Məhkəmə qərarları › İş №2(103)-2728/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2728/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2728/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-367/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olmuş və 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar ayı da daxil olmaqla avtomobil iddiaçının istifadəsində olmuşdur. Bundan başqa iddiaçı cavabdehlə razılığına əsasən ilkin olaraq 3300 manat, 24 ay müddətində isə hər ay 500 manat ödəməklə avtomobilin mülkiyyətçisi olacaqdır. İddiaçı ilkin olaraq 3300 manat, 3 ay isə 500 manat ödəməklə, cəmi 4800 manat cavabdehə ödəmişdir. 2.Sonradan həmin avtomobil 2022-ci ilin yanvar ayının sonunda Cavabdeh geri qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manatın, hüquqi yardıma görə ödənilmiş 200 manatın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5270 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh mülkiyyətində olan “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınması məqsədi ilə 2021-ci il tarixdə, ümumilikdə 5.000,00 manat vəsait ödəmişdir. Sonradan həmin avtomobil 2022-ci ilin yanvar ayının sonunda Cavabdeh geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsinə görə İddiaçı almış olduğu vəsaiti geri qaytaracağını vəd versə də, həmin pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. İddiaçı Cavabdeh qanunsuz əməlləri ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayevin 21 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nəqliyyat vasitəsinin satışına görə 5.000,00 manat pul vəsaiti almış, həmin pul vəsaitini qaytarmamışdır. Həmin qərarla İddiaçı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliklərini hazırkı müddətə kimi icra etməkdən yayınmaqdadır, bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-367/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh Kamil oğlundan 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 32 (otuz iki) manat məbləğində hissəsinin Cavabdeh Kamil oğlundan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün onlar arasında etibarlı müqavilə, mülki hüquq pozuntusu hesab edilən əməldən irəli gələn zərər və ya hər hansı hüquqi əsas olmadan əldə edilən əmlak olmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə(vindikasiya iddiası) istinad etsə də, iddiaçının tələbinə münasibətdə işin halları ilə müəyyən edilir ki, tərəflər arasında lizinq müqaviləsinin şərtlərinə uyğun şifahi müqavilə bağlanmışdır, lakin həmin müqavilə etibarlı hesab edilə bilməz. Belə ki, lizinq müqaviləsinin yazılı formada bağlanılmalı olması tələbinə tərəflər riayət etməmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməli və etibarsız əqdin nəticələri(ikitərəfli restitusiya) tətbiq edilməlidir. Yəni tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan yanaşdıqda iddiaçının cavabdehə ödənildiyi sübut edilən 4800 manatı, cavabdehin isə avtomobildən istifadəyə görə razılaşdırılmış 2500 manat iddiaçıdan geri almaq hüquq vardır. Bu səbəbdən də qarşılıqlı tələblər əvəzləşdirilməklə cavabdehdən 2300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin etirazının digər dəlilləri isə müstəqil tələbin predmetidir və iddiaya etiraz formasında həll edilə bilməz. İş materiallarında hüquqi yardım üçün iddiaçı tərəfindən 200 manat xərcin çəkilməsi müəyyən edilir və həmin məbləğ ağlabatandır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 337, 385.1, 386.1, 747.1, 748.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 114.1.1, 119.1, 121.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-367/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin olunmamış hissəsində ləğv edərək iddia ərizəsinin tam şəkildə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına uyğun olaraq tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mülki hüquq münasibətini lizinq münasibəti kimi xarakterizə etmişdir. Halbuki, hər iki tərəf məhkəmə iclasında və polis orqanında vermiş olduğu izahatları təsdiq etmişlər ki, mülki hüquq münasibətinin obyektini təşkil edən nəqliyyat vasitəsi alqı-satqı şərtlərinin predmeti olmuş, yəni iddiaçı həmin avtomobili aldığını, cavabdeh isə satdığını qeyd etmişdir. Hazırkı alqı-satqı münasibətinin digər alqı-satqı münasibətlərindən fərqləndirən xüsusiyyəti ondan ibarət olmuşdur ki, tərəflər nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin hissəvi formada ödənilməsini razılaşdırmışlar.Həmin nisyə alqı-satqı razılaşmasına əsasən nəqliyyat vasitəsinə görə iddiaçı ilkin olaraq 3.300,00 manat, sonrakı müddətlərdə, yəni hər ay 500,00 manat olmaqla ödəməli idi. İşin digər mübahisə edilməyən halı ondan ibarət olmuşdur ki, iddiaçı razılaşmaya əsasən nəqliyyat vasitəsinin sənədləşdirməsinə görə 200,00 manat, ilkin ödənişə görə 3.300,00 manat və hər ay üçün 500,00 manat x 3 ay ardıcıl olmaqla 1.500,00 (bir min manat, ümumilikdə 5.000,00 manat cavabdehə ödəniş etmişdir. Sonrakı mərhələdə tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə olduğu şəkildə geri qaytarılmış və cavabdeh iddiaçıya nəqliyyat vasitəsini digər şəxsə satdıqdan sonra iddiaçı tərəfindən ödənilmiş vəsaiti geri qaytaracağı vədini vermişdir. Cavabdeh nəqliyyat vasitəsini digər şəxsə satdıqdan sonra ödənilmiş vəsaiti ödəməkdən imtina etmişdir. Mübahisə məhz bu səbəbdən tərəflər arasında yaranmış, cavabdehin iddiaçıya təqdim etdiyi qusurlu əşyaya görə iddiaçı öz vəsaitini geri tələb etmişdir. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı şifahi formada bağlanan əqd yazılı bağlanmasına riayət olunmadığı üçün etibarlı deyil, məhz bu səbəbdən tərəflər aldıqlarını bir-birinə geri qaytarmalıdır (restitusiya). İddiaçı aldığı nəqliyyat vasitəsini qaytardığı halda, məhkəmə cavabdehə münasibətdə eyni nəticəyə gəlməyərək, hesab etmişdir ki, cavabdeh iddiaçıya cəmi 2.300,00 manat qaytarmalıdır. Məhz hansı səbəbdən cavabdeh iddiaçıya 2.300,00 manat qaytarmalıdır, bu bəlli deyil və məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

13. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

14. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

15. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

16. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

17. Maddə 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, hazırkı iddiasında iddiaçı cavabdehə “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat pul və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 200 manatın cavabdehdən tutulmasını xahiş edir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən edilərək ona istinad edilmişdir, tərəflər arasında lizinq münasibətlərinə oxşar münasibətlər olmuş, lakin tərəflər lizinq müqaviləsinin yazılı formada tərtib edilməsi ilə bağlı qaydaya əməl etmədiyi üçün aralarındakı razılaşma etibarsız hesab edilməli, tərəflər aralarında olan şifahi razılaşmaya əsasən aldıqlarını bir-birinə geri qaytarmalıdırlar.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan Binəqədi rayon 6-cı PB-nin 21 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan, tərəflərin izahatları və aralarında olan yazışmalardan müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçının seçdiyi avtomobili alaraq, iddiaçının istifadə və sahibliyinə vermişdir. Tərəflər arasında olan razılığa əsasən iddiaçı cavabdehə ilkin olaraq 3300 manat, daha sonra 24 ay müddətində hər ay 500 manat ödəniş etdikdən sonra cavabdeh avtomobili iddiaçının mülkiyyətinə keçirməli idi. Lakin iddiaçı ilkin olaraq 3300 manat ödəniş etmiş və avtomobildən 5 ay istifadə etdikdən sonra avtomobili cavabdehə qaytarmışdır. İstifadə etdiyi 5 ay müddətində 3 dəfə hər ay 500 manat olmaqla, cəmi 1500 manat ödəniş etmişdir. İstifadə etdiyi iki ay müddət üçün iddiaçı hər hansı ödəniş etməmişdir.

25. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında lizinq münasibətlərinə oxşar münasibətlər olması ilə bağlı yanlış nəticəyə gəlmişdir, belə ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 747.1-ci maddəsində qeyd edilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə, lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

27. Göründüyü kimi, lizinq müqaviləsinin hüquqi təbiətinə görə müqavilənin predmeti olan əmlak lizinq alanın istifadəsinə şərtlərləşdirilmiş muzd ödənilməsi şərti ilə verilir, müqavilə ilə müəyyən edilmiş müddət bitdikdən sonra lizinq alanın əmlakı satın almaq və öz mülkiyyətinə keçirmək hüququ yaranır.

28. Lizinq müqaviləsindən fərqli olaraq alğı-satqı müqaviləsinin şərtlərinə görə isə satıcı əşyanı alıcının istifadəsinə deyil, mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki qanunvericiliyə əsasən nisyə alğı-satqı müqaviləsində isə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qanunvericiliyə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

29. Qanunvericiliyin tələbindən göründüyü kimi, lizinq müqaviləsini alğı-satqı, həmçinin nisyə alğı-satqı müqaviləsindən fərqləndirən əsasən cəhət lizinq müqaviləsinə əsasən əşyanın lizinq alanın mülkiyyətinə deyil, istifadəsinə verilməsidir. Əşya yalnız lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edildikdən sonra lizinq alanın mülkiyyətinə keçir. 30.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan mübahisənin mahiyyəti ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Qanunvericiliyin tələbinə əsasən lizinq müqaviləsi yazılı tərtib edilməli olduğu halda iddiaçı ilə cavabdeh tərəfindən bu şərtə əməl edilmədiyi üçün razılaşma etibarsız hesab edilməli, əqdlərin etibarsızlığı ilə bağlı nəticələr (restitusiya) hazırkı hala tətbiq edilməlidir.

32. Mülki Məcəllənin 337.5-ci maddəsində qeyd edilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.

33. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin miqdarı ilə bağlı hissədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia edir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 3300 manat pul, 5 ay müddətində istifadə görə isə ilk 3 ay üçün hər ay 500 manat olmaqla 1500 manat, cəmi 4800 manat pul ödənilmiş, bu hal iş materialları ilə təsdiq edilir. İddiaçı rəsmiləşdirmə işləri üçün 200 manat da ödənildiyini bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 5 ay avtomobildən istifadə etmiş, hər ay 500 manat olmaqla 2500 manat (500 x 5) ödəməli olduğu halda cəmi 1500 manat pul ödəmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 4800 manat ödənilməsi təsdiq edildiyindən avtomobildən istifadəyə görə 2500 manat məbləğinə pul 4800 manatdan çıxılmalı, yerdə qalan 2300 manat (4800-2500=2300 manat) iddiaçıya ödənilməlidir.

37. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi üçün Nümayəndə "xxxx" ASC-dəki hesabına 200 manat pul vəsaiti köçürülmüşdür.

38. Mülki Prosesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Hazırkı halda iddia tələbinin təmin edilməyən hissəsi 2700 manat olduğu üçün, qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-367/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar