Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2778/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı X2, Cavabdeh Şəmı̇ yev Natı̇ q Nəsrulla oğlunun vəkili X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh x oğluna qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(008)-341/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 21.814 manat, X1 avtomobilinə dəyməsi nəticəsində ona dəymiş 3.700 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq isə 2000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05.09.2017-ci il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətindən Hava Limanı istiqamətinə doğru hərəkətdə olarkən yolun Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, ehtiyatsızlıqdan öz hərəkət zolağında əvvəl X1 idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə yüngül toqquşaraq onun idarə etdiyi “KİA Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə iddiaçı dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. “Kia Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində zərərçəkmiş şəxs qismində ona, yəni X7 21.814 manat maddi ziyan vurulmuşdur. Həmin avtoqəza baş verdikdən sonra müvafiq araşdırılma aparılmış toplanmış materiallar üzrə cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(008)238/2018 saylı cinayət işi üzrə Bakı şəhər Sabunçu Rayon Mənkəməsində 13.09.2018-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə hökm çıxarılmışdır. Həmin hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə 21.814 manat məbləğində maddi ziyan dəyməsi “X10” MMC tərəfindən ilkin baxış keçirilərək zərər aktı ilə müəyyən olunmuşdur. Əlavə olaraq bildirir ki, qəza hadisəsi zamanı onun tərəfindən X1 avtomobilinə 3700 manat məbləğində zərər dəymişdir. Bu zərər isə bilavasitə olaraq cavabdehin təqsiri ucbatından əmələ gəlmişdir. Belə ki, onun avtomobilinin qəza hadisəsi zamanı X1 avtomobilinə cavabdehin iddiaçının avtomobilini vurması nəticəsində dəymişdir. Hal-hazırda da X3 iddiaçıdan sözügedən məbləği tələb edir. Hesab edir ki, sözügedən 3.700 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin törətdiyi qəza nəticəsində səhhətinə də zərər dəymişdir. Hadisə zamanı keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində onun qəza nəticəsində sağlamlığına dəyən xəsarətlər olduğu bildirilmişdir. Əlavə olaraq səhhətinə dəymiş zərər barədə də müvafiq araşdırılma aparılmışdır. Bu barədə məlumatlar Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 1(008)238/2018 saylı iş materiallarında mövcuddur. Pozulmuş hüquqların bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(008)-341/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 15.784 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı Vəfər oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(008)-341/2020 nömrəli qətnaməsindən cavabdeh x oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh 20 may 2021-ci il tarixdə apellyasiya şikayətinə dəyişiklik barədə ərizə təqdim etmişdir. Apellyasiya şikayətinə dəyişiklik onunla əsaslandırılmışdır ki, o apellyasiya şikayətində iddianın qismən, yalnız maşının arxa hissəsinə dəymiş ziyan hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə zamanı məlum olmuşdur ki, İddiaçı iddianı verməyə subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsində ümumiyyətlə avtomaşının kimin mülkiyyətində olmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, avtomaşının hüquqi mülkiyyətçisi İddiaçı deyil, X8r. Bu halda, İddiaçı hazırki iddianı verməyə subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili X11 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, o, avtomobili etibarnamə əsasında idarə etmişdir. Hadisə baş verdikdən sonra avtomobil faktiki yararsız hala düşmüşdür, Həmin avtomobil bank qarşısında ipoteka ilə yüklü olduğundan bank tərəfindən götürülmüşdür və hazırda təmirsiz vəziyyətdə bankın saxlanc yerində dayanmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 1(008)-238/2018 saylı hökmünün surətindən görürünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.12.2018-ci il tarixli, 1(103)- 1448/2018 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış Sabunçu Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 1(008)-238/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 14.08.2019-cu il tarixli, 1(102)-1197/19 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.12.2018-ci il tarixli, 1(103)-1448/2018 saylı qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.12.2019-cu il tarixli, 1(103)-1378/2019 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Sabunçu rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəaları hökmdən xaric edilmişdir. Kapital bankın hesabdan çıxarışından görünür ki İddiaçı sığorta aktına əsasən 4536,33 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13331 saylı, 04.07.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Kia Cerato markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1- ci qüsur aktına əsasən təmir-bərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 11846,00 manat və 2-ci qüsur aktına əsasən 8474,00 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusu əsasında Sabunçu Rayon Məhkəməsindən Cavabdeh təqsirləndirilməsinə dair cinayət işi tələb edilmiş və həmin iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilmişdir ki, Kia Cerato markalı **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa, M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı Cavabdeh təqsirli hərəkəti nəticəsində X6 mülkiyyətində olan Kia Cerato markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi nəticəsində İddiaçı hüquqlarının pozulması müəyyən edilmədiyindən, kollegiyanın qənaətinə görə, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(008)-341/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №2(103)-2778/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2778/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver