Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, iddiaçının nümayəndəsi X1 və cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4402/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mərhum X5 verdiyi 110000 ABŞ dolları borcun xx.xx.2016-cı ildən qətnamə çıxan günədək həmin pulu özlərində saxlamaqla Mərkəzi bankın faiz uçot dərəcəsinə uyğun olaraq hesablanmış 25000 manat maddi zərər məbləğinin və mənəvi zərər olaraq 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4402/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və X2 xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə 86240 manat borc, xx.xx.2016-cı ildən qətnamə çıxan günədək gecikdirilmiş vaxt üçün illik 5% olmaqla, 15810,6 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdehlər həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, borc verən İddiaçı ilə borc alan X7 arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.2015-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə 200000 ABŞ dolları (kurs üzrə 1 ABŞ dolları = 0,784) 156800 manat məbləğində borc pul verir, borc alan həmin məbləği xx.xx.2016-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürür. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 70A, mənzil 105 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən qəbul edilmiş və bərabər paylarda (hər biri 1/3 hissədə) mülkiyyətlərinə keçmişdir. İddiaçı bildirir ki, həmin borcdan 90000 ABŞ dolları ödənilmiş, 110000 ABŞ dolları isə ödənilməmişdir. Cavabdehlər iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirirlər ki, hazırki iddia tələbi üzrə iddia müddətinin ən son tarixi, müqavilənin bağlandığı gündən üç il sonrakı tarix xx.xx.2018-ci ildir. İddiaçı iddia müddətinin bitməsindən sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin dəlillərinə dair iddiaçı bildirir ki, o, 2018-ci ilin noyabr ayında mərhum X5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(005)725/2019 saylı qərardadı ilə cavabdeh X7 öldüyündən iş üzrə icraata xitam verilmişdir. O, məhz xx.xx.2019-cu il tarixdə bilmişdir ki, cavabdeh ölmüş və bundan sonra ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə sorğu verərək borcalanın vərəsələrini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdehlərin atası Mirhəşim Həşimov arasında borc müqaviləsinin bağlanması və iddiaçı tərəfindən Mirhəşim Həşimova 1 il müddətinə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində borc verməsi notariat qaydasında təsdiq edilmiş borc müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda həmin borc müqaviləsinin predmetinin məhz 200000 ABŞ dolları təşkil etməsi Mirhəşim Həşimov və Cavabdeh1 imzaladıqları qəbzlərlə təsdiq olunur. Belə ki, mülki işin 96-97-ci vərəqələrində olan əlyazma qəbzlərdə qeyd olunmuşdur ki, X12 Cahangirovadan aldığı 200000 dolları vəsaitin 90000 dolları qaytarmış, qalan 110000 dolları 2018-ci il avqustun sonuna kimi qaytarmağı öhdəsinə götürür. Cavabdeh1, atası Mirhəşim Həşimovun qonşusu X3 olan 110000 ABŞ dolları borcunu vəfatından sonra ödəməyi öz üzərinə götürür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 4/740 saylı ekspert rəyində isə göstərilmişdir ki, mülki işin 97-ci vərəqində olan xx.xx.2018-ci il tarixli A4 formatlı kağız vərəqi üzərində yazılmış “Mən Bakı şəhəri Nərimanov rayonu...” sözləri ilə bağlayıb, “...ödəməyi öz üzərimə götürürəm. xx.xx.2018, (050) *** ** ** Cavabdeh1” Sözləri ilə bitən yazılar və “Cavabdeh1” yazılarının qarşısında olan imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Mülki işin 95-ci vərəqində olan qəbzin aşağı hissəsində “06.09.17.” yazılarının qarşısında olan imza; mülki işin 96-cı vərəqində olan qəbzin orta hissəsində “İmza:” yazısının qarşısındakı imza və həmin qəbzin aşağı hissəsindəki imza X7 tərəfindən icra olunmuşdur. İddiaçı da bildirir ki, həmin borcdan 90000 ABŞ dolları geri qaytarılmış, yerdə qalan 110000 ABŞ dolları isə ödənilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin borcu ödəmək vəzifəsi cavabdehlərə aiddir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1306.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdə də mübahisəsiz qaydada müəyyən olunur ki, mərhum Mirhəşim Həşimovdan miras əmlak kimi qalmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 70A saylı evin 105 saylı mənzili onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən bərabər paylarda qəbul edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, onlara qarşı irəli sürülmüş borcun tutulması barədə iddia tam əsaslıdır. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin cavabdehlər nəinki bu barədə sübut təqdim etməmişlər, ümumiyyətlə həmin borcun miras əmlakın dəyərindən çox olması halına istinad etməmişlər. Belə olan halda isə mübahisəsiz olaraq qəbul edilir ki, hazırki işdə bu hal mövcud deyil. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehlərin dəlillərinə dair qeyd olunur ki, İddiaçı ilə X7 arasında bağlanmış borc müqaviləsinin şərtlərinə əsasən öhdəliyin icra müddəti xx.xx.2016-cı il müəyyən edilsə də, mülki işin 96-cı vərəqəsində olan xx.xx.2018ci il tarixli qəbzdən müəyyən olunur ki, X7 110000 ABŞ dolları borcu 2018-ci ilin avqust ayının sonunadək tam həcmdə X3 qaytarmağı öz üzərinə götürmüşdür. Göründüyü kimi müqavilə üzrə öhdəliyin son icra müddəti 2018-ci ilin avqust ayı razılaşdırılmışdır. Hazırki iddia ərizəsi isə 2019-cu ulun sentyabr ayında məhkəməyə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunan üç illik iddia müddəti ötürülməmişdir. Bununla yanaşı kollegiyası hesab edir ki, faiz borcun tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, iddiaçı həmin tələbləri Mülki Məcəllənin 449-cu maddəsinə əsasən irəli sürmüşdür. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdehlər onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Eyni zamanda kollegiya hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də iddia əsassızdır. Belə ki, iddiaçı borc müqaviləsindən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüşdür. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Lakin həmin qərarlarda da müqavilələrdən (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) irəli gələn öhdəliklərin pozulması hallarında mənəvi zərərin tələb edilməsinin mümkün olub-olmaması məsələsinə toxunulmayıb. Bununla yanaşı həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər və Mülki Məcəllənin zərərlə bağlı müvafiq müddəaları bu məsələyə aydınlıq gətirilməsinə imkan yaradır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, qeyd olunan Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə borc müqaviləsi (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4402/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. 110000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 bərabər hissələrdə (hər birindən 1/3 hissədə) tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti bərabər hissələrdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-273/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-273/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver