Məhkəmə qərarları › İş №2(103)-2814/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2814/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2814/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin X5 rəisinin xx.xx.2020-ci il tarixli 35 saylı, xx.xx.2020-ci il tarixli 74 saylı, xx.xx.2020-ci il tarixli 132 saylı, xx.xx.2020-ci il tarixli 135 saylı əmrlərin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 114,75 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona az ödənilmiş 11 AZN və dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixindən bu günə kimi iş yerini dəyişmədən Müdafiə Nazirliyinin Mərkəzi X4 bölməsində avtomobil sürücü ekspeditor vəzifəsində işləmişdir. Qarabağda qızğın döyüşlər gedən dövrlərdə ən qaynar nöqtələrdə ezamiyyətlərdə olmuşdur və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Əvvəllər heç bir ayrıseçkilik qoyulmadan, bütün sürücülər üçün eyni əmək şəraiti yaradılmışdı. Lakin təxminən 1997- 1998-ci illərdən sonra tədricən hər şey mənfiyə doğru dəyişilməyə başladı. Xüsusən də 2014-cü ilin yanvar ayından X5 daşıma bölməsinin rəisi vəzifəsini tutan mayor Əliyev İntiqam sırf öz şəxsi maraqları üzündən sürücülər arasında ayrı-seçkilik qoyaraq vəzifə borcu olaraq görməli olduğu hər bir iş üçün (avtomobilin texniki baxışdan keçirilməsi, ehtiyat hissələri, təkər, akkumlyator alınması və sair) sürücülərdən pul toplanmasına, bölgələrə reysə (ezamiyyətə) göndərilmək üçün sürücülərdən rüşvət olaraq pul tələb etməsinə, hərbi əmlakın talan edilməsi nəticəsində dövlətə zərər vurulmasına etiraz etdiyinə, rüşvətxorluq və digər korrupsiya əməlləri barədə əlaqədar orqanlara şikayə etdiyinə görə bir neçə ildir İddiaçı ilə düşmənçilik aparılır. 2018-ci ilin may ayında “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh MN-nin X5 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilərək mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 2018-ci ilin iyun ayında Səbail Rayon Məhkəməsində İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbi barədə 2(009)- 2457/2018 nömrəli mülki işin icraatına başlanılmışdır. Lakin bundan sonra da iş yerində ona qarşı törədilən qərəzli hərəkətlər daha da kəskin şəkildə davam etdirildiyindən və bunların nəticəsində ona maddi və mənəvi zərər vurulduğundan iddia ərizəsinə əlavə təqdim edərək iddia tələbinin həcmini artırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 175/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi, pulun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən edilmiş qaydada hesablanmış məbləğdə kompensasiya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianı tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda, həmçinin belə əsaslandırılmışdır ki, 2014-cü ildən bu bünə kimi onunla Müdafiə Nazirliyinin X5 arasında meydana çıxan fərdi əmək mabahisələrinin yaranmasının səbəbi 1990-cı il tarixdən işçisi olduğu X2 mövcud olan korrupsiya halları, cavabdehin nümayəndəsi X1 rus dilində bircə söz belə bilmədiyi, həmçinin hüquq sahəsində də heç bir anlayışı olmadığı halda, guya Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” institutunda hüquqşünaslıq təhsili alması barədə naməlum yollarla əldə etdiyi saxta diplomla “hüquq məsləhətçisi” vəzifəsini tutaraq qanunsuz fəaliyyətlə məşğul olması, digər qanun pozuntuları barədə dövlət orqanlarına məlumat verdiyi üçün onunla ədavət aparılmasıdır. Ona görə də ünvanına belə ifadələr söyləməsi heç də gözlənilməz bir hal deyildir və bütün bunlar qisas almaq məqsədi ilə ona atılan əsassız böhtanlardan ibarətdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən, iş üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmadan tamamilə əsassız nəticəyə gəlmiş və işin yekun nəticəsi olaraq qəbul edilmiş qətnamədə də bunlar barədə bircə söz belə göstərilməmişdir. İddiaçının özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd edisə də, həmin hərəkət və ya hərəkətsizliklərin nədən ibarət olması barədə heç bir tutarlı arqument göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda olan yazılı izahatını təqdim etdi və şikayətində və izahatında göstərilənləri müdafiə etdi, həmçinin bildirdi ki, iki oğlu ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Biri hazırdada hərbi xidmətdədir. Oğlunun uşağına da o, baxır. Onunla ədavət aparılmasının səbəbi isə hazırda cavabdehin nümayəndəsi kimi çıxış edən şəxsin işi ilə bağlı iradlarını bildirməyi olub. İdən çıxarılmağı da onun tərəfindən təşkil olunub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirdi ki, iddiaçıya şiddətli töhmət elan edildiyi gündən sonra yenidən işə gəlmədiyi üçün işdən çıxarılmışdır. Həmçinin iddiaçı rəhbərliklə yola getmir, əmək intizamina riayət etmir. Əgər iddiaçı özünə xəsarət yetirirsə, bu onun işini düzgün görəcəyinə şübhə yaradır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı daşıma bölməsinə avtomobil sürücüsü ekspeditoru vəzifəsinə işə qəbul edilmişdir. Sonra X5 rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya “xəbərdarlıq”, “töhmət” və “şiddətli töhmət” elan edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 187-ci maddəsinin 4-cü bəndinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalınz bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın tam olaraq təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin xx.xx.2020-ci il tarixli 135 saylı əmrin ləğv edilməsi, işə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianı bu hissədə də rədd etməklə gəldiyi nəticəsi düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli 135 saylı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, həmin hallar qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün birbaşa əsas ola bilməzdi. Üçüncüsü, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək(ƏM.m.186.2). Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi şərtlərini müəyyən edən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Cavabdehin xx.xx.2020-ci il tarixli 135 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrdə göstərilən intizam xətalarının hər birinə görə iddiaçıya ayrıca intizam tənbehi verilmişdir. Xüsusən də xx.xx.2020-ci il tarixli 132 nömrəli əmrdə iddiaçıya şiddətli töhmət verilməsinə əsas, sonuncunun xx xxxxxx 2020-ci ildə avtomobildə olan əlavə qurğuların sökülməsi və aşkar olunmuş artıq yanacağın anbara təhvil verilməsi barədə tapşırığı icra etməməsi və bu məqsədlə özünə xəsarət yetirməsi olmuşdur. Demək xx.xx.2020-ci il tarixli 132 nömrəli əmrdən sonra iddiaçıya xx.xx.2020-ci il tarixli 135 saylı əmrlə yenidən intizam tənbehi verilməsi üçün ən azından yeni bir əsas olmalı idi. Belə bir əsasın olması isə həmin əmrin məzmunundan görünmür. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı izahatında iddiaçıya şiddətli töhmət elan edildiyi gündən sonra yenidən işə gəlmədiyi üçün işdən çıxarıldığını göstərsə də bu hal nə iş materialları ilə, nədə xx.xx.2020-ci il tarixli 135 saylı əmrin məzmunundan görünmür. Ona görə də nümayəndənin izahatı da mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin imperativ tələblərinin cavbdeh tərəfindən açıq-aşkar pozulmuş, başqa sözlə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə bilər, bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz kimi tələblərə əməl olunmamışdır. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin digər hissələri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, apellyasiya şikayətində də iddiaçı həmin hissələrin əsaslılığı barədə hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə həmin hissələrin əsaslı olmadığı iş materialları ilə də təsdiq olunur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.3-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiyası məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Müdafiə Nazirliyinin X5 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Müdafiə Nazirliyi X5 rəisinin xx.xx.2020-ci il tarixli 135 saylı əmri ləğv edilsin, İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar