Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-276/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş №2(001)-287/21) iddia qismən təmin edilərək, Cavabdeh 1957 (bir min doqquz yüz əlli yeddi) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh 30.11.2019-cu il tarixədək özünün aldığı materiallardan istifadə etməklə Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 97.75 m2 təşkil edən 3 otaqlı mişar daşından hörülmüş 2 metr kürsülü fərdi yaşayış evinin otaqlarını Ukrayna istehsalı olan divar kağızı vurmaq, tavan haşiyələnmiş, mətbəğ, həyətin divarları və zirzəmi emulsiya ilə rənglənmiş, döşəmə və qapılar laklanmış, pilləkənların kənarları çərçivələnmiş, həyətdə yerləşən sanitar qovşağının divarlarına kafel vurulmaqla təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36.000 manat pul ödənilməli, sifarişçi tərəf göstərilən təmir işlərinin keyfiyyəti ilə razılaşmasa podratçı 3000 manat dəbbə pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqaviləyə əsasən 36.000 manat pulu ödəsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı müqavilədə qeyd edilən 3000 manat məbləğində dəbbə pulunun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, müqavilə öhdəliyini yerinə yetirərək mənzili vaxtında təhvil vermiş, sadəcə pilləkənlərin və taxtaların qırağı qalmış, daha sonra onları da təmir etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən işin tam, obyektiv və hərtərəfli araşdırılmaması, qanunsuz və əsassız qətnamə çıxarılması ilə əsaslandırmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətlərinin məzmunundan göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunnan hissəsində mübahisələndirmişdir. Qətnamə iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında 04.11.2019-cu il tarixli podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 30.11.2019-cu il tarixədək özünün aldığı materiallardan istifadə etməklə Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ümumi sahəsi 97.75 m2 təşkil edən 3 otaqlı mişar daşından hörülmüş 2 metr kürsülü fərdi yaşayış evinin otaqlarına Ukrayna istehsalı olan divar kağızı vurmağı, tavanı haşiyələməyi, mətbəxi, həyətin divarlarını və zirzəmini emulsiya ilə rəngləməyi, döşəmə və qapıları laklamağı, pilləkənların kənarlarını çərçivələməyi, həyətdə yerləşən sanitar qovşağının divarlarına kafel vuraraq təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyərini təşkil edən 36.000 manat müqavilə bağlandığı gün ödənilmişdir. Həmçinin sifarişçi tərəf göstərilən təmir işlərinin keyfiyyəti ilə razılaşmasa podratçı 3000 manat dəbbə pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini bildirərək hazırkı iddianı qaldırmışdır. İddiaçının hazırkı iş üzrə tələbi cavabdehdən 3000 manat pulun alınıb ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi evin təmiri zamanı hər hansı qüsura yol verilibverilmədiyini aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 29.10.2020-ci il tarixli 10/1838 nömrəli rəylə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinin keyfiyyətsiz (qüsurlu) aparılan təmiri nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinə 1957 manat əlavə xərc tələb olunur. Birinci instansiya məhkəməsi ekspert rəyini və eləcə də işdə olan digər sübutları (fotoşəkillər və s.) əsas götürərək iddianı qismən əsaslı saymışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 427.3, 441, 442, 448.1, 752.1, 759.1, 759.2, 762-ci və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə tərəflər arasında podrat münasibətlərinin olduğu qənaətinə gələrək qeyd etmişdir ki, müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması Mülki Məcəllə ilə xüsusi olaraq tənzimlənmir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xüsusi olaraq nizama salınır. Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, sifarişçinin öz tapşırığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır. Elə hallar da olur ki, podrat müqaviləsində müddət nəzərdə tutulmur. Bu müqavilənin bağlanmış hesab olunmasını istisna etmir. Ona görə ki, müddət podrat müqaviləsinin mühüm şərti sayılmır. Belə halda, yəni podrat müqaviləsində müddət nəzərdə tutulmadığı hallarda, sifarişçi işin dərhal icrasını tələb edə bilər, podratçı isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında xidmətlər göstərilməsi (podrat işləri görülməsi) ilə bağlı şifahi razılaşma (müqavilə) mövcud olmuş, həmin müqaviləyə əsasən də cavabdeh iddiaçı tərəfindən verilmiş sifarişi (işin görülməsi) yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir. Lakin hazırda sifarişçinin həmin işlərə hər hansı marağı qalmadığına görə o, cavabdehdən sifariş üçün ödənilmiş pul məbləğinin geri qaytarılmasını tələb edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh podrat müqaviləsi (şifahi razılaşma) əsasında müəyyən edilmiş işin görülməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh vəzifəsini lazımınca icra etməyərək, razılaşmanın (müqavilənin) şərtlərini həyata keçirməmişdir. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı keyfiyyətsiz (qüsurlu) aparılan təmir nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinə xərclənəcək pul vəsaitini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh keyfiyyətsiz (qüsurlu) aparılan təmir nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək təmir-tikinti işləri üçün hesablanmış 1957 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən olunmuş və işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli, obyektiv araşdırılmasını təmin etmək və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə təkrar məhkəmə tikinti-tekniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evində aparılmış təmir işləri zamanı yol verilən qüsurların aradan qaldırılması üçün görüləcək təmir işlərinin ümumi dəyəri təqribən 2026 manatdır. Göründüyü kimi, təkrar ekspertiza ilə qüsurların aradan qaldırılması üçün görüləcək təmir işlərinin ümumi dəyəri birinci instansiya məhkəməsində keçirilmiş ilkin ekspertizanın rəyində göstəriləndən daha çox müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunan hissəsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyini, qətnamənin təkrar ekspertiza rəyinə uyğunlaşdırılmasının apelyatorun maraqlarına zidd olmaqla qanunun məqsədlərinə xidmət etmədiyini nəzərə alaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını məqəsədmüvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-276/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-276/2022
12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver