Məhkəmə qərarları › İş №2(103)-2744/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2744/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2744/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2744/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı - Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 manat məbləğində əsas borcun, 7125 manat faiz borcunun, 5000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh o bir neçə ildir tanıyır, onunla normal münasibətləri vardır. Hər zaman birbirilərinə hörmətlə yanaşmışlar. Cavabdeh 2022-ci ilin iyul ayının əvvəllərində ona müraciət edərək bildirdi ki, şəxsi işləri ilə əlaqədar olaraq onun müəyyən məbləğdə pula ehtiyacı var, lakin hazırda onda həmin məbləğdə pul yoxdur. Ona görə də ona təklif etdi ki, 9-10 nəfərdən ibarət qrupla lotereya oynasalar və birinci ay yığılan pul məbləğini ona versələr, onun problemi öz həllini tapar. Sonrakı aylar da o pulu vaxtı-vaxtında onlara ödəyəcəkdir. İddiaçı bu barədə tanışları X1, Şahid, X6 və digər qohum-qonşu, iş yoldaşlarına bildirdi və onlar öz aralarında lotereya oynamaq qərarına gəldilər. Yəni qaydalara görə hər kəs hər ay eyni miqdarda pul verir və hər ay iştirakçılardan biri bu pulları götürür. Aylar üzrə növbə hamıya çatır. Burda heç kim artıq pul götürmür, sadəcə olaraq hər ay verdiyi pul toplanaraq bir dəfə ona bütöv şəkildə verilir. Onlar Cavabdeh təklifi ilə razılaşaraq 10 iyul 2022-ci il tarixdən lotereya oyununa başladılar və birinci ay yığdıqları 9500 manat pulu həmin tarixdə Sevincə verdilər. Daha doğrusu, o, digər 9 nəfər iştirakçıdan topladığı 9500 manat məbləğində pulu 10 iyul 2022-ci il tarixdə şəxsən Cavabdeh verdi. Hər bir iştirakçı 1000 manat pul verməli idi. İkinci ay pul yığma zamanı bütün iştirakçılar ödəniş etmələrinə baxmayaraq, Cavabdeh ödəniş etməyərək onlarla əlaqə saxlamaqdan yayındı və bir müddət onlar onu tapa bilmədilər. Bir müddət sonra iddiaçı onu taparaq götürdüyü pul vəsaitini geri qaytarmasını tələb etdi. Həmin vaxtı Cavabdeh hər ay 1000 manat olmaqla 10 ay müddətinə onların pulu geri qaytaracağına söz verdi. Hətta buna dair aralarında vətəndaş razılaşmasını təsdiq edən cavabdeh tərəfindən yazılan qəbz də vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli öz yazısında qeyd etmişdir ki, İddiaçı olan 9500 manat lotereya borcunu hissə-hissə ödəyəcəkdir. Bundan başqa Cavabdeh «WhatsApp» mesajlaşma sistemi vasitəsi ilə iddiaçıya olan borcunu etiraf etməsi barədə ona yazılı və səsli mesajlar göndərmişdir. Lakin çox təəssüflər olsun ki, cavabdeh üzərinə düşən öhdəliyi bu günədək yerinə yetirməmiş və onun davranışından görünür ki, heç yerinə yetirmək niyyəti də yoxdur. Pulunu istəyəndə cavabdeh sonuncu dəfə ona bildirmişdir ki, nə vaxt pulu olsa, onda qaytaracaq. Hər dəfə müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınır. Pulunu istədiyinə görə hətta Cavabdeh iddiaçıdan Xətai RPİ-nin 36-cı polis bölməsinə guya iddiaçının ondan hədə-qorxu ilə pul tələb etməyi barədə şər-böhtan dolu şikayət ərizəsi yazaraq onu və ailə üzvlərini narahat etməyə başlamışdır. Eyni məzmunlu ərizə ilə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə də müraciət etmişdir. Lotereya oyununun digər iştirakçıları Cavabdeh ona görə tanıdıqlarına görə onların qarşısında pis vəziyyətdə qalmışdır. Onların ona olan inamlarının itməsini hiss edirdi və o, bundan çox mənəvi əzab çəkirdi, sarsıntı keçirirdi. Stress və həyəcandan sağlamlıq vəziyyəti uzun müddət pisləşdi, mənəvi sarsıntı keçirdi. Səhhəti qorumaq üçün maddi vəsaitlər xərcləməklə maddi və mənəvi zərər çəkmişdir. Cavabdeh etibardan suiistifadə edərək aldatma yolu ilə onlara məxsus 9500 manat pul vəsaitini ələ keçirməsi faktında Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin əlamətləri olması barədə Səbail rayon prokurorluğuna ərizə ilə müraciət etdi. Onun ərizəsi Səbail rayon prokurorluğu tərəfindən baxılması üçün həmin rayonun Pİnin 39-cu PB-nə göndərilmişdir. Səbail RPİ-nin 39-cu PB-dən ərizəsi ilə bağlı ona ünvanlanmış xx.xx.2023- cü il tarixli, 47- 3/2-Ə-17136 nömrəli məktubda qeyd olunmuşdur ki, müraciətdə göstərilən məsələ mülki xarakterlidir və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hal-hazıradək nə qədər çalışsa da, cavabdehdən verdiyi 9500 manat puldan bir manat da olsun ala bilməmişdir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə onlara dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödəməlidir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, Cavabdeh 10.133 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 80 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 443.2, 445.7, 448.1, 449.1, 1091.1, 1091.2, 1093.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2022ci il tarixində danışaraq və borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gələrək möhlət almışdır. Bu vaxt ərzində əsas borc 9500 manatdan hissə-hissə ödənişlər etmişdir. Qanunvericiliyin tələblərinə görə kreditordan alınan möhlətli müddət ərzində borclu tərəfindən borcun qaytarılması borcun gecikdirilməsi sayılmır və bu əsasla faiz hesablana bilməz. Borcun müəyyən müddət ödənilməsinə sübut olaraq işə mahiyyəti üzrə baxan məhkəməyə ödəniş qəbzlərini təqdim etmişdir. Buna görə də borca faiz hesablanmamalıdır. Lakin məhkəmə həmin qəbzləri yoxlamamışdır. Əlavə sübutların təqdimi üçün məhkəmədən müddət istəsə də, həmin müddət təmin edilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışı zamanı cavabdeh verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 9500 manat pulu ödəyəcəyi ilə bağlı qəbzi hədə-qorxu altında və təzyiqlə imzalamışdır. Ödənişlər etmişdir və hər hansı borcu yoxdur.

9. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən həmin borcla bağlı iddiaçıya ödənişlər edilmişdir və bu barədə qəbzlər birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə bunu qəbul etməmiş, sübutların toplanması üçün şərait yaratmayaraq qərəz göstərmişdir.

10. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh özü heç birinci instansiya məhkəməsinin iclaslarında olmamış, məhkəmənin son iclasından öncə cavabdehin nümayəndəsi və vəkili ona 4000 manat məbləğin ödənilməsi müqabilində barışıq əldə edilməsini təklif etsə də, o bunu qəbul etməmişdir və etmir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

15. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

17. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

21. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən qətnamənin təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.

33. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu da qətnamənin ləğvinə əsas yaradır.

34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) əsassız varlanma ilə bağlı münasibətlərini tənzimləyən maddələrini tətbiq edərək Cavabdeh İddiaçı lotereya oynanılmasının nəticəsində yığılmış 9500 manat pulu alması və həmin pul vəsaitlərini halhazırkı vaxtadak sonuncuya qaytarmadığı qənaətinə gəlmiş, bu səbəbdən də, iddianı qeyd edilən hissələrdə qismən təmin etmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əsassız varlanma kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

38. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

39. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu pulu ödəmədiyi halda əsassız varlanmış və varlanma hansısa əqdə əsaslanmamışdır.

40. Lakin iş materiallarında olan Cavabdeh adından yazılmış xx.xx.2022-ci tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.

41. Cavabdehin öz imzası ilə təsdiq etdiyi həmin qəbzin məzmunundan da göründüyü kimi tərəflər arasında borc münasibətləri olmuş, həmin münasibətlər yazılı borc müqaviləsi formasında təsdiqlənməmiş, lakin qeyd edilən qəbz Mülki Məcəllənin 882-ci maddəsi anlamında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əsasını təşkil etmişdir.

42. Buna görə də kollegiya qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdeh tərəfindən yazılmış qəbzlə 9500 manat məbləğində borcun mövcudluğunun etiraf edilməsi həmin münasibətlərin, həqiqətən, var olduğuna və bu münasibətlərin mücərrəd borc müqaviləsi ilə təsdiqləndiyinə dəlalət etmişdir və hazırki mülki işlə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə və həmin maddənin kökündə duran borc münasibətləri ilə bağlı normalarına istinad olunmalı, iddianın əsaslılığı həmin normaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır.

43. Daha sonra kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçının təşkilatçılığı ilə lotereya oyunu oynanılmağa başlanmışdır. İştirakçılar hər ay 1000 manat ödəniş etməklə, hərəsi əvvəlcədən müəyyən edilmiş növbə üzrə yığılmış pulu almaq barədə razılaşmışdırlar. Cavabdeh iddiaçıdan onu da lotereyaya qoşması üçün xahiş etdikdən sonra iddiaçı digər iştirakçıların razılığı ilə Sevinci də lotereyada iştirak edən şəxslərin sırasına daxil etmişdir. Cavabdeh təcili pula ehtiyacı olduğu üçün 1ci ay üçün yığılan pulu götürmək üçün xahiş etmiş və lotereya iştirakçıları razılıq verdikdən sonra 2022-ci ilin iyul ayında iddiaçı yığılan 9500 manat pulu cavabdehə vermişdir.

47. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, iddiaçını uzun illərdi tanıyır, lakin cavabdehi tanımır. Onlar 11 nəfərdən ibarət qrup ilə hər ay lotereya oynayırlar. Adambaşı hər ay 1000 manat ödəniş edirlər. İlhamənin xahişi ilə Sevincin də lotereyaya qoşulmasına razılıq vermişdirlər. Sevincin təcili xərcləri olduğu üçün birinci ay üçün yığılan pulun Sevincə verilməsi razılaşdırılmışdır. Bundan sonra İlhamə tərəfindən 9500 manat məbləğində pul Sevincə verilmişdir. Lakin sonradan İlhamə hazırki vaxta kimi həmin pulu geri ala bilməmişdir. Keçən ilin mart ayında İlhamə xanımın əməliyyat olunması ilə əlaqədar onu ziyarət etmişdi. Həmin vaxt İlhamə Sevincə zəng etdi və səsucaldıcı vasitəsi ilə Sevinclə telefonda danışarkən Sevinc ona bildirmişdir ki, o pulu qaytarmayacaq və İlhaməni həbs etdirəcəyi ilə hədələmişdir. Onlar iddiaçını tanıyırlar və pullarını ona verdiklərindən məhz ondan tələb edəcəklər.

48. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, İlhaməni uzun illərdir tanıyır. İddiaçının təşkilatçılığı ilə o və ondan başqa şəxslər hər ay adambaşı 1000 manat ödəmək şərtilə lotereya oynamaq barədə razılaşmışdırlar. Sevincə təcili pul lazım olduğu üçün lotereyanın iştirakçılarının razılığı ilə birinci ay üçün yığılmış pul İlhamə tərəfindən Sevincə verilmişdir. Sevincə verilən pul 9500 manat məbləğində olmuşdur. Lakin sonradan İlhamə hazırki vaxta kimi həmin pulu geri ala bilməmişdir. Onlar iddiaçını tanıyırlar və pullarını ona verdiklərindən məhz ondan tələb edəcəklər.

49. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, iddiaçının təşkilatıçılığı ilə lotereya oyunu oynanılırdı. O da iştirakçı idi. Hər ay 1000 manat ödəniş edirdi. Sevinci tanımır, lakin 1ci ay üçün yığılmış pulun Sevincə verildiyini bilir. Onlar iddiaçını tanıyırlar və pullarını ona verdiklərindən məhz ondan tələb edəcəklər.

50. İş materiallarından və şahid ifadələrindən də göründüyü kimi, cavabdehə 9500 AZN məbləğində pulun verilməsi iddiaçı tərəfindən həyata keçirilmiş, həmin lotereyanın keçirilməsi və cavabdehin ora daxil edilməsi iddiaçının təşəbbüsü ilə olmuş və digər iştirakçı şəxslər də məhz iddiaçını tanıyaraq pullarını ondan tələb etmişlər. Buna görə də kollegiya hesab edir ki, iddiaçı hazırda mübahisə predmeti olan 9500 AZN məbləğində pulu cavabdehdən tələb etməkdə subyektiv hüquqa malikdir.

51. İddia tələbinin mübahisələndirilən hissədə əsaslılığı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir.

52. İddiaçı ilə Cavabdeh arasında baş tutan vatsap yazışmalarının surətindən görünür ki, cavabdeh iddiaçıdan onu lotereya oyununa qoşması üçün xahiş edir. İddiaçı lotereyadan yığılmış və cavabdehə ödədiyi pulun cavabdehdən geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh müxtəlif səbəblərdən qaytara bilmədiyini bildirir.

53. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

54. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmaları tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan və həmin əqdin təsdiqi ilə bağlı məlumatları özündə əks etdirdiyindən, sözügedən yazışmalar hazırki iş üzrə sübut qismində qiymətləndirilərək cavabdehin iddiaçıya, həqiqətən də, borcunun olmasını təsdiq edir.

55. Həmin borcun məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi iş materiallarında olan Cavabdeh adından yazılmış xx.xx.2022-ci tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu halda tərəflər arasında bağlanılan və qeyd edilən mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn məbləğlə bağlı hansısa etirazın irəli sürülə bilməsi mümkün olmamış, belə bir etiraz da cavabdeh tərəfindən edilməmişdir.

56. Beləliklə, qeyd edilən sübutların məcmusu olaraq məhkəmə belə qənaətə gəlir ki, həqitətən də, iddiaçının təşkilatçılığı ilə lotereya oyunu oynanılmağa başlanmışdır. İştirakçılar hər ay 1000 manat ödəniş etməklə, hərəsi əvvəlcədən müəyyən edilmiş növbə üzrə yığılmış pulu almaq barədə razılaşmışdırlar. Cavabdeh iddiaçıdan onu da lotereyaya qoşması üçün xahiş etdikdən sonra iddiaçı digər iştirakçıların razılığı ilə Sevinci də lotereyada iştirak edən şəxslərin sırasına daxil etmişdir. Cavabdeh təcili pula ehtiyacı olduğu üçün 1-ci ay üçün yığılan pulu götürmək üçün xahiş etmiş və lotereya iştirakçıları razılıq verdikdən sonra 2022-ci ilin iyul ayında İddiaçı yığılan 9500 manat pulu cavabdehə vermişdir. Bundan sonra növbəti ay üçün iddiaçı loteraya ödənişlərini yığmağa başlayarkən cavabdeh öhdəsinə düşən pulu ödəməmiş, növbəti aylarda iddiaçı cavabdehdən pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınmışdır.

57. Kollegiya cavabdehin həmin borcun bir hissəsinin qaytarılması və bununla bağlı qəbzlərin mövcudluğu, o cümlədən həmin qəbzlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq qəbul edilməməsi ilə bağlı şikayət və mülahizələrinə münasibətdə isə qeyd edir ki, göstərilən halların həqiqiliyinin öyrənilməsi məqsədilə apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin iclas protokolları, o cümlədən iclasların keçirilməsi ilə bağlı aparılan audio-video müşahidə yazıları tədqiq edilmiş, lakin cavabdehin qeyd etdiyi hallar həmin yazılarda aşkarlanmamışdır. Beləliklə, cavabdeh onun tərəfindən qeyd edilən borc üzrə müəyyən ödənişlərin edildiyini bildirsə də, bu barədə sübutetmə yükü onun üzərinə düşdüyü halda hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir.

58. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

59. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

61. Bundan əlavə kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sübutların əldə olunması ilə bağlı şərait yaradılmaması ilə bağlı isə qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasında iştirakı üçün iclas bir neçə dəfə təxirə salınmış, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazını və bunu təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmədən zaman istəmiş və məhkəmə tərəfindən də cavabdehin xahişi nəzərə alınaraq iclas təxirə salınmışdır.

62. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə kifayət qədər şərait yaradılsa da, məhkəmə prosesinin heç bir mərhələsində qeyd etdiyi sübutları məhkəməyə təqdim etməmiş, bununla da qanunvericiliklə ona verilmiş hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin təmin edilməsi və tərəflərin öz fikir və mülahizələrini ifadə etmələri üçün kifayət qədər şərait yaradılsa da, cavabdeh tərəfindən bu imkanlardan istifadə edilməmişdir.

63. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçının 9500 manat məbləğində borcun qaytarılması ilə bağlı tələbi əsaslı olduğundan və iddiaçının Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022-ci ilin avqust ayından) qətnamə çıxarıldığı vaxtadək 16 aylıq dövr üçün 9500 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləğinin hesablanmasını tələb etmək hüququ olduğundan, birinci instansiya məhkəməsinin 16 ay üçün 633 manat faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qənaəti də haqlı olmuşdur.

64. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək Cavabdeh 10,133 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-432/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh 10,133 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayəti qalan hissədə təmin olunmasın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar