Məhkəmə qərarları › İş №2(103)-275/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-275/2020

18.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-275/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxx” ASC tərəfindən ona aid 2.000 manatın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə prosesi zamanı cavabdehdən onun tərəfindən pulun əldə olunmasını sübut edən video dəlil təqdim edilməsi tələb olunsa da, cavabdehin nümayəndəsi bildirmişdir ki, köhnə aparat olduğundan guya orda video çəkiliş aparılmır. Heç olmasa kamera görüntülərinin təqdim edilməsi tələb edildiyi təqdirdə də, kameranın olmadığı bildirilmişdir. Belə olan halda, cavabdeh özləri tərəfindən kağız üzərində qeyd olunan rəqəmlər əsasında iddia edir ki, iddiaçı pulu əldə etmişdir. Lakin iddiaçının yanında şahidlərin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi onları şahid qismində məhkəməyə dəvət etməmiş və işi mahiyyəti üzrə hərtərəfli, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırmamışdır. Həmçinin, məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, avadanlığın texniki yararlılıq vəziyyətinə dair hər hansı təsdiqedici sənəd təqdim edilməmiş, sözügedən ATM-də həmin dövrdə aparatın pul vəsaiti ilə təmin edilməsinə cavabdeh olan şəxslər məhkəməyə dəvət olunmamış və pul vəsaitinin aparata yerləşdirilib və ya götürülməsinə dair aktlar olubolmaması araşdırılmamışdır. Sözügedən ATM-də video çəkiliş var, ancaq cavabdeh öz məktubunda qeyd edir ki, video qeydiyyatının aparılması funksiyası həmin aparatda mövcud deyil, lakin müvafiq polis araşdırması aparılarkən cavabdeh tərəfindən bildirilmişdir ki, video görüntü yalnız məhkəmə tələb etdiyi təqdirdə təqdim ediləcəkdir. Belə olan halda, cavabdeh tərəfindən kağız üzərində tərtib olunan rəqəmlər, hesabatlar və s. pulun həmin ATM-dən çıxarılmasını sübut etmir. Bir halda ki, bu bir avadanlıqdır, hər hansı texniki nasazlıq ucbatından pul vəsaitinin faktiki olaraq əldə edilməməsi halının baş verməsi istisna edilmir. Həmçinin, ATM-də olan pul vəsaitinin idarə edilməsi mexanizmi (həmin dövr üçün pul vəsaitinin qalığı, onun doldurulması və bununla əlaqədar digər funksional işlər) məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, mövcud vəziyyətdə kağız üzərində tərtib olunan sənədlər hələ pul vəsaitinin faktiki olaraq əldə edilməsi demək deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onunın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı, 14.12.2018-ci il tarixdə əmək haqqı kartı ilə 825 saylı ATM vasitəsi ilə iki dəfə 1.000 manat olmaqla pul çıxarılmasına cəhd etsə də, ATM-dən heç bir vəsait çıxmadığını, lakin kart hesabından 2.000 manatın silindiyini bildirərək, həmin məbləğin qaytarılması ilə bağlı ərizə ilə “xxxx” ASC-yə müraciət etmişdir. Bank tərəfindən iddiaçıya ünvanlanmış 10.01.2019-cu il tarixli, Sab 079 saylı və 16.01.2019-cuil tarixli, 04/600 saylı məktublarda bildirmişdir ki, 14.12.2018-ci il tarixdə əmək haqqı kartı ilə 825 saylı ATM vasitəsi ilə iki əməliyyat nəticəsində hər dəfə 1.000 manat əldə etmək istəyən zaman hər hansı texniki nasazlıq aşkarlanmamış və toplam 2.000 manat (2 dəfə 20 ədəd 50 AZN nominallarında) vəsait əmək haqqı kartından məxaric olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” ASC 04.03.2019-cu il tarixli, 16/2292 saylı məktubla bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşdirilmiş 825 saylı ATM tərəfindən görünütülərin video qeydiyyatının aparılması funksiyasının olmaması səbəbindən həmin görüntülərin məhkəməyə təqdim edilməsi texniki imkanlar xaricindədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, gəldiyi nəticəni belə əsalnadırmışdır ki, iddiaçı cavabdehdən 2.000 manatın tutulmasını tələb etsə də, həmin məbləğin tələb edilməsi üçün əsasların mövcudluğu, ümumiyyətlə, həmin məbləğin iddiaçının hesabından əsassız olaraq silinməsi halı məhkəmə tərəfindən aşkar edilməmişdir. Mülki işin araşdırılması zamanı toplanılan sübutlar isə məhkəməyə belə nəticəyə gəlməyə əsas vermişdir ki, tələb edilən 2.000 manat iddiaçının özü tərəfindən ATM vasitəsilə hesabdan çıxarılmışdır. Kollegiya, aşağıdakılara əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı, Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən, 2.000 manat pulun özünün kart hesabına geri qaytarılmasını “xxxx” ASC-dən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının cavabdeh təşkilatda kart hesabının olması və bankın həmin hesab üzrə iddiaçıya xidmət göstərməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, mübahisəli hüquq münasibətinə bank hesabı müqaviləsinə dair normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 954.1-ci maddəsinə görə, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Göründüyü kimi, müştəriyə hesab açmış bank, oradakı vəsaitin verilməsi və digər əməliyyatların aparılması ilə bağlı hesab sahibinin sərəncamlarını yerinə yetirmək öhdəliyini daşıyır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (MM, maddə 385.1). Hazırkı işdə iddiaçı, 14.12.2018-ci il tarixdə cavabdeh təşkilatda olan bank hesabı üzrə Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən bankomat kartı vasitəsilə hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manatın alınması üçün lazımi əməliyyatları apardığını, lakin pul əskinasları bankomatdan çıxmadığı üçün həmin vəsaiti əldə edə bilmədiyini, buna baxmayaraq kart hesabından göstərilən məbləğin silindiyini qeyd edir. Başqa sözlə, iddiaçı, kart hesabından 2.000 manat pulun ona verilməsinə dair sərəncamının cavabdeh tərəfindən yerinə yetirilmədiyini, yəni bankın öz öhdəliyini pozduğunu bildirir. Cavabdeh isə 14.12.2018-ci il tarixdə iddiaçı tərəfindən həmin bankomat vasitəsilə hər dəfə 1.000 manat olmaqla, cəmi 2.000 manat pul vəsaitinin çıxarıldğını göstərir. Məhkəmə kollegiyası münasibətin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə mübahisəli pul məbləğinin iddiaçıya verildiyini sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə ki, bank hesabı üzrə müştəriyə xidmət göstərən tərəf “xxxx” ASC-dir. Bank, müştərisi olan İddiaçı hesabında olan və sonuncunun tələb etdiyi pul məbləğini bilavasitə bankın inzibati binasında, yaxud quraşdırdığı bankomatlar vasitəsilə verə bilər (və ya verməlidir). Mübahisə halında sübutetmə yükü baxımından pul vəsaitinin alınmadığı (neqativ hal) deyil, verildiyi (pozitiv hal) sübuta yetirilməlidir (yetirilə bilər). Bu səbəbdən bank, vəsaitin məhz hesab sahibinə (yaxud onun təmsilçisinə) təhvil verildiyinə dair sübutetmə mexanizminə malik olmalıdır. Məlum olduğu kimi bankın inzibati binasında vəsaitin şəxsən müştəriyə (yaxud onun səlahiyyət verdiyi şəxsə) təqdim edilməsi müvafiq mühasibatlıq sənədinə imza etdirilməklə təsdiqlənir. Eyni zamanda, bankomat vasitəsilə verilən pulun aparatdan çıxması və müştəri tərəfindən götürülməsi fiksə edilməlidir. Başqa sözlə, mübahisə halında müştərinin pul əskinaslarını bankomatdan götürməsini təsdiqləyən mötəbər və kifayətedici sübutları təqdim etmək bankın vəzifəsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq “xxxx” ASC, 14.12.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən 2.000 manat məbləğində pul vəsaitini götürdüyünü sübuta yetirə bilməmişdir. Bank, pulun İddiaçı təqdim olunmasına dair qeyd edilən ATM-də quraşdırılmış kamera vasitəsilə çəkilmiş fotoşəkillərə və hesabdan çıxarışlara istinad etsə də, Kollegiya həmin dəlilləri mübahisəli vəsaitinin iddiaçı tətəfindən götürülməsini təsdiqləyən kifayətedici sübut saymır. Ona görə ki, əvvəla, bankın təqdim etdiyi fotolarda 14.12.2018-ci il tarixdə saat 17:10-dan 17:12-dək olan müddətdə İddiaçı ön tərəfdən görüntüsü (sinə nahiyəsindən yuxarıya doğru üz təsviri) çəkilsə də, onun pul əskinaslarını bankomatdan götürməsi həmin şəkillərdə əks olunmamışdır. Başqa sözlə, fotolarda pul əskinaslarının bankomatdan çıxması və iddiaçının onları götürməsi görünmür. Bu halların şübhəyə yer qoymayacaq formada təsdiqlənməsi üçün video görüntülər isə bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 10.07.2012-ci il tarixli Qərarının 7.8.1ci bəndinə əsasən, bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir. Buna baxmayaraq, Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-də video görüntü qeyd etmək funksiyası olan kameranın quraşdırılması “xxxx” ASC tərəfindən təmin edilməmişdir. Kollegiya təkrarən vurğulayır ki, hesabdakı pul vəsaitini müştəriyə bankomat vasitəsilə verən bank, mübahisə halında bu faktı şübhə yaratmayan sübutetmə vasitələri ilə sübuta yetirmək vəzifəsini daşıyır. Bunun üçün ən yaxşı sübutetmə vasitələrindən biri ATM-yə video görüntü qeyd etmək funksiyası olan kameranın quraşdırılmasıdır. Belə kameranın quraşdırılmaması bankın risk rairəsinə aid olduğu üçün bu riskdən irəli gələn məhrumiyyətə müştərinin deyil, bankın qatlanması daha ədalətli olardı. Bundan əlavə, apellyasiya baxışında işin hallarının tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılması məqsədilə, Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM 14.12.2018-ci il tarixdə texniki baxımdan işlək vəziyyətdə olmasının, həmin tarixdə, habelə ondan əvvəl və sonra bankomatın işləməsində hər hansı texniki nasazlıq və ya pul əskinaslarının verilməsində hansısa qüsurun qeydə alınıb-alınmamasının, həmin tarixdə İddiaçı ATM-də hansı əməliyyat(lar)ı aparması, bu əməliyyat(lar) və nəticəsinin hansı qaydada qeydə alınmasının, iddiaçının ATM-dən hansısa məbləğdə pul vəsaiti çıxarmasının təsdiq olunub-olunmaması, 2018-ci ilin dekabr ayında iddiaçının hesabından hansı məbləğlərdə və əsaslarla pul vəsaitinin silinməsi, onlar arasında qeyd edilən tarixdə və ATM-də aparılan əməliyyat nəticəsində silinmənin olub-olmaması, iddiaçının ərizəsində göstərdiyi formada müvafiq məlumatlar daxil edildikdən və çəkilməsi istənilən pul məbləği (əskinaslar) aparat tərəfindən hesablandıqdan sonra əskinasların çıxmaması, çıxmadığı halda iddiaçının hesabından müvafiq pul vəsaitinin silinməsi, yaxud hesabdan silindikdən sonra bankomatdan xaric olunmadan onun hansısa yerində qalmasının texniki baxımdan mümkün olub-olmaması, ATM-də quraşdırılmış kameranın 14.12.2018-ci il tarixdə işlək vəziyyətdə olması, əgər olmuşsa həmin kameranın qeydə aldığı görüntülərin hansı formada (foto və ya video) olması, görüntülərin nədən ibarət olması, həmin kamerada video görüntü qeyd etmək funksiyasının olub-olmaması, əgər varsa, həmin tarixdə funksiyanın işlək olması, əgər olmamışsa bunun səbəbinin müəyyən edilməsi üçün kompleks mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekeprtizası Mərkəzinin 14.11.2019-cu il tarixli, 22063 nömrəli kompütertexniki ekspertizasının rəyi ilə müəyyən olunmşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-in zaman göstəricilərinə əsasən, 14.12.2018-ci il tarixdə, eyni zamanda 09.12.2018-ci il tarixdən 19.12.2018-ci il tarixə qədər müddət ərzində texniki baxımdan işlək vəziyyətdə olmuşdur. Gün ərzində ATM vasitəsilə çoxlu sayda əməliyyatlar barədə məlumatlar (kartın daxil edilməsi, PİN kod yığılması, məbləğin sayılıb verilməsi və digər əməliyyatlar) müəyyənləşdirilmişdir. Məlumatların tərkibi və texniki xüsusiyyətlərinə əsasən, ATM avadanlıq işləyir, pul əskinaslarının verilməsinə hər hansı qüsur qeydə alınmamışdır. Həmin əməliyyatlar müvafiq “LOG” jurnalda əks edilmişdir. Lakin həmin tarixdə ATM cihazın proqram təminatında - əməliyyatlar sistemində saat 19:20-də BSOD tipli kritik səhv barəsində məlumatlar qeydə alınmışdır. ntoskrnl.exe adlı Windows NT mənşəli (2000, XP, 2003, Vista, 2008, 7, 2008 R2, 8, 2012, 10) əməliyyat sisteminin nüvəsi - əməliyyat sisteminin əsas komponentlərindən birinin kritik səhvi nəticəsində dayanması müəyyən edilmişdir. Bir müddətdən sonra sistem özünü bərpa edərək təyinatı üzrə fəaliyyətini davam etdirmişdir. Baxış keçiriləndə ATM-də zaman göstəriciləri real vaxtla uyğun deyildir. ATM bankomatlarda müvafiq məlumatlar daxil edildikdən və çəkilməsi istənilən pul məbləği (əskinaslar) aparat tərəfindən xaric olunmadığı halda, cihazın texniki xassələrindən asılı olaraq müvafiq yerində qalması texniki baxımdan mümkündür. Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-də quraşdırılmış kamera 14.12.2018-ci il tarixdə işlək vəziyyətdə olmuşdur. ATM-də aparılan hər bir əməliyyat daxilində işləyən kamera vasitəsilə fiksə edilirdi. Qeydə alınmış *.jpg formatında fototəsvirlər yaddaşda “vol_vol6” adlı məntiq diskdə “JPG” adlı qovluqda saxlanılır. Həmin kamerada video görüntü qeyd etmək funksiyası nəzərdə tutulmayıb. Məhkəmə Ekeprtizası Mərkəzinin 30.01.2020-ci il tarixli, 22204 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, “xxxx” ASC tərəfindən təqdim edilmiş “bankomat qeydiyyat jurnaldan çıxarış” məlumatında 14.12.2018-ci il tarixdə 2000 manat vəsaitin məxaric edildiyi göstərilməsinə baxmayaraq, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 14.12.2018-ci il tarixdə aparılmış əməliyyatlar öz əksini tapmamışdır. Bu səbəbdən hazırkı ekspertiza tədqiatı zamanı 14.12.2018-ci il tarixdə İddiaçı məxsus əmək haqqı kartından hansı məbləğdə vəsaitin məxaric edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Kollegiya, vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi keçirilmiş ekspertizalarla İddiaçı 14.12.2018-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasında yerləşən 825 saylı ATM-dən 2.000 manat məbləğində pul vəsaitini götürməsi təsdiqlənməmişdir. Əksinə, mühasibatlıq sahəsində ekspertin rəyində “xxxx” ASC-nin “bankomat qeydiyyat jurnaldan çıxarış” məlumatında 14.12.2018-ci il tarixdə 2.000 manat vəsaitin məxaric edildiyinin göstərilməsinə baxmayaraq, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 14.12.2018-ci il tarixdə aparılmış əməliyyatların öz əksini tapmadığı, iddiaçıya məxsus əmək haqqı kartından vəsaitin məxaric edilib-edilmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Bundan əlavə, kompyuter-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 14.12.2018-ci il tarixdə sözügedən ATM-də cihazın proqram təminatında - əməliyyatlar sistemində saat 19:20-də BSOD tipli kritik səhv barəsində məlumatlar (ntoskrnl.exe adlı Windows NT mənşəli /2000, XP, 2003, Vista, 2008, 7, 2008 R2, 8, 2012, 10/ əməliyyat sisteminin nüvəsi - əməliyyat sisteminin əsas komponentlərindən birinin kritik səhvi nəticəsində dayanması) qeydə alınmışdır. Həmin qüsur iddiaçının əməliyyat apardığı vaxtdan sonra qeydə alınsa da, ekspert rəyində vurğulamışdır ki, baxış keçiriləndə ATMdə zaman göstəriciləri real vaxtla uyğun deyildir. Bundan əlavə, aparılmış tədqiqatla ATM bankomatlarda müvafiq məlumatlar daxil edildikdən və çəkilməsi istənilən pul məbləği (əskinaslar) aparat tərəfindən xaric olunmadığı halda, cihazın texniki xassələrindən asılı olaraq müvafiq yerində qalması texniki baxımdan istisna edilməmişdir. Beləliklə, Kollegiya, yuxarıda qeyd edilənləri birlikdə qiymətləndirərək bu nəticəyə gəlir ki, “xxxx” ASC, İddiaçı qarşısında öz öhdəliyini yerinə yetirməsini (14.12.2018-ci il tarixdəiddiaçının verdiyi sərəncama uyğun olaraq 2.000 manatı bankomat vasitəsilə ona təqdim etməsini) sübuta yetirə bilməmişdir. Odur ki, cavabdehin dəlilləri rədd edilməlidir. Nəzərə alınmaldır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda, “xxxx” ASC-nin İddiaçı məxsus kart hesabından mübahisəli 2.000 manatı silməsi və bu məbləği kart məlumatlarında iddiaçının aktivi kimi göstərməməsi qanunsuz olmaqla, həmin vəsaitdən İddiaçı istifadə etməsinə məhdudiyyət yaradır. Halbuki, Mülki Məcəllənin 954.3-cü maddəsinə görə, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, qətnamə ləğv olunaraq iddia təmin olunmalı, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2168/2019 saylı iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. “xxxx” ASC tərəfindən 2.000 (iki min) manat pul vəsaiti İddiaçı kart hesabına geri qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 (qırx beş)manat dövlət rüsumunun əvəzi “xxxx” ASC-dən alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 161,17 (bir yüz altmış bir manat on yeddi qəpik) manat məbləğində pul “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar