Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2812/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi “qohumluq münasibətlərinin olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)- 1843/2022 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “qohumluq münasibətlərinin olmaması faktının müəyyən edilməsi” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus doğum haqqında şəhadətnaməyə əsasən, atası X2 və anası X1 onun valideynləri olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 2(001)- 1843/2022 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) ərizənin qəbulundan imtina olunmuşdur. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək ləğv edilməsini, ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, əgər MPM-nin 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərinin (olması) müəyyən olunması barədə işlərə xüsusi icraat qaydasında baxıla bilirsə, eyni zamanda şəxslər arasında qohumluq münasibətlərinin olmaması (müəyyən olunmaması) barədə işlərə də baxıla bilər. Məhkəmə bunun üçün müvafiq (DNK ekspertizası və s.) ekspertizalar keçirməklə, şahidləri dindirməklə və digər sənədləri araşdırmaqla baxa bilər və nəticəyə gələ bilər. Lakin Binəqədi Rayon Məhkəməsi işin faktiki hallarını aydınlaşdırmadan, ərizəçinin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təminatına yönələn prinsip və normaların əksinə gedərək, məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Buna görə də məhkəmənin qərardadı ləğv edilməli və ərizə icraata götürülərək, baxılmalıdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. (ərizəçinin nümayəndəsi vəkil Nümayəndə işə tərəflərin iştirakı ilə baxılması barədə ərizə versə də kollegiya müraciəti əsassız hesab edərək işə təyin edilmiş yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi daxıl olmuş hər bir ərizənin (iddianın) mümkünlüyünü diqqətlə yoxladıqdan sonra onu icraata qəbul etməyə haqlıdır (MPM-nin 151.1-ci mad). Ərizənin mümkünlüyü onun MPM-in tələblərinə riayət edilməklə verilməsini ehtiva edir. Mümkünlük şərtlərinə, həmçinin ərizənin müəyyən olunmuş qaydada forma və məzmunu, habelə ona əlavə olunmalı olan sənədlərin mövcudluğu və s. daxildir. Ərizədən göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında – doğum haqqında şəhadətnamədə göstərilən şəxslərin onun valideyni olmaması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasını xahiş etmişdir. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, MPM-in 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xüsusi icraat qaydasında şəxslərin ərizəçinin valideyni olmaması barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi nəzərdə tutulmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə görə nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin həmin Qərarın 2.2-ci bəndində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi “qohumluq münasibətlərinin olmaması faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 2(001)-1843/22 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)- 1843/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2812/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2812/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver