Məhkəmə qərarları › İş №2(103)-2763/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2763/2024

04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2763/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmlakın təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı nümayəndəsi X7 və X4, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMMC-nin buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binaları kompleksinin MMMC tərəfindən idarə edilməsinə cavabdeh MTK tərəfindən müxtəlif üsullarla maneələr törədilməsinin qadağan edilməsi, MTK-nın bununla bağlı hərəkətlərinin (fəaliyyətinin) qanunsuz sayılması, həmin əmlak kompleksinin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin, ümumi işığı idarə edən mərkəz şəbəkəsinin və ərazidə olan digər qurğuların təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən ünvanda yerləşən və cavabdeh MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli 1, 2 və 4 saylı yaşayış binaları xx.xx.2019-cu il tarixdə Dövlət aktına əsasən istismara qəbul edilmişdir. Binanın təhvil verilməsindən sonra MTK qanunsuz hərəkətlərə yol verərək mənzil mülkiyyətçilərini incidir, kompleksi baxımsız və təhlükəli vəziyyətdə saxlayır. Bu halları nəzərə alan mülkiyyətçilər xx.xx.2022-ci il tarixdə iddiaçı MMMC-ni təsis etmişdir. MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. MMMC tərəfindən xx.xx.2022-ci il tarixdə MTK-ya müraciət edilərək kompleksin əmlakının və sənədlərin ona təhvil verilməsini tələb etmişdir. Lakin MTK onları təhvil verməkdən imtina edərək, öz fəaliyyətini davam etdirməkdədir. MMMC hesab edir ki, əmlak kompleksinin MMMC tərəfindən idarə edilməsinə MTK tərəfindən müxtəlif üsullarla maneələr törədilməsi qadağan edilməli, MTK-nın hərəkətləri (fəaliyyəti) qanunsuz sayılmalıdır. b) cavabdehin iddia tələbinə etirazı barədə məlumat

3. İş üzrə cavabdeh MTK-nın iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, yaşayış kompleksi 15 girişli 6 binadan ibarətdir və bu binalardan yalnız üçü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 095 nömrəli istismara icazə aktını almışdır. Kompleksin digər üç binasının tikintisi davam etməkdədir. MMMC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri tərəfindən verilmiş "xxxx" MMMC-nin fəaliyyət ərazisi tikintisi başa çatmış və istismarına icazə verilən 1, 2 və 4 saylı binalar konkret olaraq göstərilmişdir. Həmin binalar MMMC-yə təhvil verilmişdir. İstismarına dövlət icazə aktı alınmayan digər sahələr MMMC-yə təhviltəslim edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən Mənzil Mülkiyyətciləri Müştərək Cəmiyyəti coxmənzilli binada yalnız sahə mülkiyyətçilərinin ümumi əmlakını idarə etmək hüququna malikdir. Binaların zirzəmi hissəsində 2 mərtəbəli avtodayanacaq inşa edilmiş, bütün sahələr bina sakinlərinə satılmış və həmin sahələrə çixarışlar verilmişdir. Bu ərazilər sahə mülkiyyətçilərinin ümumi istifadədə olan şahaləri siyahısına daxil olsaydı, bunlara çıxarışların verilməsi mümkünsüz olardı. Binanın zirzəmisinin “-1” mərtəbəsində yerləşən və texniki qurğular (su motorları, sayğaclar və s.) üçün nəzərdə tutulan sahələr isə tam olaraq MMMC-yə təhvil verilmişdir. Kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəsinin MMMC-yə təhvil-təslim edilməsi mümkün deyil. Belə ki, MTK üçün "xxxx" ASC tərəfindən verilən texniki şərtə əsasən kompleksin ərazisinə verilən elektrik cəryanının gücü (2.351 kVt) kompleksdə tikiləcək bütün binalar və qurğular üçün nəzərdə tutulmuşdur. Kompleksin ərazisindəki tikilməkdə olan yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təmin olunmaması kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkənin hər hansı bir quruma təhvil verilməsini mümkünsüz edir. Bundan başqa, "xxxx" əsasən kompleksin işığı idarə edən mərkəzi şəbəkə MTK tərəfindən yalnız "xxxx" ASC-nin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yuxarıda qeyd edilən ünvanda yerləşən 1, 2 və 4 saylı binaları, həmin binalarda mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər hissəsində, həmçinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin iddiaçı MMMC-yə təhvil verilməsini, həmin 3 binanın MMMC tərəfindən idarə edilməsinə maneələrin törədilməsinin cavabdeh MTK-ya qadağan edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, 100 manat məbləğində dövlət rüsumunun cavabdeh MTK-dan tutularaq iddiaçı MMMC-yə ödənilməsini, qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin predmetinin əsas hissəsi çoxmənzilli binanın ümumi əmlakına aid deyil. Belə ki, iddiaçı MMMC iddia ərizəsində həmçinin çoxmənzilli yaşayış kompleksinin, həmin kompleksin tərkib hissəsi olan 2 mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyriyaşayış sahələrini, kompleksin ümumi işığı idarə edən mərkəzi şəbəkəni və kompleksin ərazisində olan digər qurğuları MTK tərəfindən MMMC-yə təhvil-təslim edilməsini xahiş etmişdir. Halbuki cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlardan” görünür ki, məsələn, mübahisəli yaşayış kompleksinə daxil olan 4 saylı binanın ikinci zirzəmi mərtəbəsində yerləşən 21 və 22 saylı qarajlar xx.xx.2023-cü il tarixdən X5 xüsusi mülkiyyətindədir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/04-626 saylı cavab məktubundan görünür ki, inşaat pasportu əsasında hazırlanmış və yuxarıda qeyd edilən ünvanda tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının təqdim edilmiş eskiz layihəsi (15 girişli, 16 mərtəbəli + texniki mərtəbə + dam + 1-2 mərtəbəsi – qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri – yeraltı qaraj) razılaşdırılmışdır. Belə olan halda məhkəmə iddiaçı MMMC tərəfindən iki mərtəbəli zirzəmi ərazisini, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin cavabdeh MTK-dən tələb edilməsinin hüquqi əsaslarının mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Belə ki, qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və əmlak kompleksi iddiaçıya təhvil verilərkən nə MMMC-nin Nizamnaməsindən, nə də ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bilməz. Ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, mərkəzi şəbəkənin yalnız artıq istismara verilmiş 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi ayrılaraq MMMC-yə təhvil verilməlidir. Belə ki, TX-08- 0020 saylı “Texniki şərt” verilərkən ümumi olaraq 6 binadan ibarət olacaq çoxmərtəbəli yaşayış binaları kompleksi üçün verilmişdir. d) apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı MMMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış kompleksinin cavabdeh MTK tərəfindən zəbt edilmiş iki mərtəbəli 15.000 kv.metr zirzəminin və istifadə edilən qeyri-yaşayış sahələrinin MTK tərəfindən MMMC-yə təhvil verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən iddiaçı MMMC-nin apellyasiya şikayətində və şikayətə əlavədə göstərilmişdir ki, iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

8. Cavabdeh MTK da öz növbəsində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia ərizəsində ifadə olunmuş “mübahisəli yaşayış kompleksinin ümumi işığı idarə edən mərkəzi şəbəkənin 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsinin MMMC-yə təhvil verilməsi öhdəliyin MTK-nın üzərinə qoyulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış cavabdehin apellyasiya şikayətində isə əlavə olaraq qeyd edilmişdir ki, işin hallarını düzgün müəyyən etməmiş Rayon Məhkəməsi iddianın təmin edilməsi hissəsində səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

10. İddiaçı MMMC-nin nümayəndələri apellyasiya baxışında iştirak edərək, cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və təmsil etdikləri MMMC-nin apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və şikayətə əlavənin məzmununa uyğun izahat verdilər.

11. Cavabdeh MTK-nın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı MMMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi MTKnın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətinin və iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı MMMC-nin "xxxx" görünür ki, MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. MMMC müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 2 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıcağının qərarına əsasən yaradılmışdır.

14. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir (maddə 119.1.). Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil (maddə 119.2.). Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar (maddə 119.7.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək (maddə 122.1.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (maddə 35.1.).

15. Məhkəmə qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan ərazilər konkret olaraq göstərilmiş və mübahisəli əmlak kompleksi iddiaçı MMMC-yə təhvil verilərkən MMMC-nin nizamnaməsindən və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərindən kənara çıxıla bilməz. İş materiallarında olan sübutlardan binaların zirzəmi mərtəbəsində olan qeyri-yaşayış sahələrinin məhz yeraltı qaraj olduğu müəyyən edilir. Belə olan halda, kompleksin 2 mərtəbəli zirzəmi ərazisinin, qanunsuz istifadə edilən qeyri-yaşayış sahələrinin cavabdeh MTK-dan tələb edilməsinin hüquqi əsası yoxdur. Odur ki, çoxmənzilli binanın ümumi əmlakına aid olmayan hissələrdə iddianı rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

16. Ümumi işığı idarə edən mərkəzi şəbəkənin iddiaçıya təhvil verilməsinə münasibətdə Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, mərkəzi şəbəkənin yalnız artıq istismara verilmiş 1, 2 və 4-cü yaşayış binalarına aid hissəsi ayrılaraq MMMC-yə təhvil verilməlidir. Belə ki, TX-08-0020 saylı texniki şərt verilərkən ümumi olaraq 6 binadan ibarət olacaq çoxmərtəbəli yaşayış binaları kompleksi üçün verilmişdir.

17. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

18. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı iş üzrə gəlmiş olduğu nəticə işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. g) apellyasiya baxışının nəticəsi

19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar