Məhkəmə qərarları › İş №2(103)-2765/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2765/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2765/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Quliyeva (Şıxəlizadə) Aytəkin İdayət qızının cavabdeh “X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx” ilk iddiasına, cavabdeh ASC-nin iddiaçıya qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə ASC tərəfindən inşa edilmiş 7 saylı binada yerləşən, 115 (136) saylı mənzilinin (bundan sonra – mənzil) dəyəri kimi onun tərəfindən ASC-yə ödənilmiş 16.000 manat nağd pul məbləğinin, xx.xx.2012-ci il tarixli, İNK-İ12/141 saylı “xxxx” əsasında onun adına rəsmləşdirilmiş və mənzilin dəyəri kimi ASC-nin hesabına köçürülmüş 56.501,96 manat kredit məbləğinin, həmin mənzilin təmirinə xərclənmiş 30.000 manat pulun, həmçinin ASC-nin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat, eləcə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC hazırki iş üzrə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 14661 saylı müqavilənin ləğv edilməsini, mənzilin boşaldılmasını və ASC-yə təhvil verilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3029/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Bununla da İddiaçı, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən mərhum olmuş, mənzilin dəyərini artıqlaması ilə ödəməsinə baxmayaraq evi əlindən alınmış və ona, ailəsinə çox ciddi maddi və mənəvi zərbə vurulmuşdur. Odur ki, İddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı, müvafiq mənzil üçün əvvəlcə 16.000 manat, daha sonra 56.501,96 manat (xx.xx.2012-ci il tarixli, İNK-İ- 12/141 saylı “xxxx” əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi ASC-nin hesabına köçürülmüş) olmaqla, cəmi 72.502 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, İddiaçı, mənzilin təmirinə 30.000 manat xərcləmişdir. Həmçinin ASC tərəfindən uzun müddət məhkəmələrə cəlb edildiyindən və yeganə yaşayış yeri olan müvafiq mənzildən məhrum edildiyindən İddiaçı özü və ailə üzvləri çox ciddi mənəvi-psixoloji sarsıntı keçirmişlər. Hətta iddiaçı, bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra bu problemin qanuni yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. İddiaçı ASC tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğini ən az 10.000 manat civarında qiymətləndirir. İlk iddia əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh ASC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan onun xeyrinə dəymiş ziyana görə 25.200,4 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 25.230 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin ilk iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısına dair xx.xx.2011-cı il tarixli, 14661 nömrəli müqavilə bağlanmışdır. Alıcı olan İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu satıcı olan ASCyə ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə ASC ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti də təmin edilməmiş, Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən mənzilə görə ödənilən pul ona geri qaytarılmamalıdır. Çünki müqavilə bilavasitə İddiaçı təqsiri üzündən pozulmuş və ləğv edilmişdir. İddiaçı müqavilə öhdəliklərini pozduğuna görə, müqavilə ASC-nin iddiası əsasında məhkəmə qaydasında ləğv edilmişdir. İddiaçi İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsaslanaraq mənzilin təmirinə çəkdiyi pulun geri qaytarılması tələbi də tam qanunsuz və əsassızdır. Çünki iddiaçı mənzili təmir edərkən mənzilin dəyərini tam ödəməmiş, ona sahiblik və mülkiyyət hüququ əldə etməmişdir. Eyni zamanda mənzilin təmirini ASC ilə hər hansı razılaşma bağlamadan həyata keçirmişdir. ASC iddiaçıya mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu deyildir. ASC iddiaçı qarşısında hər hansı öhdəlik daşımır və mənzilin təmirini iddiaçı öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin dəyərini tam ödəmədiyi üçün mənzilin sahibi və mülkiyyətçisi hesab olunmur və hər hansı yaxşılaşdırmalara görə cavabdehdən yaxşılaşdırmaların əvəzini tələb edə bilməz. İddiaçı mənzilin pulunu ödəməməklə müqavilə öhdəliklərini pozmuş və onun təqsiri üzündən məhkəmə qaydasında müqavilə ləgv olunduğu üçün o, vicdanlı sahib sayıla bilməz. İddiaçının xx.xx.2012-ci il tarixli, İNK-İ-12/141 saylı xxxx əsasında evin dəyəri kimi ASCnin hesabına köçürülmüş kredit məbləğinin ona qaytarılması tələbi də tam əsassızdır. Çünki iddiaçı verilmiş kreditin ödənişindən imtina etdiyi üçün ASC onun 60.980,92 manat (56.501,96 manat əsas borc və 4.478,96 manat faiz) məbləğində ssuda borcunu bağlamışdır. Akkord zaminlik müqaviləsinin şərtlərinə əsasən onun əvəzinə kredit borcunu banka geri qaytarmışdır. ASC-nin qarşılıqlı iddia tələbi isə belə əsaslandırılmışdır ki, İddiaçı ASC-yə məxsus mübahisəli mənzilin alınmasına dair ASC ilə xx.xx.2011-ci il tarixli, 14661 nömrəli “Alğısatqı müqaviləsi” bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə ASC ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti də təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2011-ci ildən ASC-yə məxsus mənzildə yaşasa da mənzilin pulunu vaxtı-vaxtında ödəməmiş və nəticədə müqaviləyə məhkəmə qətnaməsi ilə xitam verilmişdir. İddiaçı mənzilə gecikmələrlə cəmi 14.483,55 manat pul ödəmiş və hazırda mənzilə görə ödədiyi pulun geri alınmasına dair iddia qaldırmışdır. İddiaçı bu 7 ildə kirayə yaşamış olsaydı, hər ay kirayə mənzilə minimum 300 manat kirayə haqqı ödəsəydi, deməli 7 ildə (84 ay) 25.200 manat kirayə haqqı ödəməli idi. ASC mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi, 7 ilə ən azı 25.200 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi İddiaçı qeyd olunan ASC-yə məxsus mənzildə əsassız yaşaması ilə ASC-yə maddi ziyan dəymişdir Qarşılıqlı iddia icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, mübahisəli mənzilin alınması üçün ödənilmiş 14.483,55 manat, aparılmış təmir-tikinti işlərinin dəyəri olan 23.379 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmasını, ekspertiza xərcinin dəyəri olan 150 manatın 75 manatının İddiaçı, 75 manatının isə ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsini, ilk iddianın qalan hissəsisinin təmin edilməməsini, ASC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsini, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ASC-yə aid edilməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, həmin qətnamənin ilk iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməklə, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsi işin sübuta yetmiş həqiqi hallarına tam qiymət verməmiş və ilk iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş üzrə cavabdeh ASC-də də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilk iddianın təmin edilməsi hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları ilk iddiaya etirazın və qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində isə əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı “iddiadan və apellyasiya şikayətindən qismən imtina edilməsi barədə”xxxx“evin dəyəri kimi ASC-nin hesabına köçürülmüş 56.501,96 manat kredit məbləğinin cavabdehdən onun xeyrinə tutulması” hissəsində iddiadan və apellyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı “iddiadan və apellyasiya şikayətindən qismən imtina edilməsi barədə”xxxx“evin dəyəri kimi ASC-nin hesabına köçürülmüş 56.501,96 manat kredit məbləğinin cavabdehdən onun xeyrinə tutulması” hissəsində iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini qərara almışdır. İşə apellyasiya qaydasında baxan Məhkəmə ilk növbədə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata ilk iddianın “evin dəyəri kimi ASC-nin hesabına köçürülmüş 56.501,96 manat kredit məbləğinin cavabdehdən onun xeyrinə tutulması” hissəsində xitam verildiyi üçün Məhkəmə həmin hissədə ilk iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışında iştirak etmiş iş üzrə İddiaçı və onun apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş nümayəndəsi və vəkili X2 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin və ilk iddia ərizəsinin apellyasiya baxışının predmeti olan hissədə məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdeh ASC apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışında qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 14661 nömrəli “xxxx” görünür ki, ASC mübahisəli mənzili İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,3 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay müddətində ödəməyi öhdəsinə götürür. xx.xx.2012-ci il tarixli, İNK-İ-12/141 nömrəli “xxxxndən” görünür ki, borc verən “xxxx” ASC borc alan İddiaçı 56.501,96 manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür. Mübahisəli mənzil xxxxnin təminatı kimi çıxış edir. “xxxx” ASC tərəfindən “X6 İnvestisiya Korporasiyası” ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 914 nömrəli məktubdan görünür ki, müştəri İddiaçı mənzil üzrə verilmiş kreditin ödənişindən imtina etmişdir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 2087 nömrəli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixində verilmiş 56.501,96 manat məbləğində olan kredit üzrə borc məbləği xx.xx.2014-cü il tarixdə “X6 İnvestisiya Korporasiyası” ASC tərəfindən tam olaraq ödənilmiş və müqaviləyə xitam verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 3029/2015 nömrəli qətnaməsi ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) ASC-nin iddiası təmin edilmiş, mübahisəli mənzilə dair ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14661 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-5718/2015 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-3029/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-832/2016 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-5718/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 23484 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 115 (136) saylı mənzilin təmir edilən dövrdə təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırda bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 23.379 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 162644 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 115 (136) saylı mənzilin təmir edilən dövrdə təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış tikinti-təmir işlərinin hal-hazırda bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 23.379 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, mənzilin təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış təmir işləri ilə bağlı tikinti materiallarına çəkilmiş xərclərin dəyəri və həmin işlərin görülməsi üçün əmək haqqı 23.379 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən mənzilin alınması üçün ASC-yə bugünə qədər cəmi 14.483,55 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən iddia tələbində göstərildiyi qədər məbləğ ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizalar nəticəsində mənzilin təmirsiz vəziyyətdən hazırki vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 23.379 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Məhkəmə iddianın “mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş üzrə İddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, ona vurulmuş mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, Rayon məhkəməsi iddianı “mənəvi ziyanın tutulması” hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, ASC bildirir ki, İddiaçı 2011-ci ildən hal-hazıradək mənzilin pulunu ödəməyərək orada yaşamış, mənzili ASC-yə geri qaytarmamış və nəticədə ASC-yə maddi ziyan dəymişdir. ASC vaxtında həmin mənzili başqasına satsa idi, həmin mənzilin pulunu dövriyyəyə buraxar və gəlir əldə edə bilərdi. Mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər əldən çıxmış fayda olaraq qiymətləndirilir. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İş materiallarından müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-3029/2015 nömrəli qətnaməsi ilə ASC-nin iddiası təmin edilmiş, müvafiq mənzilə dair ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14661 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Rayon Məhkəməsi hesab etmişdir ki, nəticə etibarı ilə, əgər ASC İddiaçı mənzildə yaşamağa davam etməsinə razı deyildisə, məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmalı idi. Buna baxmayaraq, İddiaçı mənzildən çıxarılması və həmin mənzilin kirayəyə verilməsi yönündə hərəkətsiz qalması, yəni fayda əldə etmək üçün tədbirlər görməməsi ASC-nin əldən çıxmış faydanı tələb etmək hüququnu aradan qaldırır. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşan Məhkəmə qeyd edir ki, ASC öz tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, ASC ona maddi ziyan dəydiyini, həmçinin mənzilin pulunu dövriyyəyə buraxaraq gəlir əldə edəcəyini göstərsə də, həmin ziyanın və gəlirin nədən ibarət olmasını sübut edə bilməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qənaəti əsaslıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışında qalan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışında qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar