Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2801/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Ömərova Günel Əjdər qızının iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 1954,92 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat CC” markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxxxx 2018ci il tarixdə “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi, digər Cavabdeh1 məxsus **-OZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Bluebird” markalı avtonəqliyyat vasitəsi ilə **-CC-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat CC markalı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar olaraq Cavabdeh2 barəsində xx xxxxxxxx 2018-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Euro Style” LTD tərəfindən təqdim olunmuş təmir kartına əsasən **-CC-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat CC” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 6954,92 manat məbləğində müəyyən edilmişdir. “ xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2018- ci il tarixli sığorta aktına əsasən dəymiş zərərə görə “ xxxxxxxxxxxx” ASC tərəfindən 6854,92 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. **-OZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Bluebird” markalı sahibinin üçüncü şəxslər qarşısında mülkiməsuliyyəti icbari qaydada “xxxxxxxxxx” ASC-də sığortalandığı üçün 4900 manat məbləğində pul vəsaiti “xxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Sığorta ödənişinin əvəzinin 1954,92 manat hissəsi isə cavabdehlər tərəfindən bu günə qədər ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 66 manat məbləğində sığorta ödənişi, habelə dövlət rüsumunun əvəzi olaraq 1 manat, cəmi 67 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 04 manat hissəsinin Cavabdeh2, qalan 116 manat hissəsinin isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilməsi, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sığorta şəhadətnaməsinin şərtlərini nəzərə almamışdır. Belə ki, “xxxxxxxxxxxx” ASC ilə sığortalı arasında imzalanmış sığorta şəhadətnaməsində qeyd edilmişdir ki, sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsi sığortaçı tərəfindən “Volksvagen” markalı avtomobillərin rəsmi servis mərkəzində təmir olunacaqdır”. İddiaçı da həmin şərtə əməl edərək həmin markalı avtomobillərin servis mərkəzi olan “Euro Style” LTD tərəfindən təmir olunmasını təmin edərək sığorta ödənişini həyata keçirmişdir. Lakin məhkəmə “Euro Style” LTD tərəfindən təqdim olunmuş məbləği əsas götürməmişdir. “Euro Style” LTD tərəfindən təqdim olunmuş təmir kartına əsasən 1060,92 manat ƏDV (18 faiz) hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Lakin ekspert rəyində ƏDV-nin ödənilməsi göstərilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, **-CC-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat CC” markalı avtomobil «xxxxxxxxxxxx» ASC-də xx.xx.2018-ci ildə sığortalanmışdır. Cavabdeh1 **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Nissan Bluebird” markalı avtomobilin mülkiyyətçisidir. O avtomobili idarə etməyi digər Cavabdeh2 etibar etmiş,sonuncu xx.xx.2017-ci saat 13:30 radələrində Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində hərəkət edərkən manevr qaydasını pozub ara məsafəsi saxlamayaraq qarşıda yolun sağında dayanmış **-CC-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat CC markalı avtomaşınla toqquşmuşdur. Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.“Euro Style” LTD tərəfindən təqdim olunmuş təmir kartına əsasən sığortalı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 6954,92 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən sığortalı avtomobilin sahibi X3 100 manatazadolma məbləği nəzərə alınmaqla 6854,92 manat məbləğində sığorta ödənişi ödənilmişdir. **-OZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Bluebird” markalı avtomobil “xxxxxxxxxx” ASC-də sığortalandığı üçün 4900 manat məbləğində pul vəsaiti “xxxxxxxxxx” ASC tərəfindən “ xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. İddiaçı həmin məbləğdən qalan 1954,92 manat sığorta ödənişini iddiaçının bank hesabına ödəməli olması barədə cavabdehlərə xəbərdarlıq göndərmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25759 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5066,00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyini hadisə zamanı idarə etmiş Cavabdeh2n öhdəsinə qoyulmalı və ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırkı işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuşCavabdeh2dur. Birinci instansiya məhkəməsi Cavabdeh2 iddiaçı qarşısında subroqasiya öhdəliyinin yaranması barədə düzgün nəticəyə gəlsə də, sığortalı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı hissədə səhvə yol vermişdir. Belə ki, sığorta hadisəsinin baş verməsindən sonra Dövlət Yol Polisinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərdən sığortalı avtomobilin arxa bufer, baqaj, sol stop, sol qanadının zədələndiyi aydın olur; işdə olan “Euro Style” LTD tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təmir kartında da avtomobilin təmiri üçün qeyd edilən hissələrin dəyişilməsi və təmiri ilə birlikdə ümumilikdə 6954,92 manat ödənilməli olduğu göstərilmişdir. İş materiallarına həmçinin, yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtonəqliyyat vasitəsinin mötəbərliliyi mübahisələndirilməyən CD diks formatındakı fotoşəkilləri əlavə edilmişdir. Birinci instansiya məhkəməsi özünün təyin etdiyi ekspertizanın rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 sığortalıya məxsus avtomobilə 5066,00 manat maddi ziyan vurmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi zərərin məbləğini hesablayarkən sığortalı avtomobilin sahibi X3 tətbiq edilmiş 100 manat azadolma məbləğini də ümumi məbləğdən çıxmışdır. Halbuki, işdə olan “Euro Style” LTD tərəfindən verilmiş təmir aktında avtomobilə dəymiş zərər 6954,92 manat müəyyən edilmiş, 100 manat azadolma məbləği həmin məbləğdən çıxılaraq sığortalıya 6854,92 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmənin təkrar olaraq 100 manat azadolma məbləğini ümumi məbləğdən çıxmasının hüquqi əsası olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsassız hesab edir; çünkü birincisi, yuxarıda da qeyd olunduğu kimi, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı şirkətin isə sığortalıya məhz 6854,92 manat ödəmiş olduğu mübahisəsizdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, zərər vuran avtomobilin sahibinin üçüncü şəxslər qarşısında icbari qaydada “xxxxxxxxxx” ASC-də sığortalanmış mülki məsuliyyətinə əsasən 4900 manat məbləğində pul vəsaitinin “xxxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilməsi alınmaqla (6854,92 manat-4900=1954,92) 1954,92 manat (min doqquz yüz əlli dörd manat, doxsan iki qəpik) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər cavabdehə aid hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı «xxxxxxxxxxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1954,92 manat (min doqquz yüz əlli dörd manat, doxsan iki qəpik) sığorta ödənişi, habelə dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2801/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2801/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver