Məhkəmə qərarları › İş №2(103)-2761/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2761/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2761/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehlərin vəkili X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3798/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 6500 (altı min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3798/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı SŞ ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən zərərçəkənlərə verilmiş sığorta ödənişinin əvəzi olan 6500 (altı min beş yüz) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat olmaqla, cəmi 6530 (altı min beş yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 120 (yüz iyirmi) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********,Müxbir hesab AZ41NABZO**********003003944,S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdehlər qeyd olunan qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 yol nəqliyyat hadisəsi zamanı avtomobilin etibarnamə olmadan idarə edilməsini Azərbaycan Respublikası “İcbari sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinin “sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır” hissəsinə istinad edərək belə bir qənaətə gəlmişdir. Məhkəmənin bu istinadı əsassızdır. Belə ki, Azərbaycan Respublikası “İcbari sığorta haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələbindən də göründüyü kimi, subroqasiya qaydasında tələb hüququ o halda yaranır ki, sığorta şəhadətnaməsində göstərilən əmlakın ona mülkiyyət hüququ olmayan şəxs tərəfindən idarə etmiş olsun. Cavabdeh1 Cavabdeh2 maşınını etibarnamə olmadan idarə etməsi mövqeyi tamamilə əsassızdır. “Hyundai Santa-fe” minik markalı avtomobili Cavabdeh2 ilə Cavabdeh1 məxsusdur. Cavabdeh2 onun həyat yoldaşıdır. xx.xx.2004-cü il tarixindən etibarən nigahdadırlar. İddiaçı həyat yoldaşı ilə nikahda olduğu dövrdə 2017-ci ilin buraxılışı G4KEHA978586 mühərrik nömrəli, KMHSU81CDJU811792 şassili boz metalik “Hyundai Santa-fe” minik markalı avtomobili xx.xx.2017-ci il tarixində “xxxxxxxxxxxxxxx” MMC şirkətindən həyat yoldaşının adına almışlar. Cavabdeh1 qeyd olunan maşının ümumi birgə mülkiyyətçisi hesab edilir. Etibarnamənin olub-olmaması, qeyd olunan mübahisənin predmeti deyildir. Cavabdeh1 qeyd olunan avtomo-bilin mülkiyyətçisi olduğundan DİN yol polisi əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunmamış, AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ona tətbiq olunmamışdır. DİN Yol Polisi əməkdaşları tərəfindən qəbul edilən inzibati aktdan isə sığorta şirkəti şikayət verməmişdir. İnzibati Xətalar Məcəlləsi ilə bu hüquq pozuntusuna hüquqi qiymət vermək səlahiyyəti DİN Yol polisinin səlahiyyətlərinə aid olduğu və həmin inzibati orqan tərəfindən bu hal hüquq pozuntusu hesab edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı təmin etməklə sığorta şirkətinə gələcəkdə də, əsassız varlanma hallarına imkan yaradır. Bu onu sübut edir ki, Cavabdeh1 qeyd olunan avtomobilin ümumi birgə mülkiyyətçisi olduğundan, onun avtomobili etibarnamə olmadan idarə etməsi halının heç bir əhəmiyyəti yoxdur. Bu hal İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında pul tələbinin irəli sürülməsi üçün əsas deyil. Məhkəmə iclasında cavabdehlərin vəkili X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilən hallarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan “X10” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı SŞ ASC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə 1 il müddətinə sığorta edilmiş, sığorta müddətində, yəni xx xxx 2019-cu il tarixdə Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 etibarnamə olmadan həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Renault Megane” markalı ** CK *** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, eyni zamanda X4 və Məmmədov Rövşən Müseif oğlu yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət almışlar. Yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobillərə cəmi 5000 manat məbləğində, V.X.Hüseynovun sağlamlığına 750 manat, R.M.Məmmədovun sağlamlığına isə 750 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində zərər vurulmuş və həmin məbləğ işdə olan ödəniş tapşırıqlarına əsasən İddiaçı SŞ ASC tərəfindən zərərçəkmiş şəxslərə ödənilmişdir. İş materiallarında olan “Yasamal RPİ TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına görə baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh1 tərəfindən törədildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qəraradadına əsasən Azərbaycan Respublikası Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 26028 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş xx xxx 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı Renault Megane markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 4720 manat, xx xxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı Toyota Corolla markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 980 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, İddiaçı SŞ ASC sığortalının avtomaşınına dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini reqres qaydasında cavabdehlərdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 883.1, 916.1, 922.1, 926, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrini, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə və iş üzrə xx xxxxxx 2019-cu il tarixli 26028 nömrəli ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hadisə zamanı Cavabdeh1 yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmiş və zərərçəkmişlərə vurulan zərər Cavabdeh2 sığorta şəhadətnaməsinə əsasən sığortaçı İddiaçı SŞ ASC tərəfindən ödənildiyindən yuxarıda göstərilən maddi normalara əsasən ödənilmiş sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməklə iddia tam təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırkı mübahisə ilə bağlı sığorta şirkəti tərəfindən zərəçəkən şəxslərə ödənilmiş vəsaitin məbləği apelyator tərəfindən mübahisələndirlməmiş, şikayətində yeganə əsas kimi qeyd olunan avtomobilin birgə nikah dövründə alındığı üçün etibarnaməyə zərurət olmadığına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X10” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı Cavabdeh2 ilə İddiaçı Sığorta Şirkəti ASC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli sığorta müqaviləsində digər üçüncü şəxsin, o cümlədən Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 da idarə etməsi ilə bağlı razılaşma olmamış, eləcə də Cavabdeh2 tərəfindən sonuncuya bu barədə etibarnamə verilməmiş, eləcədə hadisə vaxtı mülkiyyətçi avtomaşında olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3798/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar