Məhkəmə qərarları › İş №2(103)-2768/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2768/2024

22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2768/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh3 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-299/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-87/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 2 li 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.

2. Hökmə əsasən Cavabdeh2 və Cavabdeh1 təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir-biriləri və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı sonuncunun qardaşı sonuncunun qardaşı Azadxan Xanməmmədovun barəsində olan cinayət işinə xitam verilməklə Azadxan Xanməmmədovun həbsdən azad edilməsinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə İddiaçı məxsus ümumilikdə 175.000 manat pulu ələ keçirməklə Cavabdeh2, Cavabdeh1 və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxslə aralarında bölüşdürüb zərərçəkmiş şəxs İddiaçı 175.000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər.

3. Hökmdən həmçinin müəyyən olunur ki, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2019-cu il tarixli qərarla X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Allahverdi Abbasov xx.xx.2019-cu il tarixdə vəfat etmiş, onun hüquqi varisi qismində xx.xx.2019-cu il tarixli qərarla tanınmış qardaşı X14 ərizəsində iş üzrə Allahverdi Abbasovun barəsində cinayət işinə o vəfat etdiyi üçün bəraətverici olmayan əsaslarla xitam verilməsini xahiş etmişdir. Allahverdi Abbasov barəsində cinayət təqibinə bəraətverici olmayan əsasla xitam verilmişdir.

4. Hökmdən həmçinin müəyyən olunur ki, Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X15 icraatında olmuş həmin ********* saylı cinayət işi üzrə Cavabdeh2 oğlu X3 və qohumu Əliyev Hikmət Vəkil oğlundan iş üzrə zərərçəkmiş şəxs İddiaçı ödənilməsi üçün təqdim edilmiş 9.000 manat pulu həmin şəxslərdən qəbul etmişdir.

5. Hökmdən o da görünür ki, İddiaçı baş vermiş dələduzluq hadisəsi ilə bağlı ona vurulmuş 175.000 manat maddi, həmçinin 50.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılmış və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1423/2021 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, zərərçəkmiş şəxslər: İddiaçı və X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, məhkum Cavabdeh2 özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin və apellyasiya şikayətlərinə edilmiş əlavənin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumlar - Cavabdeh2 və Cavabdeh1 barəsində olan 18 may 2021-ci il tarixli hökmün dəyişdirilməsi, Cavabdeh2 və Cavabdeh1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, hər biri barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Cavabdeh3 və Cavabdeh4 X2 vərəsələridir, miras əmlak: - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.4 kv.m olan qeyri yaşayış binası (“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlakdan ½ hissədə Cavabdeh3, ½ hissədə Cavabdeh4 pay əldə etmişlər); - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsi (“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlakdan ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh4 pay əldə etmişlər); - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv.m olan qeyri-yaşayış binası (“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlakdan ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh4 pay əldə etmişlər); - Buraxılış ili 2011 olan “Lexus LX570 minik” markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlakdan ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh4 pay əldə etmişlər); - Buraxılış ili 2014 olan “Toyota Corolla minik” markalı, **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin əmlakdan ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh4 pay əldə etmişlər).

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı “cinayət əməli nəticəsində dəymiş ziyanın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 175.000 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir-biriləri və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Abbasov Allahverdi cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçını, sonuncunun qardaşı Azad Xanməmmədov barəsində cinayət işinə xitam verilməklə onun həbsdən azad edilməsinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə Cavabdeh2, Cavabdeh1 və A.Abbasovla birlikdə 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22b ünvanda yerləşən “Nargilə” kafesində iddiaçı ilə görüşüb ondan 300000 manat məbləğində pulu alaraq həmin pulları A.Abbasova vermiş, bundan bir neçə gün sonra eyni niyyətlə Cavabdeh1 və Cavabdeh2 birlikdə Cavabdeh2 yaşadığı ünvan 5 ünvanının yaxınlığında 40000 manat məbləğində pulu iddiaçıdan almışlar. Bundan sonra barəsində A.Abbasov öz xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün Türkiyə Respublikasına gedəcəyini bildirərək, Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə aldıqları puldan 283.000 manat pulu 2017-ci ilin dekabr ayında müvəqqəti olaraq saxlanılması üçün iddiaçıya qaytarmış və bununla da həmin şəxslər onun etibarını daha da qazanmışlar. Daha sonra Cavabdeh2, Cavabdeh1 və A.Abbasov 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “Səməd Vurğun” bağının yaxınlığında yerləşən kafedə iddiaçı ilə görüşərək, ondan 110000 manat pulu almış və həmin məbləği A.Abbasov götürmüşdür. Daha sonra eyni niyyətlə Cavabdeh1 2018-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında iddiaçının oğlu Rövşən Xanməmmədovdan 10000 manat pul almışdır. Öz növbəsində Cavabdeh2 eyni niyyətlə 2018-ci ilin mart ayının əvvəlində yaşadığı ünvan 5 ünvanında iddiaçıdan 60000 manat, 2018-ci ilin mart ayının ortalarında isə həmin ünvanda iddiaçının qohumu Tural Xanməmmədovdan 3000 manat pul almışdır. Sonrakı dövrlərdə həmin şəxslər hissə-hissə olmaqla 65000 manat pulu iddiaçıya qaytarmaqla sonuncuya məxsus 175000 manat pulu ələ keçirməklə, Cavabdeh2, Cavabdeh1 və A.Abbasovla aralarında bölüşdürüb zərərçəkmiş şəxs olan İddiaçı 175000 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər. Həmin iş üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli ittiham aktına əsasən, Cavabdeh2, Cavabdeh1 və A.Abbasov qabaqcadan əlbir olmuş bir qrup şəxs halında iddiaçının etibarından suiistifadə etməklə, 2017-ci ilin noyabr ayından 2018-ci ilin mart ayınadək Bakı şəhərinin müxtəlif yerlərində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə 175000 manat pulunu alaraq ələ keçirilməsi fakt olmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2019-cu il tarixli qərarla X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində işə cəlb edilmişdir. X14 Bakı şəhəri RPİ-nin İstintaq və Təhqiqat İdarəsinə ərizəsində mərhum qardaşı Allahverdi Abbasovun cinayət işi üzrə hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. “Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması haqqında” xx.xx.2019-cu il tarixli qərarla X1 Abbasovun hüquqi varisi qismində tanınmışdır və iş üzrə Allahverdi Abbasovun barəsində cinayət işinə o vəfat etdiyi üçün bəraətverici olmayan əsaslarla xitam verilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-87/2021 saylı hökmünə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1423/2021 saylı qərarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdirlər.

10. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə cavabdehlərin əsl cavabdehlər ilə əvəz edilməsinə dair ərizə ünvanlayaraq iş üzrə cavabdeh X9 əsl cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə əvəz edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, vəfat etmiş təqsirləndirilən şəxs X2 vərəsələri müəyyən edilmiş və yaranmış borcu mirası qəbul etmiş şəxslər onlara düşən paya münasibətdə ödəməlidirlər.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 299/2023 nömrəli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh1 10.000 manat və Cavabdeh2 156.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetirilmişdir. Lakin qanuni qüvvəyə minmiş hökmlə maddi ziyanın məbləği və həcmi müəyyən edilməmişdir.

14. Hazırki mülki iş üzrə tələb cinayət nəticəsində dəymiş əmlak zərəri ilə bağlıdır. Məhkəmə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünü nəzərə alaraq qeyd etmişdir ki, məhkumlar Cavabdeh1 və Cavabdeh2 zərərçəkmiş şəxs İddiaçı etibarından sui-istifadə edib onu aldatmaqla ədalət mühakiməsini həyata keçirən orqanlarında müəyyən tanışlarına pul ödəmək adı altında qeyd edilən orqanları nüfuzdan salan vədlər verməklə, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmişlər və bununla da ədalət mühakiməsini həyata keçirən orqanların nüfuzuna xələl gətirmişlər. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, İddiaçı Azadxan oğlu və qeyriləri iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar. Məhkum Cavabdeh1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs İddiaçı məhkum Cavabdeh2 ilə birlikdə 175.000 manat zərər vurmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə Cavabdeh1 və Cavabdeh2 ifadələrindən və etiraflarından, həmçinin şahid ifadələrindən müəyyən edilir ki, Cavabdeh1 Əlif ağa Xanməmmədovun etibarından sui-istifadə edərək onun 10000 manat məbləğində pulunu mənimsəmişdir. Odur ki, həmin məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Qalan məbləğin tutulması hissəsinə münasibətdə Məhkəmə qeyd etmişdir ki, 156000 manat pul məbləği isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Qalan 9000 manat pul məbləğinə münasibətdə Məhkəmə qeyd etmişdir ki, artıq həmin pul məbləği Cavabdeh2 tərəfindən istintaq zamanı iddiaçıya ödənilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunur ki, “birinci instansiya məhkəməsində tədqiq edilmiş 21 may 2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh2 oğlu X6, qohumu Əliyev Hikmət Vəkil oğlunun zərərçəkmiş İddiaçı ödənilməsi üçün istintaqa təqdim etdiyi 9000 manat sonuncuya təqdim edilmişdir (c-2, i.v. 59)”.

16. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1423/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmdə verdiyi izahatından müəyyən edilir ki, “dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh2 ona torpaq sahəsi təklif etmiş, lakin o, qəbul etməmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq pulunu mənimsədiklərini, dəymiş ziyanı tam aradan qaldımadıqlarından, onlara ciddi cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir”.

17. Məhkəmə qeyd etmişdir ki, şəxsiyyəti istintaqla müəyyən olunmaqla öldüyündən, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxs (X4) barəsində hökmdə konkret olaraq hansı məbləğin mənimsənilməsi və s. hallar öz əksini tapmamışdır. Halbuki, həmin şəxs ibtidai istintaq zamanı sağ olmuşdur (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir), lakin hökmdə onun heç bir ifadəsi öz əksini tapmamışdır. Odur ki, X2 varisləri olan Cavabdeh3 və Cavabdeh4 münasibətdə iddia tələbi təmin edilməməlidir.

18. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının (xx.xx.2020-ci il tarixli düzəlişlərlə)” 4-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və hüquqi qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Cavabdeh1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş mərhum X4 ilə birlikdə İddiaçı 175.000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişlər, nəticədə bununla bağlı ittiham edici hökm və qərar qəbul edilmişdir. Şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi ilə nəticələnsə də Bakı Apelyasiya Məhkəməsi və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş xx.xx.2019-cu il tarixli qərardan, xx.xx.2019-cu il tarixli protokoldan, xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən müəyyən edilmişdir ki, Cavabdeh1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azadxan Xanməmmədovun barəsində istintaqı aparılan cinayət işinə xitam verilməsi və onun həbsdən azad edilməsi adı ilə 2017-ci ilin noyabr ayı-2018-ci ilin mart aylarında sonuncunun qardaşı İddiaçı aldadaraq hissə-hissə vahid niyyətlə cəmi 175.000 manat pulunu ələ keçirməsi faktı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Cavabdeh1 və Cavabdeh2 ifadələrindən açıq-aydın şəkildə görünür ki, Cavabdeh1, Cavabdeh2 və Allahverdi Abbasovun iştirakı ilə İddiaçı ilkin 300.000 manat məbləğində pulu ələ keçirmişlər. Sonra isə zəhmət haqqı olaraq 40.000 manatını ələ keçirmişlər. Sonra isə 300.000 manat məbləğdən 283.000 manatı Əlifağaya qaytarmışlar. Daha sonra isə Cavabdeh1, Cavabdeh2 və Allahverdi Abbasovun iştirakı ilə İddiaçı 110.000 manatı ələ keçirmişlər. Sonra isə əlavə 10.000 manat, 60.000 manat və 3.000 manat ələ keçirilmişdir. Göründüyü kimi, Cavabdeh1 özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 və X4 ilə birlikdə İddiaçı Sayadxan oğlunun əmlakını ələ keçirməsi, təqsirləndirilən şəxslərin öz ifadələri ilə təsdiq edilir Belə ki, təqsirləndirilən şəxslər özlərini cinayətlərin törədilməsində təqsirli bilməmələrinə baxmayaraq, özlərinin hadisələrin baş vermə vaxtı, yeri və şəraiti, zərərçəkmiş şəxs İddiaçı hansı məqsədlə nə kimi məbləğlərdə pullar aldıqları barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici ifadələr vermişlər və həmin ifadələrdə İddiaçı müəyyən vaxtlarda X10un iştirakı ilə yuxarıda göstərilən məbləğlər ələ keçirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, X10 tərəfindən cinayətin törətilməsinə dəlalət edən ilkin sübutlar olduğuna görə “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2019-cu il tarixli qərara əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. X10 xx.xx.2019-cu il tarixində ölməsi ilə əlaqədar ona aid hissədə cinayət işinə xitam verilmişdir. Belə ki, sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda qeyd edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs Əlifağa Xanməmmmədovun 175.000 manat pulunun ələ keçirilməsi faktı üzrə mərhum X2 barəsində bəraətverici əsaslar olmadan Allahverdi Abbasov öldüyü üçün onun barəsində cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri 40 saylı notariat ofisində şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxsin, yəni mərhum X2 hüquqi varisləri müəyyən edilməklə Cavabdeh3 və Cavabdeh4la bağlı vərəsəlik işi açılmışdır. Bundan əlavə, dələduzluq etmələrinə görə ona mənəvi ziyan dəymişdir. O mənəvi sarsıntı və iztirab keçirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. Belə ki, qətnamədə göstərilmişdir ki, guya Allahverdi Abbasov tərəfindən pulun hansı formada və hansı məbləğdə mənimsənilməsi yekunda qeyd olunmayıb, habelə sonuncu məhkəmə iclasında məhkəmə Allahverdi Abbasovun təqsirləndirilən şəxs kimi cəlb edilmədiyini bildirmişdir. Aydındır ki, dələduzluq faktı ilə bağlı cinayət işi aparılmış və yekun olaraq ittihamverici hökm çıxmışdır. Allahverdi Abbasovun barəsində isə bəraətverici əsas olmadan işə xitam verilmişdir. Qətnamədə onun ifadəsinin alınmadığı qeyd olunsa da, hökmə baxsaq görərik ki, protokolda Allahverdi Abbasovun həmin vaxt xəstə olduğundan ona ifadə verməsini təklif edilsə də, Cavabdeh3 bildirmişdir ki, o, xəstədir və ifadə verə bilmir. Bu səbəblə onun ifadəsinin alınması mümkün olmamışdır. Bütün digər şəxslərin ifadələrində təsdiq olunur ki, bütün işlər Allahverdi Abbasov tərəfindən görülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış bölgünün nəyə əsasən və hansı formada aparılması məlum deyil. 9.000 manatın ödənilməsi ilə bağlı məsələni mübahisələndirmirlər.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, Azadxan müalicə müəsisəsində olan vaxtdan onun yanına gedib-gəlmişdir. Xəbəri olmamışdır ki, bu iş nə ilə və kim ilə bağlıdır. Allahverdi Abbasovun dələduz və ya xəstə olduğunu bilsə idi, ona pulu verməzdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, müstəntiq ona zəng edərək həyat yoldaşını dindirməli olduqlarını bildirmişdir. Müstəntiq gələndə həyat yoldaşının pis vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə-tibbi ekspertiza təyin olunmuşdur. Ekspert də həyat yoldaşını çəkmiş, video görüntülər də iş materiallarına əlavə edilmişdir. Həmin vaxt həyat yoldaşı nə danışa, nə də hərəkət edə bilirdi. Onun sözünə əsasən müstəntiq ifadə almaqdan imtina etməzdi. Cinayət işində də var. Həyat yoldaşı pulu qaytarıb ki, vəziyyəti yaxşı deyil, ağır xəstədir, əməliyyata gedir, başına iş gələ bilər. Həyat yoldaşı dələduz olsa idi 300.000 manat pulu nə üçün qaytarırdı? Onlar bilirdi ki, yoldaşı xərçəng xəstəsidir. Elə bir vəziyyətdə olan insana nə üçün pul vesinlər? Həyat yoldaşı xəstə olan dövrdə Cavabdeh2 gəldi ki, onu tuturlar. İlk dəfə onu həmin vaxt görmüşdür. Bütün bu olanlardan məlumatı olmayıb. Əgər həyat yoldaşı pul alıb qaytarmamışdırsa, onu tapardılar, bildirərdilər. İddiaçının qardaşı Azadxan özü də dələduzdur. Həyat yoldaşı pul almayıb və pulu qaytarıb. İddiaçı bilir ki, digər cavabdehlərin heç bir əmlakı yoxdur, onlardan pul ala bilməyəcəklər, bu səbəblə bizi günahlandırırlar. Həyat yoldaşı ticarətlə məşğul idi. Bir şəxs ona armatur alqı-satqısı ilə bağlı 600.000 manat pulunu aldadaraq almışdır. Hazırda da həmin pulu ödəyir. Bu məqsədlə əmlaklarının xeyli hissəsini satmışdır. Hazırda bankdan borc götürərək qalan 300.000 manatı ödəyir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cinayət işi üzrə hökmdə heç bir yerdə X10un təqsirləndirildiyi əks olunmamışdır. Fərz etsək ki, həmin şəxslərə pul verilmiş olsalar da, 2017-ci ilin dekabr ayında iddiaçıya 283.000 manatı qaytarıblar. Həmin dövrdə X10 ağır xəstə olmuşdur. Ağır xəstə olan dövrdə ona hər hansı işin düzəldilməsi ilə bağlı pulun qaytarılması sadə məntiqə sığmır. Belə olan halda görünür ki, sonraki hərəkətlər olsa da belə, həmin proseslərdə X10 iştirak etməmişdir. Bu hökmdə də öz əksini tapmışdır. Cinayət işi üzrə zərərçəkmiş İddiaçı ifadəsində Malik və İbadın ona olan borcu qaytaracaqlarını bildirir. İzahatdan göründüyü kimi, X10un həmin ifadədə adı çəkilməmişdir və sonrakı hadisələr Malik və İbad tərəfindən həyata keçirilmişdir. Bütün bu halları nəzərə alaraq hesab edir ki, X10un hüquqi varislərinə qarşı iddia tamamilə əsassızdır və təmin olunmamalıdır.

27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 507. Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

29. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Maddə 41.2. Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) ,habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Maddə 106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Maddə 407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı: Bənd 1. “İnsan hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Bənd 2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X5 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bənd 7. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Bənd 10. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

36. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

37. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir ki, Cavabdeh2, Cavabdeh1 və X2 təqsirli, hüquqazidd hərəkətləri nəticəsində hazırki iş üzrə İddiaçı 175.000 manat məbləğində maddi ziyan vurulmuşdur.

38. X4 vəfat etdiyindən onun barəsində cinayət təqibinə bəraətverici olmayan əsasla xitam verilmiş, Cavabdeh2 və Cavabdeh1 barəsində isə ittiham hökmü çıxarılmışdır.

39. İşdən həmçinin müəyyən olunur ki, X2 vərəsələri cavabdehlər Cavabdeh4 və Cavabdeh3dır, miras əmlak: 1) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.4 kv.m olan qeyri yaşayış binası (həmin əmlakdan hər biri ½ hissədə pay əldə etmişlər); 2) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsi (həmin əmlakdan hər biri ¼ hissədə pay əldə etmişlər); 3) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv.m olan qeyri-yaşayış binası (həmin əmlakdan hər biri ¼ hissədə Cavabdeh3, 4/1 hissədə pay əldə etmişlər); 4) Buraxılış ili 2011 olan “Lexus LX570 minik” markalı, **-NK- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (həmin əmlakdan hər biri ¼ hissədə pay əldə etmişlər); 5) Buraxılış ili 2014 olan “Toyota Corolla minik” markalı, **-HB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (həmin əmlakdan hər biri ¼ hissədə pay əldə etmişlər).

40. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilmsi barədə” hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.4 kv.m olan qeyri yaşayış binasının bazar qiyməti 30.000 manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv.m olan qeyri-yaşayış sahəsinin 150.000 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 146.7 kv.m olan qeyri-yaşayış binasının bazar qiyməti 180.000 manat təşkil edir.

41. Belə olan halda, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən miras olaraq qəbul edilmiş (nəqliyyat vasitələri nəzərə alınmamaqla) üç daşınmaz əmlakın paylarına uyğun olaraq bazar dəyəri ümumilikdə 195.000 manat (30.000 + 75.000 + 90.000) təşkil edir.

42. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən Cavabdeh2, Cavabdeh1 və X4 delikt nəticəsində əmələ gələn öhdəlik üçün iddiaçının qarşısında birgə borclular kimi çıxış edir, sonuncu vəfat etdiyindən onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qəbul edilmiş miras əmlakın dəyəri vurulmuş maddi zərərin məbləğindən yüksəkdir.

43. Kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən miras qoyanın başqa öhdəliklərinin mövcudluğu barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir.

44. İşdən müəyyən edilir ki, iddiaçıya vurulmuş 175.000 manatın 9.000 manatı cavabdehlərdən Cavabdeh2 qohumları tərəfindən iddiaçıya ödənilmişdir. Beləliklə, vurulmuş maddi zərərin məbləği hazırda 166.000 manat təşkil edir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 166.000 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

46. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi ilə bağlı hesab edir ki, həmin tələb qismən əsaslıdır. Belə ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması ağlabatan və ədalətlidir.

47. Kollegiya hesab edir ki, iddiaçının barəsində cinayət əməlinin törədilməsi, ona külli miqdarda maddi zərərin vurulması onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-299/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 166.000 manat və mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində vəsait, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 387 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 193 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar