Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2761/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 613 028 manat əmlakın dəyərinin, 38 314 manat faiz borcunun, 30 651 manat əldən çıxmış faydanın, 31 manat dövlət rüsumu və bank xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 17 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 613 028 manat əmlakın dəyəri, 38 314 manat faiz borcu, ümumilikdə 651 342 manat pul və 30 manat dövlət rüsumu tutulmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən 06 yanvar 2022-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamə barədə məlumatı Yasamal rayon İcra Şöbəsinə axtarışla gətirilən zaman məlumat əldə etmişdir. Daha sonra mülki işin materialları ilə tanış olması üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Aydın olmuşdur ki, o, ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin mülki iş materiallarında onun tərəfindən məhkəmənin yekun qərarının təqdim edilməsini təsdiq edən qəbz və ya xəbərnamə mövcud deyil. Daha sonra o, 29.12.2021-ci il tarixdə qəbzə imza ataraq qeyd edilən məhkəmə aktını qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın görünür ki, cavabdeh ümumiyyətlə məhkəmə iclasında iştirak etməmiş və yekun məhkəmə qərarını əldə etməmişdir. Bundan başqa, Yasamal rayon icra şöbəsinin icraatında olan icra işində olan 14.08.2018-ci il tarixli aktdan görünür ki, borclu Cavabdeh Yayha oğlunun qeydiyyatda olan ünvanına icra məmurları baş çəkmiş və həmin ünvanda borclu Cavabdeh yaşamaması aşkar edilmişdir və bu barədə müvafiq akt tərtib etmişlər. Bundan başaqa, icra işin materiallarda mövcud olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 29 avqust 2014-cü il tarixli bildiriş Cavabdeh tərəfindən 24 dekabr 2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə öz qərarını Yasamal rayon icra və probasiya şöbəsinin icra məmurunun əmlakın üzərinə həbs qoyulması və borclunun ölkədən çıxmasına məhdudiyyətlərin qoyulması barədə təqdimatlarına əsaslanmışdır. Qeyd olunan təqdimatların təmin edilməsi cavabdehin məhkəmə qərarı barədə məlumatı olmasına anlamına gələ bilməz. Həmçinin məhkəmə öz qərarında borcun yönəldilə biləcəyi əmlakların müəyyən edilməsi üçün icra məmuru tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilməsini qeyd etmişdir və həmin baxışın keçirilməsi aktında belə cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığı qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 326/2014 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməklə, iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəni rədd edərkən - qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması; avtomaşınların üzərinə həbs qoyulması və borcun yönəldilə biləcəyi əmlakların müəyyən edilməsi üçün icra məmuru tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilməsinə istinad etməklə hesab etmişdir ki, göstərilənlər cavabdehin qətnaməni vaxtında almasını təsdiq edir, əks təqdirdə cavabdeh qətnaməni almadığı halda göstərilən icra hərəkətlərindən və məhkəmə qərarlarından sonra ən azı 2015-ci ildə qətnamənin alınması üçün məhkəməyə müraciət edə bilərdi. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, icra məmurunun təqdimatına əsasən Yasamal Rayon Məhkəməsinin 14.04.2015-ci il tarixli 8(004)-1129/2015 saylı qərardadı ilə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda icra məmurunun digər təqdimatına əsasən isə Yasamal Rayon Məhkəməsinin 14.04.2015-ci il tarixli 8(004)-1128/2015-ci il tarixli qərardadı ilə qətnamənin icrasını təmin etmək məqsədi ilə cavabdehə məxsus “Ford Escort” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulmuşdur. Həmçinin borcun yönəldilə biləcəyi əmlakların müəyyən edilməsi üçün icra məmuru tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı 17 fevral 2014-cü il tarixli qətnaməsinin tərəflərə göndərilməsi barədə məktub olsa da, bu barədə poçt göndərişlərinə dair reyestr, eləcə də qətnamənin cavabdehə çatdırılması barədə hər hansı poçt zərfinin xəbərnaməsi mövcud olmamış, cavabdeh yalnız 27 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd olunan qətnamənin təqdim edilməsini xahiş etmiş, 28 dekabr 2021-ci il tarixdə də qətnamə cavabdehə təqdim edilmişdir və apellyasiya şikayəti 06 yanvar 2022-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və avtomaşınların üzərinə həbs qoyulması barədə qərardadlardan da göründüyü kimi cavabdeh keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin qəbul edilmiş qərardadlar da cavabdehə çatdırılması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən məhz birinci instansiya məhkəməsinin istinad etdiyi borcun yönəldilə biləcəyi əmlakların müəyyən edilməsi üçün icra məmuru tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilməsi barədə tərtib edilmiş 14 avqust 2018-ci il tarixli aktdan görünür ki, borclu Cavabdeh qeydiyyatda olduğu Haqverdiyev küçəsi, ev 1, mənzil 20 ünvanında yaşamır və orada borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı 17 fevral 2014-cü il tarixli qətnaməsi cavabdehə rəsmi qaydada təqdim edilməmiş, yalnız 28 dekabr 2021-ci il tarixdə qətnaməni əldə etmiş, eyni zamanda qətnamənin icrası qaydasında da həyata keçirilmiş tədbirlərdən həmin tarixlərdə məlumatlı olması öz təsdiqini tapmamış, yalnız 24 dekabr 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən, buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdıraraq düzgün qiymət verməyərək ərizənin rədd edilməsi barədə nəticəyə gəlmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, işin qeyd olunan halları yenidən araşdırılmaqla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-326/2014 saylı 17 fevral 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə Cavabdeh ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2761/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2761/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver