Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2797/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə Ədalət oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 MMC ilə İddiaçı arasında abunə müqaviləsi bağlanmış, muqavilə şərtlərinə görə ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad edərək ondan 621 manat 46 qəpik borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qərar qəbul etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat ofisinin 4992 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icra sənədi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmin borcun nə üçün yarandığı ona məlum deyil, ona görə də qeyd edilən qərarın hansı sənədə əsasən qəbul edildiyinin bildirməməsi onda şübhə yararanmasına əsas verir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, icra qeydinin aparılması barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildirişin İddiaçı (icra qeydi üzrə borcluya) çatdırıldığını təsdiq edən sənəd icra qeydinin verilməsi üçün müəyyən edilmiş sənədlərə əlavə edilməmişdir.
6. Məhkəmə öz mövqeyini «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76, 79-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 050 *** ** ** nömrənin rabitə xəttinə xx.xx.2020-ci il tarixi saat 17:25-də limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuşdur. 050 *** ** ** nömrədə xx.xx.2020-ci il tarixində (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 621,26 manat təşkil edir) 639,18 manat və xx.xx.2020-ci il tarixində 0,2 manat məbləğində fakturalar kəsilmişdir. Müvafiq faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən 050 *** ** ** nömrənin rabitə xətti Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixində ləğv edilməklə müvafiq müqavilə münasibətlərinə xitam verilmişdir. İddiaçı notariusa borcluya göndərilən bildirişi təqdim etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
«Notariat haqqında» Azərbaycan Respublikası Qanunu
13. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
14. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 MMC tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
20. Qanunun yuxarıda göstərilən tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməzdən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
21. Baxılan iş üzrə icra qeydinin aparılması barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildirişin İddiaçı çatdırıldığını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir.
22. Apellyator apellyasiya şikayətində bildirişin notariusa təqdim edildiyini bildirsə də, bu barədə nə "xxxx" MMC, nə də Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən müvafiq sübut təqdim edilmişdir. Halbuki, Bakı şəhəri 25 saylı notariat ofisi hazırkı iş üzrə cavabdeh olmaqla, iddiaya qarşı etirazını təsdiq edən sübutları təqdim etmək öhdəliyində olmuşdur.
23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
24. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
25. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
27. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.