Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2755/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh və onun nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131.42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan çıxarışın (reyestr nömrəsi **********98 -11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2008 olan Seriya MN ******* saylı) ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi və evə dair onun adına çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qeyri-rəsmi həyat yoldaşı X1 anası, yəni qaynanasıdır. O, X3 ilə faktiki olaraq nikah münasibətində olmaqla ailə qurmuş, bir uşaqları vardır. O, Resiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəlmişdir. 30 dekabr 2008-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə almış və pulunu ödəmişdir. Evi etibar etdiyi qaynanası Cavabdeh adına rəsmiləşdirmiş, sonuncunun adına çıxarış verilmişdir. Evi aldığı gündən hazıradək onun istifadəsində və sahibliyində olmuşdur. Evi alandan sonra oranı əsaslı təmir etdirməklə bütün əşyalırını almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, abadlıq işləri aparmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri onun tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən onun tərəfindən ödənilmişdir və hazırda da ödənilməkdədir. Bağ evinin Cavabdeh adına rəsmiləşdirərkən elə razılaşmışlar ki, onun istədiyi vaxtda o evi onun adına rəsmiləşdirəcəkdir. Lakin son zamanlar münasibətləri soyumuş, cavabdeh bağ evini onun adına rəsmiləşdirilməsindən yayınır. Buna görə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, şikayətin rədd edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30.12.2008-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabında 2801 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 04.03.2004-cü il tarixli AN-İ0001501 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 01.09.2021-ci il tarixli **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi torpağın mülkiyyətə verilməsinə dair 23.04.2004-cü il tarixli JN-1160H kod 00300016 şəhadətnamə və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli 07.09.2007-ci il tarixli sərəncamı əsasında 30.12.2008-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi torpağın mülkiyyətə verilməsinə dair 23.04.2004-cü il tarixli JN-1160H kod 00300016 şəhadətnamə və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli 07.09.2007-ci il tarixli sərəncamı əsasında 30.12.2008-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Belə olduğu halda Cavabdeh qarşı bağ evinə mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh adına verilmiş 30.12.2008-ci il tarixli ********** nömrəli reyestr çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə "daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdehnun mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlər etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Hazırkı halda qeyd edilən bağ evinin mülkiyyətçisi Cavabdeh olduğundan və sonuncunun mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının tələbi qeyd edilən hisədə təmin edilə bilməz. Eyni zamanda şahid qismində dindirilmiş şəxslər ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin İddiaçı tərəfindən çəkilməsini bildirsələr də, bu hal mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, ilkin olaraq qeyd edir ki, iddiaçı mübahisəli daşınmaz əmlak üzərində özünün hər hansı hüquqları ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan daşınmaz əmlaka cavabdehin mülkiyyət hüquqlarının qeydə alınmasına əsaslar alqı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətə verilməsinə dair 23.04.2004cü il tarixli JN-1160H kod 00300016 şəhadətnamə, Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli 07.09.2007-ci il tarixli sərəncamı olmuşdur. Qeyd edilən sənədlər isə hazırda da hüquqi qüvvədədir. İddiaçı isə əvvəlki hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, yalnız cavabdehin adına verilmiş çıxarışın etibarsızlığı tələbini irəli sürmüşdür ki, bu hal da özü-özlüyündə iddianın əsassız olması nəticəsinə gəlməyə əsas verir (Çünki, həmin sənədlər hüquqi qüvvədə olduğu müddətdə ona əsasən daşınmaz əmlaka dair verilmiş çıxarış qanuni sayılır). Məhkəmə kollegiyası işə irəli sürülmüş tələb həddində baxaraq, ondan kənara çıxmağı məqsədə müvafiq hesab etmir. Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda, əvvəlki hüquqmüəyyənedici sənədlərin həqiqiliyinin yoxlanılması (onların mübahisələndirilməsi) zamanı inzibati orqanların hərəkətləri (qərarları) ilə bağlı inzibati xarakterli məsələlər (məsələn sərəncamın qanuniliyi) ortaya çıxa bilər ki, onlara hazırki mülki icraat çərçivəsində baxılması mümkün deyildir. Bu səbəbdən də, iddiaçı müstəqil qaydada, aidiyyəti üzrə məhkəmədə müvafiq tələb(lər) irəli sürmək hüquqlarını özündə saxlayır. Bununla yanaşı, işdə olan 04 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehin adına alınan zamanı iddiaçı sonuncunun nümayəndəsi qismində iştirak edərək müqaviləni imzalamış, yəni müqavilədən məlumatlı olmuş, keçən müddət ərzində isə həmin müqavilənin qanuniliyini mübahisələndirməmişdir. Hətta iddiaçının müəyyən pul vəsaitinin xərclənməsi (evin təmiri, əlavə tikililərin inşasına çəkilən xərc, kommunal ödənişlər və s.) ilə bağlı dəlilləri belə hazırki iddia tələbi çərçivəsində cavabdehin adına verilmiş çıxarışın hüquqi qüvvəsini aradan qaldıra bilməz. Cavabdehin hazırki vəziyyətdə mübahisəli əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı qanunla müdafiə olunur. Qeyd edilməlidir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı mad.). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Тorpaq Мəcəlləsinin 84-cü maddəсinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu hüququn məhdudlaşdırılması isə qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Bununla yanaşı, iddiaçı tələbində cavabdehin mübahisəli daşınmaz əmlakı sonradan onun adına rəsmiləşdirəcəyinə dair vəd verməsini göstərsə də, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İşin fatkiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evə çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.12.2021ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(003)- 2894/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2755/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2755/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver