Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2727/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkəti Cavabdeh1 və Cavabdeh2 MMCnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2930 manat sığorta ödənişinin əvzinin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddia ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək, Cavabdeh2 MMC-nə məxsus ** PV *** dövlət nömrə nişanlı “Khazar SD” markalı avtomobilin üzərinə həbs qoyularaq onun özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi şikayəti müdafiə etmiş, işə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, digər cavabdeh isə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya qeyd edir ki, əmlak üzərinə həbs qoyulması növündə iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, mübahisənin maddi obyekti, üzərinə həbs qoyulması xahiş edilən avtomobil də deyildir. İddianın predmeti pul tələbindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdeh(lər) iddiaçıya pul ödəməli olacaqlar. Gələcəkdə cavabdehlərin onlardan pul tutulmasına dair məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması halında isə iddianı təmin etmə tədbiri qismində deyil, məcburi icra tədbiri kimi onların əmlakı üzərinə həbs qoyulması mümkündür, bu cür tədbirin tətbiqi əsası da icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə qanunvericiliyi düzgün tətbiq etməmişdir, buna görə də həmin qərardad ləğv edilərək ərizə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1199/2021 saylı iş üzrə xx xxxxxx 2020-ci il il tarixli qərardadı ləğv edilsin. Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin iddianı təmin tədbirinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2727/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2727/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver