Məhkəmə qərarları › İş №2(103)-2807/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2807/2020

12.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2807/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4, tərcüməçi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı "müqaviləyə və digər sənədlərə düzəlişlər edilməsi, maddi ziyanın tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciətedərək, cavabdehlə arasındabağlanmış müqaviləyə, habelə abonentin saldosuna, sayğacın uçot sisteminə müvafiq düzəlişləredilərək adının düzgün qeyd olunması və maddi ziyanın əvəzi olaraq 200 manatın, habelə 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur, lakin cavabdeh israrla onun ad və soyadını İzabella Əbdülsəlimova yazmaqda davam edir. 2006-ci ildən başlayaraq dəfələrlə cavabdehə müraciət etmiş, elektrik enerjisi ilə təhciz edilməsi barədə sənədlərdə düzəliş aparmalarını istəmiş, lakin heç bir müraciəti nəzərə alınmamış, hər dəfə bir sözlə onu yola salmış və süründürməçiliyə yol vermişlər. Eyni problem “Azəriqaz” İB ilə də yaranmış, lakin ilk müraciəti ilə buraxılmış səhv dərhal aradan qaldırılmışdır. 2018-ci ilin əvvəllərində eyni məsələ ilə vağlı cavabdehə müraciət etdiyi zaman, müraciətinə heç bir əlaqəsi olmayan "elektrik borcunun olmamasına dair" AB-008211 saylı arayış verilmişdir. Məcbur olub şifahi müraciətlərlə yanaşı, 06.06.2018-ci il tarixində yenidən yazılı ərizə təqdim etmiş, müraciəti BƏ-18/0268 saylı nömrə ilə qeydiyyata alınmış, lakin qarşılığında heç bir cavab verilməmişdir. Sonuncu dəfə 28.06.2019-cu il tarixdə müraciət etmiş, yenə də heç bir cavab ala bilməmişdir. 3 il ərzində get-gelə məruz qalmış, dəfələrlə poçt xidmətlərindən yararlanmış, cavabdeh tərəfindən buraxılmış səhvin düzəldilməsi üçün yollara düşmüşdür, bu səbəblə də ona dəymiş maddi ziyan kimi 200 (iki yüz) manat da cavabdehdən xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə, habelə iddiaçıya aid abonent saldosuna və sayğacın uçot sisteminə düzəlişlər edilərək iddiaçının adının İddiaçı kimi yazılması vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi, iddianın digər hissədə rədd olunması, dövlət rüsumunun əvəzi qismində 10 manatın “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, maddi zərər tələbinə ümumiyyətlə qiymət vermədiyini, dövlət rüsumunun bir hissəsini əsassız olaraq ona aid etdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, “xxxx” ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə məhz qeyd edilən hissədən narazı qalmışdır. Başqa sözlə, iddia tələbinin təmin edildiyi hissə hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq qətnamə onun “maddi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin olunmalı, həmçinin məhkəmə xərcinin bölüşdürülməsi hissəsində ləğv edilərək ödədiyi dövlət rüsumu tam şəkildə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının ad və soyadı “xxxx” ASC-nin tərtib etdiyi sənədlərdə “İzabella Əbdülsəlimova” kimi göstərildiyindən o, bu səhvin düzəldilməsi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciətlər ünvanlamış, müraciətlərinə cavab verilmədiyindən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə iddia tələbini rədd edərkən iddiaçıya mənəvi zərər dəydiyinin sübuta yetirilmədiyinə əsaslanmışdır; halbuki iddia ərizəsindən aydın görünür ki, iddiaçı mənəvi deyil, maddi zərər tələb etmiş, bu ziyanın 3 il ərzində get-gələ düşməsi, poçt xidmətindən yararlanması ilə əlaqədar çəkdiyi xərclərdən ibarət olduğunu vurğulamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır; çünkü tərəflər arasında müqavilə münasibətləri mövcuddur və iddiaçının tələbi cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ortaya çıxmışdır. İş materiallarından görünür ki, iddiaçı, cavabdeh təşkilata məktub ünvanlayarkən poçt xərci olaraq 70 qəpik ödəmiş, iddia ərizəsini yazdırarkən isə vəkilə 40 manat vermişdir. İddiaçı çəkdiyi xərcin daha artıq olduğunu iddia etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6751/2019 saylı iş üzrə 05 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçının “maddi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması, həmçinin məhkəmə xərcinin bölüşdürülməsi ilə bağlı hissələrdə ləğv olunsun. İddiaçı“maddi ziyanın ödənilməsi” tələbi qismən təmin edilsin. Maddi ziyanın əvəzi qismində 40,70 (qırx manat 70 qəpik) manat “xxxx” ASC-dən alınaraq İddiaçı ödənilsin. İddiaçı“maddi ziyanın ödənilməsi” tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsini və apellyasiya şikayətini verərkən ödədiyi dövlət rüsumlarının (bank xidməti xərci ilə birlikdə) əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) manat “xxxx” ASCdən alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar