Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2798/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: bağışlamadan imtina edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlamadan imtina edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2023 saylı 02 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən ÖM seriyalı, 004398 seriyalı qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. 01 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən hədiyyə verən İddiaçı Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 662 nömrəli r/kitab; 99362-ci səhifə, 30/9368 qeydiyyatlı qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Aqil Quliyev küçəsi, 131 nömrəli binada yerləşən yaşayış sahəsi 34.0 kv.m, ümumi sahəsi 38.0 kv.m olan iki otaqdan ibarət 25b nömrəli mənzilini nəvəsi - hədiyyə alan Cavabdeh bağışlamışdır.
3. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-05-1031 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzilə dair dövlət reyestrində cari dəyişikliklər edilmiş və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir.
4. 03 oktyabr 2022-ci il tarixli bildirişlə İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin nəvəsi Cavabdeh bağışlanmasından imtina etdiyini bildirmiş və mənzilin boşaldılaraq qısa müddətdə ona geri qaytarılmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilə dair nəvəsi X4 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması, Bakı şəhəri 12 saylı DNK-də xx-xx- 1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinin əsasında Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən imtina edilməsi səbəbilə ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin cavabdeh tərəfindən boşaldılması, onların cavabdehin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil daha əvvəl bağışlama müqaviləsi əsasında oğlu X5 tərəfindən ona verilmişdir. O da həmin mənzili xəstə qızına və ona baxmaq şərtilə nəvəsi Cavabdeh bağışlamışdır. Lakin cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq ona - 91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etmişdir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları nəvəsinə versə də, sonuncu ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş və nənəsinə, bibisinə heç bir maddi yardım belə göstərməmişdir. Aralarındakı bağışlama müqaviləsindən tərəfindən imtina edildiyindən hazırda cavabdehin mübahisəli mənzil üzərindəki sahibliyi artıq qanunsuzdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 fevral 2023-cü il tarixli 2(006)-449/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq iddiaçıya - 91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etdiyini, onlara heç bir maddi yardım belə göstərmədiyini bildirsə də, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 maddələrinin məzmunu izah edilmiş, həmçinin müqavilədə cavabdehin üzərinə hər hansı vəzifələr qoyulmamış, müqavilə şərtsiz bağlanmışdır. Həmçinin, bağışlama müqaviləsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Bağışlamadan imtina edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 673.1.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, istər iddia ərizəsində, istərsə də məhkəmə iclaslarında verilmiş izahatlarda dəfələrlə qeyd olunmuşdur ki, cavabdeh ailə münasibətlərindən irəli gələn öhdəlikləri kobud şəkildə pozmuş, sadəcə nənəsi İddiaçı qarşı deyil, həmçinin doğma atası X2 qarşı da ailə məhfumuna yaraşmayacaq hərəkətlər etmiş, sonuncuya qarşı söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq bir sıra dövlət orqanlarına və dövlət aparatının yüksək vəzifəli şəxslərinə göndərmiş, hətta atası X3 məhkəməyə belə vermişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
16. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalarla hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
17. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
18. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3) və s. hallarda Hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
19. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
29. Qanunverici daşınmaz əmlakın hədiyyə kimi qəbulunu bu barədə müqavilənin notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirdiyindən, hədiyyə verilmiş mənzil cavabdeh tərəfindən qəbul edilmiş sayılır.
30. Müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanarkən pozuntuya yol verilməmişdir. Həmçinin, hədiyyə verənlə hədiyyə alan arasında hər hansı bir öhdəliyin, şərtlərin yerinə yetirilməsi ilə bağlı razılaşma olmamış və ya bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə haqlı olaraq göstərmişdir ki, müqavilədə cavabdehin üzərinə hər hansı vəzifələr qoyulmamış, müqavilə şərtsiz bağlanmışdır. Həmçinin, bağışlama müqaviləsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir.
32. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
33. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2023 saylı iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.