Məhkəmə qərarları › İş №2(103)-2760/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2760/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2760/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-88/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

2. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli 9/2263 nömrəli Rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, 2012-ci il buraxılışlı, "BMW 5281" minik markalı, WBAXG5C50CDY29255 Ban nömrəli, ** VN *** dövlət nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 30000,00 manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adları və dəyəri müəyyən edildikdən sonra həmin avtomobilin qalıq dəyəri müəyyən edilə bilər.

3. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli 10/4131 nömrəli Rəyindən görünür ki, Qərarın birinci və ikinci sualları üzrə. "BMW" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, avtomobilin mühərrik bölməsində, avtomobillə üzbəüz dayandıqda sol tərəfdə salona yaxın sahədə yaranmışdır.Avtomobildə hadisədən əvvəl elektrik enerjisi itkisi kimi nasazlığın olduğunu, hadisədən bir neçə saat əvvəl usta tərəfindən həmin nasazlığın müəyyən edilərək, yəni qidalandırıcı modulun dəyişdirildiyini, dəyişdirildikdən sonra avtomobil hərəkətdə olarkən, onun cihazlar panelində nasazlığın olması barədə müəyyən məlumatverici siqnalların işə düşməsi kimi halların baş verməsini və həmin modulun baxış zamanı mütəxəssis tərəfindən müəyyən edildiyi kimi avtomobilin mühərrik bölməsində (elektron pompanı, valvetronik sistemi və digər elektrik vericilərini) elektrik enerjisi ilə qidalandırdığını, həmçinin istintaq tərəfindən müəyyən edildiyi kimi qeyd olunan dəyişdirilmiş qidalandırıcı modulun əvvəllər işlənmiş olduğunu nəzərə aldıqda, yanğın həmin qidalandırıcı modulda yaranmış hansısa elektrik qəza halının yaranmasından baş verməsi üçün xarakterikdir. İİ. Qərarın üçüncü sualı üzrə. Belə olan halda, baş vermiş hadisə ilə əlaqədar, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ № 01-2001) 6.5 bəndinin göstərilən tələbləri pozulmuşdur. "BMW" markalı 10-VN- 050 dövlət qeydiyyat nişanlı minik avtomobilində yaranmış nasazlığın aradan qaldırılması üçün yanğına səbəb ola bilən nasazlığı olan elektrik qurğusundan (qidalandırıcı moduldan) istifadə etdiyinə görə, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ № 01-2001) 6.5 bəndinin tələbləri avtomobilə həmin modul qidalandırıcısını quraşdırmış şəxs (usta) tərəfindən pozulmuşdur.

4. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli 10/7282 nömrəli Rəyindən görünür ki, iş materiallarında olan məlumatlara və baxışla müəyyən edilmiş faktiki hallara əsaslanaraq, hadisənin baş vermə vaxtını və şəraitini, avtomobilin mühərrikinin söndürülmüş vəziyyətdə olduğunu, avtomobilin saxlanıldığı yerdə hər hansı istilik mənbəyinin olmadığını, yanğın izlərinin avtomobilin qabaq və arxa tərəfdən alt hissədə daha dərin olduğunu, elektrik qurğuları üzərində elektrik təbiətli qəza halı üçün xarakterik izlər aşkar edilmədiyini, dəyişdirilmiş qidalandırıcı modulun yerləşdiyi hissədə yanğının inkişaf etmədiyini, yanğının inkişaf dinamikasını və intensiv xarakterini nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, BMW F10 528 i markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterikdir. bMw F10 528 i markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterik olduğuna görə baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair hansı qaydaların tələblərinin pozulmasına dair sual üzrə tədqiqat aparılmadı.

5. "Buta” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 260 nömrəli Mütəxəssis rəyindən görünür ki, 1.BMVV 528 i markalı avtomobillərdə paylayıcı modul plastmas konstruksiyadan ibarət olub, kapotun altında, maşınla üzbəüz dayandıqda sol tərəfdə, qabaq şüşənin altında yerləşir, kondinsionerin hava borusunun üstünə bərkidilir. Onun funksiyası mühərriyin beynini elektrik cərəyanı ilə rele vasitəsi ilə qidalandırmaqdır. Moduldan elektrik cərəyanının çıxışını mühərrikin beyni idarə edir. Mühərriyin üzərindəki elektriklə işləyən cihazlar həmin modul vasitəsi ilə qidalanırlar. 2. BMVV 528 i markalı avtomobillərdə paylayıcı modulun hər çıxışına qoruyucu (predoxranitel) qoyulub. Belə ki, mühərriyin üzərində araşdırılmış hər bir elektriklə qidalanan cihazda qısa qapanma baş verərsə . godulda olan qoruyucu atır və elektrik cərəyanı dərhal kəsilir. 3. BMVV 528ii markalı avtomobillərdə olan paylayıcı modul heç bir halda yanğına səbəb ola bilməz. Belə ki, modulun içindəki qoruyucular yalnız MV/ şırkəti tərəfindən quraşdırılır və stamp vasitəsi ilə plastmas korpus yığılır. Qeyd edirəm ki, bütün detallar ampera)a uyğun olaraq moduldan çıxan, mühərrik üzərində quraşdırılmış hər bir elektriklə qidalanan cihaza çərəyan ötürülməsini təmin etməsi məqsədi ilə BMVV şırkəti tərəfindən dəyişdirilməsi mümkün olmayacaq şəkildə quraşdırılıb. Yəni həmin modulun içində hər hanı bir dəyişiklik aparmaq, hansısa bir şəkildə detala müdaxilə etmək mümkün deyil. İşlək vəziyyətdə olmayan avtomobildəsə avtomobilin beyni işləməməsi səbəbindən modula hər-hansı bir komanda verilməyəcək. Eyni zamanda maşın söndürüldükdən bir neçə dəqiqə sonra qoruyucu modul bütün çıxışlarını söndürür. Modulun yanma məsələsinə gəldikdə isə bir daha qeyd edirəm ki, həmin modulun özünün qısa qapanma verməsi mümkün deyil və yaxın ətrafında yanğın baş verərsə, konsruksiyası plastmasdan olduğuna modul da yanmalıdır. Həmçinin bildirirəm ki, ətraf detallarla qısa qapanma olarsa modula aidiyyatı olan xətlərdə dərhal qoruyucular atır. Eyni zamanda bildirirəm ki, qısa qapanmanın 2 ucu olur və birinci qısa qapanma harada baş verirsə naqillər həmin yerdən yanaraq digər uca, yəni qidalandığı mənbəyə doğru yanaraq gedir. 4. BMVV 528 i markalı avtomobilə nasaz paylayıcı modul quraşdırılarsa, ilk növbədə mühərrik işə düşməyəcək. Belə ki, modulda baş verən nasazlıq zamanı quruyuculardan hansısa xarab olduqda modul bütövlükdə finksiysını dayandıracaq və bunun müqabilində maşının beyni mühərrikin işə düşmə komandasını ləğv edəcək. Digər tərəfdən belə bir hal baş verərsə avtomobilin su sistemində qaynama baş verməlidir. Belə ki, su sisteminin pompası da bu modul vasitəsi ilə qidalanır. 5.BMVV 528 i markalı, 2012-ci il buraxılışlı, tünd boz metalik, damı qara rəngdə olan, qəzadan sonra təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmiş minik avtomobilinin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 19.000 (on doqquz min manat) manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh tərəfindən 30.000 manat avtomobilə dəyən zərərlə bağlı, 1626,50 manat evə dəyən zərərlə bağlı, 3000 manat taksi və digər nəqliyyat xərcləri ilə bağlı, 1500 manat məhkəməyədək işlərin görülməsi, danışıqların aparılması, mütəxəssis rəyinin alınması və digər sübutların toplanması ilə bağlı, 1900 manat məhkəmədə hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı, 250 manat avtomobil üçün ehtiyat hissənin alınması ilə bağlı və 208,50 manat dövlət rüsumu ilə bağlı cəmi 38.485 manat məbləğində vurulmuş maddi zərərə görə pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində vəsaitin, ümumilikdə 43.485 (qırx üç min dörd yüz səksən beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) törətmişdir. Bu fakt iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılarkən keçirilmiş məhkəmə yanğın-texniki ekspertizası ilə müəyyən olunmuşdur. BMW markalı avtomobillərin ölkə üzrə rəsmi təmir servisi olan "xxxx" MMM-ya iddiaçıya məxsus nəqliyyat vasitəsində dəyişdirilmiş DME blokunun yerinə köhnə (işlənmiş) blokun quraşdırılmasına marka tərəfindən icazə verilib-verilməməsini öyrənmək üçün sorğu verilmişdir. Sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, BMW markalı avtomobildə DME blokunun işlənmiş blokla dəyişdirilməsinə BMW istehsalçısı tərəfindən icazə verilmir. Eyni zamanda bu blokunun nasazlığı elektrik itkisinə səbəb ola bilər hansı ki yanğının baş vermə səbəblərindən biri də elektrik itkisidir. Bu faktda təsdiq edir ki, markanın rəsmi servisinin sorğuya verdiyi rəsmi cavabda təsdiq edir ki, avtomobilə cavabdeh tərəfindən işlənmiş DME blokunun quraşdırılması bu sahədə mövcud normativlərə uyğun deyil, qadağandır, marka buna icazə vermir. Cavabdehin məhz bu təqsirli hərəkəti nəticəsində işlənmiş DME blokunda olan nasazlığa görə maşında göstəricilər panelində bəzi xəbərdarlıq işiqları yanmış, bu da nasazlığın olduğunu bildirmiş, maşın təmir olunan günün gecəsi blokun yerləşdiyi hissədən alışaraq yanmışdır. Bu faktlar əlavə olaraq bir neçə hadisə şahidinin ifadəsi ilə də təsdiq edilmişdir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçıya zərərin vurulmasını təsdiq etsə də məhkəmə məhkəməyə bu faktı təsdiq edən sübutların təqdim edilməməsi əsası ilə iddianı əsassız olaraq rədd etmişdir. Belə ki, iş üzrə iki fərqli ekspert rəyi varkən, hansı ki, bu ekspert rəyləri bilavasitə baş vermiş yanğına nəyin səbəb olması ilə bağlı olduğuna görə işin həlli üçün olduqca önəmli olsa da məhkəmə rəylərin fərqliliyinə görə yeni ekspertiza təyin etməli və ya ekspertləri məhkəmə iclasına dəvət edərək onlara suallar verərək həqiqəti müəyyən etməyə yönələn prosessual hərəkətlər etməli idi. Məhkəmə isə nəinki öz təşəbbüsü ilə belə prosessual hərəkəklər etməyə cəhd etmiş, tərəfimizdən bu hərəkətlərin (təkrar ekspertiza, ekspertin dindirilməsi və s.) təmin edilməsi ilə əlaqədar verdiyimiz vəsatətlərin hər birini rədd edərək obyektiv həqiqətin müəyyən edilməsi üçün lazimi şəraiti yaratmamışdır.Bundan əlavə məhkəməyə müraciət tarixi ilə yekun məhkəmə aktının qəbul olunduğu tarixi müqayisə etdikdə aydın olur ki, müvafiq maddənin tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən işə baxış mürəkkəb olardısa, maksimum 6 ay ərzində baxılıb yekun məhkəmə aktı qəbul edilməli idi. Məhkəmə isə 13 ay sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti 2 dəfədən çox ötürməklə qətnamə qəbul etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-88/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X3).

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırkı mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə bağlıdır, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması tələb olunur və qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquq pozuntusunun olduğunu sübutetmə yükü bu pozuntunun olduğunu iddia edən tərəfin üzərinə düşür. Baxılan iş üzrə isə iddiaçı, cavabdehin nəqliyyat vasitəsini təmir edərkən təqsirli surətdə texniki təhlükəsizlik qaydalarının tələblərini pozduğu və təmiri qüsurlu apardığı, nəqliyyat vasitəsində baş vermiş yanğının məhz cavabdehin dəyişdirdiyi ehtiyat hissəsindən və ya onda baş vemiş nasazlıqdan qaynaqlanması hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər, əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, işin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh tərəfindən elektrik itkisinin aradan qaldırılması məqsədilə avtomobildə elektrik naqillərinin keçiriciliyinin yoxlanılması və qidalandırıcı modulun dəyişdirilməsi işi həyata keçirilmiş, həmin dövrdə cavabdeh tərəfindən digər təmir işləri görülməmiş, dəyişdirilmiş qidalandırıcı modulun istifadə edilmiş digər qidalandırıcı modulla əvəzləşdirilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmiş, yanğın hadisəsi əvəzləşdirilmiş modulun olduğu hissədən başlamamış və hadisə nəticəsində sözügedən modul zədələnməmiş, təmirdən hadisəyə qədər xeyli vaxt keçmiş, avtomobil dayandıqdan sonra onun elektrik sistemi tam sönmüş və hadisə bundan bir müddət sonra baş vermiş, bundan başqa avtomobilin hadisəyə qədər hər hansı başqa yerdə təmir edilməsi də istisna deyildir ki, bütün bunlar da baş vermiş hadisə ilə cavabdehin əməli arasında səbəbli əlaqənin olmasını şübhə altına alır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən qidalandırıcı modul iddiaçının ixtiyarında olduğundan və baş vermiş hadisə həmin hissəyə hər hansı bir təsir göstərmədiyindən iddiaçıda ona dair rəylərin müstəqil əldə edilməsi imkanı olduğu halda bu imkandan istifadə edilmədiyi bir vəziyyətdə, "ehtiyat hissənin yararsz olması və bununla da hadisənin bilavasitə ondan qaynaqlanması, xüsusilə də bunda cavabdehin təqsirli olması” barədə dəlillər, iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə, ekspertiza rəyləri ilə bağlı qeyd etmişdir ki, həmin rəylər sübut kimi qəbul edilməli və digər sübutlarla birlikdə qiymətləndilməlidir. xx.xx.2023-cü il tarixli 10/4131 nömrəli ekspert Rəyində yanğının baş verməsi "qidalandırıcı modul”la əlaqələndirlsə də, həmin modulun qüsurluluğuna (nasazlıq) dair əlamətlərinin göstərilməməsi, onun nəticələrini şübhə altına alır. Məhkəmə, l4.11.2024-cü il tarixli 10/7282 nömrəli Rəyə münasibətdə də eyni nəticəyə gəlir. Belə ki, həmin rəydə hadisənin baş verməsi səbəbi kimi kənar təsir göstərilsə də, bu təsirin avtomobilə münasibətdə hansı tərəfdən və ya haradan baş verməsi göstərilməmişdir. Bununla belə, məhkəmə ekspert rəyləri üzrə bir sıra faktiki halları nəzəzə alır (yanğının əhatə dairəsi; quraşdırılmış ehtiyat hissəsinin hazırkı vəziyyəti və s.) Məhkəmə, iş üzrə şahid ifadələrinə münasibətdə qeyd edir ki, əvvəla, həmin ifadələr nəqliyyat vasitəsinin yanması anına dair halları əks etdirməklə yanğının baş vermə faktını təsdiq etsə də, həmin yanğının məhz qidalandırıcı moduldan və ya onda olan hər hansı nöqsandan yaranmasını, nəqliyyat vasitəsinin ancaq cavabdehə məxus servisdə təmir olunmasını, cavabdehin təqsirli davranışa yol verməsinə dair halları təsdiq etmir, ikincisi, hadisənin təxminən iki il əvvəl baş verməsi nəzərə alındıqda şahid ifadələrinin hadisənin bütün təfərrüatlarını əks etdirməsi ehtimalı real deyil.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, 14.2-ci, 16-cı, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 82-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçıya münasibətdə mülki hüquq pozuntusu (delikt) törətmişdir. Bu fakt iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılarkən keçirilmiş məhkəmə yanğıntexniki ekspertizası ilə müəyyən olunmuşdur. BMW markalı avtomobillərin ölkə üzrə rəsmi təmir servisi olan "xxxx" MMM-ya iddiaçıya məxsus nəqliyyat vasitəsində dəyişdirilmiş DME blokunun yerinə köhnə (işlənmiş) blokun quraşdırılmasına marka tərəfindən icazə verilibverilməməsini öyrənmək üçün sorğu verilmişdir. Sorğuya verilmiş cavabda qeyd olunmuşdur ki, BMW markalı avtomobildə DME blokunun işlənmiş blokla dəyişdirilməsinə BMW istehsalçısı tərəfindən icazə verilmir. Eyni zamanda bu blokunun nasazlığı elektrik itkisinə səbəb ola bilər hansı ki yanğının baş vermə səbəblərindən biri də elektrik itkisidir. Bu faktda təsdiq edir ki, markanın rəsmi servisinin sorğuya verdiyi rəsmi cavabda təsdiq edir ki, avtomobilə cavabdeh tərəfindən işlənmiş DME blokunun quraşdırılması bu sahədə mövcud normativlərə uyğun deyil, qadağandır, marka buna icazə vermir. Cavabdehin məhz bu təqsirli hərəkəti nəticəsində işlənmiş DME blokunda olan nasazlığa görə maşında göstəricilər panelində bəzi xəbərdarlıq işiqları yanmış, bu da nasazlığın olduğunu bildirmiş, maşın təmir olunan günün gecəsi blokun yerləşdiyi hissədən alışaraq yanmışdır. Bu faktlar əlavə olaraq bir neçə hadisə şahidinin ifadəsi ilə də təsdiq edilmişdir. Bütün bunlar cavabdeh tərəfindən iddiaçıya zərərin vurulmasını təsdiq etsə də məhkəmə məhkəməyə bu faktı təsdiq edən sübutların təqdim edilməməsi əsası ilə iddianı əsassız olaraq rədd etmişdir. Belə ki, iş üzrə iki fərqli ekspert rəyi varkən, hansı ki, bu ekspert rəyləri bilavasitə baş vermiş yanğına nəyin səbəb olması ilə bağlı olduğuna görə işin həlli üçün olduqca önəmli olsa da məhkəmə rəylərin fərqliliyinə görə yeni ekspertiza təyin etməli və ya ekspertləri məhkəmə iclasına dəvət edərək onlara suallar verərək həqiqəti müəyyən etməyə yönələn prosessual hərəkətlər etməli idi. Məhkəmə isə nəinki öz təşəbbüsü ilə belə prosessual hərəkəklər etməyə cəhd etmiş, tərəfimizdən bu hərəkətlərin (təkrar ekspertiza, ekspertin dindirilməsi və s.) təmin edilməsi ilə əlaqədar verdiyimiz vəsatətlərin hər birini rədd edərək obyektiv həqiqətin müəyyən edilməsi üçün lazimi şəraiti yaratmamışdır.Bundan əlavə məhkəməyə müraciət tarixi ilə yekun məhkəmə aktının qəbul olunduğu tarixi müqayisə etdikdə aydın olur ki, müvafiq maddənin tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən işə baxış mürəkkəb olardısa, maksimum 6 ay ərzində baxılıb yekun məhkəmə aktı qəbul edilməli idi. Məhkəmə isə 13 ay sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti 2 dəfədən çox ötürməklə qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək onunla əsaslandırmışdır ki, məhkəmə prosesində iddiaçı özü yanğının səbəbinin məhz dəyişdirilmiş qidalandırıcı moduldan olmasından əmin olmadığını, elektrik itkisindən də ola biləcəyini və eyni zamanda hadisədən bir müddət əvvəl maşını bütöv rənglətdiyini də etiraf edib ki, bütün bunlar da digər ifadələr kimi audio-video görüntülərdə öz əksini tapıb. Göstərilənlərlə əlaqədar iddiçı X1 apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. əlavə olaraq bildirmişdir ki, qidalandırıcı modulun ustanın zəngi ilə gətirdiklərini bilir. Birbaşa olaraq yeni detalın qoyulub-qoyulmadığını bilməmişdir. Ustanı əvvəldən tanımışdır. Daha əvvəldə onun üçün digər işlər, o cümlədən mühərrikin dəyişdirilməsini həyata keçirmişdir. Avtomobilində umumiyyətlə elektrik itkisi var idi. Usta tərəfindən detal dəyişdirildikdən sonra gedib evinə avtomobili saxlamışdır və bundan sonra avtomobil yanmışdır.

15. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı onu çoxdan tanıyır onun üçün avtomobilində işlər görmüşdür. Hətta avtomobilin matorunuda işlıənmiş mator onun öz istəyi qoymuşdur. Avtomobilində hazırda qoyduğu detal qidalandırıcı modul olmuşdur. Həmin detalında işlənmiş olması iddiaçı tərəfindən bilinmiş, onun yanında zəng edib hər zaman detallar aldıqları yerdən gətirilməsini istəmişdir. Qiymətlərdən də müəyyən edilə bilir ki, detal işləmişdir. Onun xəbərinin olmaması mümkün deyil. Belə ki, usta olaraq hər bir detal dəyişərkən müştəridən razılıq almadan heç bir iş görmürlər.

16. Məhkəmə iclasında mütəxəssis qismində "xxxx" MMM-də xx.xx.2017-ci il tarixdən texniki xidmət mərkəzinin baş mühəndisi vəzifəsində işləyən X4 dindirilərkən izahatında bildirmişdir ki, qidanlandırıcı modul, mühərrikin elektronika ilə bağlı olan elementlərinin işlək vəziyyətdə olmasını təmin edir. Verilmiş suallara cavab olaraq mütəxəssis göstərmişdir ki, qidalandırıcı blok, mühərrikin komponentlərini qidalandırır. Qidanlandırıcı modul, sadəcə olaraq enerjini bölür. Qidalandırıcı blokun bir girişi vardır, bir neçə çıxışları ilə də enerjini bölür. Enerji şamlara qidanlandırıcı moduldan getmir. Şamlara enerji idarəedici moduldan gedir. Sadəcə olaraq idarəedici modul da qidalandırıcı moduldan qidalanır. Motordakı bütün qidalandırmanı qidalandırıcı modul həyata keçirir. DME idarəedici modul deməkdir o qidalandırıcı modul deyil. Şəkildə iddiaçının vəkili tərəfindən ona göstərilən detal qidalandırıcı moduldur. Qidalandırıcı blokun dəyişdirilməsi yanğına səbəb ola bilməz. Halhazıradək belə bir halla rastlaşmamışıq. Əgər iş qaydasında icra edilibsə yanğın baş verməsinə əsas yoxdur. Yəni, əgər qidalandırıcı blokun içərisinə müdaxilə olunmadan, bütövlüklə dəyişdirilibsə, yanğın ola bilməz. Elə yerlər var ki, qidalandırıcı blokun içərisinə də müdaxilə edirlər, təmir edirlər. Qidanlandırıcı blok, plastik materialdandır içərisində qoruyucular mövcuddur. Qidalandırıcı blokun içərisindəki qoruyuculardan biri belə yansa bloku bütöv dəyişirlər. Qidanlandırıcı blok ya işlədilmiş ya da təzə olur. Qidalandırıcı blok detal olduğu üçün original olmur. DME idarəedici blok deməkdir, qidalandırıcı blok demək deyildir. DME mühərrikin elektron komponentlərini idarə edir. Qidalandırıcı modul başqa, idarəedici modul başqa hissədir və onlarların yerləşmə yerləri də fərqlidir. Göstərilən şəkildəki hissə qidalandırıcı blokdur, DME deyildir. Hər bir naqilin qoruyusu (predoxraniteli) vardır. Qorucuların iki növü vardır biri bildiyimiz adi və barıtlı qoruyucular. Naqillərdən hər hansındasa qısaqapanma olarsa sözügedən naqilə görə akkumlyatorun içərisində partlama baş tutacaqdır. Qidalandırıcı blokun içindəki naqillərin də həmçinin qoruyucuları mövcuddur. Oradan komponentlərə çıxan naqillərdə qoruculudur. Komponentlər isə çoxdur: farsunka, pompa və sairə. Əgər qidalandırıcı modulun daxilindəki naqillərdə bir problem olarsa həmin an qoruyucular atırlar. Yəni kənar komponentlərdə olan problemlər qidalandırıcı bloka gəlmir, elə kənarda baş verir. Sözügedən qısaqapanma nəticəsində avtomobilin diaqnostikasında “Səhv” göstərəcəkdir və hansısa komponent işləməyəcəkdir. Ümumiyyətlə M20 mühərrikli avtomobillərdə bu problemlər tez rastlanılandır. Dediyim kimi, əgər qidalandırıcı blokun daxilinə müdaxilə olmayıbsa, yəni paykalanıb və sairə nəsə edilməyibsə, qidalandırıcı modulda problem ola bilməz. Ola bilər ki, avtomobilin elə bir komponentində problem olsun ki, hansıki avtomobilin işə düşməsinə maneə olmasın. Əgər cərəyan gedirsə, benzin varsa və hər hansısa kənar komponentdə problem varsa məsələn elektroventilyator, o vaxt avtomobil işə düşəcəkdir. Lakin daha sonra avtomobildə başqa problemlər ola bilər qızma və sairə. Ola bilər başqa avtomobillərin hissələri üçün stend mövcud olsun. Lakin BMW avtomobillərinin özü elə stenddir. BMW avtomobillərinin hansısa hissəsinin başqa avtomobilə taxılıb yoxlanılması qadağandır. Qidalandırıcı blokda olan və ya ona gələn naqillərdən hansındasa problem olarsa qızmaya səbəb olması ehtimal ola bilər. Bir daha qeyd edib ki, qidalandırıcı modul paylayıcı rolunu oynayır. İstehsalçı BMW avtomobilinə işlənmiş detalı qoymağı birmənalı olaraq qadağa edir. Bakıda BMW-də alışmaların daha çox pompaya golur ki, pompanın relesi atmır. Pompa işləyə-işləyə qalır. Bu da naqillərdə qızmaya görə olmasını bilirəm, qidalandırıcı bloka görə yox. Avtomobil söndükdən sonra da pompa işləyir ki, soyutsun. Soyuyandan sonra o da dayanır. Lakin elə halda alışmaya səbəb ola bilir.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, mütəxəssisin аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Hazırki işin faktiki hallarına əsasən "BMW" markalı, 10- VN-050 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuşdur, həmin avtomobildə yaranmış nasazlıq (elektrik itkisinin olması) ilə bağlı iddiaçı onu xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus olan avtomobil təmiri müəssisəsinə gətirmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində - iki gün ərzində avtomobilin elektrik naqillərinin yoxlaması həyata keçirilmiş, cavabdeh tərəfindən avtomobilin üzərində olan “qidalandırıcı modul” iddiaçının razlığı ilə qismən istifadə edilmiş markalı “qidalandırıcı modul”la əvəz edilmiş, onun üzərindən çıxarılmış həmin ehtiyat hissəsi isə iddiaçının özünə verilmişdir, bundan sonra xx.xx.2023cü il tarixdə təxminən saat 00:10 radələrində avtomobildə yanğın baş vermiş, yanğın hadisəsi bilavasitə dəyişdirilmiş ehtiyat hissəsinin özündə baş verməmiş, iddiaçı nəqliyyat vasitəsinin yanmasına cavabdehin dəyişdirdiyi ehtiyat hissəsinin səbəb olduğunu, cavabdehin onu dəyişərkən texniki normativlərə əməl etmədiyini bildirir və öz tələbini təsdiq edəcək sübutlar kimi istintaqdakı ekspert rəyini və şahid ifadələrini irəli sürür, cavabdeh isə iddia tələbini qəbul etmir, onun tərəfindən gördüyü işin keyfiyyətli olduğunu bildirir, baş vermiş hadisəni başqa bir səbəbdən ola bilməsi ilə əlaqələndirir.

25. Göründüyü kimi, nəqliyyat vasitəsinin təmirində cavabdehin hər hansı nöqsana yol verməsi, təmirin texniki təhlükəsizlik qaydalarına uyğun olmaması, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması halları, cavabdehlərin apardığı təmir ilə yanğın arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.

26. Hazırkı mübahisə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə bağlıdır, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması tələb olunur və qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquq pozuntusunun olduğunu sübutetmə yükü bu pozuntunun olduğunu iddia edən tərəfin üzərinə düşür. Baxılan iş üzrə isə iddiaçı, cavabdehin nəqliyyat vasitəsini təmir edərkən təqsirli surətdə texniki təhlükəsizlik qaydalarının tələblərini pozduğu və təmiri qüsurlu apardığı, nəqliyyat vasitəsində baş vermiş yanğının məhz cavabdehin dəyişdirdiyi ehtiyat hissəsindən və ya onda baş vemiş nasazlıqdan qaynaqlanması hallarına dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər, əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, işin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh tərəfindən elektrik itkisinin aradan qaldırılması məqsədilə avtomobildə elektrik naqillərinin keçiriciliyinin yoxlanılması və qidalandırıcı modulun dəyişdirilməsi işi həyata keçirilmiş, həmin dövrdə cavabdeh tərəfindən digər təmir işləri görülməmiş, dəyişdirilmiş qidalandırıcı modulun istifadə edilmiş digər qidalandırıcı modulla əvəzləşdirilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmiş, yanğın hadisəsi əvəzləşdirilmiş modulun olduğu hissədən başlamamış və hadisə nəticəsində sözügedən modul zədələnməmiş, təmirdən hadisəyə qədər xeyli vaxt keçmiş, avtomobil dayandıqdan sonra onun elektrik sistemi tam sönmüş və hadisə bundan bir müddət sonra baş vermişdir. İşdə olan ekspert rəyində də hadisənin baş vermə vaxtını və şəraitini, avtomobilin mühərrikinin söndürülmüş vəziyyətdə olduğu, avtomobilin saxlanıldığı yerdə hər hansı istilik mənbəyinin olmadığını, yanğın izlərinin avtomobilin qabaq və arxa tərəfdən alt hissədə daha dərin olduğunu, elektrik qurğuları üzərində elektrik təbiətli qəza halı üçün xarakterik izlər aşkar edilmədiyini, dəyişdirilmiş qidalandırıcı modulun yerləşdiyi hissədə yanğının inkişaf etmədiyini, yanğının inkişaf dinamikasını və intensiv xarakterini nəzərə almaqla kənar alışdırıcı mənbənin təsirindən yaranması üçün xarakterik olması müəyyən edilmişdir. O cümlədən kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı işin faktiki hllarını əsasən dəyişdirilən detalın iddiaçı tərəfin qeyd etidiyi detal deyil, məhz qidalandırıcı blok olması müəyyən edilmişdir. Bundan əlavə iddiaçının əvvəldə avtomobilin matorunun belə işlənmiş matorla əvəz etməsini (həmin usta tərəfindən), hazırki detalın da işlənmiş olmasını bilməməsi barədə dəlili əsassızdır. Belə ki, yeni detal alınması ilə bağlı da hər hansı bir danışıq olduğu təsdiqini tapmamışdır.

27. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMM-də xx.xx.2017ci il tarixdən texniki xidmət mərkəzinin baş mühəndisi vəzifəsində işləyən X4 da bildirmişdir ki, qidanlandırıcı modul, mühərrikin elektronika ilə bağlı olan elementlərinin işlək vəziyyətdə olmasını təmin edir. Sadəcə olaraq idarəedici modul da qidalandırıcı moduldan qidalanır. Motordakı bütün qidalandırmanı qidalandırıcı modul həyata keçirir. DME idarəedici modul deməkdir. Qidalandırıcı blokun dəyişdirilməsi yanğına səbəb ola bilməz. Əgər iş qaydasında icra edilibsə yanğın baş verməsinə əsas yoxdur. DME mühərrikin elektron komponentlərini idarə edir. Qidalandırıcı modul başqa, idarəedici modul başqa hissədir və onlarların yerləşmə yerləri də fərqlidir. Göstərilən şəkildəki hissə qidalandırıcı blokdur, DME deyildir. Hər bir naqilin qoruyusu (predoxraniteli) vardır. Qorucuların iki növü vardır biri bildiyimiz adi və barıtlı qoruyucular. Naqillərdən hər hansındasa qısaqapanma olarsa sözügedən naqilə görə akkumlyatorun içərisində partlama baş tutacaqdır. Qidalandırıcı blokun içindəki naqillərin də həmçinin qoruyucuları mövcuddur.

28. Başqa sözlə, mübahisələndirilən qidalandırıcı modul iddiaçının ixtiyarında olduğundan və baş vermiş hadisə həmin hissəyə hər hansı bir təsir göstərmədiyindən iddiaçıda ona dair rəylərin müstəqil əldə edilməsi imkanı olduğu halda bu imkandan istifadə edilmədiyi bir vəziyyətdə, "ehtiyat hissənin yararsız olması və bununla da hadisənin bilavasitə ondan qaynaqlanması, xüsusilə də bunda cavabdehin təqsirli olması” barədə dəlillər, iddia tələbinin təmin olunması üçün yetərli hesab edilə bilməz.

29. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və yuxarıda qeyd edilənlərə əsasən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-88/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar