Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-275/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:tikilidən çıxarılma) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2290/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaqla qeyd edilən torpaq sahəsinin və 4 otaqdan ibarət tikilinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X1 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi ərazisində Albalılıq yaşayış sahəsində yerləşən 550 kv metr torpaq sahəsini etibarnamə əsasında 3000 manat pul verməklə almışdır. Bundan sonra həmin torpaq sahəsində onun tərəfindən tikinti və abadlıq işləri aparılaraq torpaq sahəsinə hər tərəfdən hasar çəkdirmiş, hamam və tualet yerləşən 4 otaqdan ibarət ev tikmişdir. Evin bütün kommunal, yəni qaz və işıq sayğacları onun öz adınadır. Cavabdehlərin yaşamaq üçün yerləri olmadığına görə iddiaçı onlara müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermişdir. İddiaçı qeyd etmişdir ki, həyat yoldaşı 1-ci qrup əlildir və təcili əməliyyat olunmalıdır. Həyat yoldaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğuna görə o, cavabdehlərə evi təcili olaraq satmalı olduğunu bildirmiş və cavabdehlərdən onun evindən çıxıb evi ona təhvil vermələrini tələb etmişdir. Lakin cavabdehlər bunu etməkdən imtina etmişlər. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2290/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaları, ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, mübahisəli əmlak iddiaçının faktiki sahibliyində olduğuna görə və əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğuna görə iddiaçı evinin özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğu və cavabdeh tərəfindən iddia etraf edildiyi üçün iddia təmin edilərək cavabdehlər ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılaraq qeyd edilən torpaq sahəsi və 4 otaqdan ibarət tikili ona təhvil verilməlidir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan evdən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən evində yaşamış, sonradan iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur İddia tələbinə münasibətdə əlavə olaraq, hər bir halda qeyd olunan əmlakın iddiaçıya məxsus olmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin bağ sahəsinə istifadə hüququ olmadığı üçün cavabdehlər iddiaçıya məxsus ünvan 1ndə yerləşən evindən çıxarılmalı, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
3. İşin icraatı zamanı baxış predmetinə aid hissədə müəyyən edilmişdir ki: - Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 780 saylı arayışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Musayev küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır; - Abunə haqqında arayışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən evə dair işiq sayğacı İddiaçı adına qeydiyyatdan keçmişdir; - "Elektron məhkəmə” informasiya sisteminin portalından çıxarışa əsasən, Cavabdeh2 Lerik rayonunun Noda kəndində qeydiyyatdadır.
4. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6234/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 52.1, 157.2 və 157.4-cü maddələrinə istinadla apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1072/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6234/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Konstitusiyasının 28, 33, 43; Mülki Məcəllə 159, 164.1, 164.2, 165.1. 165.2, 180.1, 180.2, 180.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, iddianı təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən inşa edilmişdir. Cavabdeh2 isə 2014-cü ildə digər Cavabdeh1la ailə qurduqdan sonra iddiaçı tərəfindən müvəqqəti yaşamaq üçün evə buraxılmışdır. Cavabdeh2 hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi sübuta yetirilməmişdir. İş materiallarından isə görünür ki, mübahisənin predmeti olan tikilinin yerləşdiyi ərazi Sabunçu rayonu Buzovna bələdiyyəsinin mülkiyyətindədir, tərəflərin həmin sahəyə hər hansı hüququnun olması barədə sübut yoxdur. Yalnız Cavabdeh2 evdən çıxarılmasında bilavasitə maraqlı olan iddiaçı tərəfin və digər Cavabdeh1 izahatlarına, kommunal xidlmətlər göstərilməsinə dair iddiaçının adına olan müqavilələrə istinad edən məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlakı yerləşdiyi torpaq sahəsi Büzovna bələdiyyəsinin mülkiyyətindədir, X3 iddiaçıya verilmiş Buzovna bələdiyyəsinin ərazisində yerləşən 550 kv metr torpaq sahəsinə dair etibarnamənin kserosurəti (i.v. 10) torpağa hüququn olmasına dair sübut kimi qəbul oluna bilməz. Həmin etibarnaməni verən Südabə Kərimova adlı qadının özünün torpağa dair hər hansı sənədi mövcud deyildir, etibarnamədə göstərilən bu torpaq sahəsinin məhz hazırkı mübahisənin predmeti olan tikliini yerləşdiyi ərazi olması da müəyyən deyildir. Mübahisənin predmeti olan tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan inşa edilmişdir, özbaşına tikilidir. Belə olan halda torpaq sahəsi mülkiyyətdə, yaxud qanuni sahiblikdə və istifadədə olmadığına görə həmin tikiliyə hər hansı şəxsin, o cümlədən iddiaçının mülkiyyət hüququnun tanınması mümkün deyildir və iddiaçının gözlənilən mülkiyyət hüququ da istisna olunur. Bu baxımdan Mülki Məcəllənin 11.1 -ci maddəsinə əsasən, yəni qanunun analogiyası üzrə həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrini mübahisənin həlli üçün maddi hüquq norması kimi tətbiq edən apellyasiya məhkəməsi göstərilən halları diqqətdən qaçırmış, özbaşına tikili olan əmlaka cavabdehin 2016-cı ildən etibarən faktiki sahibliyinin iddiaçının razılığı ilə olmasını, cavabdehin həmin əmlaka özbaşına sahib olmaması, həmin əmlakdan uzun müddət istifadə etdiyinə görə cavabdeh tərəfindən əmlaka artırmaların, əlavələrin, yaxşılaşdırmaların edilməsinin mümkünlüyünü nəzərə almamış, mübahisənin həlli üçün Mülki Məcəllənin əmlaka sahibliyə dair 7-ci fəslin normalarının tətbiqini nəzərdən keçirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər Cavabdeh1la xx.xx.2014cü il tarixdən rəsmi nikaha düşməklə ailə qurmuş və həmin vaxtdan bu günə kimi mübahisəli mənzildə yaşamışdır. Mübahisəli mənzil o həmin ünvana köçdükdə tamamilə təmirsiz olmuş, məhz birgə yaşadıqları dövrdə təmir edilmiş, mətbəx, əlavə otaq və sanitar qovşağı inşa edilmişdir. Ona məxsus olan bütün əşyalar da həmin mənzildə ümumi istifadədə olmuşdur. Ailə qurduğu gündən özü, qayınatası, qayınanası, əri və sonra iki övladı ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin ünvanda istifadə edilən qaz, işıq və su sağacları qaynanasının adına olmuş, məhkəməyə müraciət etmədən öncə iddiaçının adına keçirilməsi ehtimalı vardır. İddiaçının özünə məxsus olan evi başqa ərazidə olmuş, o hazırkı mübahisə predmeti olan mənzildə heç vaxt yaşamamışdır. İddiaçı ilə Fərahimin münasibətləri pis olduğundan gəliş-gedişləri də olmamışdır. Mübahisə predmeti olan mənzildə iddiaçının atası Nümayəndə, onun arvadı, cavabdeh Fərahil və onun özü iki övladı ilə birlikdə yaşamışlar. Ailə münaqişəsi zəminində dava-dalaş olmuş və onu döyərək həmin mənzildən çıxarmışlar. Aldığı xəsarətlər nəticəsində xəstəxanada yatıb, əməliyyat olduqdan sonra atası onu öz evinə aparmış, polisə məlumat verildiyindən hazırda araşdırma aparılır. Buna görə də iddiaçı (onun atası olan nümayəndəsi) mənzildə olan sayğacları iddiaçının adına keçirib məhkəməyə müraciət etmişdir. Məhkəmə isə cavabdehin başqa ünvanda qeydiyyatda olmasını, digər cavabdehin iddianı etiraf etməsini və s. əsaslandırmaqla heç bir araşdırma aparmadan, çəkişmə prinsiplərini pozaraq cavabdehin iştirakını təmin etmədən, mülkiyyət hüquqlarına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə mülkiyyətçi deyə iddiaçını nəzərdə tutmuşdur. Halbuki, iddiaçının xüsusi mülkiyyətə əsaslanan nə belə bir sənədi, nə də hüququ olmamışdır. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçısı olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Məhkəmə mübahisəyə bu maddəni tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı və onun ailəsi başqa yerdə özlərinə məxsus olan torpaq sahəsində yaşamışdır və iddiaçının ata və anası cavabdehlərlə birgə sözügedən mübahisəli evdə yaşayırlar. Məhkəmə isə yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. Cavabdehin iştirakını təmin etməmiş buna görə cavabdeh öz hüquqlarını həyata keçirə bilməmişdir. Apellyasiya (təkrar) icraatında müəyyən edilən hallar:
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Xəzər rayonu Buzovna Bələdiyyəsi, Xəzər rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Xəzər rayonu Buzovna Bələdiyyəsi, Xəzər rayon İcra Hakimiyyətinə edilmiş sorğuların cavablandırılması gözlənilməklə, mülki iş üzrə məhkəmətikinti texniki ekspertizası təyin edilsin. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli məktubuna əsasən, ekspertizanın aparılmasından imtina edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Gülveri oğlunun, Cavabdeh1 (ümumibirgə pay) adlarına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Lerik rayonu, Kürdəsər kəndində 2.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-107 nömrəli, xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh2 adına (ümumibirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Lerik rayonu, Noda kəndində 0,9017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, sözügedən əmlakın ünvan göstəriciləri ilə bağlı dəqiq məlumat verilmədiyi üçün əmlakın mülkiyyətçiləri haqqında məlumat verilməsi mümkün olmamışdır.
10. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, məktubda qeyd edilən məsələnin araşdırılması ilə bağlı tərəfimizdən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və verilən məlumatda Xəzər rayonu, Buzovna qəsəbəsi, Adil Musayev küçəsində yerləşən ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Buzovna bələdiyyəsi tərəfindən vətəndaş X4 verilmişdir. Həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqdan ibarət ev mövcuddur. Vətəndaş S.Kərimova torpaq sahəsini etibarnamə əsasında vətəndaş İddiaçı etibar etmişdir.
11. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, A.Musayev küçəsində yerləşən dörd otaqdan ibarət tikiliyə dair mülkiyyətin hüquqi statusu və mülkiyyətçilər, habelə İddiaçı Gülveri oğlu, Cavabdeh1 və Cavabdeh2 aid mülkiyyət, sahiblik və istifadə hüquqlarına aid bu və digər əmlak barədə ətraflı məlumatların verilməsi mümkün olmamışdır. Belə ki, mülkiyyət hüququları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən həyata keçirilir və həmin məlumatlara baxış keçirilməsi, hər hansı bir çıxarışların götürülməsi Bələdiyyələrin səlahiyyətlərindən kənardır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, Kərimova Südabə tərəfindən iddiaçıya verilən etibarnamədə məhkəmə səlahiyyəti verildiyi qeyd edilməyib, şəxsin iddianı qaldırmaqda subyektiv hüququ yoxdur, bundan əlavə həmin torpaq sahəsində iki tikili mövcuddur, iddiaçının səlahiyyəti olsa belə, mübahisəli evə aid deyil. Ümumiyyətlə isə təqdim edilən etibarnamənin və bələdiyyə sənədinin əsli yoxdur və eyni zamanda bələdiyyə sənədinin tarixində də sonradan düzəliş edilib və bələdiyyədən gələn cavab məktubunda buna dair hər hansı mövqe nümayiş etdirilməyib.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, mübahisəli torpaq sahəsini iddiaçının etibarnamə əsasında X1 müəyyən məbləğ ödəməklə aldığını, həmin torpaq sahəsində olan mübahisəli tikilinin iddiaçı tərəfindən tikildiyini, bu günə qədər onun sahibliyində olduğunu və cavabdehlərə həmin evdə müvəqqəti yaşamağa icazə verdiyini bildirmiş,apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehlərə mübahisəli evdə yaşamaq üçün müvəqqəti icazə verdiyini qeyd etmiş, həyat yoldaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğuna görə o, cavabdehlərə evi təcili olaraq satmalı olduğunu bildirmiş və cavabdehlərdən onun evindən çıxıb evi ona təhvil vermələrini tələb etmiş, lakin cavabdehlər bunu etməkdən imtina etdiklərindən iddia qaldırdığını qeyd etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdığını bildirmişdir.
16. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 torpaq sahəsini İddiaçı 3000 manata satdığını və iddiaçının həmin torpaq sahəsində ev tikdiyini, ikinci tikilinin mövcudluğundan məlumatının olmadığını bildirmişdir.
17. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Xəzər rayonu Buzovna Bələdiyyəsi, Xəzər rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla və (apellyasiya baxışı olan) hissədə qətnamənin yoxlanılması müəyyən edildiyindən yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun fərdi şikayətlərə konstitusiya icraatı qaydasında baxılması zamanı formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, S.Ələkbərovanın şikayəti üzrə 3 iyul 2015-ci il tarixli, M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən: 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Mülki Məcəllənin 359-366, 777-786; Mənzil Məcəlləsinin 119-134; Mülki Prosesual Məcəllənin 214.2, 76, 77, 80-88, 103, 106, 217.4, 385- 390-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamə (mübahisələndirilən hissədə) ləğv edilməli, apellyasiya şikayəti onu verən şəxsə münasibətdə təmin edilməli, iddia tələbi apellyasiya baxışı predmeti olan hissədə rədd edilməlidir. Qeyd edilməlidir ki, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində mötəbər sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır. Mübahisənin predmeti olan tikilinin yerləşdiyi ərazi Sabunçu rayonu Buzovna bələdiyyəsinin mülkiyyətindədir, iddiaçının həmin sahəyə dövlət tərəfindən tanınan hər hansı hüququnun olması barədə sübut yoxdur. Kərimova Südabə Maksim qızının iddiaçıya verilmiş Buzovna bələdiyyəsinin ərazisində yerləşən 550 kv metr torpaq sahəsinə dair etibarnamənin surəti torpağa hüququn olmasına dair sübut kimi qəbul edilə bilməz. Həmin etibarnaməni verən Südabə Kərimovanın özünün də torpağa dair hər hansı sənədi mövcud deyildir, eyni zamanda etibarnamədə göstərilən torpaq sahəsinin məhz hazırkı mübahisənin predmeti olan tikilinin yerləşdiyi ərazi olması da sübut edilmir. Mübahisənin predmeti olan tikili özbaşına tikilidir. Belə olan halda torpaq sahəsi mülkiyyətdə, yaxud qanuni sahiblikdə və istifadədə olmadığına görə həmin tikiliyə hər hansı şəxsin, o cümlədən iddiaçının mülkiyyət hüququnun tanınması mümkün deyildir və iddiaçının gözlənilən mülkiyyət hüququ da istisna olunur. Buzovna Bələlədiyyəsi məhkəmə kollegiyasına sorğuya cavabda iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Südabə Kərimovanın Bələdiyyə ilə bağlanmış torpaq icarə müqaviləsinin (cild İİ, səh.16) mövcudluğunu belə təsdiq etməmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 birinci instansiya məhkəməsindən şikayət vermədiyi və qətnamə ilə razılaşdığı nəzərə alınmaqla, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılması və ona münasibətdə tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, ilk növbədə iddiaçı iddia edilən daşınmaz əmlaka hüquq əldə etməli və əmlakın ünvanı müəyyən edilməlidir. Əks halda mübahisə predmetinin (torpağın və tikilinin) ilkin olaraq müəyyən edilməsi və təbii olaraq iddianın təmin edildiyi halda belə icrası mükün deyil.
25. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məhkəmə məsrəfləri onu ödəyən şəxslərə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2290/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi qismən - Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,Albalılıq yaşayış massivi, A.Mirzəyev küçəsindəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılması və ona münasibətdə tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.