Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2790/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh mülkiyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilən QYM seriyalı, 002945 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 2 ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsinin QYM seriyalı, 002945 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olduğunu bildirərək, iddiaçıların həmin qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb edir. Həmin ünvan qeyri-yaşayış sahəsi deyil, yaşayış evidir və onlar ailələri ilə birlikdə 1993-cü ildən həmin evdə məcburi köçkün kimi yaşayırlar. Onların qaçqın kimi yaşadığı mənzilin xəbərləri olmadan özəlləşdirilməsi qeyri-qanunidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamışdır. Əvvələ, həmin ünvan qeyri-yaşayış sahəsi deyil, yaşayış evidir və iddiaçı və digər cavabdehlər birlikdə 1993-cü ildən həmin ünvanda məcburi köçkün kimi yaşayırlar. Onların qaçqın kimi yaşadıqları mənzilin xəbərləri olmadan özəlləşdirilməsi qeyri-qanunidir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə, həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına da yol verilə bilər. Lakin bu zaman başqa şəxslərin hüquqları pozulmamalıdır. İddiaçılar həmin yerdə məskunlaşanda həmin ərazidən zibillik kimi istifadə olunurdu və bu halda onların kimsənin hüququnu pozması mümkün deyildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin məskunlaşdırılması Qaydalarının 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmişdir "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasının 3-cü bəndinə əsasən «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-cİ bəndinə əsasn Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. İddia ərizəsində bu hallar qeyd olunsa da, birinci instansiya məhkəməsi için bu hallarına hər hansı şəkildə münasibət bildirməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin QYM seriyalı, 002945 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, 4a ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Nərimanov rayonu sektorunun xx.xx.2020-ci il tarixli 1512 saylı arayışından görünür ki, İddiaçı2 Ağdam rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, 4 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AA seriyalı 146381 saylı vəsiqədən görünür ki, Abdullayev X9 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 215788 saylı vəsiqədən görünür ki, Allahverdiyev X11 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 406945 saylı vəsiqədən görünür ki, X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 215789 saylı vəsiqədən görünür ki, X1 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş olan AZ-İİ seriyalı, 402971 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında nikah Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 383 nömrə ilə qeyd edilmişdir; Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Kollegiya işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edilən hüquq normalarının tələblərini nəzərə almaqla, hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı iddia tələbində 1993-cü ildən bəri məcburi köçkün kimi yaşadığını iddia etdiyi qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən 2005-ci ildə qeydiyyat vəsiqəsi alınmasını bildirmiş və həmin qeydiyyat vəsiqəsinin ləğvini məhkəmədən xahiş etmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının hazırki tələbi sübutetmə yükü ilə bağlıdır və sözügedən qeydiyyat vəsiqəsinin ləğvinə səbəb olan halların mövcudluğu iddiaçılar tərəfindən sübuta yetirilməlidir. Lakin, iş materiallarından görünür ki, iddiaçılar mübahisələndirdikləri qeydiyyat vəsiqəsinin ləğvinə səbəb olan halların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında belə sənədlərin olmasına rast gəlinməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3125/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2790/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2790/2021
12.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver