Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2779/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: “qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X10 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-90/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 4436/17 nömrəli icra sənədinə əsasən X2 cəmi 85.000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-4960/17 nömrəli icra sənədinə əsasən isə cəmi 111.500 ABŞ dolları və 1.097 manat tutularaq X8 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir.
2. İcra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır.
3. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM 1839 nömrəli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri 286.050 manat təşkil edir.
4. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra sənədləri üzrə borcun əvəzi olaraq borcluya məxsus mənzilin tələbkar X5 adına rəsmiləşdirilməsinin “Tamam” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)- 358/2020 nömrəli qərardadı ilə Bakı şəhər Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi, əmlaka dair icra icraatının dayandırılması barədə borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 8(103)-417/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-358/2020 nömrəli qərardadından verilmiş şikayət təmin edilmiş, mənzilin qiymətləndirilməsinə dair icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş, borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar ləğv edilmişdir.
7. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, QXM 2925 nömrəli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilinin bazar dəyəri 280.000 manat müəyyən edilmişdir.
8. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədləri üzrə borcun əvəzi olaraq borclunun “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar X8 verilməsi və onun adına rəsmiləşdirilməsinin “Tamam” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır.
9. 28.03.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 60 saylı mənzil X5 mülkiyyətindədir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 310/2023 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər İddiaçı və digərlərinə qarşı mənzildən çıxarılma və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2181/2023 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3110/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X10 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən hallarını qeyd etməklə iddia tələbini belə əsaslandırmışdır ki, icra şöbəsi, tələbkar və qiymətləndirici əlbir olaraq borclunun əmlakını qanuni yol adı altında dəyərindən qat-qat aşağı tələbkara verilməsinə nail olmuşdurlar. Mübahisəli yaşayış sahəsi mənzil kimi 2018-ci ilə 286.500 manat, 2021-ci ildə isə 280.000 manat qiymətləndirilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsinə dair rəyə nəzər saldıqda aydın şəkildə görünür ki, MMC-lərin fərqləndirici cəhətləri birinin adında olan "xxxx" rəqəmi və direktorlarıdır, əslində hər iki MMC bir şəxsə məxsusdur. MMC-lərin firma blanklarının tərtibatına, blandakı elektron poçta və əlaqə vasitəsinə nəzər saldıqda onların eyni olduğu aşkar görünür. Beləliklə, eyni MMC-nin eyni əmlakı 2018-ci ildə 286.500 manata, 2021-ci ildə isə 280.000 manata qiymətləndirməsi qiymətləndiricinin tələbkar və icra şöbəsi ilə qeyri-prosessual əlaqəyə girdiyini təəssüratını yaradır. Bakı şəhərində, xüsusilə mərkəzi ərazidə daşınmaz əmlakın qiyməti yüksələn xətt üzrə dəyişir. Belə olduğu halda qiymətləndiricinin eyni əmlaka 2021-ci ildə 2018-ci ildəki dəyərindən 6.500 manat az qiymət müəyyən etməsi absurd və qəbuledilməzdir. Həmçinin, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Lakin, iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı Cavabdeh MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş hesabat İlham Orucov adlı qiymətləndirici mütəxəssis tərəfindən imzalanmışdır. Halbuki, qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında İ.Orucov adlı qiymətləndirici mütəxəssisin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, qiymətləndirici ümumiyyətlə mənzilə baxış keçirməmiş və formal mülahizələrə əsasən mənzili qiymətləndirmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı maddi və prosessual hüquq normaları pozulmaqla, qiymətləndirmə haqqında qanunvericliyin tələblərinə, habelə qiymətləndirmə standartlarına və metodologiyasına zidd tərtib edildiyindən, habelə əmlakın real bazar və likvid qiymətlərindən dəfələrlə aşağı qiymət kortəbii və mexaniki surətdə təyin edildiyindən həmin hesabat ləğv edilməlidir. Belə ki, mübahisəli qiymətləndirmə hesabatının məzmunundan göründüyü kimi, hesabat formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, hesabatlar əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Mübahisəli qiymətləndirmə hesabatı tərtib olunarkən AR Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001-ci il tarixli qərarının 2.1-ci maddəsində göstərilmiş malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilməli olan məlumat mənbələrindən heç birindən istifadə edilməmişdir.
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2573/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin əmlaka baxış keçirilməsinin mümkün olmaması səbəbindən rəy verilməsi mümkün olmamışdır.
14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 90/2025 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilməmişdir.
16. Məhkəmə iddiaçı tərəfin arqumentlərinə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC-nin müvafiq rəyi əmlakın 2021-ci ilin mart ayı üzrə dəyərinə deyil, xx.xx.2023-cü il tarixə olan bazar dəyəri barədə qiymətləndirmə aparmışdır ki, həmin məbləğ hazırki mübahisə üzrə hər hansı hüquqi nəticə yaratmır (2 il 5 ay fərq vardır). Bundan əlavə, xx.xx.2021-ci il tarixli rəy üzrə əmlakın dəyərinin xx.xx.2018-ci il tarixli rəyə nisbətdə aşağı məbləğ təşkil etməsi əmlak bazarında olan dəyişikliklərin və proseslərin nəticəsi kimi qiymətləndirilir. Yəni, əmlak bazarından əmlak dəyərinin birmənalı olaraq qalxan xətt üzrə hərəkət etməsi istisna edilir, müvafiq dövrlər üzrə enmə-qalxmaların baş verməsi qlobal və ölkə iqtisadiyyatı baxımından mümkündür. Müstəqil tələb irəli sürmüyən üçüncü şəxs X10 ixtisasca iqtisadçı olmasını əsas gətirərək, həmin arqumentə münasibətdə bildirmişdir ki, Bakı şəhərində əmlakların dəyəri real dəyər üzrə deyil, daha çox süni qiymətlər əsasında müəyyən edildiyindən iqtisadi qaydalardan kənar formada bazarın durumuna uyğun olaraq dövrlər üzrə qiymət enmələrinin baş verməsi qaçınılmaz olur. Həmçinin, 2021-ci il Covid- 19 virusu ilə əlaqədar pandemiya dövrünə təsadüf etdiyindən həmin dövrdə dünya və ölkə iqtisadiyyatında durğunluq mövcud idi.
17. Həmin əmlakın dəyərinin 2021-ci il tarixə müvafiq rəydə qeyd edilən kimi qiymətləndirilməsi ağlabatan və əsaslıdır, sadə məntiqlə ilkin bazar qiymətləndirməsi əsasında əmlakın dəyərinə uyğundur. Nəzərə alınmalıdır ki, əmlak tələbkara təhvil verilən zaman mənzildə olan bütün avadanlıqlar borclu (keçmiş mülkiyyətçi, hazırki iş üzrə iddiaçı) tərəfindən sökülərək götürülmüş, nəticədə mənzildə ilkin avadanlıqların olmaması, mövcud olmuş avadanlıqların götürülməsi nəticəsində müvafiq hissələrə (aboy, divarlar, döşəmə, kosmetik xərclər və s.) zərər vurulması, nəticədə, zərərin aradan qaldırılması, təmir-bərpa xərcləri ilə bağlı müvafiq işlərin görülməsi üçün dəyər enməsi ağlabatandır. Həmçinin, 2020-ci ilin mart ayından etibarən pandemiya dövrü, ölkə sərhədlərinin bağlı olması, iş yerləri, ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması və bunların iqtisadi proseslərə, əmlak bazarına təsiri xüsusi diqqətə alınmalıdır.
18. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, qiymətləndicinin qiymətləndirmə azadlığı xüsusatı (qəbul edilmiş metod və üsullarla qiymətləndirmənin aparılması şərtilə) diqqətdə saxlanılmalı, rəy üzrə kəskin fərqlənməyən qiymətin müəyyən edilməsi həmin rəyin əsassızlığına dəlalət etmir. Nəzərə alınmalıdır ki, qiymətləndirmə predmetinin dəyərinin iqtisadi baxımından cüzi fərqlərlə (5-10-15 min manat və s.) dəyərləndirilməsi bir-birinə zidd olan rəylər arasında fərqli nəticələrə gəlmək, qiymət meyarı kimi qəbul edilmiş rəyin ləğv edilməsi üçün əsas deyildir. Yəni, bir neçə rəy varsa, onların hər biri eyni rəqəmi əks etdirməli olması yanaşması mümkün deyildir. Qiymətləndicilərin əmlak bazarına və əmlaka baxışları, qiymətləndirmə metodları nöqteyi-nəzərdən nisbətən fərqli qiymətlərin əldə edilməsi mümkündür. Məhkəmə tərəfindən qiymətləndirmənin aparılması ilə bağlı müvafiq ekspertizalar təyin edilsə də, rəyin əldə edilməsi mümkün olmamışdır. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Nəzərə alınır ki, həmin mənzil üzrə uzun illərdir ki, tərəflər (iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs) arasında məhkəmə mübahisələri getsə də, mənzil tələbkar X5 mülkiyyətindədir. Deməli, mülkiyyət hüququnun əldə edilməsi əsası qanunidir.
19. Məhkəmə öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə rəyin alınmasının mümkün olmaması mübahisəli əmlakın iddiaçının mülkiyyətində və sərəncamında olmaması olmuş, bu barədə məhkəməyə həm məhkəmə iclaslarında, həmdə yazılı formada məlumat verilmişdir. Lakin məhkəmə mülki-prosessual qanunuvericiliyin tələbindən sui-istifadə edərək sübutetmə yükünün iddiaçının üzərində olduğunu qeyd etməklə,ədalətli və obyektiv araşdırmadan yan keçmişdir. Halbuki, mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mülkiyyətində olmuş, sonuncu məhkəmə proseslərində iştirak etmiş və proses zamanı evə ekspertin baxış keçirməsi üçün üçüncü şəxs tərəfindən şərait yaradılması ilə bağlı hakim qarşısında vəsatət qaldırılsa da, buna məhəl qoymamışdır. Düşünür ki, məhkəmə işin ədalətli və obyektiv araşdırılmasının tərəfdarı olsa idi, vəsatəti təmin edərdi. Məhkəmənin üçüncü şəxsin heç bir dəlilə əsaslanmayan sözlərini rəhbər tutaraq iddianı rədd etməsi və bu dəlili qətnamənin təməl sübutu kimi qeyd etməsi qətnamənin ədalətsiz və qərəzli olduğunu deməyə əsas verir. Həmin dövrlər üzrə internetdə iqtisadçılar və hökümət nümayəndələri tərəfindən verilən müsahibələrə nəzər saldıqda ölkədən dinamik inkişaf getdiyi, əmlak bazarında qiymət artımının müşahidə edildiyi və pandemiyanın ölkə iqtisadiyyatına heç bir mənfi təsir göstərmədiyi dəfələrlə ölkə rəhbərinin çıxışlarında vurğulanmışdır. Görünür ki, məhkəmə iddia tələbində göstərilənləri ya diqqətlə oxumamış, yaxud oxusa da başa düşməmiş, başa düşsə də nəzərə almamışdır. Hazırkı iddia üzrə daşınmaz əmlakın 2018ci ildəki qiyməti ilə 2021-ci ildəki qiyməti arasında 6.500 manat artım olsa idi, məhkəmə dediklərinə hardasa haqq qazandırmaq olardı, lakin bu vəziyyətdə yalnız hakimin qərəzli olduğu görünür. Hazırki halda əşyanın real dəyərindən aşağı qiymətə qiymətləndirilərək tənasübsüz surətdə aşağı qiymətə tələbkara təhvil verilməsi müqavilənin zəruri şərti kimi əşyanın qiyməti ilə bağlımübahisəli qiymətləndirmə hesabatının formal olmasını göstərir. Qeyd edilən bu xüsusatlar Mülki Məcəllənin 390-cımaddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipilə uzlaşmır. Mübahisəli hesabatın məzmunundan göründüyü kimi, qiymətləndirici mütəxəssis hesabatı tərtib edərkən və daşınmaz əmlakın qiymətini müəyyən edərkən qiymətləndirilən tikiliyə uyğun analoji texniki göstəricilərə malik daşınmaz əmlakın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında bazar qiymətini müəyyən etmək əvəzinə şəxsi mülahizələri əsasında əmlakın qiymətini müəyyən etməyə çalışmışdır. Mübahisəli qiymətləndirmə hesabatı analoji texniki göstəricilərə malik əmlakların nəinki 3 sayda, heç 1 sayda notarial əqdi üzrə qiymət göstəricilərinin müqayisəli təhlilinə əsaslanmamışdır. İcra işinin materiallarından görünür ki, icraatın eyni icra şöbəsində davam etdirilməsi və materialların ümumi icraatda birləşdirilmiş işdə olmasına baxmayaraq, icra məmuru mübahisəli mənzilin 2021-ci ildə müəyyən edilmiş qiymətinin 2018-ci ildə müəyyən edilmiş qiymətdən az olmasına göz yumaraq daha az qiymətlə tələbkara təklif etmişdir. Bu isə öz növbəsində, icra məmurunun (qurumun) tələbkarla əlbir olması və əmlakın dəyərindən ucuz tələbkara təhvil verilməsində korrupsiyaya şərait yaradan halların mövcudluğu təəssüratını yaradır. Hazırkı vəziyyətdə əmlakın tələbkar tərəfindən qəbul edilməsi hərracın nəticələrinə dair protkolla eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə iş üzrə ətraflı araşdırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni tam sübut etməmişdir. Yekunda işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, "xxxx" MMC-nin müvafiq rəyi əmlakın 2021-ci ilin mart ayı üzrə dəyərinə deyil, xx.xx.2023-cü il tarixə olan bazar dəyəri barədə qiymətləndirmə aparmışdır ki, həmin məbləğ hazırki mübahisə üzrə hər hansı hüquqi nəticə yaratmır, çünki həmin dövrlər arasında təxminən 5 ildən sonra 2023-cü il üçün verilən şişirdilmiş qiymətdə 2 il 5 ay fərq vardır. Bundan əlavə, xx.xx.2021-ci il tarixli rəy üzrə əmlakın dəyərinin xx.xx.2018ci il tarixli rəyə nisbətdə aşağı məbləğ təşkil etməsi əmlak bazarında olan dəyişikliklərin və proseslərin nəticəsi kimi qiymətləndirilməlidir. Əslində həmin dövr üçün aşağa məbləq deyildi. Həmçinin, şikayətçinin iş materiallarına əlavə etdiyi "xxxx" MMC-nin rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri xx.xx.2023-cü il tarixə 422.400 manat təşkil edir. Burdan belə nəticəyə gəlinə bilər ki, 2018-ci ildə X3 X8 borcu 196.500 ABŞ dolları idisə durğunluq dövrünü (devalvasiya) zəzərə alsaq hazırda bu məbləğ 2-3 dəfə artmalıdır. Şikayətçinin təqdim etdiyi "xxxx" MMC-nin qeyd edilən mənzilin qiymətləndirilməsi haqqında rəyi tamamilə əsassızdır, belə ki, həmin rəy evə baxış keçirilmədən, evin foto şəkilləri çəkilmədən, yalnızca iddiaçının sifarişi əsasında əssasız rəy vermişdir. Rəyə əlavə edilən foto şəkillərə nəzər yetirəndə aydın olur ki, foto şəkillər Cavabdeh MMC-nin rəyindəki foto şəkillərlə eynidir. Şikayətçi rəyi 2023-ci il üçün almışdır, ondan 3 ildən çox müddət keçdikdən sonra bununla bağlı rəy alması və məhkəməyə təqdim etməsi onunla bağlı olmuşdur ki, şikayətçi həmin mənzilə zərər verərək quraşdırılmış avadanlıqları və əşyaları aparmışdı və divarları sökülmüş, ziyan vurulmuş mənzilin qiymətləndirilməsi daha ucuz məbləği, yəni, "xxxx" MMC-nin müəyyən etdiyi qiymətdəndə aşağı təşkil edəcəkdir. Odur ki, şikayətçi X10 tərəfindən həmin mənzil təmir edildikdən, əşyalar alındıqdan sonra evin qiymətləndirməsi qərarını almışdır. Əlavə olaraq qeyd edir ki, İddiaçı cavabdehlər X8, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Şəhəri Yasamal Rayon Məhhəməsində baxılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(004)-3436/2023 saylı qətnaməsinə əsasən, X1 cavabdehlər X10 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 4 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin mövqeyi dəyişməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, İddiaçı apellyasiya şikayəti tamamilə əsasızdır və işin uzadılması, maniyələr, problemlər və məhkəmə süründürməçiliyi mahiyyətini daşıyır. Buna görə də, həmin şikayət təmin olunmamalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, eyni MMC eyni əmlakı 2018-ci ildə 286.500 manata, 2021-ci ildə isə 280.000 manata qiymətləndirmişdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC-nin faktiki rəhbəri və təsisçiləri eyni şəxslərdir və hər iki MMC Badamdar qəsəbəsində yerləşirlər. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Çünki birinci instansiya məhkəməsi yalnız üçüncü şəxsin izahatlarını əsas götürərək, qətnamədə də eyni halları, pandemiya baş verdiyi üçün durğunluq və qlobal iqtisadi geriləmənin baş verdiyini qeyd etmişdir. X12 Komitəsinin məlumatlarına nəzər saldıqda Azərbaycanda, xüsusilə Bakı şəhərində daşınmaz əmlakın dəyəri davamlı olaraq artmaqdadır. 2021-ci ildə pandemiya ilə bağlı bir çox məhdudiyyətlər götürülmüşdü. Bundan başqa, ölkə rəsmilərinin çıxışlarından da görürük ki, həmin dövrdə Azərbaycanda iqtisadi olaraq hər hansı geriləmə baş verməmişdir. Eyni zamanda, üçüncü şəxs xx.xx.2024-cü ildə iş üzrə cəlb edilib. Ekspertizanın həyata keçirilməsi zamanı mənzilə baxış keçirə bilməməkləri ilə bağlı iddia tərəf vəsatətlə müraciət etmişdir. Lakin məhkəmə sübutetmə vəzifəsinin iddiaçının üzərində olduğunu bildirmişdir. Mübahisəli qiymətləndirmə hesabatı tərtib olunarkən Nazirlər Kabinetinin "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" 6 saylı, 04 yanvar 2001-ci il tarixli qərarının 2.1-ci maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən nəzərdə tutulan məlumat mənbələrindən istifadə edilməmişdir. Belə olan halda qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş edir. Mənzil hazırda X5 mülkiyyətindədir. 2023-cü ilin yanvarında qətnamə icra edilib və iddiaçı mənzili tərk edib. Rəydə 2023-cü il üzrə qiymət müəyyənləşdirilmişdir, çünki tərəf onu həmin dövrə qiymətləndirib. İddiaçı özü ölkədə yoxdur, o, icra prosesini ilk dəfə 2019-cu ildə mübahisələndirsə də, həmin dövrə nə üçün hazırki iddianı da mübahisələndirmədiyi ilə bağlı məlumat verməmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs F.M.İbrahimov və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Üçüncü şəxsin nümayəndəsi və vəkili həmçinin bildirdi ki, iddiaçı 2016-cı ildən ölkədən getmişdir, həmin dövrdən də ölkəyə bir daha gəlməyib. Mənzilin qiymətləndirilməsi iki dəfə həyata keçirilmişdir. İddiaçı ilk qiymətləndirmə zamanı qeydə alınmış fotoşəkillərdən istifadə edərək yenidən qiymətləndirmə həyata keçirərək məhkəməyə rəy təqdim etmişdir. İddiaçı mənzildən çıxdıqdan sonra üçüncü şəxs oranı yenidən təmir etdirmişdir. Belə ki, iddiaçı mənzildən çıxarkən evin təmirini yararsız hala salmışdır. Ekspertiza ilə bağlı mənzilə baxış keçirtmək üçün onlarla heç bir ekspert əlaqə saxlamamışdır. Hazırki məhkəmə işi barədə isə Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məlumatı olmuşdur. İddiaçı ilə təmsil etdiyi şəxs arasında bir çox məhkəmə işləri olmuşdur. Lakin bütün məhkəmə işləri üzrə iddiaçı tərəfin tələbləri təmin olunmamışdır.
25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu (1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli): Maddə 2. Fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
27. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşdən müəyyən olunur ki, pul tələbi ilə bağlı icra sənədləri icra edilərkən icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla borcun əvəzi olaraq borclunun (hazırki iş üzrə iddiaçının) “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar (hazırki iş üzrə üçüncü şəxs) X8 verilməsi və onun adına rəsmiləşdirilməsinin “Tamam” fərdi firmasına həvalə edilməsi qərara alınmışdır.
34. Bu qərar qəbul edilməmişdən öncə icra məmurunun sifarişi əsasında Cavabdeh MMC xx.xx.2021-ci il tarixli, QXM 2925 nömrəli rəyi ilə mənzilin bazar dəyəri 280.000 manat müəyyən edilmişdir.
35. İddiaçı iddia edir ki, qiymətləndiricinin eyni əmlaka 2021-ci ildə 2018-ci ildəki dəyərindən 6.500 manat az qiymət müəyyən etməsi qəbuledilməzdir, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı Cavabdeh MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş hesabat İlham Orucov adlı qiymətləndirici mütəxəssis tərəfindən imzalanmış, halbuki, qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında İ.Orucov adlı qiymətləndirici mütəxəssisin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir.
36. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı özü sübut qismində birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin rəyini təqdim etmiş, həmin rəydə ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok), 192 kv.m. tam təmirli 60 saylı mənzilin bazar dəyəri xx.xx.2023-cü il tarixə 422.400 manat təşkil edir.
37. Halbuki, iddiaçının nümayəndəsi və vəkilinin bildirdiyinə, habelə iş materiallarında olan məhkəmə aktlarına əsasən iddiaçı 2023-cü ildə həmin mənzili tərk etmiş, həmin vaxtadək mənzildə yaşamış, icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən məlumatlı olmuş, hələ 2019-cu ildə onun mənzilin tələbkara verilməsi ilə bağlı qərarını məhkəmədə mübahisələndirmiş, beləliklə də mənzilin qiymətləndirici vasitəsilə 2021-ci ildə qiymətləndirilməsi imkanı olmuşdur. Lakin bunu etməmiş, hazırda məhkəməyə təqdim etdiyi rəydə də mənzilin dəyəri 2021-ci ilə deyil, 2023-cü ilin avqust ayının sonuna müəyyən edilmişdir.
38. Üçüncü şəxsin təqdim etdiyi "xxxx" MMC-nin rəyinə əsasən isə mənzilin 2021-ci ilə bazar dəyəri 261.000 manat təşkil etmişdir.
39. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
40. O da qeyd edilməlidir ki, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından (iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək və s.) istifadə edirlər.
41. Bundan başqa, hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, 2020ci ildən başlayaraq dünyada, ö cümlədən ölkəmizdə COVİD-19 virusunun yayılması ciddi sosial-iqtisadi fəsadlara səbəb olmuş, bir sıra iqtisadi sahələrdə fəaliyyətlər dayanmış, bütün bunlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə, daşınmaz əmlak bazarında durğunluğun yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla da 2018 və 2023-cü illərdə mənzilin dəyərinin 2021-ci ilə münasibətdə yüksək olması izah oluna bilər.
42. Kollegiya həmçinin qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. İddiaçı tərəfindən mübahisələndirilən rəydə mənzilin qiymətləndirmə metodu izah edilmiş, mənzilin fotoşəkilləri rəyə əlavə edilmiş, rəy həm MMC-nin rəhbəri, həm də ekspert qiymətləndirici tərəfindən imzalanmış, MMC-nin və onun ekspertinin 5 ildən az fəaliyyət göstərməsi, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
43. O da qeyd edilməlidir ki, iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi” Qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin vergitutma məqsədləri üçün hesablanması qaydalarını müəyyən edir və beləliklə də, hazırki iş üzrə maddi hüquq norması qismində tətbiq oluna bilməz.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-90/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Appelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: