Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2769/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-131/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçının anası 1950-ci il təvəllüdlü X1 onkoloji xəstə olmuşdur, həmçinin ona “Loğman” klinikası tərəfindən xx.xx.2023-cü il tarixdə “köndələn çəmbər bağırsağın törəməsi və bağırsaq keçməzliyi”, Cavabdeh1 klinikasında isə xx.xx.2023-cü il tarixdə “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozları qoyulmuşdur. İddiaçının anası xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Cavabdeh1 klinikasına müalicəyə qəbul edilməklə saat 17:32-də həkim Cavabdeh2 tərəfindən üzərində endoskopik yolla palliativ stendin taxılması əməliyyatı aparılmış, xəstənin vəziyyəti pisləşdiyndən xx.xx.2023-cü il tarixdə saat 13:40-da cərrah Cavabdeh3 tərəfindən "Laparotomiya. Qarın boşluğunun təftişi" və əməliyyatın davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçının anası xx.xx.2023-cü il tarixdə Cavabdeh1 klinikasında vəfat etmişdir. 2.Xəstəlik tarixindən görünür ki, iddiaçının anası xx.xx.2023-cü il tarixdə saat 17:32də Cavabdeh1nə daxil olmuş, ölüm tarixi kimi xx.xx.2023-cü il, saat 07:50 göstərilmiş, ona “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozu qoyulmuş, planlaşdırılan “endoskopiya” əməliyyatı ilə bağlı iltizamnamə xəstə və ya qanuni nümayəndəsi tərəfindən imzalanmamışdır. 3.AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 213/KEŞ saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyasına xarakterik simptomların olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından ≈15 saat sonra həyata keçirilməsi, endoskopik stent qoyulması zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyətinin daha da ağırlaşmasına və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. Bunlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. 4.AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 689/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçının anasının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, iddiaçının anası "X4"ndə stasionar müalicədə olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) onun üzərində xx.xx.2023-cü il tarixdə endoskopik yolla palliativ stentin taxılması, xx.xx.2023-cü il tarixdə "Laparotomiya. Qarın boşluğunun təftişi" və əməliyyatın davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. 2.İddiaçının anasının üzərində endoskopik yolla stentin taxılması əməliyyatı profil üzrə ixtisaslı həkim tərəfindən yerinə yetirilmişdir. 3.Tibbi müdaxilənin (cərrahiyyə əməliyyatının) icra edilməsi üçün xəstə və ya xəstə yaxınlarında yazılı (imzalı) razılıq ərizəsinin alınması tələb olunur. 4.İddiaçının anasına "Köndələn çənbər bağırsağın blastoması İV dǝrǝcǝ. Kəskin bağırsaq keçməməzliyi" diaqnozu düzgün təyin edilmişdir. 5.6.İddiaçının anasına endoskopik yolla keçməməzlik nahiyəsinə stentin taxılması əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Lakin əməliyyat texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, tibbi müdaxilə zamanı perforasiya baş vermişdir. 7.8.13. Bağırsaqda infiltativ toxumalar olduğu halda stent taxılma əməliyyatı ehtiyatla aparılmalıdır. Tibbi müdaxiləni icra edən həkim törəmə nahiyəsinin infiltrativ olmasını nəzərə almamış və həmin nahiyəyə stent qoyulan zaman infiltrativ nahiyədə perforasiya baş vermişdir. 9.İddiaçının anasına stent taxılma əməliyyatından sonra perforasiyanın baş verməsi xəstədə təngnəfəslik, qarında köp, ürək döyünmə və eləcə də, aparılmış KT müayinəsində və cərrahiyyə əməliyyatı zamanı qarın boşluğunda sərbəst havanın olması ilə təsdiq edilmişdir. 10.11.14. Bağırsağın perforasiyası baş verdikdə təxirəsalınmaz əməliyyat dərhal aparılmalı idi. İddiaçının anasının vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyası ilə əlaqədar xarakterik simptomlarının olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından 15 saat sonra həyata keçirilmiş, endoskopik stent taxılma zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşmış və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. 12."X4"ndə xx.xx.2022-ci il tarixdə iddiaçının anasının üzərində icra edilmiş cərrahiyyə əməliyyatı qüsurlu yerinə yetirilmişdir. Belə ki, əməliyyat zamanı ilkin şiş toxuması götürülməmiş, perforasiya mənbəyi aşkarlanmamış, həmin nahiyə tikilməmiş və qarın boşluğu patologiyaya uyğun drenaj edilməmişdir.15.İddiaçının anasının üzərində "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. Bu əməliyyatlarının aparılmasına tibbi göstəriş (mövcud olan patoloji hal və ilkin tibbi müdaxilənin ağırlaşması) olmuşdur. 16.İddiaçının anasının üzərində aparılmış "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra olunmuşdur. Əməliyyatın gedişi zamanı qarın boşluğunda ~700 ml seroz maye, kor bağırsağın kəskin genişlənərək seroz qişasının geniş cırılması, əzələnin hissəvi nekrozu, köndələn çəmbər bağırsağın, qaraciyərin sol payının, böyük piyliyin, mədəaltı vəz ətrafı toxumaların törəməsi aşkar edilmiş və törəmənin geniş əraziyə yayıldığını nəzərə alaraq palliativ əməliyyat - kor bağırsağın rezeksiyası (tiflektomiya), ileostomiya qərara alınmış, nazik bağırsaq sağ qalça nahiyəsinə çıxarılaraq ileostoma qoyulmuşdur. 17.İddiaçının anasında cərrahi patologiya mövcud olmuş və bunun üçün cərrahi müdaxilələr icra edilmişdir. 5.AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 1041/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyində qeyd olunub: 1.Ədəbiyyat mənbələrinə istinadən, bağırsaq nahiyəsinə endoskopik stent qoyulması zamanı perforasiyanın baş vermə faizi (ehtimalı) 7- 20% təşkil edir (Ədəbiyyat: N.Ökkabaz "Kolon hastalıkları"). 2.İddiaçının anasına "X4"ndə stentin qoyulması əməliyyatı zamanı əvvəlcədən aparılmış KT müayinəsində qeyd edilən törəmə nahiyəsinin infiltrativ olmasını qastroenteroloq həkim nəzərə almadan stent qoyulan zaman həmin infiltrativ nahiyənin perforasiyası baş vermişdir. Bu da perforasiya baş verən nahiyə ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. 7.İddia ərizəsində tələb belə əsaslandırılıb ki, iddiaçının anası səhhətində yaranmış problemlərlə (qarın nahiyəsinin şişkinliyi) əlaqədar xx.xx.2023-cü il tarixdə “Loğman” klinikasına müraciət edərək kompüter tomoqrafiyası müayinəsindən keçmiş və ona “bağırsaq keçməzliyi” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü ildə Cavabdeh1nə müraciət edərək həmin problemin aradan qaldırılması üçün adı çəkilən tibb mərkəzinin həkimi Rəfael Həsənovun (qastroenteroloq) məsləhəti ilə onun bağırsaq nahiyəsinə stend qoyularaq bağırsağın açılmağı təklif olunmuş və həmin gün müvafiq prosedur həyata keçirilmişdir. 8.İddia ərizəsində daha sonra qeyd olunub ki, iddiaçının anası bu tibb mərkəzinə öz ayağı ilə ağrısı olmadan getmişdir. Həmin prosedurun icrası üçün həkimə kassadan kənar 2.000 manat (1.200 manat stendin dəyəri, 800 manat həkimin iş haqqı) ödənilmişdir. Stend qoyulandan dərhal sonra xəstənin vəziyyəti prosedur otağında ağırlaşmış və iddiaçı narazılığını bildirəndən sonra anasını reanimasiya otağına keçirmişlər. Həmin gün və gecəni iddiaçı xəstəxanada olmuş və adını bilmədiyi reanimasiyanın növbətçi həkimi anasının vəziyyətinin kritik olduğunu bildirmişdir. İddiaçı tərəfindən həkim Cavabdeh2 dəfələrlə telefon zəngi edilmiş, həkim isə iddiaçıya xəstənin köpü olduğunu və tezliklə keçəcəyini bildirmiş, təcili olaraq Klinikaya gəlməkdən imtina etmiş, sonradan isə iddiaçının zənglərinə ümumiyyətlə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə reanimasiya otağından xəstənin vəziyyətinin ağır olduğunu bildirilməsinə və həkim Cavabdeh2 bu barədə məlumatlı olmasına baxmayaraq, heç bir tədbir görülməmişdir. İddiaçının klinikada səs-küy salmağına baxmayaraq, oradakı həkimlər heç bir tədbir görməmiş və iddiaçıya “həkimini özün tap, gətizdir” kimi cavablar vermişlər. Həmin gün saat 12:00 radələrində iddiaçının dəfələrlə təkidindən sonra anası kompüter tomoqrafiyası müayinəsindən keçirilmiş və “bağırsaq perforasiyası” (bağırsağın yırtılmağı) müəyyən olunmuşdur. Xəstə KT otağına aparılarkən süni nəfəs aparatına qoşulduğunu və heç bir reaksiyasının olmadığını müşahidə etmişdir. Həkim Cavabdeh2 iddiaçıya bildirib ki, anası açıq əməliyyat olunmalıdır. Belə ki, stendin qoyulması zamanı bağırsaq yırtılıb. Bu əməliyyatı icra edə biləcək həkim isə digər klinikada əməliyyatı bitirdikdən sonra gələcək və bu əməliyyatı icra edəcək. İddiaçı anasının vəziyyətinin ağır (kritik) olduğunu görüb həmin vaxtı Klinikada olan cərrah-həkimlərə müraciət etmiş, onlar isə xəstənin vəziyyətinin kritik olduğunu görüb əməliyyatın icra olunmasından imtina etmişlər. Yalnız həmin vaxtı klinikada olan cərrahlardan biri Cavabdeh3 1.789 manat ödəniləcəyi təqdirdə həmin əməliyyatı icra edəcəyini bildirmişdir. Qeyd olunan məbləğ kassaya ödənildikdən sonra əməliyyat həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində icra olunmuşdur. Anası xx.xx.2023-cü il saat 16:00-dan xx.xx.2023-cü il saat 15:00 radələrinə gədər reanimasiyada saxlanılmışdır. Halbuki, bu cür diaqnozla daxil olmuş xəstə təcili əməliyyata alınmalı idi. Əməliyyat cərrah Cavabdeh3 tərəfindən icra olunandan sonra, sonuncu iddiaçıya bildirmişdir ki, anasının vəziyyəti ağır olaraq qalır və o, əlindən gələni etmişdir. Həmçinin, Cavabdeh3 anasının onkoloji xəstəliyinin olduğunu və artıq metastaz verdiyini bildirmişdir. Bundan sonra xəstə yenidən reanimasiyaya yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:50 radələrində Klinikadan iddiaçıya anasının ölümü haqqında xəbər verildi. Tibb mərkəzi tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə iddiaçının anasının ölümün səbəbi kimi a) bağırsaq bitişmələri, keçməməzlik ilə; b) köndələn çənbər bağırsağın bədxassəli yeni törəməsi göstərilmiş, ölüm haqqında şəhadətnamədə isə ölümün səbəbi kimi “bağırsaq bitişmələri, keçməməzlik ilə” göstərilmişdir. 9.Bundan başqa, iddia ərizəsində qeyd olunub ki, iddiaçı anasını dəfn etmək üçün meyitini aparmağa gələndə Klinikanın əməkdaşları ona əlavə olaraq 762 manat ödəməli olduğunu bildirmiş, bunu hansısa müayinələrin aparılması və dərmanların verilməsi ilə əsaslandırmışlar. Həmin pul iddiaçı tərəfindən Klinikanın kassasına ödənilsə də, iddiaçıya heç bir qəbz verilməmişdir. 10.Bundan əlavə, iddia ərizəsində qeyd olunub ki, həkim Cavabdeh2 həkim peşəsinə yaraşmayan, qeyri-etik, kobud davranışı, “hara şikayət edirsən et, mən heç kimdən qorxmuram”, “otağımdan rədd ol” kimi ifadələr işlətməsi də onun həkim kimi “peşəkarlıq səviyyəsini” nümayiş etdirən haldır. İddiaçı tərəfin icbari tibbi sığorta vasitəsilə tibbi yardım almaqdan imtina edərək özəl xəstəxanaya müraciət etməsinin səbəbi o olub ki, anasına daha keyfiyyətli tibbi yardım göstərsinlər, lakin cəmi 3 gün ərzində 4.790 manat məbləğində pul ödəməsinə baxmayaraq, həkimlərin səhlənkarlığı, etinasızlığı nəticəsində anası köməksiz və baxımsız vəziyyətdə qalaraq vəfat etmişdir. 11.Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 6.179 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 12.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin olunsun. 13.Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə verdiyi apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. 14.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 15.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 16.Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində qeyd olunub: “Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”. Göründüyü kimi, zərərvuranın üzərinə zərərin onun təqsiri üzündən baş vermədiyini sübutetmə yükü qoyulub. Lakin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 zərərin onların təqsiri üzündə vurulmadığını sübut edə bilmirlər. Ekspert rəyləri ilə müəyyən olunub ki, tibb işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirməyiblər. 17.Birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 6.179 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Belə ki, tibbi xidmət göstərilməsi üçün ümumilikdə 6.179 manat ödəniş həyata keçirilib. Həmin ödəniş lazımi səviyyədə tibbi xidmət göstərilməsi məqsədilə edilib, lakin lazımi səviyyədə tibbi xidmət göstərilməyib. Odur ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə, tibb müəssisəsində tibbi xidmət üçün çəkilmiş xərc zərər anlayışı ilə əhatə olunur. 18.Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Belə ki, tələb edilən bütün ödənişlərin edilməsinə baxmayaraq iddiaçının anasına lazımi səviyyədə tibbi xidmətin göstərilməməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirməklə mənəvi zərər çəkmişdir. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında verilən şərhlərə əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin 10.000 manat müəyyən edilməsini ağlabatandır. 19.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 20.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-131/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2769/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2769/2025
02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver