Məhkəmə qərarları › İş №2(103)-2759/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2759/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2759/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə İddiaçı “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan onun yolverilməzliyinə görə imtina olunması qərara alınmış, mövqeyini Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsi ilə əsaslandıran məhkəmə, ərizəçiyə inzibati xətalara dair işlər üzrə icraat qaydasında məhkəməyə və yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana müraciət etmək hüququnun olduğunu izah etmişdir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət də məhkəmənin 03 mart 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs ... inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə görə isə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İş materiallarından görünür ki, ərizəçi İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin ona verdiyi imkandan istifadə və məhz həmin normaya istinad edərək müvafiq şikayətini məhkəməyə ünvanlamış, ərizəyə məhkəmə qaydasında baxılmaması üçün hər hansı əsas olmamışdır; ərizə məhkəmədə qeydiyyatdan keçirilərkən ona hansı indeksin (mülki, cinayət, inzibati və s.) verilməsi isə ərizəçinin problemi deyildir və indeksləşdirmə zamanı edilən səhv ərizənin qəbulundan imtinaya əsas yarada bilməz. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-728/2023 saylı iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin və ərizə üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar