Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2782/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh1, onun vəkili və nümayəndəsi Musa Abdinov və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-700/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən, ümumi sahəsi 69.94 kv.m təşkil edən 353 nömrəli bağ evi və evə aid olan 0,12 ha torpaq sahəsi ilə bağlıdır (bundan sonra - ümumi əşya). Ümumi əşya üzərində 3 nəfərin paylı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb: 1) İddiaçı, payı 3/5 hissə; 2) Cavabdeh4, payı 1/5 hissə; 3) Cəlal Məmmədov, payı 1/5 hissə. 3-cü mülkiyyətçi Cəlal Məmmədov xx.xx.2022-ci ildə ölüb, hazırda onun 3 vərəsəsi var: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) Cavabdeh3. Mülkiyyətçilər İddiaçı, Cavabdeh4 və Cəlal Məmmədov bacı-qardaşdır. Cəlal Məmmədov öldüyünə görə onun ailə üzvləri - Cavabdeh1 (arvadı), Cavabdeh2 (övladı) və Cavabdeh3 (övladı) hazırkı işdə cavabdehdirlər. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, ümumi əşya açıq hərracda satılsın və satış pulu paylı mülkiyyətçilərin arasında paylara mütənasib bölüşdürülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, ümumi əşya açıq hərracda satılsın və satışdan əldə olunan vəsait tərəflərin arasında paylara mütənasib bölüşdürülsün. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Musa Abdinov və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. 1-ci qaydanın tətbiqi mümkün deyil, bu barədə qanuni qüvvəyə minmiş qətnamə var. 2-ci qaydanın da tətbiqi mümkün deyil, çünki cavabdehlər iddiaçıya onun payının dəyərini ödəmək istəmirlər. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl – xx.xx.2023-cü ildə cavabehlərə yazılı bildiriş göndərib və payının dəyərinin ödənilməsini təklif edib, lakin təklifə cavab verilməyib. Apellyasiya icraatı zamanı iddiaçının payının dəyərinin cavabdehlər tərəfindən ödənilməsinin mümkünlüyü məsələsi müzakirə olunarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, ümumi əşyanın bazar dəyərinin 3/5 hissəsini iddiaçıya ödəməyə maddi imkanları yoxdur, əldə etdikləri qazanc buna imkan vermir, belə ki, Cavabdeh1 qabyuyan işləyir, Cavabdeh2 taksi fəaliyyəti ilə məşğuldur, Cavabdeh3 isə ofisiant işləyir. Digər Cavabdeh4 isə birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etmiş, ümumi əşyanın açıq hərrcada satılmasının mübahisənin həllinin yeganə çıxış yolu olduğunu bildirmişdir. Ona görə də 3-cü qayda tətbiq edilməlidir, hazırkı iddiada məhz həmin qaydanın tətbiqi tələb olunub. 3-cü qaydanın tətbiqi Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında verilən şərhə uyğundur. Odur ki, ümumi əşya açıq hərracda satılmalı və satış pulu paylara mütənasib bölünməlidir. Satış pulunun 3/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi isə Cəlal Məmmədovun vərəsələrinə - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməlidir. Qətnamənin icrası zamanı satış pulunun 1/5 hissəsinin 3 vərəsədən birinə verilməsi ilə qətnamə icra edilmiş sayılacaq. Bundan sonra 1/5 hissənin həmin 3 vərəsə, habelə vərəsəliyə çağırılacaq digər vərəsələr arasında bölüşdürülməsi onların qarşılıqlı razılığı əsasında həll edilməli, əgər bu mümkün olmasa onlar satış pulunun vərəsəlik qaydalarına uyğun bölüşdürülməsi barədə birbirlərinə qarşı iddia qaldıra bilərlər. Belə ki, mirasın qəbulu rəsmiləşdirilməyib, mirasda paylar müəyyən edilməyib, lakin eyni zamanda vərəsələrin heç biri mirasın qəbulundan imtina etdiyini bildirməyib. Mirasın açılmasından 1 il 4 ay keçib, vərəsələrin hərəkətsizliyi iddiaçının hüququnun müdafiəsindən imtina edilməsi üçün əsas deyil. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etsə də, satış pulunun tərəflərin (5 şəxsin) arasında bölüşdürülməsi qaydasını qətnamədə göstərməyib, bununla da Mülki Məcəllənin 220.6-cı maddəsindəki maddi hüquq normasını pozub. Ona görə də qətnamə ləğv edilməli və həmin maddənin göstərişinə uyğun olaraq iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-700/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən, ümumi sahəsi 69.94 kv.m təşkil edən 353 nömrəli bağ evi və evə aid olan 0,12 ha torpaq sahəsi açıq hərracda satılsın və satış pulunun 3/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi kimi Cavabdeh1 25 manat, Cavabdeh2 25 manat, Cavabdeh3 25 manat, Cavabdeh4 25 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2782/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2782/2024
03.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver