Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2761/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X12 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər: söküntü işlərinin dayandırılması, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sx oğlu və İx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, Cavabdeh “X12 Kompleksi” Mənzil-Tikinti Kooperativin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “X12 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-59/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 2, mənzil 19 X1 xüsusi mülkiyyətindədir.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən “X12 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciəti nəzərə alınaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X12 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 359 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamı nəzərə alınaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yaşayış binasının tikintisi üçün “X12 Kompleksi” MMCyə icazə verilmişdir.
4. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 34/10160 nömrəli tapşırığına əsasən ünvan 1 ünvanda yerləşən zirzəmili, 5 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmili, 5 mərtəbəli olub 1935-ci ildə inşa edilmişdir. Bina reylefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materiallarından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Dam yastı tipli olub yumşaq materiallarla örtürülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. ünvan 1 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2008-ci ildə PİNLİGHT VİP çilçıraq mağazasından İspaniya markası olan “Riperlamp” firmasının istehsalı olan AA003A06C2 kodlu modelini 2.500 manata almışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh “X12 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildən “X12 Kompleksi” şirkəti yaşadıqları beşmərtəbəli binanın mənzillərinin alışı ilə məşğuldur. Vaxtaşırı qazı, suyu bağlayır, telefon, internet kabellərini kəsir, su və kanalizasiya borusunu zədələyir, qaz borusu kəsili halda qaz sızaraq açıq saxlayırlar. Onları zorla yaşadıqları mənzillərindən çıxartmaq istəyirlər. Baxmayaraq ki, binada hələ də yaşayanlar var, onlar söküntü işlərinə başlamışlar. O, narahatçılıq törədən alətlərin səsindən və ev sirkələnməsindən, balkonlarına daşlar, ağır dəmirlər, mismarlı taxtaların düşməsindən, balkonlarının zədələnməsi barədə polisə dəfələrlə müraciət etmiş, amma bunlara baxmayaraq, onlar çirkin əməllərini davam etmişlər. xx.xx.2022-ci il tarixdə otaqlarındakı çilçıraq qırılmış və yerə düşmüşdür. Çilçıraq yararsız vəziyyətə düşmüşdür. O, “X12 Kompleksi” şirkətindən söküntü işlərinin dayandırılması və ona kompensasiyanın ödənilməsini tələb edir. Kompensasiyanın məbləği – çilçıraqın alış qiyməti 2.500 manat, üstəlik 1.000 manat ona dəymiş ziyan kimi, cəmi 3.500 manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı söküntünün dayandırılması və ona dəymiş ziyana görə 3.500 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının yaşadığı ərazidə kooperativ tərəfindən qanunla məyyən olunmuş qaydada, müvafiq sərəncamlar əsasında köçürmə prosesi həyata keçirilir. Yalnız notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında alınan mənzillər boşaldılır. İddiaçının yaşadığı mənzil barədə razılıq əldə olunmamışdır. İddia ərizəsində qeyd olunan birinci iddia əsassızdır, söküntü prosesi həyata keçirilmir və yalnız kooperativ tərəfindən alınan mənzillər boşaldılır. Kooperativ tərəfindən heç bir sakinin su və işlıq xəttlərinə müdaxilə olunmur. Belə bir fakt mümkün deyil. Bununla bağlı hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar tərəfindən onlara hər hansı məlumat da verilməmişdir. Sakinlərin normal yaşamına maneələr törədilmir. İkinci iddia ondan ibarətdir ki, iddiaçının söküntü işləri ilə əlaqədar çilçırağı yararsız vəziyyətə düşüb. Bu faktın sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Bu iddia ilə bağlı kooperativə hər hansı irad bildirilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş arayışdan məlum olur ki, yararsız vəziyyətə düşmüş çilçıraq təxminən 14 il əvvəl "xxxx" MMC şirkətinə məxsus mağazadan alınıb. Vergi xidmətinin portalından əldə etdiyi reyestri məlumatlarından görünür ki, "xxxx" MMC şirkəti 2019-cu ildə qeydiyyatdan keçmişdir. Bu faktla müəyyən etmək olur ki, iddiaçının təqdim etdiyi arayış əsassızdır və sübut kimi qəbul oluna bilməz.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1669/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 10/6479-9/7127 saylı ekspert rəyinə əsasən “X12 Kompleksi” MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evdə aparılan təmir-tikinti və söküntü işləri ilə əlaqədar çilçırağın yerə düşməsinə səbəb olub-olmamasını dəqiqliklə müəyyən edilməsi mümkün deyil. Həmin mənzildə quraşdırılmış və yerə düşərək zədələnmiş çilçırağın bərpa dəyəri təxminən 100 manat müəyyən olunur.
10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-59/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən aparılmış söküntü işləri ilə əlaqədar çılçırağın yerə düşüb yararsız hala düşməsi halı öz təsdiqini tapmamışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı söküntü işlərin nəticəsində narahatçılığın yaranmasını təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iş məhkəmə icraatında olduğu zaman artıq bina tamamilə sökülmüş və sakinlər həmin binadan köçmüşlər. Həmçinin, iddiaçının qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi digər şəxs olduğundan, iddiaçının həmçinin belə tələblərlə çıxış etməyə də subyektiv hüququ yoxdur.
13. Məhkəmə öz movqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə, Mülki Məcəlləsinin 152.1, 157.4-ci maddlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarına, Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 218.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun tələbi - 2.500 manat çilçıraq haqqı və 1.000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 19 №-li mənzilində yaşamış, 43 saylı mənzildə deyil. Evində heç bir təmir-tikinti işləri aparılmayıb. Cavabdeh MTK tərəfindən binada yalnız söküntü və dağıntı işləri görülübdür. Ekspertlər həqiqətən də onun mənzilinə gəlmiş, baxış keçirmiş, baxış keçirmə haqqında protokolu imzaladmış və onu evdə buraxaraq, cavabdehin nümayəndəsi ilə harasa gedmişlər. Görünür, onu tərk edərək 43 saylı mənzilə baş çəkmiş və oradaki çilçırağın vəziyyəti haqqında rəy tərtib etmişlər. 43 saylı mənzildə o zaman cavabdehin müvəqqəti ofisi yerləşirdi. Görünür, onların da orada çilçırağı yerə düşmüşdür. Onun çilçırağı məhz söküntü işləri nəticəsində yerə düşmüşdür. Buna sübut kimi onu göstərə bilər ki, otağın tavanı çəkilmiş fotoşəkildə göründüyü kimi, yuxarıdaki mərtəbənin zərbələrinə dözməyib tavanın emulsiya və gips qatı çatlamış və yerə tökülmüş vəziyyətdədir. Əlavə olaraq, çilçıraq düşdüyü zaman video çəkilmiş, ancaq təəssüflər olsun ki, elektron kabinetdən göndərmək münkün deyil. Orada göstərilir ki, necə MTK-nın işçiləri: briqadir Anar və fəhlə Xalid dəvət olunurlar mənzilə və gördüyü işlərin nəticəsi ilə tanış olurlar. Bunların hamısı təsdiqləyir ki, çilçırağın düşdüyü səbəb cavabdehin söküntü işlərin aparılması nəticəsində olmuşdur. O ki qaldı çilçırağın bərpa dəyərinə, qırılan parça və ümumiyyətlə çilçıraq bürüncdən hazırlanmışdır. Bürünc - mis və sinkin ərintisindən alınan metaldır. Qırılan parçanın isə nə lehimləmə, nə də qaynaq üsulu ilə çilçırağın bütövlüyünü və xarici gözəlliyini saxlamaq mümkün deyil. Bürünc “ləçək” yalnız tökmə üsulu ilə bərpa edilə bilər və əvvəlki vəziyyətə gətirilə bilər. Çox mürəkkəb texnologiyadır. Ekspertlər metal tökmə mütəxəssisi deyillər. Amma heç olmasa mütəxəssislərlə məsləhətləşsəydilər, belə qiymət verməzdilər. O ki qaldı mənəvi ziyan barəsində, çilcırağın yerə düşməsi və söküntü işlərin aparılmasına görə eyvanın zədələnməsi, paltarqurudma iplərin qırılması və iplərin saxlanma dayaqların əzilməsi, artırmanın 5-ci mərtəbəsində damın dağıdılması və mənzilin arasında olan tavan-döşəmələrin dağıdılması, otağın tavanının çökməsi, yağış sularının mənzilinə daxil olması nəticəsində onun və həyat yoldaşının halları pisləşmişdir. Yalnız həyat yoldaşının çox təcrübəli tibb bacısı olduğu üçün, təcili tədbirlər gördüyü üçün, bədbəxt hadisə baş verməmiş və onlar sağlam qalmışlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Apellyasiya şikayətində qətnamənin 2.500 manat çilçıraq haqqı və 1.000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı hissəsi iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iddiaçı tərəfindən cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində ona ziyan vurulduğu, yəni çilçırağın zədələnməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmiş, habelə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də bu hal öz təsdiqini tapmamışdır.
25. Eyni zamanda, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-59/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.