Məhkəmə qərarları › İş №2(103)-2739/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2739/2022

23.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2739/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Vood Volley Hicran Məhəmməd qızı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-173/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı «mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehin hərəkətləri nəticəsində dəymiş 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-173/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı maneəçilik törədilməsi Cavabdeh2 qadağan edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. İlkin iddia tələbinin təmin edilməsi əsassızdır. Tikintinin aparıldığı ərazi sürüşmə zonası olmaqla ərazidə heç bir infrastruktur da yoxdur. Bu da hər an onun evinin baş verə biləcək torpaq sürüşməsi nəticəsində uçması təhlükəsi yaradır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili R.Almuradov apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək ayrılıqda bildirdi ki, iddiaçı tərəfindən qanunsuz tikinti işləri aparılıb, buna görə də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən İXM-nin 394-cü maddəsi ilə (Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması) inzibati məsuliyyətə də cəlb olunub. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, apellyasiya şikayəti əsassızdır. İddiaçı tərəfindən heç bir qanunuz tikinti işləri aparılmamışdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi və üzərindəki tikili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəməyə Yasamal Rayon Məhkəməsinin 3(004)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını təqdim edərək, göstərdi ki, qeyd edilən qərarla hazırkı iş üzrə İddiaçı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilimiş 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilmiş, 22 sentyabr 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində İddiaçı barəsində yerləşdirilmiş cərimə məbləği silinmişdir. Ümumiyyətlə, iddiaçının inşa etdiyi tikili yolun bir tərəfində, cavabdehin evi isə o biri tərəfində yerləşir, iddiaçının xüsusi mülkiyyətində olan əmlak cavabdehə hər hansı bir maneə törədə bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin tamamilə əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə payı tam olmaqla İddiaçı məxusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ümumi sahəsi 1539,45 kvadratmetr olan ev 76C xüsusi mülkiyyət hüququ ilə payı tam olmaqla İddiaçı məxusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə alınmışdır (i/v 235). Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 10/2856 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 №-li qərarının tələblərinə zidd deyildir; 2 sual üzrə: Faktiki vəziyyətdə tərəflərin hər birinin istifadəsində olan torpaq sahəsinə sərbəst şəkildə daxil olmaq, eyni zamanda ümumi istifadədə olan avtomobil yollarına sərbəst şəkildə çıxış mövcud olduğuna gör, sözügedən tikilinin inşa olunması Cavabdeh2 ümumi istifadədə olan sahədən istifadəsinə maneə yaratmır; 3-cü sual üzrə: Mübahisəli tikilinin inşa olunmasının Cavabdeh2 hər hansı təhlükə yaratmadığı müəyyən olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 3(004)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilimiş 22 sentyabr 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan İddiaçı verdiyi şikayət təmin edilmiş, 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində İddiaçı barəsində yerləşdirilmiş cərimə məbləği silinmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, onun apellyasiya şikayətinin mahiyyətindən məlum olur ki, o, ilkin iddia tələbinin təmin edilməsi hissəsindən də narazıdır, həmin hissəni də mübahisləndirir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.1-ci, 157.2-ci və 157.4). Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən qanunsuz tikilinin inşa edildiyini qeyd etmişdir. Halbuki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə payı tam olmaqla İddiaçı məxusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ümumi sahəsi 1539,45 kvadratmetr olan ev 76C xüsusi mülkiyyət hüququ ilə payı tam olmaqla İddiaçı məxusdur, onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə alınmışdır (i/v 235). Bundan əlavə, cavabdeh məhkəmə iclasında iddiaçının FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən İXM-nin 394-cü maddəsi ilə (Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması) inzibati məsuliyyətə də cəlb olunmasına istinad etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqim edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilimiş 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan İddiaçı verdiyi şikayət təmin edilmiş, 22 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi İnformasiya sistemində İddiaçı barəsində yerləşdirilmiş cərimə məbləği silinmişdir. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi cavabdehə münasibətdə qanunidir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının qanunsuz hərəkətlərinin nədən ibarət olmasını və nəyə əsasən ona mənəvi zərərin vurulmasını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, rayon məhkəməsi onun qarşılıqlı iddia tələbini bu hissədə də təmin etməməkdə haqlı olmuşdur. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, məhkəmə araşdırmaları nəticəsində cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu müəyyən edildiyindən, onun apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini qismən təmin, qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-173/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar