Məhkəmə qərarları › İş №2(103)-2788/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2788/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2788/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması, əldən çıxmış fayda, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə onun tərəfindən "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 98 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 8 saylı bınanın yaxınlığında cizgidə göstərilən ərazidə tikilmiş 26 m2 ölçüdə məntəqənin Cavabdeh adına sənədləşdirilməsi və məntəqənin eskiz layihəsinin rayon memarı ilə razılaşdırılmasının, ətrafyanı ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsinin ona həvalə edilməsi qərara alınmışdır.

3. İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 8 saylı bınanın yaxınlığında yerləşən 26 m2 qeyri-yaşayış sahəsinə görə ödədiyi 20 000 ABŞ dollarının qaytarılması və s.” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Cavabdeh onun xeyrinə 21 633 ABŞ dollarının və məhkəmə xərclərinə görə 530 manatın tutulması qət edilmişdir.

4. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən 26 m2 ölçülü qeyri-yaşayış sahəsinə dair sərəncam vermə hüququ olmadığı halda həmin sahəni İddiaçı xx.xx.2015ci il tarixli etibarnamə əsasında verərək ondan 20 000 ABŞ dolları almış, xx.xx.2015-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmiş, sahəni İddiaçı təhvil verməsə də, aldığı pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamışdır.

5. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, 04 iyun 2019-cu il tarixdə yazdığı qəbzdə İddiaçı, həmin qətnamənin icrası qaydasında 21 474 ABŞ dollarının Cavabdeh tərəfindən ona ödənildiyini bildirmiş, məhz bu səbəblə sonuncunun barəsində qətnamənin icra olunmaması ilə əlaqədar Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq edilən cinayət işinin icraatına xitam verilmişdir.

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla arasında Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən qeyri-yaşayış binasının ona faktiki olaraq satılması barədə razılaşmaya əsasən tərəfindən adı çəkilən şəxsə 20 000 ABŞ dolları verildiyini, bu məbləğin 15 000 ABŞ dolları hissəsinin birbaşa cavabdehin özünə, qalan hissəsinin isə cavabdehin kürəkəni olan X2 ona olan borcunun silinməsi yoluyla ödənildiyini, həmin dövrdə qeyd edilən daşınmaz əmlak bankın ipotekasında olduğundan razılaşmanın rəsmiləşdirilməsinin mümkün olmadığını, buna görə də daşınmaz əmlakla bağlı ona mülki etibarnamə verildiyini, razılaşmaya görə Cavabdeh bankla olan probleminin həll edilməsi ilə bağlı da xərclərin (məhkəmə və digər xərclər) tərəfindən çəkildiyini, ümumilikdə həmin daşınmaz əmlakın əldə edilməsi üçün 48 000 manat vəsait xərclədiyini, lakin Cavabdeh onu aldadaraq etibarnaməni ləğv etdirdiyini və yenidən pul istədiyini, daha sonra əmlakı başqasına satdığını bildirdiyini, aldadıldığını anlayaraq Eldardan 48 000 manat vəsaitini tələb etsə də, onun bundan imtina etdiyini, polis orqanına etdiyi müraciət əsasında aparılan araşdırma zamanı Eldar Abbsovun ondan 20 000 manat, həmçinin mülki etibarnaməni bilə-bilə bir neçə dəfə ləğv edərək hissə-hissə 13 000 və 15 000 manat aldığını etiraf etdiyini irəli sürmüş, buna görə də Cavabdeh 48 000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ona məxsus Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən və ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarlarının İddiaçı alınaraq ona qaytarılması, qeyriyaşayış sahəsinin əşyalarla birlikdə boşaldılaraq İddiaçı oradan məcburi şəkildə çıxarılması, qeyri-yaşayış sahəsindən 2016-cı ildən istifadə etdiyinə görə, aldığı aylıq gəlirlər 300 manat məbləğində müəyyən olunmaqla 16 500 manatın İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia tələblərini belə əsaslandırmışdır ki, bir neçə il öncə İddiaçı 21 633 ABŞ dolları borc almış, Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı qətnaməsi ilə sözü gedən məbləğin ondan tutulub İddiaçı ödənilməsi qət edilmiş, qətnamənin icrası qaydasında həmin məbləğin 21 474 dollarını ödəmiş, münasibətləri qaydasında olduğundan İddiaçı yenidən 8000 manat borc almış, bu borcun ödənilməsi üçün özünə məxsus qeyri-yaşayış sahəsini müvəqqəti kommersiya fəaliyyəti ilə məşğul olması üçün ona təhvil vermiş, obyektin istifadə edilməsi ilə gəlir əldə edərək borclu olduğu pul vəsaitini bu yolla qaytarmağa çalışmışdır. İddiaçı zun müddətdir ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə edir və 8000 manat borcu əmlakdan istifadə nəticəsində aldığı gəlirlər hesabına İddiaçı tam şəkildə ödənilmişdir. Qeyri-yaşayış sahəsinin qaytarılmasını tələb etsə də, İddiaçı tələbinə məhəl qoymur, buna görə də iddia qaldırmaq məcburiyyətində qalmışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək Cavabdeh məxsus Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən və ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq Cavabdeh qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbinə aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 28 000 (iyirmi səkkiz min) manatın alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə (qarşılıqlı iddia tələbi hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Elektron Məhkəmə Sistemində olan məlumatlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə Cavabdeh və İddiaçı icra sənədi üzrə tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi hazırkı dövrədək icra olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona məxsus 28 000 manat pul vəsaitini qanunsuz saxladığına görə cavabdehdən həmin vəsaitin məbləğindən hesablanmış 18 043,2 (on səkkiz min qırx üç manat iyirmi qəpik) manat faizin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 nömrəli qətnaməsi ilə “Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq Cavabdeh qaytarılması, Cavabdeh 28 000 (iyirmi səkkiz min) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi” qət edilmiş, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2023cü il tarixdə icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda ərizə yazıb imzalayaraq "özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyriyaşayış sahəsini İddiaçı satdığını, İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə 20 000 ABŞ Dolları pul vəsaiti aldığını, gələcəkdə həmin qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı qarşı hər hansı bir tələbinin olmayacağını” bildirmişdir. Sözügedən əmlak bankda ipoteka ilə yüklü edildiyi üçün əmlakın notariat kontorunda alqı-satqı müqaviləsi baş tutmamış və əmlak DƏDRX-də onun adına qeydiyyata alınmamışdır. Bundan istifadə edən cavabdeh onu aldatmış və qeyri-yaşayış sahəsini ona verməkdən boyun qaçırmış, aldığı pul vəsaitini isə geri qaytarmamışdır. Həmin vaxtdan aralarında məhkəmə mübahisələri başlamış, son olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 28 000 (iyirmi səkkiz min) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh 2015-ci il tarixdən ona məxsus pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdır, icra məmuru da deyir ki, heç bir ödəniş etməyib. 28 000 manat məbləğin ödənilməsi borc müqaviləsi ilə bağlıdır, həmin borc isə bu günə qədər qaytarılmamışdır, həmin məbləğin indeksasiyası aparılmalıdır. Cavabdeh qanunsuz hərəkətlərinə görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Ona ödənilməli olan, lakin ödənilməyən vəsaitin məbləğindən ödənilməli olan faizlər bank uçot dərəcəsi ilə müəyyənləşdirilir, bank uçot dərəcəsini Mərkəzi Bank müəyyən edir. Belə ki, ona məxsus 28 000 manat pul vəsaitini cavabdeh 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlindən özündə saxlamış və indiyə qədər qaytarmaqdan imtina edir. Ona görə də həmin vəsaitə faizlər 2016-cı ildən bugünə qədər hesablanmalıdır. Mərkəzi Bankın 2016cı ildən müəyyən etdiyi bank uçot dərəcəsi illər üzrə aşağıdakı kimidir: 2016-cı il = 8.70%; 2017-ci il = 15%; 2018-ci il = 10.94%; 2019-cu il = 8.38%; 2020-ci il = 6.90%; 2021-ci il = 6.90%; 2022-ci il = 7.62%. Beləliklə, cavabdeh ona məxsus 28 000 manat pul vəsaitinin məbləğindən 18 043,2 manat faizə görə pul vəsaitini iona ödəməlidir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı 2019-cu ilin sonlarından obyekti arenda olaraq götürüb və deyib ki, neçə il işlədəcəksə ayda 600 manat onun borcundan çıxacaq, lakin sonra gah işlədə bilməmiş, gah bağlamışdır, gah obyekti sökərək talan qoymuşdur. İddiaçı onu çox incidir, maddi olaraq çox ziyan vurubdur, səhhətinə belə ziyan dəyib. İddiaçı ondan elə bil məbləğ istəyir ki, o, iddiaçıya görə həmin məbləğin on qatını itiribdir. Obtekt özünündür, ora əvvəl kafe olub, sonra mağaza, sonra şirniyyat yeri kimi fəaliyyət göstərib. Müştəri gəlir obyekti almağa, o iddiaçıya deyir ki, “həbsi götür, satım obyekti” iddiaçı isə razı olmur. Bunun əsas səbəbi odur ki, iddiaçı 28 minə qarşılıq olaraq 200 minlik obyekti mənimsəmək istəyir, bunu bütün qəsəbə bilir. O, sadəcə qurbana çevrilib. İddiaçı qoymur ora satılsın ki, məsələ bağlansın, obyekti 150 minə istəyirlər. İcra məmuru da icazə vermir ora satılsın. İddiaçı borcunu yox, obyekti istəyir. O, razıdır ki, ora satılsın, iddiaçının pulu verilsin, qalan pul da onlara qalsın.

18. Məhkəmənin təyinatı əsasında tədqiqat həyata keçirən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6453 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin “stat.gov.az” rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən, 28 000 manat pul məbləğinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinə qədər olan dövr ərzində əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 103,2%, dərəcəsi nəzərə alınmaqla (yəni qiymətlərin səviyyəsi 3,2 faiz artmışdır,) 28 000,0 manat məbləğin indeksasiya edilərək 28 896,0 (28 000,0 x 103,2%) manat təşkil etməsi müəyyən edilir.

19. Birinci instansiya məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh 896 (səkkiz yüz doxsan altı) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, Cavabdeh məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5774/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdehdən 28 000 (iyirmi səkkiz min) manat alınaraq iddiaçıya verilməlidir, qətnamə icraya yönəldilmiş, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməklə icra sənədi üzrə icraata başlanmışdır, icra şöbəsi tərəfindən müvafiq tədbirlər görülmüş, cavabdehə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş məktubları göndərilmişdir, bununla belə cavabdeh qətnamə üzrə pul öhdəliyini icra etməmişdir, ödənilməli 28 000 manat məbləğin hesablanmış cari dəyəri məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixinə 896,00 manat artaraq 28 896,00 manat təşkil etmişdir.

21. Məhkəmə vurğulamışdır ki, cavabdehin mülki-hüquqi məsuliyyətini istisna edən hallar müəyyən olunmamışdır, cavabdehin iddiaçıya məxsus 28 000 manat pul vəsaitini qanunsuz saxlamaqla qaytarmaqdan boyun qaçırması - gecikdirməsi, sonuncunun müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır.

22. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 449.1-ci, 449.2-ci, 449.3-cü, 449.4-cü, Mülki Prosessual Məcəllənin 14-cü, 77.1ci, 107-ci, 115-ci, 119.1-ci, 124.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.

23. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, Mülki Məcəllənin 449.1-ci maddəsini düzgün tətbiq etmədiyini, əsaslı olmayan ekspert rəyinə istinad edərək səhv qərar çıxardığını, təkrar ekspertiza təyin olunması barədə vəsatətinə əhəmiyyət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

37. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

38. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı

39. ...Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Bununla yanaşı nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, iddiaçı iddia tələbini Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadla “pul vəsaitindən qanunsuz faydalanmağa görə faizlərin tutulması” kimi əsaslandırsa da, həmin maddi hüquq normasını düzgün tətbiq etməmiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

56. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

57. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

58. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

59. İşin bilavasitə tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarla müəyyən olunmuş hallarına əsasən, tərəflərin arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı münasibətləri yaranmış, cavabdeh ilk olaraq Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 8 saylı bınanın yaxınlığında yerləşən 26 m2 qeyri-yaşayış sahəsinin 20 000 ABŞ dolları qarşılığında alqı-satqısı barədə iddiaçı ilə razılaşmış, lakin müqavilədən irəli gələn öhdəliyini (əşyanı alıcıya təhvil vermək barədə) icra etmədiyindən iddiaçı ona qarşı iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq, cavabdehdən onun xeyrinə 21 633 ABŞ dollarının tutulması qət edilmiş, iddiaçı xx.xx.2019-cu il tarixdə yazdığı qəbzdə həmin qətnamənin icrası qaydasında 21 474 ABŞ dollarının cavabdeh tərəfindən ona ödənildiyini bildirmiş, məhz bu səbəblə sonuncunun barəsində qətnamənin icra olunmaması ilə əlaqədar Ədliyyə Nazirliyinin İstintaq İdarəsində başlanılmış cinayət işinin icraatına xitam verilmişdir.

60. 09.12.2020-ci il tarixdə iddiaçı cavabdeh barəsində polisə müraciət edərək bildirmişdir ki, qeyd olunan qətnamənin icra olunmaması ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı zamanı cavabdeh ona digər obyekti satmağı təklif edib həmin əmlakın bankın xeyrinə girovda olduğunu bildirmiş və aralarındakı razılaşmaya əsasən iddiaçı cavabdehin bankla problemini həll etməyi öz öhdəsinə götürmüş, cavabdeh ona yeni etibarnamə vermiş, o da şikayətini geri götürmüşdür. Lakin aradan 1 il keçdikdən sonra cavabdeh ona verdiyi etibarnaməni ləğv etdirərək, əmlakı başqa şəxsə satmaq istədiyini bildirmişdir. Müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

61. Bundan sonra, iddiaçı növbəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən qeyri-yaşayış binasının ona satılması ilə əlaqədar razılaşma olmuş, həmin razılaşma çərçivəsində cavabdehə 20 000 ABŞ dolları vermiş, eyni zamanda əmlakın ipoteka yüklülüyündən azad olunması üçün müəyyən vəsait xərcləmiş, cavabdeh əmlakı ona təhvil versə də, sonradan əmlakla bağlı verdiyi etibarnaməni ləğv etdirmiş, ümumilikdə ona verdiyi 48 000 manatı isə qaytarmamışdır.

62. Kassasiya instansiyası məhkəməsi də həmin iş üzrə xx.xx.2022-ci il tarixli qərarında vurğulamışdır ki, “...mübahisə tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 8 saylı bınanın yaxınlığında yerləşən 26 m2 qeyri-yaşayış sahəsinə görə 20 000 ABŞ dollarının qaytarılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından sonra cavabdehə məxsus ipoteka predmeti olmuş ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının alqı-satqısı ilə bağlı münasibətlər çərçivəsində başlamışdır”.

63. Beləliklə, qanuni qüvvədə olan məhkəmə aktları əsasında müəyyən edilən odur ki, iddiaçı cavabdehə pul vəsaitini 2015-ci ilin sonlarında deyil, alqı-satqı ilə bağlı razılaşma üzrə təxminən 2019-cu ilin ortalarında vermiş, lakin sonradan cavabdeh razılaşmanın şərtlərini pozduğu üçün növbəti məhkəmə mübahisəsi ortaya çıxmışdır.

64. Yuxarıda qeyd olunduğu kimi, həmin iş üzrə son qərar Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsi olmuş, Cavabdeh 28 000 (iyirmi səkkiz min) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.

65. Qeyd olunan qətnamə ilə həm də mübahisənin obyekti olan qeyri-yaşayış sahəsinin iddiaçıdan alınıb cavabdehə verilməli olduğunun qət edildiyini və obyektin hazırkı dövrdək iddiaçıda olmasını nəzərə alan kollegiya hesab edir ki, cavabdehin sözügedən pul vəsaitini qaytarmalı olduğu tarix kimi məhz qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixi əsas götürülməlidir.

66. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

67. Beləliklə, iddiaçının araşdırma predmeti olan tələbinə qiymət verilməsi üçün, ilk növbədə Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır.

68. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

69. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

70. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

71. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

72. Bununla yanaşı qeyd olunmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

73. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər.

74. Həmin maddi hüquq normasının dispozitiv şərtlərinə görə, kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

75. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 29 mart 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

76. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarında da qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

77. İşin hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh pul öhdəliyini vaxtında yerinə yetirməmişdir; onun qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 28 000 manat borcuna qətnamənin qüvvəyə mindiyi tarixdən (xx.xx.2023-cü il tarixdən) xx.xx.2024-cü il tarixədək (1 il 3 ay) illik 5%-lə hesablanacaq faiz isə 1751 manat (28 000 manat x 5% x 1 il 3 ay) təşkil edir.

78. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri də cavabdehdən alınıb iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınıb müvafiq hesaba köçürülməlidirı Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-172/2024 saylı iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh əldən çıxmış faydanın əvəzi qismində 1751 (min yeddi yüz əlli bir) manat, dövlət rüsumlarına görə 217 (iki yüz on yeddi) manat alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar