Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2753/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxxxx” X1 (bundan sonra – MMC) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 (bundan sonra – BDYPİ) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi zərərin ödənilməmiş hissəsinin, yəni 2.774 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pulun cavabdeh MMCdən və cavabdeh BDYPİ-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-yə məxsus olan “xxxxxxxxxxxx” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə idarə edən sürücü X10 yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobil ilə iddiaçıya məxsus “Nissan Tiida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobil əzilmiş və istismara yarasız vəziyyətə düşmüşdür. Yolnəqliyyat hadisəsi, cavabdeh BDYPİ-nin əməkdaşları tərəfindən qeydə alınmış və Rauf Sadıqov inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin həcminin müəyyənləşdirilməsi məqsədilə sığorta şirkəti tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, dəymiş zərər 3.074 manat məbləğindədir. Avtomobili “xxxxxxxxx” ASC-də qismən sığorta təminatı aldığından dəymiş ziyanın bir qismi, yəni 2.300 manat həmin Sığorta Şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı hesab edir ki, ziyanın ödənilməmiş hissəsi, yəni (3.074-2.300=) 774 manat cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, yol-nəqliyyat hadisəsindən sonra o müəyyən müddət avtomobilindən istifadə edə bilməmiş və bununla bağlı olaraq müəyyən xərcləri qarşılamaq məcburiyyətində qalmışdır. Odur ki, ona vurulmuş bu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onun xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır. Daha sonra iddiaçı bildirir ki, yuxarıda qeyd edilən məsələlər ilə bağlı ona mənəvi zərər dəymişdir. İddiaçı ona dəymiş mənəvi zərəri 3.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, bu məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, avtomobilin istismara yarasız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 774 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının ödənilməsi məqsədi ilə 15 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə MMC-ya məlumat verməmiş, bununla da, ədalət mühakiməsinin “çəkişmə prinsipini” pozmuşdur. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddia tələbi üzrə əsl cavabdeh X8r. Belə ki, R.Sadıqov MMC-nin işçisi olmamış, MMC-ya məxsus avtomobili MMC-nin ona verdiyi “xxxxxxxxxxxx” əsasında idarə etmişdir. Buna görə də həmin zərərə görə MMC deyil, R.Sadıqov məsuliyyət daşıyır. Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya baxışı iclasının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun verdi. Cavabdeh BDYPİ işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. BDYPİ-nin nümayəndəsinin apellyasiya baxışı iclasına gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa, habelə əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının həddi ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın yalnız bir qismini təmin etsə də, iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh MMC tərəfindən verilmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC, iddiaçıya məxsus avtomobilin istismara yarasız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə ondan 774 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının ödənilməsi məqsədi ilə 15 manat məbləğində pulun ondan iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənlərə əsaslanan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə MMC-ya məlumat verməmiş, bununla da, ədalət mühakiməsinin “çəkişmə prinsipini” pozmuşdur. Məhkəmə hesab edir ki, müzakirə edilən dəlil əsassızdır. Çünki MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, cavabdeh MMC-nin hüquqşünası X3 (iş v. 48) hazırki iş üzrə Rayon Məhkəməsinin məhkəmə baxışı iclasının xx.xx.2019-cu il tarixə, saat 11:10-a təyin edilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” qəbul etmiş və bu barədə bildirişin kötüyünə imza etmişdir (iş v. 50). Buna baxmayaraq MMC təyin edilmiş məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi məhkəmə baxışı iclasını xx.xx.2019-cu il tarixə saat 10:20-a təxirə salmış, bu barədə MMC-yə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” göndərmiş (iş v. 58), lakin MMC-nin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi məhkəmə baxışı iclasını xx.xx.2019-cu il tarixə saat 11:10-a təxirə salmış, bu barədə MMC-yə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” göndərmiş (iş v. 63), amma MMC təyin edilmiş məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını yenə də təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Yalnız bundan sonra Rayon Məhkəməsi MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərinə riayət etmişdir. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş hesab olunur. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı Məhkəmə bildirir ki, işdə olan AC seriyalı, 637490 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Nissan Tiida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. AC seriyalı, 106317 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “xxxxxxxxxxxx” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh MMC-yə məxsusdur. BDYPİ tərəfindən tərtib edilmiş KYP seriyalı, 718656 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” və digər sənədlərdən görünür ki, cavabdeh MMC-yə məxsus olan avtomobili xx.xx.2017-ci il tarixdə idarə edən sürücü X5 08:50-də yol nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi avtomobil ilə iddiaçıya məxsus avtomobil ilə toqquşmuşdur. Baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobil əzilmiş və istismara yarasız vəziyyətə düşmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi Rauf Sadıqovun təqsiri üzündən baş vermişdir. Rauf Sadıqov inzibati məsuliyyətə cəlb olunmuş və inzibati qaydada 40 manat məbləğində cərimə olunmuşdur. “xxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Qüsur aktından” görünür ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün cəmi 3.074 manat (ehtiyat hissələrinə görə 1.930 manat, dəmirçi, rəngsaz, armatur, plastik və işlək hissənin təmiri xidmətlərinə görə 1.144 manat) məbləğində vəsait tələb. “xxxxxxxxx” ASC-nin xx.xx.2017-ciil tarixli, 2041/CM-100/2017 nömrəli “Sığorta aktından” görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin 3.074 manat məbləğində olması müəyyən edilmişdir. Sığorta məbləği 2.500 manat, azadolma məbləği 200 manat təşkil edir. “Ödəniş tapşırığından” görünür ki, xx.xx.2017-ci il tarixində “xxxxxxxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişi olaraq 2.300 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilin istismara yarasız vəziyyətə düşməsi ilə əlaqədar iddiaçıya vurulmuş zərərin bir hissəsi “xxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilmişdir. Ödənilməmiş məbləğ (3.074-2.300=) 774 manat təşkil edir. Cavabdeh MMC bildirir ki, Rauf Sadıqov MMC-yə məxsus avtomobili “xxxxxxxxxxxx” əsasında idarə etmiş, MMC-nin işçisi olmamış, buna görə də iddiaçıya vurulmuş ziyana görə məsuliyyəti də MMC deyil, Rauf Sadıqov daşımalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, X6 MMC-yə məxsus **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə (istifadə) etmək hüququnun olması, bu barədə MMC tərəfindən ona “xxxxxxxxxxxxnin” verilməsi iş materialları ilə təsdiq olunmur. Apellyasiya icraatı zamanı Məhkəmə qeyd edilən dəlilin araşdırılması məqsədi ilə avtomobilin Vüqar Rəhimov tərəfindən idarə edilməsinə əsas olmuş “xxxxxxxxxxxxnin” əslinin və ya təsdiq olunmuş surətinin təqdim olunması MMC-yə təklif etmiş, lakin MMC-nin nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, “xxxxxxxxxxxx” MMC-də aşkar edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilən işin hallarını, habelə maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, apellyasiya baxışının predmeti olan hissədə iddia tələbinin əsasını təsdiq edən halları sübuta yetirmiş, cavabdeh MMC isə iddia tələbinə qarşı etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh MMC yüksək təhlükə mənbəyinin sahibi olaraq iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 774 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən nəticəni nəzərə alaraq iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin cavabdeh MMC-yə aid edərək MMC-dən iddiaçının xeyrinə 15 manat məbləğində pul tutmaqda da, haqlı olmuşdur. Belə ki, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin, apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu MMC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2753/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2753/2020
10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver