Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-281/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi ziyanın ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2289/2021 saylı iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı vurulmuş maddi və mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 2800 manat maddi ziyanın,1000 manat mənəvi ziyanın tutulmasına dair iddası Nizami Rayon Məhkəməsinin 2(007)- 2289/2021 saylı işi üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1334 manatın tutulması, qalan hissədə iddianın təmin olunmaması və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1334 manat tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbini əsaslandıran hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də mənəvi ziyanın tələb olunması hissəsində iddia təmin olunmamalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: RX seriyalı,1303949 nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 78 saylı mənzili 07 may 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 80 saylı mənzilindən həmin evin 78 saylı mənzilinə su axıdılmış, nəticədə mənzilin yaşayış otağı və mətbəx tikililərinə ziyan vurulmuşdur. Dəymiş ziyanın aradan qaldırılması üçün 1334 manat tələb olunur;- 84 Saylı MİS-dən verilmiş 251 saylı, xx.xx.2021-ci il tarixli arayışdan və xx.xx.2019-cu il tarixli ******* nömrəli çıxarışdan məlum olur ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 saylı evin, 80 saylı mənzilində qeydiyyatsız yaşayır və mənzil onun mülkiyyətindədir. (iş səh. 6, 43, 55, 63) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2289/2021 saylı işi üzrə çıxardığı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, qətnamənin təsviri hissəsində qeyd olunduğu kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri mənzilə baxış keçirərkən baxışda iştirakı təmin olunmamışdır. Baxmayaraq ki, həmin mənzildən cəmi 1 mərtəbə yuxarıda olur. Mənzilə baxış keçiriləcəyi haqqında hər ikisi eyni vaxtda xəbərdar olmuşlar. Baxışın keçiriləcəyi gün bütün işlərini təxirə salıb öz mənzilində ekspertlərin gəlişini gözləyirdi. Ekspertlərin mənzilinə baxış keçirmədən, digər mənzilə baxışda iştirakını təmin etmədən, həmin mənzilin və mənzildə olan əşyaların təbii aşınmasının guya mənzilindən su axmasının nəticəsində əmələ gəlməsi barədə rəy verməklə qanunla qorunan hüquqlarını pozmuşlar. İddiaçı məhkəmə iclaslarında qeyd olunan mənzildə olan mebellərin haradan və hansı qiymətə alınmasını təsdiq edən sənəd qəbzləri və mənzilin bahalı materiallarla təmir olunması haqqında podratçı ilə müqavilənin surətini, eləcə də mənzildə istifadə olunmuş tikinti materiallarının qəbzlərini məhkəməyə təqdim etməmişdir. Nizami Rayon Məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan ekspert rəyinə əsaslanmaqla yanlış nəticəyə gəlmiş və bununla da hüquqlarını pozmaqla yanlış qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5107/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69 saylı evin 78 saylı mənzilinə suyun sızmasının müəyyən edildiyi, 80 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xətləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etməyin mümkün olmadığı, bu səbəbdən də, 78 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etməyin mümkün olmadığı, 78 saylı mənzil faktiki olaraq təmirli vəziyyətdə olduğundan zərərin dəymədiyi, lakin ilkin ekspertiza zamanı 80 saylı mənzildən 78 saylı mənzilə su sızması nəticəsində 1334 manat məbləğində ziyanın dəydiyi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş ekspertizanın onun iştirakı ilə keçirildiyini, ekspertin ona iddiaçının mənzilinə suyun haradan axıdıldığını müəyyən edə bilmədiyini dediyini, hal-hazırda qonşunun mənzilindən də onun mənzilinə su axıdıldığını, su axıdılması nəticəsində iddiaçının zərər dəymiş mətbəxinin sahəsinin 4-5 kv.m olduğunu, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 1300 manatın çox olduğunu düşündüyünü, məsələnin barışıq yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllənin 21.1, 1096-1098, 1114-1115; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 220, 360, 372, 385-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, suyun cavabdehin mənzilinə başqa yerdən axıdılmasının sübuta yetirilməsindən asılı olmayaraq (halbuki bu sübuta yetirilməmişdir) mənzillərin quruluşu nəzərə alınaraq iddiaçının mənzilinə axıdılmış suyun vurduğu zərərə görə cavabdehin mülki məsuliyyəti istisna edilmir. Cavabdeh öz etirazını təsdiq edən sübutlar təqdim etməmişdir və ekspert rəylərinin sübut qismində mötəbərliyini istisna edən, habelə zərərin fərqli dəyərdə dəyməsi halları müəyyən edilməmişdir. Ekspert rəylərinə münasibətdə qeyd edilməlidir ki, sonrakı ekspert rəyi ilkin rəyi istisna edən halları müəyyən etməmişdir.
10. Diqqətə çatdırılmalıdır ki, cavabdehə məxsus mənzilə üst mənzillərdən suyun axıdılması onun mülki məsuliyyətini aradan qaldıran və ya ona təsir edən amil kimi qiymətləndirilə bilməz və ona vurulmuş zərərlə bağlı iddia tələbləri irəli sürmək hüquqları mövcuddur.
11. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti rədd edilməli və izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
12. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməli, apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza xərci isə cavabdehdən tutulmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2289/2021 saylı iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.