Məhkəmə qərarları › İş №2(103)-2798/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2798/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2798/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103) 382/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iddiaçıya məxsus ipoteka pedmeti olan əmlak barədə hərracin kecirilməsi Binəqədi Rayon İcra şöbəsinin 17 oktyabr 2022-ci il tarixli xx/xx-122246-16 saylı sifarişi əsasında "xxxx"MMC-yə həvalə edilmişdir. 11 noyabr 2022-ci il və 29 noyabr 2022-ci il tarixlərdə təkar hərraclar keçirilmişdir. Hər iki hərrac barədə mülkiyyətçi olaraq iddiaçıya məlumat verilməmişdir. Lakin, 2023-cü ilin noyabr ayında iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzil X1 "xxxx" MMC-nin 26 dekabr 2022-ci il tarixli Açıq Hərracın yekunları barədə (ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) 288/22 saylı protokola əsasən "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məlum olur ki, "İpoteka Haqqında" Qanunun 41.2-ci maddəsinin və MM-nin 415-ci maddəsinin tələbləri kobudcasına pozularaq 5 ildən az olan daimi fəaliyyət göstərməyən hərrac təşkilatında hərrac keçirilmişdir. Bu halda bir başa hüquqlarımı pozulmuş və ipoteka haqqında qanunun və Mülki Məcəlləsinin tələbləri pozulmuşdur. Cavabdeh MMC 5 ildən az müddətdir fəaliyyət göstərir. Ona görə də həmin təşkilatın apardığı hərrac qanunsuzdur.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qaydaları pozmaqla keçirilmiş hazırki hərrac etibarsız sayılmalıdır. İcra məmuru daha ixtisaslaşmış və beş ildən artıq müddətə fəaliyyət göstərən təşkilata hərracın keçirilməsini etibar edə bilərdi. Belə ki, hərrac keçirilən zamanı hərracı keçirən hərrac təşkilatı beş ildən az müddətdə fəaliyyət göstərmişdir. Hazırda hərracı keçirmiş təşkilat ixtisaslaşmış təşkilat hesab edilə bilməz. Bundan başqa hazırda işdə çəkişmə prinsipi görünmür. Eyni zamanda məhkəmə iddianın təmin etməməklə bağlı əsassız nəticəyə gəlmişdir. İddiaçının əmlakı çox ucuz qiymətə satılmışdır. İddiaçının borc məbləği az olmuşdur. Həmçinin ödəniş davam etmişdir. Daima ödənişin davam etməsinə baxmayaraq əmlak hərracda satışa çıxarılmışdır. Hərrac qeyri-peşəkar keçirilmişdir. İddiaçının iştirakı təmin olunmamışdır. Hərrac kənar şəxslər davam edilmədən yalnız BOKT-un nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Nəticədə hərracın obyektiv keçməsinə BOKT tərəfindən mane olunmuşdur. Belə ki, sonda BOKT tərəfindən əmlak dəyər dəyməzə alınmışdır. Hərrac təşkilatının yarıtmaz fəaliyyəti və BOKT-un təzyiqi və təsiri nəticəsində yalnız əmlak bank olmayan kredit təşkilatına satılmışdır. Dəyərindən kifayət qədər ucuz satılmışdır. Hərrac təşkilatı ixtisaslaşmış təşkilat deyildir. Qanunvericilikdə nəzərdə tutulmuş ixtisaslaşdırılmış hərrac təşkilatında keçirilməmiş və məhkəmə iclasında bu araşdırılmamışdır. Hərrac təşkilatı yalnız etirazında hərracı keçirməsi barədə məlumat vermiş, qeyd edilən əsasa münasibət bildirməmişdir. Məhkəmə də bu məsələni araşdırmamış, yarıtmaz hərraca tam münasibət bildirməmişdir. Məhkəmə onların əsasını formal hesab etməsinin əsası yoxdur. Odur ki, iş yenidən araşdırılmalıdır. Qeyd edilən əsaslar aydınlaşdırmalıdır. Ümumiyyətlə iddiaçı tərəfin təqdim etdiyi sübutlara heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə öz formal mülahizələrini qətnamədə göstərmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. 17.10.2022-ci il tarixli xx/xx-122246/-16 nömrəli məktuba əsasən müəyyən olunur ki, Binəqədi rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh MMC-yə göndərilmişdir.

8. BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır.

9. 19.10.2022-ci il tarixli 2088/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair ilkin hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 70.000 manat həddində qiymətləndirilmişdir.

10. xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.

11. BirjaNews portalında yerləşdirilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 15% aşağı qiymət, yəni 59.500 manat həddində müəyyən edilmişdir.

12. xx.xx.2022-ci il tarixli 2249/22 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057- 68, ev 9, 92 saylı mənzilə dair təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın satış qiyməti 59.500 manat həddində qiymətləndirilmişdir.

13. xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.

14. 30.11.2022-ci il tarixli 2419/22 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilin 59.500 manat həddində olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir.

15. 06.12.2022-ci il tarixli 6084-122022 nömrəli məktuba əsasən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzilin əldə edilməsinə razıdır.

16. xx.xx.2022-ci il tarixli 288/22 nömrəli protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 9, 92 saylı mənzil 44.625 manat dəyərində "xxxx" ASC tərəfindən əldə edilmişdir.

17. Bundan başqa yuxarıda qeyd olunan məlumatların İddiaçı göndərilməsini təsdiq edən müvafiq məktublar iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

20. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları:

23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

24. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli icra sənədindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi əsasında 70000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirməmiş, həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyasının qətnaməsinin həmin hissəsindən kassasiya şikayəti verməmişdir.

27. Mülki iş materiallarından görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 1 ünvanına göndərilmişdir.

28. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir.

29. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmış və təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Bundan sonra ipoteka əmlakı ipoteka saxlayana təklif edilmiş və həmin təklif qəbul edilmişdir. Nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli 288/22 nömrəli protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057- 68, ev 9, 92 saylı mənzil 44.625 manat dəyərində "xxxx" ASC tərəfindən əldə edilmişdir.

30. Hazırda iddiaçı tələbində eləcə də apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etsə də, işin qeyd edilən hallarından görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir.

31. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

32. Bununla yanaşı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur.

33. Göründüyü kimi tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir.

34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişsə hərracı keçirmiş təşkilatın fəaliyyətinin 5 ildən az olması baş tutmuş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsində öz əksini tapmış hərracların bu sahədə kifayət qədər (ən azı 5 il) təcrübəsi olan və bu sahədə ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə keçirilməli olduğuna dair normanın məqsədi hərracların qanunla müəyyən edilmiş norma və tələblərə uyğun keçirilməsini təmin etməkdir. Hazırkı halda məhkəmə araşdırması zamanı hərraclar keçirilərkən iddiaçı tərəfindən baş verdiyi iddia edilən pozuntuların mövcudluğu öz əksini tapmamışdır.

35. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, əksinə, hərracın keçirilməsi barədə məlumatlı olduğu müəyyən olunduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

36. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

37. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

38. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar