Məhkəmə qərarları › İş №2(103)-2728/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2728/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2728/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-357/2024 nömrəli, 31 yanvar 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan 25 may 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlı və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-35- 1/2-H-1235-36- 445/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan südçülük sovxozunun ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsində X3 tərəfindən özbaşına tikinti işlərinin aparılması barədə müraciətə əsasən torpaq sahəsinə yerində baxış zamanı Qala qəsəbəsi ərazisində yerləşən 334 saylı tam orta məktəbin yaxınlığında hər mərtəbəsi 120 m2 olan 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi müşahidə edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il 3- 34/2- 109/04-1/2023 saylı məktbunun surətindən görünür ki, inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayında 2012-ci ilin noyabr ayına nisbətən 193,6 faiz təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsinin Cavabdeh alınması üçün ödədiyi 1800 (min səkkiz yüz) manat məbləğin və həmin torpaq səhəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 (iki min iki yüz əlli üç) manat məbləğində xərcin, ümumilikdə 2012-ci ildən 2023-cü ilədək olan infylasiya faiz dərəcəsinin 2,5 əmsal olmasını nəzərə alaraq cavabdehdən 10132.50 (on min yüz otuz iki manat əlli qəpik) manat məbləğində vəsaitin (inflasiya nəzərə alınmaqla) və həmçinin ödənilmiş 120.4 (yüz iyirmi manat qırx qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsini Cavabdeh etibarnamə əsasında 1800 manata almış, sonra həmin torpaq sahəsini 10 mişar daşında hasarlatmış və 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10x12 m sahədə evin özülünü tikdirmişdir. Həmin torpaq sahəsinə darvaza qoymağa imkanı olmadığına görə mişar daşı ilə darvazanın yerini bağlamışdır ki, gələcəkdə imkanı olan kimi yarımçıq qalan tikilini davam etdirsin. Sonrakı illərdə həm xəstəliyi ilə əlaqədar, həm də maddi imkanı olmadığına görə orada heç bir tikinti işi aparılmamış və müvəqqəti nəzarətsiz qalmışdır. Daha sonra iddiaçının oğlu X4 2023-cü ilin yanvar ayında Bakıya gələrkən mülkiyyətində olan torpaq sahəsinə baş çəkməyə gedərkən Kamil Zeynalov adlı şəxsin onların tikmiş olduğu evin özülünü sökərək yerində başqa ev tikdiyini görmüşdür. Süleyman bu barədə iddiaçıya məlumat verdikdə ona baş vermiş hadisə ilə əlaqədar ərazi üzrə polis bölməsinə müraciət etməyi bildirmişdir. X14 Polis Bölməsinə müraciəti əsasında Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən ********* saylı cinayət işi açılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Belə ki, aparılan araşdırmalar zamanı Cavabdeh bildirmişdir ki, xx.xx.2011-ci ildə Xəzər rayonu, Qala qəsəbəsində X5 2500 (iki min beş yüz) manata 0.06 ha torpaq sahəsi almışdır. xx.xx.2012-ci ildə həmin torpaq sahəsinin 0.03 ha sahəsini 1500 (min beş yüz) manata iddiaçıya satmışdır. Həmin torpaq sahəsini etibarnamə əsasında satmışdır. Belə ki, Aygün Əliyeva da ona torpaq sahəsini etibarnamə əsasında satmışdır. Bu illər ərzində iddiaçıya satdığı torpaq sahəsinə görə hər hansı problem olmamışdır. Lakin, Ələkbərə ilin əvvələrində məlum olmuşdur ki, həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum X6 həmin torpaq sahəsini təxminən 6 il bundan əvvəl İlqar adlı şəxsə satmış, sonuncu isə 2022-ci ilin sonlarında torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan başqa, baş verənlərdən məlumatı yoxdur. Abşeron Rayon İcra Hakimiyyətinin verilmiş sorğulara cavablarından görünür ki, həmin torpaq sahəsinə dair sərəncam, tarix və sərəncam nömrəsi məlum olmadığına görə torpaq sahəsinin X7 və ya başqa şəxsə ayrılmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.03 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixində özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 (min səkkiz yüz) manata satmış, həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınaraq orada təxminən 10x12 m fərdi yaşayış evinin kürsüsü inşa edilmişdir. Uzun müddət Bakıya gəlmədiyinə görə həmin torpaq sahəsinin yaxınlığında yaşayan mərhum Rüfət adlı şəxsdən xahiş etmişdir ki, həmin torpaq sahəsinə nəzarət etsin. 2017-ci ildə iddiaçı tərəfindən nəzarət edilməsi tapşırılan mərhum X6 qeyd olunan torpaq sahəsini içərisindəki yarımtikili ilə birlikdə X13 özünə məxsus daşınmaz əmlak kimi təqdim etməklə aldadaraq ona 600 (altı yüz) manata satmışdır. X17 isə həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixində X10 9.000 (doqquz min) manata satmış və sonuncu torpaq sahəsini X2 hədiyyə etmiş, bundan sonra sonuncu isə həmin torpaq sahəsində özünə fərdi ev inşa etmişdir. Cavabdeh xx.xx.2012-ci ildə Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunun ərazisində yerləşən özgənin (dövlət, bələdiyyə və şəxsi, o cümlədən Aygün Əliyevanın və qeyrilərinin mülkiyyətində olub-olmamasından asılı olmayaraq) 0.03 ha torpaq sahəsini özünə məxsus olması barədə iddiaçıya yalan məlumat verməklə aldadaraq 1800 manata satmış, etibarından suiistifadə edərək ona maddi ziyan vurmuşdur. Qeyd olunan hallar ibtidai istintaq zamanı ********* saylı cinayət işi üzrə təsdiq olunmuş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Cavabdeh barəsində AR CM-in 178.1- ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onun barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin, Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsini aldıqdan sonra 10 mişar daşında hasarlamış, 5 daş hündürlüyündə qarşısı yumru, təxminən 10*12 m sahədə evin özülü inşa etdirmişdir. İddiaçı həmin işlərin görülməsinə 1 ədədi 0,45 qəpik olmaqla 2500 ədəd kubik üçün 1125 manat və 1 ədədi 0,50 qəpik olmaqla 1100 ədəd kubik üçün 550 manat, ümumilikdə 1675 manat məbləğ pul; 1 maşını 50 manat olmaqla 3 maşın qum üçün 150 manat və 1 maşını 60 manat olmaqla 2 maşın qum üçün 120 manat, ümumilikdə 270 manat məbləğdə pul; 1 ədədi 7 manat olmaqla 44 ədəd sement üçün 308 manat məbləğdə pul xərcləmişdir. Göründüyü kimi xx.xx.2012-ci il tarixində Cavabdeh Xəzər rayonu, Qala qəsəbəsində Hövsan südçülük sovxozunda yerləşən 0.03 ha torpaq sahəsininin alınması üçün 1800 (min səkkiz yüz) manat və həmin torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar 2253 (iki min iki yüz əlli üç) manat məbləğində, ümumilikdə 4053 (dörd min əlli üç) manat məbləğində vəsait iddiaçı tərəfindən xərclənmişdir. Eyni zamanda 2012-ci ildən 2023-cü ilədək olan inflyasiya faiz dərəcəsinin 2,5 əmsal olmasını nəzərə alaraq cavabdehdən 10132.50 (on min yüz otuz iki manat əlli qəpik) manat məbləğində vəsait (inflasiya nəzərə alınmaqla) tutulub iddiaçıya ödənilməlidir. Belə ki, hazırda həmin torpaq sahəsi və üzərində inşa etdiyi yarımtikili ilə bağlı mülkiyyət hüququ əldə etmiş olsa idi həmin torpaq sahəsi və üzərindəki yarımtikilini orta bazar qiyməti ilə minimum 15.000 manat satmış ola bilərdi. Cavabdehin iddiaçını aldatması ilə əlaqədar olaraq o, yuxarıda qeyd olunan məbləğdə maddi zərərə uğramışdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-357/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddianın qismən təmin edilməsi, Cavabdeh 3484,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 54,84 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 65,56 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında təmirtikintiyə çəkilmiş xərclərin müəyyən edilməsi ilə əlaqədar olaraq vəsatət təqdim edilmiş, lakin, hakim şahidlərin təmir-tikinti ilə bağlı çəkdiyi xərclərlə bağlı ifadələrinə münasibət bildirməyərək, vəsatəti əsassız qaydada rədd etmişdir. Oxşar əhəmiyyətli işlərdə məhkəməyə təqdim edilmiş tikintinin sahəsi ilə ora sərf olunan xərclərin həddini və həcmini ekspertiza müəyyən edir. Lakin, iddiaçı tərəfdən əsaslandırılmış vəsatət təqdim edilsə də, məhkəmə ekspertin rəy verə bilməyəcəyini əsas gətirərək vəsatəti rədd etmişdir. Nəzərinizə çatdırım ki, həmin vaxtlar torpaq sahəsi və üzərindəki tikilinin şəkil və videolenti telefonumdan silindiyi üçün vəsatətdə həmin şəkilləri təqdim edə bilməmişik. Hazırda həmin şəkilləri elektron mütəxəssislər tərəfindən qaytarıldığı üçün həmin şəkilləri də apellyasiya şikayətinə əlavə edilir ki, çəkilən xərclərin və dəymiş zərərin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə kömək etmiş olsun.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]

14. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə yoxlanılır. Belə ki, iddia tələbinin təmin edildiyi hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-357/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, iddiaçı 2012-ci il tarixdə 1800 manat məbləğində pul verərək cavabdehdən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin yarısını- yəni 0,03 ha hissəsini almışdır. Bu hal mülki işin mübahisələndirilməyən halıdır. Qeyd olunan haldan irəli gələrək birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, 1800 manat pul məbləğinin inflyasiya faiz dərəcəsinə uyğun olaraq hesablanaraq cavabdehdən tutulması qət edilmiş və qətnamə qeyd olunan hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

28. Kollegiya qeyd edir ki, işin hazırda mübahisələndirilən halı iddiaçının torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar çəkdiyi 2253 manatın cavabdehdən 2012ci ildən 2023-cü ilədək olan inflyasiya faiz dərəcəsinin nəzərə alınması əsasında tutulması ilə bağlıdır. İddiaçı tərəfindən qeyd olunan halı təsdiq edən əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təsdiq edilməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində mülki işin icraatı zamanı sadəcə şahid ifadələri ilə iddia tələbini əsaslandırmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin həmin məsələ ilə bağlı ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz.

29. Kollegiya bildirir ki, tikinti işlərinin aparılması ilə əlaqədar xərclər mötəbər dəlillərlə isbat edilmədiyindən, iddia olunan vəsaitin inflyasiya faiz dərəcəsinə uyğun olaraq hesablanmasına lüzum yoxdur. Belə ki, ilkin olaraq çəkilən xərc sübut olunduğu təqdirdə əldən çıxmış faydanın maddi dəyəri müəyyən edilməli idi. Hazırkı halda isə iddiaçı tərəf öz iddiasının əsası təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Kollegiya apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətində foto və video materialların mövcud olduğu qeyd edilsə də, iş materialları ilə həmin sübutların mövcudluğu müəyyən edilməmişdir.

31. Kollegiya apellyasiya şikayətinin ekspertizanın keçirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan tikili hazırda mövcud olmadığından (söküldüyündən), bu halda ekspert tərəfindən mövcud olmayan tikiliyə çəkilmiş xərclərin hesablanması da qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, heç bir başqa sübutla doğruluğu təsdiq olunmayan şahid ifadələrinə və tərəfin özünün iddia etdiyinə uyğun olaraq hesablamanın aparılması ədalətli hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında mübahisə üzrə məhkəmənin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-357/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar