Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2812/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(009)-265/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq eyvanın Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damının əvvəlki vəziyyətinə qaytarılması, Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzilinin texniki pasport məlumatlarında öz əksini tapmayan dəhliz-mətbəx (7,7 kv.m) və anbar (1,0 kv.m) tikililərinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin mənzildə təmir-bərpa işlərinin aparılması məqsədilə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq qeyd olunan yaşayış sahəsində bərpa-möhkəmləndirmə işlərinin aparılmasına razılıq verilməsi barədə 19.07.2019-cu il tarixli qərar qəbul edilmişdir. Sözügedən təmir işlərinin aparılması məqsədilə binaya baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 №-li evin 8 saylı mənzilinin otağından iddiaçıya məxsus evin damına qapı açılmış və damda terras salınmışdır. Bu səbəbdən evin damında bərpa-möhkəmləndirmə işlərinin aparılması mümkün olmamışdır. Həmçinin evin damında cavabdehə məxsus qanunsuz tikilinin mövcud olması iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı, eyni zamanda evin dayanıqlılığına zərər yetirir. Bu da öz növbəsində evin damının uçması baxımından təhlükəlidir. Bununla əlaqədar olaraq yuxarıda sadalanan halların aradan qaldırılması (evin damına olan çıxış qapısının bağlanması, quraşdırılmış avadanlıqların sökülməsi və s.) və evin damının əvvəlki vəziyyətinə qaytarılması məqsədi ilə cavabdehə pretenziya ilə müraciət edilmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd edilən hallarla bağlı olaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(009)- 265/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 8 saylı evin 3cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq eyvanın Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damının əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddiaçı tərəfindən həyata keçirilən tikinti işlərinin qanunsuz olması, onun balkonunun üzərində qanuni mülkiyyət hüququna malik olması, balkona onun tərəfindən 30 il ərzində faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etməsi və balkonun onun mülkiyyəti kimi tanınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, bütün tikinti işlərini qanuna uyğun və qonşuların razılığı ilə aparmışdır. O, həmin evi 2001-ci ildə alanda balkon (terras yox) və balkona qapı artıq mövcud idi və həmin tikililəri, onların köhnəlməsi səbəbilə, yalnız bərpa etmiş və möhkəmləndirmişdir. Nə tikinti işləri aparılanda, nə də ondan sonra nəinki qonşular, heç “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən də aparılmış bərpa və möhkəmləndirmə işlərinə qarşı heç bir etiraz bildirilməmişdir. Ona qarşı verilmiş iddia tələblərinin təmin edilməsi nəticəsində ona maddi və mənəvi zərər vurulur. Belə ki, o, pəncərənin qarşısını təmir etmək üçün və evin konstruksiyasını möhkəmləndirmək üçün vəsait xərcləmişdir. Bundan əlavə hal-hazırda damda hər hansı söküntü işlərinin aparılması ev üçün təhlükəlidir. Bu da danılmaz faktdır ki, balkona açılmış qapı İddiaçı evinin damında deyil, qonşunun evinin damı üzərindədir, ona görə də İddiaçı evin damında bərpamöhkəmləndirmə işlərinin aparılmasına heç bir maneə törədə bilməz. İddiaçı həyata keçirdiyi tikinti “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Qanunun tələblərini pozur, çünki binanın xarici görünüşünü və daxili konstruksiyasını, habelə həcm-planlaşma həllini dəyişir ki, bu da qanunla yol verilməyən fəaliyyətdir, belə ki, damda restoran terrasınn yaradılması özlüyündə xarici görkəm və həcm-planlaşdırma həllərinin pozulmasını nəzərdə tutur. Hesab edir ki, cavabdeh İddiaçı tərəfindən onun pəncərəsinin qarşısında aparılan tikinti işlərinin qadağan edilməsi qanuna müvafiqdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(009)- 265/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hədləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin yalnız qətnamənin ləğv edilməsi tələbi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti olmuş, digər tələblər isə ayrıca iddianın predmeti olduğundan və birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmadığından qəbul edilməmiş və onlara baxılmamışdır. İşdə olan sübutlardan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya, Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzili isə cavabdehə məxsusdur. Cavabdeh tərəfindən iddiaçının yaşadığı evin damına terrasın inşa edilməsi iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə və lazımi infrastruktur işlərinin həyata keçirilməsinə mane olur. Cavabdeh tərəf isə heç bir qanunsuz tikili aparılmadığını bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli tikintiyə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehə məxsus 8 saylı mənzilin yerləşdiyi Bakı şəhəri Səbail rayonu Maqamayev döngəsi 8 saylı evlə bitişik vəziyyətdədir. Cavabdehə məxsus mənzil daxildən 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədə yerləşən otağın pəncərəsinin qarşısında açıq terras mövcuddur. Terrasın aşağısında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi yerləşir. Evin mətbəxindən terrasa qapı açılır. İddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi 2 mərtəbəli, bir hissəsi isə 1 mərtəbəli tikilidən ibarətdir. Cavabdehə məxsus terras həmin tikilinin 2 mərtəbəli olan hissəsinin üzərində yerləşir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10 mart 2020-ci il tarixli 1439 saylı rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzilinin dam örtüyünün üst hissəsində texniki pasportun məlumatlarında öz əksini tapmayan (terassa) açıq eyvan tikilisinin, dəhliz mətbəx tikilisinin və anbar tikilisinin inşa olunduğu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damında Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzilinə aid eyvan, 6 saylı evin damı üzərində inşa olunduğundan mülkiyyətçinin özünə məxsus yaşayış evindən sərbəst istifadə etməsinə maneə törətdiyi və Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzilindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin damına açılan pəncərənin 8 saylı mənzilə aid texniki paspotun məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzili üzrə qanunsuz tikilnti işləri apararaq iddiaçıya məxsus 6 saylı evin damı üzərində açıq eyvan inşa etmişdir və bununla da iddiaçının özünə məxsus ünvanda təmir-bərpa işləri aparmasına maneə yaratmışdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə həmin xüsusata dair ixtisaslı şəxslərin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 3-cü mərtəbə 8 nömrəli evin 8 saylı mənzilinə aid eyvan, 6 saylı evin damı üzərində inşa olunduğundan mülkiyyətçinin özünəməxsus yaşayış evindən sərbəst istifadə etməsinə maneə törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evindən istifadəni məhdudlaşdıran hərəkətlərə son qoyulması tələbinə dair iddia qaldırmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damında inşa edilmiş Bakı şəhəri Səbail rayonu Maqomayev döngəsi 8 saylı evin 3-cü mərtəbəsi səviyyəsində yerləşən 8 saylı mənzilə aid açıq eyvanın Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına sökülməklə evin damının əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(009)- 265/2020 qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2812/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2812/2021
06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver