Məhkəmə qərarları › İş №2(103)-2747/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2747/2022

27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2747/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-881/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında LS0193622/14 nömrəli müqavilə 2014-cü ildə bağlanılmışdır. O "xxxx" ASC-yə vaxtıvaxtında müqavilə üzrə ödənişlər etmişdir. "xxxx" ASC-yə ödədiyi məbləğlər artıq ödəniş kimi sistemlərində qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən sonralar ona borcun qalıbqalmaması barədə heç bir məlumat verməmişdir. 15 dekabr 2020-ci il tarixdə o Azərbaycan Kredit Bürosundan çıxarış çıxardıqda ona məlum oldu ki, onun "xxxx" ASC-yə borcu var, “Bank of Baku" ASC ilə əlaqə saxladıqda artıq bu barədə icra qeydinin Bakı şəhən 25 saylı notanat olsunın xüsusi notariusu tərəfindən 14.08.2020-ci il tarixində apanlıması ona məlum oldu. Azərbaycan Kredit Bürosundan çıxarışda aktiv kreditlərin cəmi 1043,40 manat təşkil etdiyi göstərilir. Azərbaycan Kredit Bürosundan çıxarışında bu aktiv kreditlərdən "xxxx" ASC-yə 964,28 manat əsas və faiz məbləği isə 1457,16 manat qeyd olunmuşdu, "xxxx" ASC-yə əsas və faiz borcu ilə hesablayanda cəmi 2421.54 manat edir. Lakin icra qeydində isə - "LS0193622/14 nömrəli müqaviəyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2291 manat 03 qəpik (iki mün iki yüz doxsan bir manat üç qəpik) tutulsun, Bundan əlavə təklif edirəm borcludan İddiaçı 151 manat 21 qəpik (yüz əlli bir manat İyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2311,03 manat pul tutulsun" qeyd edilmişdir, LS0193622/14 nömrəli müqavilə 12.06.2017-ci ildə bitmişdir. İcra qeydində qeyd olunmuş məbləğlər ilə Azərbaycan Kredit Bürosundan alınmış çıxarış arasında uyğunsuzluq mövcuddur. Belə ki onun "xxxx" ASC-yə cəmi 964,28 manat borcu var. Faiz isə hesablansa müqavilə üzrə düzgün tərtib edilməmişdir. Borc alınan sənədlərin siyahısında alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı düzgün tərtib edilməmişdir. Notariat haqqında qanuna əsasən “İcra qeydləri yalnız təqdim olunan sənədlər borcunu mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi borc mübahisəlidir. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Lakin tələbkar tərəfindən ona heç bir bildiriş göndərilməyib və bu barədə onun aldığını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb qanunla tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Belə ki, onunla bank arasında müqavilə 2014-cü ildə bağlanıb və 12.06.2017-ci ildə bitib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçib. Buna əsasən icra qeydi əsassızdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Notarius bunu yalnız əsas tutaraq icra qeydi qəbul edib. Burda da heç dəqiq araşdırılmayıb ki, borclu hansı ərazidə yaşayır və ona icra qeydinin aparılacağı Notarius tərəfindən xəbərdarlıq edilməyib. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-881/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 14.08.2020-ci il tarixli icra qeydində qeyd edilmişdir ki, ünvan ublikası Qanununun 76-cı maddəsinə əsasən "Bank of Baku” ASC xeyrinə İddiaçı LS0193622/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2291 manat 03 qəpik (iki min iki yüz doxsan bir manat üç qəpik) tutulsun. Bundan əlavə borcludan İddiaçı 151 manat 21 qəpik (yüz əlli bir manat iyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2311 manat 03 qəpik (iki min üç yüz on bir manat üç qəpik) pul tutulsun. Həmin icra qeydi 14.08.2020 tarixdə aparılmışdır. İş materiallarında olan 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildiriş məktubundan görünür ki, tələbkar "xxxx" ASC-nin borclu İddiaçı 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə mövcud olan borcla əlaqədar icra qeydi aparılcağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan 14.07.2020-ci il tarixli poçt qəbzindən görünür ki, 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildiriş məktubu borculya məxsus ünvana çatdırılmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməmiş və bank tərəfindən 13.07.2020-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya bildiriş məktubu ünvanlanaraq, tələbkar "xxxx" ASC-nin borclu İddiaçı 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə mövcud olan borcla əlaqədar icra qeydi aparılacağı barədə məlumatlandırılmışdır. Həmin icra qedyinin aparılacağı ilə bağlı bildiriş sonuncunun məlum olan ünvanına çatdırılmış və ünvan ublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Beləliklə İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırda iddiaçı, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydini mübahisələndirir, bu zaman iddiaçı tərəfindən icra qeydinin verilməsinə əsasən olan 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə mövcud olan öhdəliyinin yerinə yetirilib-yetirilməməsinin müəyyən edilməsindən əvvəl mübahisələndirilən icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən verilib-verilməməsi müəyyən edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 12.06.2014-cü il tarixli LS0193622/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış olan kredit müqaviləsi üzrə bank tərəfindən sonuncuya razılaşdırılmış kredit müqaviləsi üzrə pul verilmişdir. Qeyd olunan kredit müqaviləsi iş materiallarına əlavə edilməsə də, Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş çıxarışdan görünür ki, icra qeydinin verilməsinə əsas olan kredit müqaviləsi 12.06.2014-cü il tarixdə bağlanmış və müqavilə 12.06.2017-ci il tarixədək qüvvədə olmuşdur və iddiaçı tərəfindən sonuncu ödəniş 12.09.2015-ci il tarixdə edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 76-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. İş materiallarından göründüyü kimi hazırda iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 12.06.2017-ci il tarixdən hesablanmalıdır. Bu zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra qeydi iddia müddətləri keçənədək aparılmalı idi, hazırki vəziyyətdə isə müqavilənin bitdiyi tarixdən, 12.06.2017-ci il tarixdən üç il keçənədək, yəni 12.06.2020-ci il tarixə qədər icra qeydi verilməli idi. Lakin hazırda mübahisələndirilən icra qeydi 14.08.2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi hazırda icra qeydi iddia müddəti keçdikdən sonra verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 3-cü hissəsinə zidd verilmişdir. Digər tərəfdən iş materiallarında Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş çıxarışdan görünür ki, icra qeydinin verilməsinə əsasən olan kredit müqaviləsi üzrə iddiaçının əsas kredit borcu 964.28 manat, faiz borcu isə 1457,16 manat olmuşdur, icra qeydində isə "Bank of Baku” ASC xeyrinə İddiaçı LS0193622/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2291 manat 03 qəpik (iki min iki yüz doxsan bir manat üç qəpik) tutulsun. Bundan əlavə borcludan İddiaçı 151 manat 21 qəpik (yüz əlli bir manat iyirmi bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat (iyirmi manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2311 manat 03 qəpik (iki min üç yüz on bir manat üç qəpik) pul tutulsun. Göründüyü kimi iddiaçının Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş çıxarışla icra qeydində göstərilən borcun məbləği arasında uyğunsuzluq olmuşdur. Halbuki “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Göründüyü kimi hazırki iş üzrə həmçinin iddiaçının borcu mübahisəli olduğundan icra qeydi aparıla bilməzdi, lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına qiymət verməyərək icra qeydinin əsaslı verilməsini hesab etmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə icra qeydinin aparılması üçün təqdim olunan sənədlər arasında iddiaçının borcunun mübahisəli olması eləcə də icra qeydi verilən zaman icra qeydinin verilməsi üçün müəyyən edilmiş müddət keçdiyindən Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydi ləğv edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə istinad etməklə iddia tələbini rədd etməsi işin faktiki halları baxımından düzgün olmamışdır və bununla da birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblrini pozmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və bununla da iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-881/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 14.08.2020-ci il tarixli **********210 saylı icra qeydi ləğv edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar