Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2755/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 1391/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7700 manat vəsaitin cavabdeh “xxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Şabran rayonu, Eminşaxlı kəndində anadan olmuşdur. Siyəzən rayonu, Yenikənd kəndində yaşayır. xx.xx.2019-cu ildə Yenikənd kəndində kəndin mal-qara sürüsünün növbəsində olmuşdur. Həmin günü 13-30 radələrində ona evdən zəng etmişlər ki, “həyətdəki ot tayası yanır, tez evə gəl”. Belə ki, həmin günü səhər saat 1000 radələrində Siyəzən rayonunda, o cümlədən Yenikənd kəndində də güclü külək əsməyə başlamışdır. Mal-qaranı tanış adamların yanında qoyub, 5 km-ə kimi yolu piyada evə gəlmişdir. Görmüşdür ki, Siyəzən və Şabran rayonunun FHN-nin yanğınsöndürənləri oradadır. Hadisə baş verən vaxt qonşu Kərimova Gülmirə onların evinə gələrək bildirmişdir ki, rezin iyi gəlir. Həyat yoldaşı bayıra çıxan vaxtı görmüşdür ki, elektrik naqillərindən qığılcım çıxır və yerə səpələnir. X7 görmüşdür ki, qığılcım tayaya düşmüş və taya yanmışdır. Elektrik naqili qızıb, onların evin qabağında tayanın yanına düşüb. Sonra FHN-nin 2 yanğınsöndürən maşını təxminən 20 dəqiqə sonra gəliblər. 8 maşın su vursalar da ona məxsus 200 ədəd saman bağlaması, 800 ədəd isə ot bağlaması, şifer çardaq, 3 tövlədən biri tamam yanıb, birinin isə şiferləri yanıb. Sonradan ekskavator hasarı söküb (Ekskavator Su İdarəsinə məxsus olub) yanğının qarşısı alınıb. Ayın 9-da FHN-nin X5 inspektoru evdəkilərdən, qonşulardan izahat almış və bu barədə akt tərtib edilmişdir. Elektrik naqilləri (10 minlik) telefon xətləri ilə bir yerdə çox bərbad vəziyyətdə çəkilib (fotoşəkillər əlavə olunur). “xxxx” ASC-nin Siyəzən rayon filialının işçiləri nə hadisə yerinə gəlmiş, nə də ona dəymiş zərərlə maraqlanmışlar. Halbuki birbaşa “xxxx”ASC-nin günahı ucbatında ona külli miqdarda zərər dəyib. Hadisə nəticəsində ona aşağıda qeyd etdiyi məbləğdə zərər dəyib: Siyəzən rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli, 158 saylı məktubuna əsasən ona məxsus fərdi yaşayış evinin həyatyanı sahəsində olan ot tayasının və mal tövləsinin yanmasına dair FHN-nin Əməliyyat-İstintaq İdarəsində toplanmış 1366№ li material üzrə araşdırmanın davam etdirilməsi üçün Siyəzən RPŞ-nin Təhqiqat Qrupuna göndərilmişdir. Siyəzən RPŞnin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona dəymiş ziyanla əlaqədar məhkəməyə müraciət etməyini tövsiyyə ediblər. Bütün bunlara baxmayaraq cavabdeh qeyd olunan sübutlara əhmiyyət verməyərək ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Saman bağlaması - 1,5 man x 200 əd = 300 man, ot bağlaması - 3 man x 800 əd = 2400 man, şifer çardaq - 3000 man, 1 tövlə - 2000 man, cəmi: 7700 man (yeddi min yeddi yüz manat), Yuxarıda göstərilənlərə əsasən ona dəymiş 7700 manat vəsaitin cavabdeh “xxxx” ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 1391/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi zərərə görə 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 2108 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 222 manatın 60 manatı iddiaçı "xxxx" ASC-dən, 162 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1391/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş materiallarına əlavə olunmuş Siyəzən RPŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında İddiaçı Abid oğlunun fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədə və ot tayasında baş vermiş yanğın hadisəsinin səbəbinin aidiyyəti qurumların səlahiyyətli əməkdaşlarının iştirakı təfsilatı ilə araşdırılması nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tərkibini yaradan faktiki halın olmadığı müəyyən edilmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə texniki ekspertizasının 10/2063 nömrəli xx xxxxxxxx 2020- ci il tarixli rəyinin tədqiqatın nəticəsində "Hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot çalınının üzərinə düşməsi nəticəsində otun alışması mümkündür." fikri preyudisial əhəmiyyətə malik deyil. Yəni, qığılcım ot çalınının üzərinə düşsədə belə alışmayada bilər. İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ona məxsus olmasına dair hüquqmüəyyənedici sənədləri belə məhkəməyə təqdim etməmiş, baş vermiş yanğın ərazisinin hüquqi statusu müəyyən edilməmişdir. İddiaçı baş vermiş yanğın hadisəsinin məhz "xxxx" ASC-nin təqsirindən baş verməsini müəyyən edən sənəd həm iddia ərizəsinə və eyni zamanda da iddia ərizəsinin məhkəmə icraatında olduğu dövr ərzində də aparılmış araşdırmanın nəticəsi ilə sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinin tərkibini yaradan fakt işin hallarında öz əksini tapmır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi və bununlada "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası FHN DYMX Siyəzən rayon dövlət yanğından Mühafizə hissəsinin rəisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il tarixində ona məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikası FHN DYNX-i Şimal Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru Ramiz Həsənov, İddiaçı Abid oğlu və X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli yanğın haqqında aktdan görünür ki, İddiaçı Abid oğluna məxsus ot tayası və mal tövləsində yanğın baş vermiş və hadisə nəticəsində İddiaçı Abid oğluna 4200 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın baş verdiyi yerə baxışın nəticələrinə əsasən yanğın hadisəsinin elektrik xətlərinin küləyin təsirindən bir-birinə toxunaraq, qığılcım əmələ gələrək ot tayasının üzərinə düşməsindən baş verməsi güman edilmişdir. xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2019-ci il tarixdə İddiaçı Abid oğluna məxsus Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tövlədə və ot tayasında baş vermiş yanğınla əlaqədar ona 4200 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 187-ci maddəsində göstərilmişdir ki, özgənin əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurmaqla törədildikdə cinayət hadisəsi kimi qiymətləndirilə bilər. Lakin göründüyü kimi baş vermiş hadisə zamanı İddiaçı Abid oğluna 4200 (dörd min iki yüz) manat məbləğində ziyan dəydiyindən, qeyd olunan faktla əlaqədar cinayət işinin başlanması rədd olunmuş və müraciət müəllifinə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququnun olması izah edilmişdir. «xxxx» ASC-nin X10 Təchizatı və Satışı İdarəsinin 09-6-01-/165/130 nömrəli xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, yanğın hadisəsi zamanı X4 əməkdaşları hadisə yerində olmuşlar. Əraziyə baxış keçirilərkən 2017-ci ildə çəkilmiş xətt “Texniki İstismar və X1”na tam uyğundur. Yanğın baş verən ərəfədə enerji sistemində qısa qapanma və digər qəza halları baş verməmişdir. Lakin o, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 №-li Qərarına zidd olaraq, yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasında yanğın təhlükəli quru otlardan taya qurmuşdur. Yanğın nəticəsində kəndin 0.4 kv-luq şəbəkəsində 60 metrdən artıq 1x50 SİP kabel yanaraq sıradan çıxmışdır. Qeyd edilənləri nəzərə alaraq, baş vermiş yanğın hadisəsinə görə enerji təchizatçı təşkilat məsuliyyət daşımır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2063 saylı və xx.xx.2020-ci il tarixli, 10/1083 saylı ekspert rəylərindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin texniki səbəbləri olmuşdur. Hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot tayasının üzərinə düşməsi nəticəsində otun alışması mümkündür. Yaşayış məntəqələrində gərginliyi 10 kV-luq hava elektrik xətləri yer səthindən 7 m hündürlükdə aparılmalı idi. Ot tayası 10 kV-luq hava elektrik xətlərinin altında, yəni xəttlərin mühafizə zonasında saxlanıldığına görə, «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5, 14 bəndlərinin tələbləri ot tayasının sahibi tərəfindən pozulmuşdur. 10 kV-luq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqlar ləğv edilmədiyinə, xəttlərə vaxtaşırı və növbədənkənar baxışların keçirilməsi təşkil olunmadığına görə, «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin tələbləri hadisə baş vermiş fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur (Siyəzən rayon Elektrik Şəbəkəsinin vəzifəli və digər əməkdaşlarının vəzifə və peşə təlimatları ekspertizaya təqdim olunmadığı üçün hazırda sualın tam həlli imkan xaricindədir). Hazırkı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixində ona məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsinin yüksək elektrik xətlərinin bir-birinə toxunmasından əmələ gəlmiş qığılcımların ot tayasına düşməsinin nəticəsində baş verdiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, «xxxx» ASC-nin Şimal Regional DYNİ DYNŞ-nin böyük inspektoru Ramiz Həsənov, İddiaçı Abid oğlu və X3 iştirakları ilə bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Müvafiq Qaydaların pozulması nəticəsində baş vermiş zərər ilə cavabdehin əməli (hərəkət və (və ya) hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqənin müvcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən yanğın hadisəsinin cavabdehin təqsiri ucbatından baş verdiyi, yəni əməkdaşlarının öz vəzifə və peşə təlimatları dairəsində hərəkət etmədikləri nəticəsində pozulduğu müəyyən olunsa da (cavabdehin əməkdaşları tərəfindən «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 Vdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələblərinin pozulduğu, 10 kV-luq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqların ləğv edilmədiyi, xəttlərə vaxtaşırı və növbədənkənar baxışların keçirilməsinin təşkil olunmadığı), eyni zamanda ot tayasının sahibi tərəfindən «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5 və 14-cü bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, o, ot tayasını 10 kv-luq hava elektrik xətlərinin altında, yəni xəttlərin mühafizə zonasında saxlamaqla qeyd edilən Qaydaların müvafiq tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 23.3-cü maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə yanğın hadisəsinin baş verməsində hər iki tərəfin təqsirli olduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası FHN DYNX-i Şimal Regional DYNİnin DYNŞnin xx.xx.2019-cu il tarixli yanğın haqqında akta əsasən müəyyən edilmiş zərərin məbləği yarıbayarı azaldılmalı, 2100 manat məbləğində pul "xxxx" ASC-dən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş maeriallarında olan sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddianın qismən təmin edilməsi, 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 2108 manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 222 manatın 60 manatı iddiaçı "xxxx" ASC-dən, 162 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 1391/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2755/2021
01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver