Məhkəmə qərarları › İş №2(103)-274/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-274/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-274/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1238/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə 16.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 11.06.2018-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə X9 ödənilmiş 4.538 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzili 11.06.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. 24.07.2018-ci il tarixdə X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə cavabdeh X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilindən su axması nəticəsində zərər dəymişdir. “Grand Baku” qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 4.538,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 29.10.2018-ci il tarixli sığorta aktına əsasən 4.538,00 manat sığorta ödənişi X9 ödənilmişdir. MKİS tərəfindən tərtib edilmiş 30.07.2018-ci il tarixli aktdan görünür ki, X1 sayğacındakı nasazlıq nəticəsində X7 mənzilinə su sızması nəticəsində zərər dəymişdir. Cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında yerləşən su sayğacında yaranmış nasazlıq nəticəsində, su axıntısı baş vermiş və həmin ünvanda yerləşən 35 saylı mənzilin yuxarı hissəsində şaxtada beton örtüyün olması ilə su axıntısının qarşısı alınaraq sığortalı mənzilə zərər dəymişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsinə əsasən vurulmuş zərərin ödənilməsində X8 cavabdehlik daşıyır. Çünki, cavabdehə məxsus mənzilin şaxtasında yerləşən su sayğacın hansı qaydada istismar edilməsi məlum deyildir. Cavabdeh uzunmüddətli mənzilini tərk etdiyini bildiyi halda su sayğacının sazlığına nəzarət etməmişdir. Suölçən cihazın sazlığına X8 cavabdehlik daşıdığına görə, iddiaçı ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1238/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnamə çıxararkən heç bir əsaslı hüquqi normaya istinad etməmiş, ekspertiza təyin etməmiş məhkəməyə təqdim olunmuş əsli müəyyən olunmayan surət sənəddə istinad edərək qətnamə çıxarmışdır. Bu zaman yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları və sığortaçı kimi "xxxx" ASC-nin preyudisial hüququ olan sığorta hadisəsi zamanı zərərin müəyyən edilməsi hüququ məhkəmə tərəfindən təhrif edilmişdir. Həmçinin əlavə olaraq qeyd etmək edilir ki, məhkəmə qətnaməsi yalnız şahid ifadəsinə istinad edilmişdir. Halbu ki, şahid kimi ifadə vermiş şəxs məhz MİSK-nın işçisi olmuş zərərin müəyyən olunması aktını tərtib edildikdən sonra imzasıyla təsdiq edən şəxs olmuşdur. Hesab edilir ki, bu hissədədə məhkəmə birtərəfli mövqe tutmuşdur. Sayğaca yaranmış nasazlığın yaranma səbəbinin kim tərəfindən olmasını xüsusi bilik tələb edən ekspert müəyyən etməli olduğu halda yalnız şahidin ifadəsi əsas götürülmüş qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən hazırkı məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzili 11.06.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. 24.07.2018ci il tarixdə X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə cavabdeh X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində şaxtaya su axması baş vermişdir. X10 23.07.2018-ci il tarixdə saat 14:16:31-də cavabdehə zəng edib hadisə barədə məlumat vermişdir. Cavabdeh xaricdə olmuş, daha sonra 29.07.2018-ci ildə ölkəyə qayıtmış, sərhədi keçən kimi saat 15:20:58-də X10 ilə telefonla danışmış, Bakıya çatanda dərhal "xxxx" ASC-yə məlumat vermiş və qəza xidmətinin əməkdaşlarını evinə dəvət etmişdir. Həmçinin saat 22:24:57-də yenidən X10 ilə telefonla danışmış və evinə dəvət etmişdir. "xxxx" ASC-nin verdiyi 30.07.2018-ci il tarixli invoysla təsdiq edilir ki, su şəbəkə borusu 29.07.2018-ci il tarixdə təmir olunmuşdur, sayğacın araqatı cırıldığı üçün su axıntısı baş vermişdir, 29.07.2018-ci il tarixdə saat 22:40-da təmir başa çatmışdır. "xxxx" ASC tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktuba əsasən, cavabdehə məxsus sayğac 26.10.2018-ci il tarixdə dəyişdirilmişdir. Məhkəmə kollegiyasının 29 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilindən 35 nömrəli mənzilinə su sızması, axıdılması halları olmuşdurmu? 2. Əgər olmuşdursa, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində baş verə bilərdimi? 3. Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evdə 3-4-5-6-cı mərtəbələr arasında şaxtada boşluqların bağlanıbbağlanılmaması müəyyən olunsun. 4. Bağlandığı təqdirdə həmin su miqdarının aşağı mərtəbədə yerləşən 35 nömrəli mənzilin tavanına su sıza bilərmi? 5. Əgər su sızması Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində baş vermişdirsə şaxtaların bağlı olmaması təqdirdə axan suyun zirzəmiyə, yaxud digər hər-hansı mənzilə axması mümkündürmü? 6. Su sızması nəticəsində Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə vurulmuş ziyanın aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il, 10/3708 nömrəli ekspertiza rəyinə əsasən, mülki iş materiallarında olan 24 saylı MKİSnin mühəndisi M.Paşayev, sahə nəzarətçisi Q.Kərimov və çilingər N.Heydərovun tərtib etdikləri 30.07.2018-ci il tarixli akta əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yerləşən 43 saylı mənzilinin su sayğacında yaranan nasazlıq nəticəsində su sızmışdır. Yasamal rayonu, H.Zərdabi prospekti 70 ünvanında yerləşən 35 saylı mənzilə, həmçinin 3-4-5-ci mərtəbələrin şaxta boşluqlarına baxış keçirilməsi mümkün olmadığından qərardadin 3.4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. Yasamal rayonu, H.Zərdabi prospekti 70 ünvanında yerləşən 35 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından qərardadın 6-ci sualının cavablandırılması mümkün olmamışdır. Həmin rəyin təsviri hissəsində qeyd olunmuşdur ki, şaxtanın mərtəbələrarası boşluğunun bağlı olduğu müşahidə olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsi isə X8 ilə "xxxx" ASC arasındakı sudan istifadəyə dair yaranan münasibətləri tənzimləyir. Bu qaydaya əsasən X8 mənzilində quraşdırılmış suölçən cihazın işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına cavabdehlik daşıyır. X8 həmin qaydaların tələblərinə əməl etmiş, suölçən cihazı işlək vəziyyətdə saxlamış və üzərindəki plomblara toxunmamışdır. Əgər belə bir hal olsaydı "xxxx" ASC bu barədə müvafiq akt yazmaqla, sudan istifadə qaydalarının pozulmasına görə mvafiq akt tərtib edərdi. Sayğacın araqatındakı rezinin cırılması isə cavabdehin sayğaca müdaxiləsi nəticəsində deyil, baş vermiş qəza nəticəsində yaranmışdır. Bu isə cavabdehin iradəsindən asılı olmamışdır. Yəni, cavabdeh dilekt törətməmişdir. Kamil Hüseynlinin mənzilinə zərər vurulmasında X3 təqsiri yoxdur. Bu səbəbdən iddiaçı ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, sığortalı mənzilə suyun axmasının səbəbi X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində su axıntısının baş verməsi olmuş, sığortalı X9 məxsus mənzilin tavanında şaxtanın bağlı olması səbəbindən suyun zirzəmiyə deyil, birbaşa onun mənzilinə axması nəticəsində mənzilə ciddi zərər dəymişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, X8 həmin qaydaların tələblərinə əməl etmiş, suölçən cihazı işlək vəziyyətdə saxlamış və üzərindəki plomblara toxunmamışdır. Əgər belə bir hal olsaydı "xxxx" ASC bu barədə müvafiq akt yazmaqla, sudan istifadə qaydalarının pozulmasına görə müvafiq akt tərtib edilə bilərdi. Sayğacın araqatındakı rezinin cırılması isə cavabdehin sayğaca müdaxiləsi ilə deyil, cavabdehin iradəsindən asılı olmayan səbəblərdən qəza nəticəsində baş verməsi təsbit edilmişdir. Bundan başqa apellyator şikayətində birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsli müəyyən olunmayan sənədin surətinə istinad etdiyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi C.Quluzadə izahatında 30.07.2018-ci il tarixli invoysun tərtib edilməsini təsdiq etmiş, həqiqətən, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğacın araqatının dəyişdirildiyini bildirmişdir. Belə olan halda, iş materiallarına əlavə olunmuş invoysun mötəbərliyini şübhə altına alan hərhansı sübut apellyator tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, apellyator şikayətində vurulmuş zərərin müəyyən olunması barədə MİSK-nın işçisi tərəfindən tərtib edilmiş akta tənqidi yanaşaraq, eyni zamanda zərərin ekspert tərəfindən müəyyən edilməli olduğunu qeyd etmişdir. Bu hissədə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid M.Paşayev 4 saylı MKİS-də mühəndis vəzifəsində işləyir, o, öz ifadəsində göstərmişdir ki, cavabdeh X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 70 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 43 nömrəli mənzilin şaxtasında yerləşən su sayğacının araqatının cırılması nəticəsində saxtadan aşağı su axıntısı baş vermişdir. 4, 5 və 6-cı mərtəbədəki mənzillərə zərər dəyməmişdi, 3-cü mərtəbədəki mənzilə zərər dəymişdir. Çünki, 3-cü və 4-cü mərtəbənin arasındakı tavan hissəsində şaxta bağlı olmuşdur. Bu səbəbdən axan su zirzəmiyə deyil, mənzilin tavanına yığılmış və 35 nömrəli mənzilə zərər dəymişdir. Şahid öz ifadəsində dəqiqliklə göstərmişdir ki, su axıntısının səbəbi mərtəbələrarası şaxtanın bağlanması olmuşdur. Mərtəbələrarası şaxtanın bağlanması səbəbkarı cavabdeh X.Əmraslanov ola bilməzdi. Həmin şahid, onun iştirakı ilə tərtib edilmiş 30.07.2018-ci il tarixli aktda K.Hüseynlinin mənzilinə X.Əmraslanovun mənzilindən suyun axıdılmasını və K.Hüseynlinin mənzilinə ziyan dəyməsini qeyd edərək, imzasıyla təsdiq etmişdir. Şahid birinci instansiya məhkəməsində ifadə verərkən imzaladığı aktı inkar etməmiş, hətta ətraflı olaraq izahat vermişdir. Apellyator şikayətindəki dəlillərini və məhkəmə qarşısında şübhəsiz olaraq öz iddiasının əsaslılığını sübut edən hər hansı təsdiqedici sübutları məhkəməyə təqdim edə bilmədiyindən, bu dəlillər qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə əsas ola bilməz Belə olan halda, cavabdeh tərəfindən mülki hüquq pozuntusunun (delikt) törədilməsi iddiaçı tərəfindən apellyasiya baxışı zamanı təsdiq edilə bilmədiyindən, sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edilməsi də qanunvericiliyi normaları ilə uyğunsuzluq təşkil edir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1238/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar