Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2813/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 1(098)-291/2017 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3cü maddələri ilə təqsirli bilinməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 400 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 68.2-ci maddələrinə əsasən İddiaçı təyin olunmuş cərimə və azadlıqdan məhrumetmə cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza 400 manat məbləğdə cərimə və 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsi, İddiaçı azadlıqdan məhrumetmə və cərimə cəzalarının müstəqil icra olunması, İddiaçı azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı cəzasının əvvəlinin həbs olunduğu gündən, yəni 20 may 2017-ci il tarixdən hesablanması hökm edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1-1(104)-42/2022 saylı, 31 mart 2022-ci il tarixli Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 1(098)-291/2018 saylı hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 1(098)-291/2018 saylı hökmünün və 05 oktyabr 2017-ci il tarixli, 1(098)-291/2017 saylı hazırlıq iclasının qərarının ləğv edilməsi, cinayət işinin yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərardan görünür ki, 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 20 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 400 manat cərimə və 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır.Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. Cinayət işi üzrə aparılmış istintaq zamanı toplanmış sübutları biri digəri ilə müqayisəli şəkildə tədqiq etdikdə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən 2-ci taborun 6-cı bölüyünün 2-ci taqımında taqım komandiri, baş leytenant hərbi rütbəsində xidmət edərkən həmin hərbi hissəsinin hərbi qulluqçuları İman Gözəlbəylini və Orxan Rzazadəni təhqir etməmiş, Səyyad Nəzirovu və Arif Əmirovu döyməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tabeliyində olan bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktları üzrə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3, 126.3, 133.2.1, 341.2.1 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin işin istintaqı zamanı ona fiziki və psixi zor tətbiq edilərək qanunsuz azadlıqdan məhrum edilmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
4. "xxxx" ASC tərəfindən verilən 28 oktyabr 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı sonuncu aylıq əmək haqqı 2017-ci ilin may ayının 17-si ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı " vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 8.744 manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1990-cü il tarixində Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. O, 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olmuş və buranı 2012-ci ildə uğurla bitirdikdən sonra leytenant rütbəsində 1 il ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici olaraq kurs keçmişdir. Bundan sonra 2 il ərzində Müdafiə Nazirliyinin 708 saylı, daha sonra ehtiyata buraxılana qədər Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı bölmələri ilə keçmiş təmas xəttində yerləşən N saylı hərbi hissədə zabit olaraq xidmət etmiş, 24 iyun 2015-ci il tarixdə baş leytenant rütbəsinə yüksəlmişdir. Xidməti zamanı çoxsaylı təşəkkürnamə, fəxri diplom və 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti Tərtər Hərbi Məhkəməsi tərəfindən 2 ay olmaqla, 18 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 20 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) mcınat cərimə və 07 (yeddi) av müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1 -ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas Rəhim Hüseynliyə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddasi ilə əhatə olunduğu üçün 13 iyul 2022- ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələrindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda nümunəvi xidmətinə baxmayaraq əsassız ittihamlara məruz qalmış, barəsində 20 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti uzadılmış, irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 400 (dörd yiiz) manat cərimə və 07 (yeddi) av müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 may 2017-ci il tarixdən 20 dekabr 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may avında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1192 (bir min yüz doxsan iki) manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin yanvar ayına qədər, yəni 07 (yeddi) ay - iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr 2017-ci il ərzində faktiki aylıq qazancından məhrum edilmiş, o cümlədən əsassız olaraq 400 (dörd yiiz) manat cərimə ödəmişdir. Bu isə 8,744 (səkkiz min yeddi yiiz qırx dörd) manat edir (1192x7=8344+400=8744). Qeyd edilənlərə əsasən, İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 7000 manat və maddi ziyana görə 6822,41 manat, cəmi 13.822 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı qanunsuz olaraq azadliqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 may 2017-ci il tarixdən 20 dekabr 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanı səhvi və ya sui-istifadəsi nəticəsində ağır mənəvi zərər vurulmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə mənəvi zərərin tələb olunan məbləğdə deyil, 7000 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab etmişdir. Məhkəmə vurulmuş 8744 manat məbləğində maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı cinayət məsulliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-çi ilin may ayında zabit olaraq Müdafiyə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, çinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını 2017-çi ilin may ayında almışdır. Onun orta əmək haqqı məbləği 974 manat 63 qəpik təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-çi ilin may ayından 2018-çi ilin yanvar ayına qədər, yəni 7 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Odur ki, iddiaçıya ödənilməli olan aylıq əmək haqqı (lakin iddiaçının tələb etdiyi 8344 manat həddə deyil, 6822,41 (974,63 x 7=6822,41) manat) məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir (28 oktyabr 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarış). Digər tərəfdən, iddiaçı iddia edir ki, əsassız olaraq 400 manat məbləğində cərimə ödəmişdir. Lakin iddiaçı cərimənin ödənilməsi bərədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi həmin hissədə təmin oluna bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1-ci maddəsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 7000,00 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 7000,00 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də hazırkıməhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyət təşkil edir. Digər tərəfdən məhkəmə maddi zərəri müəyyən edərkən iddiaçının işdən çıxma səbəblərini (əsasını) dəqiqləşdirməmiş, bunu cinayət işi ilə əlaqələndirərək, kompensasiya hesablamışdır. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası(konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi.
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, vurulmuş mənəvi zərərin və maddi ziyanın tam həcmdə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın həcmi aşağı həddədir və qətnamə bu hissədə dəyişdirilməlidir. Eyni zamanda iddiaçı ona təyin edilmiş cərimə cəzasının icrası nəticəsində 400 manat məbləği ödəmiş və bu halın təsdiqi kimi Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqdim edilmiş 30 iyun 2022-ci il tarixli qərarı iddia ərizəsinə əlavə etmiş, məhkəmə araşdırması zamanı həmin məbləğin ödənilməsi ilə bağlı əlavə sənədin təqdim edilməsi üçün məhkəmə tərəfindən heç bir məsələ qaldırılmamışdır və iddiaçı təqdim etdiyi sənədin kifayət etdiyini düşünmüşdür. Lakin qətnamə həmin 400 manatın maddi ziyan olaraq ödənməsini qət etmədiyindən bu məbləğin də iddiaçıya ödənməsi ilə bağlı qətnamə müvafiq olaraq dəyişdirilməlidir. Nəsimi Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi qənaətinə gəlsə də, qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 7,000 manat məbləğində təmin olunmasını ağlabatan hesab edir. İstinad edilən prosessual hüquq normasının tələblərinə görə məhkəmə tərəfindən çıxarılmış qətnamə əsaslandırılmalı idi. Lakin məhkəmə vurulmuş mənəvi zərərə görə niyə iddia tələbində göstərilən məbləğin deyil, məhz 7,000 manat məbləğin tutulmalı olduğunu əsaslandırmayıb. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş halları – iddiaçının Azərbaycan Ordusunun ehtiyatda olan zabit olmasını, xidmət dövründə qüsursuz xidməti ilə əlaqədar müxtəlif medallaralmasını, iddiaçıya qarşı məhz Azərbaycan Ordusunun zabiti kimi 2017-ci ildə əsassız və qanunsuz ittihamın irəli sürülməsi və onun cəza almasını tam olaraq nəzərə almamışdır. Qətnamə maddi ziyanın məbləği hesablanarkən həmin məbləğdən 400 manat cərimə məbləğinin nəzərə alınmamalı olduğu hissədə də əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi ümumi qənaət, yəni iddiaçıya mənəvi zərərin vurulması və buna görə ona zərərin əvəzi olaraq pul kompensasiyasının ödənilməsi doğru olsa da, vurulmuş mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş məbləğin həcmi işin hallarına uyğun gəlmir. İddiaçı uzun müddət ərzində qüsursuz xidmət apardığı halda onun güya tabeçiliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi, onlarla Nizamnamədən kənar davranması kimi hallarla əlaqədar iJhamlarla üzləşməsi və nəticə etibarilə etmədiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunması ağır mənəvi iztirablar yaradan haldır. Bu hal məhkəmə qətnaməsi ilə öz təsdiqini tapsa da müəyyən edilmiş kompensasiyanın həcmi keçirilmiş iztirablara adekvat olmamışdır. İddiaçı 08 avqust 2008-ci il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 24 iyun 2012-ci il tarixdə bu Məktəbi bitirərək 1 il ərzində X4 Tədris Mərkəzində dinləyici olaraq kurs keçmişdir. 2013-cü ilin iyun ayında etibarən Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində zabit kimi xidmətini həyata keçirmişdir. 24 iyun 2015-cı il tarixdə baş leytenant rütbəsinə yüksəlmişdir. Ümumilikdə xidmətini yüksək səviyyədə apardığına görə xidmət dövründə bir sıra medallarla təltif olunmuşdur. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən olunsa da mənəvi zərərin həcmi müəyyənləşdirilərkən onlar nəzərə alınmamış, beləliklə də, məhkəmənin qətnaməsində mənəvi zərərin həcmi ilə bağlı gəlinmiş nəticə işin hallarına uyğun olmamışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən 400 (dörd yüz) manat cərimənin ödənildiyinin iddiaçı tərəfindən sübut edilə bilməməsi barədə qənaəti də işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı bu halın sübutu kimi İstintaq İdarəsinin qərarını iddia ərizəsinə əlavə etsə də, bu sənədin kifayət edib-etməməsi, ümumiyyətlə cərimənin ödənilib-ödənilməməsi məsələsi aydınlaşdırılmadan məhkəmə cərimənin ödənilmədiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi elan edildikdən sonra, yəni ona cərimə şəklində ödədiyi 400 manatın maddi ziyan kimi hesablanmaması məlum olduqdan sonra Tovuz Rayon İcra Şöbəsinə müraciət edilmiş və ona xx.xx.2018-ci il tarixli, TT**********962400 nömrəli qəbzin surəti təqdim edilmişdir. Bu qəbz iddiaçı tərəfindən 400 manat miqdarında olan cərimənin ödənildiyini sübut edir. İddiaçı birinci instansiya məhkəməsində cərimənin ödənilməsi ilə bağlı İstintaq İdarəsinin qərarından əlavə sübutun tələb edilməsi barədə məlumatlı olmadığından, bu məsələ məhkəmə iclaslarında ümumiyyətlə müzakirə olunmadığından həmin sübutu birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman deyil, onun tərəfindən qətnamə elan edildikdən və iddiaçıya cərimə ilə bağlı ödədiyi məbləğin maddi ziyan kimi hesablanmadığı məlum olduqdan sonra sənədi əldə etmişdir. Qəbzin surəti hazırkı şikayətə əlavə edilir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən mənəvi zərərlə bağlı məbləğ müəyyənləşdirilərkən işin xüsusiyyətləri nəzərə alınmalıdır. Rayon məhkəməsinin qətnaməsində 7000 manatın müəyyən edilməsi ilə bağlı əsaslandırma yoxdur. İddiaçı zabit olmuş və uzun illər döyüş bölgələrində xidmət göstərmişdir. İddiaçı heç bir əsas olmadan cinayət işi ilə bağlı işgəncələrə məruz qalmış, ona qarşı ittiham irəli sürülmüşdür. Mənəvi zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı qeyd etdiyi hallar faktiki mübahisə doğurmur, iş materialları ilə də bunu sübut ediblər. Rayon məhkəməsində iddiaçının nümayəndəsi və vəkili olmamışdır, ona görə də o düşünmüşdür ki, Baş Prokurorluq tərəfindən təqdim edilmiş qərar kifayət edəcəkdir. Onlar qəbzi də şikayətlərinə əlavə ediblər.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
18. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə olan halda kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir.
25. Belə ki, hazırkı iddiasında iddiaçı Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 1(098)-291/2017 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinmiş və onun Azərbaycan Respublikası CM-in 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 400 manat cərimə və 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsaslı olması və xeyrinə maddi ziyanın tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
28. Belə olan halda müəyyən edilir ki, iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və o qanunsuz həbsdə saxlanıldığı dövrdən işə bərpa edildiyi dövrə kimi maddi itkilərə məruz qalmışdır.
29. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən 28 oktyabr 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı sonuncu aylıq əmək haqqı 2017-ci ilin may ayının 17-si ödənilmişdir. İddiaçının orta aylıq əmək haqqı məbləği 974,63 manat manat təşkil etmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində 7 ay ərzində cəmi 6822,41 manat (974,63 x 7=6822,41) məbləğində əmək haqqından məhrum olmuşdur.
30. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
31. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
32. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.
33. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edildiyi üçün ona vurulmuş maddi və mənəvi ziyan Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb olan dövlət orqanı tərəfindən tutulmalıdır.
34. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilir.
35. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
36. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün məhkəmənin hökmünə əsasən iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
37. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə 7000 manat məbləğində pulunun tutulması işin hallarına uyğundur.
39. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ödənilən 400 manat məbləğində pulun tutulması tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 1(098)-291/2017 saylı hökmü ilə İddiaçı 400 manat cərimə cəzası da verilmişdir. Həmin hökm 5 ildən sonra Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1-1(104)- 42/2022 saylı, 31 mart 2022-ci il tarixli Qərarına əsasən ləğv edilmişdir.
40. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına cərimə məbləğinin ödənilməsi ilə bağlı sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 400 manat cərimənin ödənilməsi işin mübahisəsiz halıdır. Əgər işə baxan hakim bunun təsdiq olunmasını zəruri hesab edirdisə məhkəmə iclasında iddiaçıya sual verməklə bu halı dəqiqləşdirə bilərdi.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə cərimə məbləğinin əvəzi olaraq 400 manat tutulması tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 400 manat tutulmalı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməlidir. 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-622/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə cərimə məbləğinin əvəzi olaraq 400 manat tutulması tələbinin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 400 manat tutulsun. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev