Məhkəmə qərarları › İş №2(103)-2749/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2749/2024

20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2749/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər: ümumi yığıncağın qərarının iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ümumi yığıncağın qərarının iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-446/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Kooperativ mənzil tikintisi” haqqında müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 1-ci giriş 17-ci mərtəbəsində ümumi sahəsi 188,65 kv.m yaşayış sahəsi, 100,41 kv.m olan 4 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

3. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icazə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ümumi yığıncağın qərarının iddiaçıya verilməsi öhdəliyinin "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul olunmasına dair ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh MTK ilə xx.xx.2011-ci il tairxdə payçı qismində üzv olaraq müqavilə bağlamış və həmin müqavilə üzrə üzərinə düşən məbləği tam şəkildə MTK-ya ödəmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ona ünvan 2 ünvanında 47 saylı binada ümumi sahəsi 188.65 kv.m yaşayış sahəsi isə 100.41 kv.m olan, 1-ci giriş 17-ci mərtəbədə yerləşən 4 otaqlı mənzil təhvil verməli idi. Hal-hazırda mənzil hazır olub və o, həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan onun "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına dair üzvlərinin ümumi yığıncağının qərarının verilməsi tələb etməyinə baxmayaraq, cavabdeh həmin sənədləri ona verməkdən imtina edir, onun əvəzinə ondan pul tələb edir. O, bir payçı olaraq üzərinə düşən ödənişi tam şəkildə həyata keçirmiş buna dair müvafiq maliyyə arayışı da mövcuddur. Sözügedən mənzili təmir edərək uzun müddətdir ki, həmin mənzildə yaşayır.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 446/2024 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsinin "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə öhdəlik olaraq qoyulması, iddia üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulması qət edilmişdir.

8. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsinin "xxxx" Mənzil- Tikinti Kooperativinin üzərinə öhdəlik olaraq qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

9. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 442, 443.1, 448.1, 568.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 8.0.6, 10, 10.2.1, 10.2.2, 10.2.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş kooperativ mənzil tikintisi haqqında xx.xx.2011-ci il tarixli müqavilə mənzil tikintisi haqqında podrat müqaviləsi olmuşdur. Kooperativ üzvlüyünə qəbul və onları çıxarmaq Kooperativin ali idarəetmə orqanı olan onun üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətində olduğundan iddiaçı ilk növbədə iddia tələbində qeyd edilən tələblə, yəni üzvlüyə qəbul olunma barədə rəsmi ərizə ilə kooperativə müraciət etməli idi. Lakin iddia ərizəsi və ona əlavə edilmiş materiallarda belə bir müraciət edilməsinə dair sübut əlavə edilməmişdir. Məhkəmə isə bu fakta diqqət yetirmədən kooperativin ali idarəetmə orqanı olan ümumi yığıncağının vəzifəsini öz üzərinə götürərək nəticədə əsassız qərar qəbul etmişdir. Mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair ümumi yığıncağın protokolunun verilməsi barədə iddia tələbi hissəsində də məhkəmə yanlış mövqe bildirmişdir. Belə ki, mövcud mülki qanunvericiliyə əsasən kooperativin mənzili mülkiyyətə vermək deyil, kooperativi binada ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış sahəsi verilir. Məhkəmə eyni zamanda iddiaçının sahiblik və istifadəsinə verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Real olaraq iddiaçının istifadəsində olan sahədə ölçmə işləri aparılmaqla cavabdehə ekspert qarşısında suallar təqdim etməyə, həmçinin, ekspertiza keçirilməsinə şərait yaratmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş maliyyə arayışında isə konkret olaraq nə qədər məbləğ ödənildiyi və eyni zamanda həmin arayışa bilavasitə cavabdeh olan baş mühasib tərəfindən imza edilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün cavabdeh "xxxx" MTK-ya müraciət etməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddia ərizəsində 47 saylı mənzilin təhvil verilməsi barədə tələb olmuş olsa da, məhkəmə yerli baxış və ekspertiza təyin etmədən subyektiv yanaşma sərgiləyərək həmin binada 47 saylı mənzil olub-olmadığını araşdırmadan əsassız qərar qəbul etmişdir. Bununla da, məhkəmə düzgün nəticəyə gəlməmiş, gələcəkdə icrası mümkün olmayan qərar qəbul etmişdir. Məhkəmə həqiqət iddiaçının faktiki istifadəsində olan sahəyə görə ödəniş edildiyini qənaətinə gəlməsini iş üzrə araşdırma aparmaqla bunu tutarlı sübutlarla təsdiq etməli olduğu halda, bu faktı sübut edən hər hansı bir sübuta istinad etməmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən müddətin keçməsi nəticəsində bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə öhdəliyə tamamilə xitam verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi zamanı icraat dörd ay çəksə də, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, vəsatətlər verməmişdir. Hesab edir ki, iddiaçı pretenziya verməli deyildi, çünki hazırkı mübahisə kommersiya deyil, mülki mübahisədir. Eyni zamanda pretenziyanın verilməsi müqavilədə nəzərdə tutulmamışdır. Bununla belə pretenziya verilmişdir.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 109-4.1.3. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına). Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırki işdə iddia təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Kooperativ mənzil tikintisi” haqqında müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı təqdim edilmiş və MTK-nın möhürü ilə təsdiq edilmişdir.

24. Mülki və mənzil qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Qeyd olunan qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

25. Bundan başqa, kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır.

26. O da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus mənzilin üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün həmin mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı zəruridir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri sənədləri cavabdehdən tələb etməkdə haqlıdır.

28. Kollegiya iddiaçının sahiblik və istifadəsinə verilmiş mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən artıq olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilədə əks olunan sahəyə dair zəruri sənədlərin təqdim edilməsi barədə iddia qaldırmışdır. Odur ki, iş üzrə mənzilin sahəsinin müəyyən edilməsi ilə bağlı hər hansı ekspertizanın keçirilməsinə zərurət yoxdur.

29. Bundan başqa, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələbinə iddia müddəti şamil edilmir. Həmçinin, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tədbiqi barədə ərizə də təqdim edilməmişdir.

30. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə hazırki tələblə bağlı iddiaçı tərəfindən mübahisənin qabaqcadan (məhkəmədən kənar) həll edilməsi üçün cavabdehə müraciət edilməli olması ilə bağlı hər hansı tələblər nəzərdə tutulmamışdır. Bununla bağlı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı iddia ərizəsini məhkəməyə verməmişdən öncə cavabdeh MTK-ya poçt vasitəsilə müraciət etmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 446/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar