Məhkəmə qərarları › İş №2(103)-2817/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2817/2023

04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2817/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 15 noyabr 2021-ci il tarixli, AP № ******* seriyalı İnzibati Xəta haqqında Protokolun və TP ******* seriyalı İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, 18 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Cavabdeh “X19” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

2. 25 sentyabr 2021-ci il tarixli “X22 Azerbaijan” tərəfindən verilən ilkin qiymətləndirmə aktından görünür ki, Toyota Prado markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.367 manat məbləğində ziyan vurulduğu qeyd edilmişdir

3. 19 oktyabr 2021-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Cavabdeh idarə etdiyi “X19” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman H.Ələsgərov küçəsi ilə kəsişməyə gəlib çatmış və bu zaman o, fikirli olduğu üçün işıqforun qırmızı işığında keçdiyi üçün H.Ələsgərov küçəsində hərəkətdə olan X5 idarə etdiyi “Toyota Prado” markalı, 90- AS-717 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə, Cavabdeh avtomobilində olan sərnişin X7 az ağır bədən xəsarəti almışdır. Lakin, X1 Cavabdeh ilə barışıq ərizəsi olduğundan müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. AB № 849065 və AD № 902383 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, **-AS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı MMC, **-OM-*** dövlət qeydiyyat nişanlı, “X19” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə X9r. X11 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir.

5. 06 oktyabr 2022-ci il tarixli, 9/6116№-li Ekspert rəyindən görünür ki, iş materiallarında olan “X22 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 10.212 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7.367 manat, iddia ərizəsi üçün ödənilmiş 93,67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.460,67 manat məbləğində pulun "xxxx" ASC-nin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun və H.Ələsgərov küçələrinin kəsişməsində X8 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh Əliqabil oğlunun idarə etdiyi “CHEVROLET CRUİSE” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC-nin İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında X5 idarə etdiyi “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hadisə ilə bağlı Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən aparılmış araşdırma nəticəsində yol-nəqliyyat hadisəsinin Cavabdeh Əliqabil oğlunun işıqforun qırmızı işığında yolayrıcını keçdiyi üçün baş verdiyi, onun idarə etdiyi avtomobildə olan sərnişin X1 az ağır bədən xəsarətləri aldığı, bu səbəbdən də Cavabdeh Əliqabil oğlunun əməlində AR Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Lakin, X7 ilə Cavabdeh Əliqabil oğlu arasında barışıq olduğu üçün xx.xx.2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin, qərarın əsaslandırıcı hissəsində yolnəqliyyat hadisəsi nəticəsində digər şəxs X5 idarə etdiyi avtomobilə ziyan dəydiyi üçün Cavabdeh Əliqabil oğlunun əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olduğu göstərilmiş və qərarın 3-cü bəndinə əsasən Cavabdeh Əliqabil oğlunun barəsində İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Daha sonra isə xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin DYPŞ tərəfindən Cavabdeh Əliqabil oğlu barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından həmin sığorta şirkətinin müəyyən etdiyi “X23 Azerbaijan” tərəfindən qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “TOYOTA PRADO” markalı, 90- AS-717 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qiymətləndirilmiş və qiymətləndirmə aktına əsasən avtomobilə 12.367 (on iki min üç yüz altmış yeddi) manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. İcbari sığorta şərtlərinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş maddi ziyandan 7.367 (yeddi min üç yüz altmış yeddi) manat (12.367-5.000=7.367) ödənilməmiş qalmışdır. Bununla bağlı yol-nəqliyyat hadisəsində təqsirkar olan Cavabdeh Əliqabil oğluna müraciət edilsə də, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. Halhazıradək vurulmuş maddi ziyanın qalıq qalan hissəsi – 7.367 manat məbləğində pul Cavabdeh Əliqabil oğlu tərəfindən ödənilməmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edilir ki, Cavabdeh Əliqabil oğlu xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində və hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.367 manat məbləğində maddi zərər vurulmasında təqsirli olduğundan və bu məbləğin 5.000 manatı "xxxx" ASC tərəfindən ödənildiyindən, qalan 7.367 manat məbləğində pul Cavabdeh Əliqabil oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 93,67 manat dövlət rüsumu Cavabdeh Əliqabil oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 5.212 (beş min iki yüz on iki) manat və ödənilmiş 93,67 (doxsan üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə hazırki iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi həddə deyil, 10.212 manat məbləğində ziyan vurulmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İddia ərizəsindən göründüyü kimi baş verən hadisə ilə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya 5.000 (beş min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən İddiaçı MMCnin xeyrinə vurulmuş maddi ziyana görə 5.212 (beş min iki yüz on iki) manat (yəni, ekspert rəyində müəyyən edilmiş məbləğdən ödənilmiş sığorta məbləği çıxılmaqla) pul tutulmalıdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.7, 103.1, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd edilən maddələrini tətbiq edərək iddianı təmin etmişdir. Halbuki, işin halları tam və düzgün müəyyən edilsəydi, iddia tələbinin rədd edilməsi qənaətinə gəlinəcəkdi. “İlkin qiymətləndirmə aktında” əsassız olaraq lüzumsuz xidmətlər qeyd edilərək məbləğ şişirdilmişdir. Bundan başqa, dəmirçi xidməti və elektrik xidməti ehtiyac olmamasına baxmayaraq Aktda cəmi 1.600 manat xidmət haqqı göstərilmişdir. Ehtiyat hissələrinin və görülmüş xidmətlərin məlum olan real bazar qiyməti ümumilikdə 5.630 manat təşkil edir. Buna baxmayaraq Aktda bu qiymət 12.367 manat müəyyən edilmişdir. Qiymətləndirmə aktı tərtib edilərkən cavabdehin iştirakı təmin edilmədiyinə görə, qeyd edilənləri diqqətlərinə çatdıra bilməmişdir. İddiaçı tərəfin istəyinə uyğun olaraq qiymətlər yüksək miqdarda qiymətləndirilmişdir. Bundan başqa bəzi ehtiyat hissələrinin qiyməti ayrılıqda və ümumi tamın tərkibində iki dəfə qeyd edilməklə qiymət şişirdilmişdir. Bu səbəbdən məhkəməyə vəsatət verərək iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi xahiş olunmuşdur. Bütün məhkəmə təcrübələri göstərir ki, Qüsur aktlarında olan qiymətlər hər zaman şişirdilmiş göstərilir və ziyanın real olan daha aşağı məbləği Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər nəticəsində müəyyən olunur. Qeyd edilən halların aydınlaşdırılması üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, vəsatətdə qoyulmuş sualların hamısının ekspert qarşısında qoyulması və ekspertizanın keçirilməsinin başqa ekspertə həvalə edilməsi xahiş edilsə də, Məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bundan başqa, Məhkəmədən yol-nəqliyyat hadisəsinin videogörüntüsünün götürülməsi xahiş edilsə də, vəsatət təmin edilməmişdir. Belə olan halda, iş üzrə tam araşdırma aparılmadığından məhkəmənin qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. Qeyd edilənlərə əsasən cavabdeh tərəf hesab edir ki, Nəsimi Rayon Məhkəməsi iş üzrə tam araşdırma aparmamış, iddianı qismən təmin edərək iş üzrə səhv nəticəyə gəlmiş və maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı

14. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qiymətləndirmə düzgün aparılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır və qüvvədə saxlanılmasını xahiş edir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iddiaçı iddia tələbində baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-nin İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında X5 idarə etdiyi “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 12.367 manat məbləğində maddi zərərdən ödənilməmiş qalan 7.367 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək cavabdehdən iddiaçının xeyrinə 5.212 manat tutulmalı olduğu qənaətinə gəlmişdir.

26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər düzgün müəyyən edilməmişdir və bu səbəbdən iş üzrə təkrar ekspertizanın keçirilməsinə zərurət vardır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmış və ona istinad edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspertiza rəyinin əsassızlığına, habelə işdə olan ekspertiza rəyi ilə hər hansı bir digər ekspertiza rəyi arasında ziddiyyətlərin olmasına dair sübut təqdim edilməmişdir.

28. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş 06 oktyabr 2022-ci il tarixli, 9/6116№-li Ekspert rəyindən görünür ki, iş materiallarında olan “X22 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 10.212 manat müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. İş materalları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə sığorta şirkəti tərəfindən ödənilməmiş 10.212 - 5.000 = 5.212 manat məbləğində pul tutulmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar