Məhkəmə qərarları › İş №2(103)-2746/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2746/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2746/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti (ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘‘Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış ASC-nin əsas vəzifələrindən birinin də ‘‘Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007-ci il tarixli 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarət olduğunu, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D yaşayış sahəsində yerləşən ASC-yə məxsus 356 saylı qazanxananın qaz tənzimləyici qutusunun və qaz xəttinin (Qaz tənzimləyici şkaf, polietilendən metala keçid və elektofizion mufta) xx.xx.2019-cu il tarixində nəqliyyat vasitəsi ilə vurularaq yararsız hala salındığını, qazanxananın qaz avadanlıqlarının nəqliyyat vasitəsi ilə vurularaq yararsız hala salınması faktının 9 saylı X1 Sahəsinin və Suraxanı rayon X2 əməkdaşları tərəfindən tərtib olunmuş aktda öz əksini tapdığını, baş vermiş qəza nəticəsində ASC-nə ümumilikdə 3076,76 manat (Qaz tənzimləyici şkaf - 2476,76 manat, polietilenden metala keçid - 520 manat, elektofizion mufta - 80 manat) ziyan dəydiyini, qazanxananın qaz avadanlıqlarını yararsız hala salmış şəxs və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsinin və Cəmiyyətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün tədbirlərin görülməsi barədə Suraxanı rayon icra Hakimiyyətinə və Polis İdarəsinə iki dəfə rəsmi qaydada məktubla müraciət olunduğunu, Suraxanı rayon Polis İdarəsi tərəfindən cavab olaraq baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar araşdırılma aparıldığının və qəza törətmiş “Mitsubishi Xüsusi” markalı Az **-CV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib olunduğunun bildirildiyini qeyd etmiş, buna görə də Cavabdeh maddi zərərin əvəzi kimi 3076,76 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3106,76 manat vəsaitin ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 530 (beş yüz otuz) manat maddi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin, 200 (iki yüz) manat ekspertiza xərcinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, istinad etdiyi ekspert rəyinin reallığı əks etdirmədiyini nəzərə almadığını irəli sürmüşdür. Qətnamədən cavabdeh də şikayət verərək qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının əmlakına dəymiş ziyanın təxminən 400-500 manat təşkil etdiyi, həmin məbləğin isə sığorta şirkəti tərəfindən ödənilməli olduğu arqumentləri ilə əsaslandırmışdır. İddiaçı ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə1 təmsil etdiyi müəssisənin apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mitsubishi Xüsusi” markalı AZ **-CV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla İddiaçı ASC-yə məxsus 356 saylı qazanxananın qaz tənzimləyici qutusunu və qaz xəttini zədələmiş, Suraxanı Rayon DYPŞnin tərtib etdiyi xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolla o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə tətbiq edilmişdir. İddiaçının istinad etdiyi, 9 saylı X1 Sahəsinin və Suraxanı rayon X2 əməkdaşları tərəfindən tərtib olunmuş aktda, baş vermiş qəza nəticəsində İddiaçı ASC-nə ümumilikdə 3076,76 manat (Qaz tənzimləyici şkaf - 2476,76 manat, polietilenden metala keçid - 520 manat, elektofizion mufta - 80 manat) ziyan dəydiyi göstərilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi ilə isə, həmin ziyan məbləğinin 530 manat təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçı ASC-nin nümayəndələri tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsi ilə vurularaq yararsız vəziyyətə salındığı 10 ədəd adında cihaz və avadanlığının siyahısının göstərilməsinə baxmayaraq, faktiki olaraq ekspertiza tədqiqatına 7 ədəd qaz avadanlığı və cihazlar təqdim edilmişdir. Onlardan bir ədəd diametri 150 mm olan siyirtmənin gövdəsinin idarəedici dəstəyə bağlanan milin ucunda kənarı sınmış detalın və bir ədəd təzyiq tənzimləyicisinin gövdəsinin üzərində bir yerdə boyanın qopma yerinin və yan tərəfdəki yivli birləşmənin ucunda kənarın sınma yerinin olması, həmin avadanlıqların yol-nəqliyyat hadisəsi zamanı zərbə nəticəsində sıradan çıxaraq yenisi ilə əvəz oluna bilməsi müəyyən edildi. Digər cihaz və avadanlıqlarda zərbə nəticəsində yaranmasına xarakterik olan gözlə görünə bilən zədə (sınma, qırılma, çatiama və s.) izləri müəyyən edilməmişdir. 2 ədəd diametri 80 mm olan siyirtmələrin flans birləşmə yerlərində gövdənin sınma izlərinin olmasına baxmayaraq, xx xxxx 2020-ci il tarixdə hadisə baş verdiyi qaz tənzimləyici məntəqəsində qaz kəmərlərinin diametrləri 50 mm və 159 mm olduğunu nəzərə aldıqda, bu siyirtmələrin həmin məntəqə üçün nəzərdə tutulmadığı görünür. Aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən qaz tənzimləyici qutusu və qaz xətti qiymətlərinin müəyyən edilməsi zamanı “xxxx” ASC-də və ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinin qaz tənzimləyici qutusu və qaz xətti ilə toqquşması nəticəsində zədələnib yararsız vəziyyətə düşmüş iki adda tədqiqat obyektlərinin, zərbə nəticəsində sıradan çıxaraq yenisi ilə əvəz olunduqu halda, xx xxxxxx 2019-cu il tarixə, bazar qiymət ilə “xxxx” ASC-yə dəymiş ziyanın məbləği şərti olaraq 530 manat müəyyən edilir. O cümlədən bir ədəd diametri 150 mm olan siyirtmə 130 manat və 1 ədəd təzyiq tənzimləyicisi 400 manat təşkil edir”. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “Mitsubishi Xüsusi” markalı Az **-CV-*** dövlət nömrə nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoymuşdur və onun özü də, təqsirli olması ilə bağlı məsələni deyil, əsasən ziyanın məbləğini və həmin məbləği ödəyəcək subyektlə bağlı məsələni mübahisələndirməkdədir. Kollegiyanın qənaətinə görə cavabdeh, iddiaçıya vurduğu ziyanın daha az və onun sığorta şirkəti tərəfindən ödənilməli olduğu barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə də eyni münasibəti göstərərək qeyd edir ki, iddiaçı, ziyan məbləğinin daha artıq olduğunu və ekspert rəyinin reallığı əks etdirmədiyini təsdiq edəcək mötəbər sübuta istinad etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-310/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar