Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-273/2023 (Açar sözlər: “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) Bakı şəhəri 06 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X7 və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)- 538/2022 nömrəli qətnaməsindən cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 məxsus olmuşdur;
2. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktına əsasən ünvan 1 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 38-ci mənzilinin hamam otağının və dəhlizin divarlarında çatlar yaranmış, tavan islanmış və dəhlizdə divar vurulmuş divar kağızları qopmuş, nəticədə 35 saylı mənzilin təmirinə ziyan dəymişdir;
3. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən ünvan 1 saylı mənzilinə baxış keçirilmiş və həmin ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 38-ci mənzilinin hamam otağının tavanı və dəhlizin tavanı islanmış, suvağı tökülmüş, nəticədə 35 saylı mənzilin təmirinə ziyan dəymişdir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/671 nömrəli rəyinin nəticə hissəsinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 35 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 35 saylı mənzilin dəhliz, mətbəx və sanitar qovşağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində yerləşən 5 nömrəli evin, 35 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən mənzildən su axıdıldığı və nəticədə mənzilin dəhliz, mətbəx və sanitar qovşağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində yerləşən 5 nömrəli evin, 35 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3351,0 manat məbləğ müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır;
5. 02 dekabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/5455 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus mənzilin tavanında hal-hazırda su çəni mövcud deyildir, iddiaçıya məxsus mənzil ziyan dəydikdən sonra təmir edilməmişdir, iddiaçının mənzilinə su sızmasının səbəbini konkret müəyyən etmək mümkün olmamışdır, iddiaçının mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3351,0 manat məbləğ müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə onun təqsirli hərəkətləri nəticəsində vurulmuş 10.000 (on min) manat məbləğində maddi ziyanın, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Qeyd olunan mənzil göstərdiyi ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Həmin binanın 3-cü mərtəbəsində, yəni onun mənzilinin üstündə cavabdehə məxsus 38-ci mənzil yerləşir. Cavabdeh özünə məxsus mənzili kirayəyə vermişdir. Artıq xeyli müddətdir ki, yəni 2020-ci ilin yayından başlayaraq cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılır. Belə ki, cavabdeh texniki qaydalara zidd olaraq mənzilində dəyişikliklər etməklə mətbəxi eyvana keçirmiş və dəyişiklik zamanı sanitar qovşağında yaranmış nasazlıq nəticəsində mənə məxsus mənzilə su axması baş vermişdir. Cavabdehin mənzilindən çirkab suyun axıdılması nəticəsində təmir olunmuş mənzilinin hamam otağının və dəhlizinin tavanları islanmış və tavanların suvağı tökülmüş və tam yararsız hala düşmüşdür. Bununla bağlı dəfələrlə cavabdeh və onun oğluna baş verənlər barədə bildirsə də, söz vermələrinə baxmayaraq heç bir tədbir görməmişlər. Qonşuluq münasibətlərinə xələl gəlməsin deyə və mənzilində nasazlığın, habelə ona vurulmuş ziyanın aradan qaldırılmasına söz verdiklərinə görə məhkəməyə müraciət etməmişdir. Lakin artıq cavabdeh tərəfindən heç bir tədbir görülmədiyini və ümumiyyətlə hər hansı tədbir görülməsindən imtina etdiyini görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı əvvəl 35 saylı MKİS-ə ərizə ilə müraciət etmiş, 35 saylı MKİS əməkdaşları həm ötən il, həm də bu il iddiaçının müraciəti əsasında mənzillərə baxış keçirərək həqiqətən də, cavabdehə məxsus mənzildən axıdılan su nəticəsində iddiaçının mənzilinin bərbad vəziyyətə düşməsi müəyyən olundu və müvafiq olaraq akt tərtib olundu. Lakin MKİS tərəfindən cavabdehə bildirilən iradlara baxmayaraq, o, qanuna zidd əməllərini davam etdirir və birgə yaşayış qaydalarına riayət etməkdən imtina edir. Cavabdehin qanunazidd hərəkətlərini davam etdirməsi nəticəsində o mənzilini yenidən təmir etdirə bilmir. Onun bu əməlləri nəticəsində ona ümumilikdə 10.000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı və həyat yoldaşı səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicə olunurlar. Mənzilin bərbad vəziyyətə düşməsi nəticəsində onların normal yaşayışları pozulmuşdur.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Evin təmiri üçün xərclənən məbləğ ekspert rəyində öz əksini tapmamışdır. Hesab edir ki, onun mənzilinə dəymiş ziyan daha çoxdur.
10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)- 538/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 3351,0 (üç min üç yüz əlli bir) manat məbləğində maddi ziyan və 120 (bir yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5 35 saylı mənzil İddiaçı, 38 nömrəli mənzili isə Cavabdeh mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 10.000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf ünvan 4 ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 38-ci mənzilinin vanna otağında su xətlərinin nasaz olma səbəbindən 35 saylı mənzilinə su axmışdır, nəticədə 35 saylı mənzilin təmirinə ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/671 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində yerləşən 5 nömrəli evin, 35 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3351,0 manat məbləğ müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
15. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsinin aktlarını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir.
16. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
17. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 3351,0 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
19. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
20. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
21. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.
22. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir.
23. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasiğbətdə ədalətli kompensasiyanı əvəz edir.
24. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X12 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur.Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir».
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 157.4-cü, 170.2-ci, 226.1-ci, 226.2-ci, 1096.1-ci, 1097-ci, 1097.1-ci, 1098.2-ci, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci, 29.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
27. Qətnamədən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)-538/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
28. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun olmayan ifadələrdi. Cavabdeh mənzilini indiyə qədər kirayə verməmişdir. Belə ki, oğlanları Rusiya Respublikasında yaşayır, onlar Bakıya gəldiyi zaman sözügedən mənzildə yaşayırlar. Digər Bir tərəfdən, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5 ünvanında yerləşən binada əvvəllər daimi su verilmədiyindən, binanın damında böyük su çəni qoyulurdu. Bu su çəni bəzən daşır, qonşulara su tökülürdü. Bunun nəticəsində onun yuxarı qonşusu və ondan da yuxarı qonşusu bir sözlə hamının tavanlarına ziyan dəyirdi. Qonşusunun bunu bildiyi halda məhkəmədə ona qarşı yalandan iddia qaldırması və onun iddiasının məhkəmədə təmin olunması əsassızdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
29. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
32. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
33. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
34. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
35. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;
36. 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır;
37. 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir;
38. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
39. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
40. 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər;
41. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
42. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;
43. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
54. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
56. Belə ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, ev 5, 35 saylı mənzil İddiaçı, 38 nömrəli mənzili isə Cavabdeh mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 10.000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir.
57. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf ünvan 4 ünvanda olarkən məlum olmuşdur ki, həmin binanın 38-ci mənzilinin vanna otağında su xətlərinin nasaz olma səbəbindən 35 saylı mənzilinə su axmışdır, nəticədə 35 saylı mənzilin təmirinə ziyan dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/671 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində yerləşən 5 nömrəli evin, 35 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3351,0 manat məbləğ müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
58. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/5455 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus mənzilin tavanında hal-hazırda su çəni mövcud deyildir, iddiaçıya məxsus mənzil ziyan dəydikdən sonra təmir edilməmişdir, iddiaçının mənzilinə su sızmasının səbəbini konkret müəyyən etmək mümkün olmamışdır, iddiaçının mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3351,0 manat məbləğ müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
59. Məhkəmə Kollegiyası ilkin ekspertiza zamanı cavabdehin mənzilinə baxış keçirilmədən Rəy tərtib edildiyini, cavabdehin mənzilinin hazırda təmirli olduğunu, cavabdehin şikayətinin dəlilləri baxımından təkrar ekspertiza zamanı iddiaçıya məxsus mənzilin tavanında su çəni mövcud olması müəyyən edilmədiyini, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı mənzil kommunal istismar sahəsinin aktlarını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Beləliklə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır.Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir.
61. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
62. Beləliklə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə Kollegiyası iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 3351,0 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
63. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-n 88-ci maddəsi)
64. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X8 alınaraq dövlət büdcəsinə (X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməlidir.
65. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 (əlli) manat məbləğindədir.
66. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(005)- 538/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X8 alınaraq dövlət büdcəsinə (X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır.