetmə orqanının sərəncamı əsasında atasına məxsus olması barədə ona yalan məlumat verərək, «Kamaz» markalı avtomaşın almaq arzusunda olduğu üçün həmin torpaq sahəsini ucuz qiymətə satdıqlarını və satdıqları torpaq sahəsinin dəyərinin gələcəkdə 40000 ABŞ dollarına qədər qalxacağını bildirməklə onu həmin torpaq sahəsini almağa sövq edib, torpaq sahəsinin alınmasının onun üçün sərfəli olduğuna inandırıb, aldadaraq atası Cavabdeh2 mülkiyyətində olmayan, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında yerləşən 04 sot torpaq sahəsinin alqı-satqısına dair aralarında xx.xx.2007-ci il tarixdə «Alqı-satqı» müqaviləsi bağlamaqla ondan həmin tarixdə atasının yaşadığı qeyd olunan ünvanda həmin dövrdə manatın dollara olan məzənnəsinə görə 9400 manat 92 qəpik təşkil 11000 (on bir min) ABŞ dolları məbləğində, Cavabdeh1 2011-ci ilin oktyabr ayının ortalarında İddiaçıla görüşərkən ona Keşlə qəsəbəsində yerləşən dəmiryolu ətrafı evlərin söküləcəyi barədə məlumatlandırıb almış olduğu torpaq sahəsində tikinti işlərinin aparılmasından ötrü icazənin Cavabdeh2 deyil, onun adına alınması üçün həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinin vaxtının çatdığını yalandan bildirib, aldadaraq bunun müqabilində İddiaçı xx.xx.2011-ci il tarixində saat 15.00 radələrində Nizami rayonu, Babək prospekti 106 saylı ünvanda yerləşən kafedə 1500 (min beş yüz) manat və 2014-cü il noyabr ayının ortalarında növbəti dəfə İddiaçıla görüşəndə, aldığı 4 sot ölçüdə olan torpaq sahəsinə bitişik və təxminən 2 sot torpaq sahəsinin müştərək qaydada ona və qonşu Cavabdeh1 məxsus olduğunu bildirib, satacağını yalandan vəd edərək, aldatmış və bunun müqabilində 2014-cü ilin noyabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 15 B saylı fərdi yaşayış evinin qarşısında İddiaçı 3500 (üç min beş yüz) manat nağd pulu vahid niyyətlə ümumilikdə 14.400 manat 92 qəpik alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Göründüyü kimi, cavabdehlərin iddiaçıdan vahid niyyətlə 11000 ABŞ dolları və 5000 manat pul almaları istintaq tərəfindən tam sübuta yetirilmişdir. Bununla yanaşı ********** nömrəli cinayət işi cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmiş, Cavabdeh1, Cavabdeh2 və X4 barəsində seçilmiş qətimkan tədbirləri ləğv olunmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Birinci instansiya məhkəməsi haqıla olaraq qeyd etmişdir ki, Nizami rayon prokurorunun qəbul etdiyi cinayət işinin icraatına xitam verilməsinə dair xx xxxx 2018-i il tarixli qərarla müəyyən olunmuş hallar hadisənin olması, yəni cavabdehlərin iddiaçıdan 11000 ABŞ dolları və 5000 manat alması hissəsində öz təsdiqini tapdığından həmin cinayət işində müəyyən olunan hallar hazırkı iş üzrə iddianın 11000 ABŞ dolları və 5000 manat hissədə təmin olunması üçün əsasdır. Cavabdeh tərəf apellyasiya şikayətində barələrində olan cinayət işinin əsassız və qanunsuz olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (qərarın yuxarı orqan və ya məhkəmə nəzarəti qaydasında ləğv olunması və s.) təqdim etməmişdir. Əksinə, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Prokurorluğunun xx xxxx 2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xx xxxx 2018-ci il tarixdə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Eyni zaamnda, həmin qərar ləğv edilməmiş, öz qüvvəsində qalmışdır. Həmçinin, qeyd edilən məktuba əlavə edilmiş ərizələrin surətlərindən görünür ki, cavabdehlər barələrində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan müddətin keçməsinə görə xitam verilməsini xahiş etmişlər. Göründüyü kimi, cavabdeh tərəf etirazlarının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf, həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini, lakin birinci instansiya məhkəməsinin bu halı nəzərə almamsını da apellyasiya şikayətinin dəlili kimi göstərmişlər (birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq olunması barədə ərizə verilmişdir). Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə iddia müddəti ilə bağlı məsələyə münasibətini bildirmiş, haqlı olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması ilə bağlı əvvəlki qətnaməsini (əvvəlki məhkəmə kollegiyası müddətin keçməsi qənaətinə gəlmişdir) ləğv edərkən göstərmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərin onun aldatması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nə müraciət etmişdir. Belə olan halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin, yəni xx.xx.2017-ci il qəbul edilməlidir (bax iş vərəqə 9). O, həmin xüsusatla əlaqədar istintaq edilən cinayət işinin gedişində xx xxxxxx 2018-ci il tarixdə mülki iddiaçı kimi tanınmışdır. Qeyd edilməlidir ki, iddia müddətinin tətbiqi zamanı müəyyən edilməli hallardan biri də müddətin axımının hansı gündən başlanılmalı olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İşdə olan sübutlardan, eləcə də kassasiya instansiyasının hüquqi mövqeyindən aydın olur ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərin onun aldatması ilə əlaqədar Bakı şəhəri Nizami RPİ-nə müraciət etmişdir ki, bu halda onun hüququnun pozulmasının bildiyi tarix kimi həmin gün qəbul edilməlidir. İşdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə xx xxxxxx 2018-ci il tarixdə müraciət etmiş, beləliklə iddia müddətini ötürməmişdir. Cavabdehlər isə müddətin əvvəlinin hadisə baş verdiyi gündən (2007-ci il) hesablamaqda haqlı olmamış, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almamışlar. MM-nin 373-cü maddəsinə görə isə ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işin həqiqi hallarına əsasən cavabdehlər iddiaçıya qarşı mülki-hüquq pozuntusu (delitk) törətmiş, sonuncunun etibarından sui-istifadə edərək, onu aldatmış və pulunu ələ keçirmiş (qeyd edildiyi kimi bu hal istintaq vaxtı da sübuta yetirilmişdir), beləliklə iddiaçıya ziyan vurmuşlar. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21və 23-cü maddələrinin şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin,habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki halların, işdə olan sübutları və kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 11000 ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla) və 5000 manat tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayətin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirlməsinə əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və X5 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4647/2018 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)- 4647/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar