Məhkəmə qərarları › İş №2(103)-2793/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2793/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2793/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4537/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. kişi qolbağı – çəkisi 50 qr, qiyməti – 3500 manat, 2. Saatlı qobaq – çəkisi 25 qr., qiyməti – 1750 manat, 3. Yoluçnu qolbaq – çəkisi 20 qr., qiyməti – 1400 manat, 4. Yoluçnu boyun sepi – çəkisi 25 qr., qiyməti – 1750 manat, 5. Kulon Nifertite başı – çəkisi 10 qr., qiyməti - 700 manat, 6. Kulon ay, ulduz ikiüzlü – çəkisi 4 qr., qiyməti – 280 manat, 7. 10 ədəd qızıldan xırda arpa düzülüşlü boyun sepi – çəkisi 15 qr, qiyməti – 1050 manat, 8. Qaşlı kişi üzüyü – çəkisi 14 qr., qiyməti – 980 manat 9. Göy yaşlı cüt sapfir sırğa – çəkisi, 9 qr., qiyməti 630 manat, 10.Uşaq qolbağı – çəkisi 2 qr., qiyməti – 140 manat,

11. Halqa cüt sırğa – çəkisi 10 qr., qiyməti 700 manat, 12. Yaxaya vurulan qızıl broşka – çəkisi 10 qr., qiyməti – 700 manat və ya onların ümumi dəyərinin 13.580 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə az müddətdə saxlanılması üçün iddiaçıya məxsus olan qızıl zinət əşyalarını doğma xalası, Cavabdeh etibar edərək vermişdir. Yaşadığı həyət evinin təmirsiz, pəncərələri açıq olması səbəbindən xalası öz evinin güvənli, etibarlı olduğunu bildirib, iddiaçıya məxsus qızıllarını onun evində qalmasına onu təkidlə məcbur etmişdir. Cavabdeh digər xalası, öz doğma bacısı X2 məxsus qızıl zinət əşyalarını və pulunu da mənimsəmişdir. Nəsimi rayon Məhkəməsinin ədalətli qərarı ilə xalasının iddiası təmin olunmuşdur. Uzun illərdir cavabdeh iddiaçının etibarından sui istifadə edib, dəfələrlə cavabdehdən özünə məxsus olan qızıl zinət əşyalarının qaytarılmasını tələb etmişdir. Əvvəllər cavabdehlə münasibətləri normal olmuşdur. Hər dəfə söz verib iddiaçını aldatdığı üçün münasibətləri pozulmuşdur. Cavabdeh onun şəkər xəstəsi olduğunu bilir, özünə çox güvənərək özünü qanundan üstün, güclü olduğunu bildirir. İddiaçının həyat yoldaşı işləmir. İddiaçının yeganə qızı əlildir (serebral iflic), qızına təcili əməliyyat lazımdır. İddiaçı Nəsimi rayon 22-ci PB-nə şikayət etmiş, cavabdeh bildirmişdir ki, qızıl zinət əşyalarını guya lombarda girov qoymuş, iddiaçı həqiqəti bilmək üçün cavabdehlə birlikdə lombarda getmələrini təklif etmişdir. Cavabdeh hər dəfə iddiaçının təkliflərindən dəfələrlə boyun qaçırmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus qızıl zinət əşyalarını satıb öz ehtiyacları üçün xərcləmişdir (evini təmir etdirib, evinə yeni əşyalar alıb, qızına və oğluna toy edib). Qızıl zinət əşyaları iddiaçının və rəhmətlik anasının fotoşəkillərdə sübut olaraq kifayət qədər öz əksini tapmışdır. Cavabdeh hər dəfə iddiaçını aldadaraq özünə məxsus avtomobilini və qarajını satıb tezliklə onunla hesablaşacağına söz verirdi. Cavabdeh etibarından sui-istifadə edib, iddiaçıya məxsus qızıl zinət əşyalarının ümumi dəyəri 13580 manat pulunu mənimsəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4537/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh aşağıdakı qızıl-zinət əşyaları: 1.Kişi qolbağı – 1 ədəd, çəkisi 50 qr., əyarı 585, qiyməti 2850 manat, 2.Saatlı qobaq – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 3.Yoluçnu qolbaq – 1 ədəd, çəkisi 20 qr., əyarı 585, qiyməti 1140 manat, 4.Yoluçnu boyunbağı – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 5.Kulon (Nefertiti başı) – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 6.Kulon (ay-ulduz, ikiüzlü) – 1 ədəd, çəkisi 4 qr., əyarı 585, qiyməti 228 manat, 7.Xırda aypara düzülüşlü boyunbağı – 10 ədəd, çəkisi 15 qr., əyarı 585, qiyməti 855 manat, 8. Qaşlı kişi üzüyü – 1 ədəd, çəkisi 14 qr., əyarı 585, qiyməti 798 manat, 9. Göy qaşlı sapfir sırğa – 1 cüt, çəkisi 9 qr., əyarı 585, qiyməti 513 manat, 10. Uşaq qolbağı – 1 ədəd, çəkisi 2 qr., əyarı 585, qiyməti 114 manat, 11. Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 12. Broş – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat və yaxud onlar olmadıqda onların dəyəri ümumilikdə 11.058 (on bir min əlli səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmadıqda Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıdakı siyahıya uyğun olaraq müəyyən edilmiş dəyərinin tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın Cavabdeh tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 12 adda qızıl-zinət əşyasının adını, çəkisini və qiymətini göstərmiş, lakin tələb etdiyi qızılların hansı əyarda olmasını göstərməmişdir və məhkəmədən tələbi 12 adda əyarı göstərilməyən qızıl-zinət əşyasının və ya onların ümumi dəyərinin cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbindən kənara çıxaraq əyarı göstərilməyən qızıl-zinət əşyalarının qiymətləndirilməsini keçirmiş və tələbdən kənara çıxaraq iddiaçının tələbi iddiaçı tərəfindən deyil, məhkəmə tərəfindən artırılan 12 adda qızıl-zinət əşyasına ad, çəki və qiymətdən əlavə 585 əyarlı tələbini əlavə etmişdir. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının konkret olaraq nələrdən ibarət olması eyni zamanda əyarları göstərilməmişdir. Şahidlərin biri qızılların torbada olduğunu o birisi isə açıq vəziyyətdə olduğunu bildirərək ziddiyyətli ifadələr vermişlər. Bundan əlavə iş materiallarında olan şəkillərə diqqət yetirilsə orada qızılların ümumiyyətlə olmamasını görmək mümkündür.

Proses iştirakçılarının izahatları:

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın təmin edilmiş” hissəsində yoxlanılması təşkil edir. İddiaçının apellyasiya şikayəti olmadığından qətnamə iddianın təmin edilməmiş hissəsində yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslndırır ki, iddiaçının şikayəti olmadığı halda qətnamənin iddianın təmin edilməmiş hissəsində yoxlanılması onun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qohumluq və etibarlı əlaqələr olmuşdur. Cavabdeh iddiaçının xalasıdır. "xxxx" MMC-nin LP-163/2021 saylı, 27.09.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1.Kişi qolbağı – 1 ədəd, çəkisi 50 qr., əyarı 585, qiyməti 2850 manat, 2.Saatlı qobaq – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 3.Yoluçnu qolbaq – 1 ədəd, çəkisi 20 qr., əyarı 585, qiyməti 1140 manat, 4.Yoluçnu boyunbağı – 1 ədəd, çəkisi 25 qr., əyarı 585, qiyməti 1425 manat, 5.Kulon (Nefertiti başı) – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 6.Kulon (ay-ulduz, ikiüzlü) – 1 ədəd, çəkisi 4 qr., əyarı 585, qiyməti 228 manat, 7.Xırda aypara düzülüşlü boyunbağı – 10 ədəd, çəkisi 15 qr., əyarı 585, qiyməti 855 manat, 8. Qaşlı kişi üzüyü – 1 ədəd, çəkisi 14 qr., əyarı 585, qiyməti 798 manat, 9. Göy qaşlı sapfir sırğa – 1 cüt, çəkisi 9 qr., əyarı 585, qiyməti 513 manat, 10. Uşaq qolbağı – 1 ədəd, çəkisi 2 qr., əyarı 585, qiyməti 114 manat, 11. Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat, 12. Broş – 1 ədəd, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat olmaqla, qızıl zinət əşyalarının hazırki bazar dəyəri - 11058 manat etmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(103)-5266/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “qızıl-zinət əşyalarının, soyuducunun və pulun qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və qətnamədən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Mübahisələndirilən qızıl-zinət əşyalarının verilməsinin sübutu kimi iş materiallarına fotoşəkillər əlavə edilmiş və hadisənin şahidləri məhkəmə iclasında dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o iddiaçının dayısıdır, cavabdehin qardaşıdır. Qızılların verilməsinin şahidi olmuş, lakin qızıllar torbada içərisində olduğundan tam nələrdən ibarət olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o iddiaçının qardaşıdır. Qızıllar anasına məxsus olmuş, qızılların verildiyinin şahidi olmuşdur. Bacısı cavabdehə qızılları saxlaması üçün vermiş, daha sonradan geri istədikdə isə qızılların lombardda olmasını bilmişlər. Lombarddan qızılların götürülməsi üçün 1500-2000 manat pul lazım olduğunu onlara demiş, sonradan pulu vermək üçün əlaqə saxlasalar da telefona cavab verilməmişdir. Qızılların qiyməti təqribən 10.000 (on min) manatdan çox olmasını məhkəməyə bildirmişdir. Qızılların içərisində qızıl broş və halqa sırğa olduğunun şahidi olub. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəfindən cavabdehə müvəqqəti saxlamaq üçün iddia ərizəsində göstərilən 12 adda qızıl-zinət əşyaları verilmiş, lakin cavabdeh həmin əmlakları hal-hazırki vaxtadək nə dəyərini, nə də ki, özlərini iddiaçıya qaytarmamışdır. İşin materiallarından və şahidlərin ifadələrindən məlum olmuşdur ki, sözügedən qızıl-zinət əşyaları cavabdehdədir. İddiaçıya məxsus qızıl-zinət əşylarının ümumi dəyəri 11.058 (on bir min əlli səkkiz) manat təşkil etmişdir. Belə olan halda, Cavabdeh 12 adda qızıl-zinət əşyaları və yaxud onların dəyəri ümumilikdə 11058 (on bir min əlli səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin olunmuş” hissəsi barədə mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müvəqqəti saxlanc üçün cavabdehə verilmiş qızıl-zinət əşyalarının ondan geri tələb edilməsi iddia tələbinə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlsə də, qızıl-zinət əşyalarının sayının dəqiq müəyyənləşdirilməsi ilə bağlı işdə olan digər sübutlarla məhkəmənin gəldiyi yekun nəticə ilə uzlaşmır. Məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə birinci instansiya məhkəməsinin qətnaməsində sadalanan əmlakların iş materiallarında olan fotoşəkillərlə müqayisəli şəkildə tədqiqi zamanı, cavabdehin vəkili-nümayəndəsi bildirmişdir ki, qətnamənin 11 və 12-ci bəndlərində qeyd edilən “qızıl halqa sırğa” və “broş” fotoşəkillərdə mövcud deyil. Bununla bağlı tərəflərin iştirakı ilə işdə olan bütün fotoşəkillər tədqiq edilmiş, fotoşəkillərdə “broş”un olduğu sübuta yetirilsə də, “qızıl halqa sırğa”nın olduğu sübut edilməmişdir. Fotoşəkillərdə olan digər qızıl-zinət əşyalarının mövcudluğu isə apellyator tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qızıl-zinət əşyalarının cavabdehə verilməsi barədə sübutetmə yükü iddiaçının üzərində olduğundan, iddiaçı tərəfindən işin bu halı şahidlərlə və digər sübutlarla, yəni fotoşəkillərlə təsdiq edilmişdir. Qızıl-zinət əşyalarının qəbul edilməməsi barədə sübutetmə yükü cavabdehin üzərinə keçir. Cavabdeh isə işin araşdırılması zamanı qızıl-zinət əşyalarının ona verilməsini istisna edən hər hansı sübut təqdim edə bilməmişdir. İşin araşdırılması zamanı yalnız “qızıl halqa sırğa”nın cavabdehdə olması iddiaçı tərəfindən sübut edilə bilmədiyindən, qətnamə həmin hissədə ləğv edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumilikdə formal xarakter daşıyır, işin halları və qətnamə ilə müəyyən edilən hallarla uzlaşmır və apellyatorun şəxsi mülahizələrinə əsaslanır. Apellyator şahid ifadələrinə tənqidi yanaşaraq ziddiyətli ifadələr verdiklərini bildirsə də, bu dəlili təkzib edən hər hansı sübut iş materiallarında müəyyən edilməmiş və apellyator tərəfindən də təqdim edilməmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Qeyd edilən şahidlər ifadələrində verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onları obyektiv məlumatlar kimi dəyərləndirir. Belə ki, onlar hər iki tərəfin yaxın qohumu olmuş və hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış, hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar qeyd edilən şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Belə olan halda Kollegiya qərara gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin digər mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (384.0.1); qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (384.0.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4537/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilmiş” hissəsində qismən ləğv edilsin. İddia tələbi “Halqa sırğa – 1 cüt, çəkisi 10 qr., əyarı 585, qiyməti 570 manat” hissədə rədd edilsin. Qızıl-zinət əşyalarının ümumi dəyəri 10488 (on min dörd yüz səksən səkkiz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar